DONDUM, DÜNYA, BORANINDAN
Dondum, dünya, boranından,
Atəşinə güman hanı?
Kor olmuşam toranından,
Günəşinə zaman hanı?
Anların nə yox oldular?
Bu ömürdən tox oldular,
Ürəyimə ox oldular,
Əlindəki kaman hanı?
Mən çaxdıqca, sən qovladın,
Əl-qolumu cilovladın,
Odumu candan qovladın,
Tutub vaxtı hey qovladın,
Ötüb keçən zaman hanı?
Dünya, mənə can demişdin,
Atəşinə yan demişdin,
Məlalıma qan demişdin,
Söz verdiyin aman hanı?
Qatışıbdı elə ara,
Yetən ağa, deyir qara,
Yaxılanda haqqa qara,
Çıxartdığın fərman hanı?
Ömür vaxta quldu getdi,
Əl-əl gəzən puldu, getdi,
Təbiblərin buldu getdi,
Dərdlərinə dərman hanı?
Şadimanı yaz könlünə,
Dünya, gətir yaz könlünə,
Eylə sitəm az könlünə,
Haqq göndərən iman hanı?
04. 01. 2003
HƏR KƏS ÖZ GÖZÜYLƏ BAXIR DÜNYAYA
Gah şəri, gah kiri yaxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Cahan bir zinətdi bəşəriyyətə,
O, çağlayar, coşar ən saf niyyətə,
Salırlar yuvasın min əziyyətə,
Sonradan düşürlər, sanki heyrətə,
Gah şəri, gah kiri yaxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
O, özü naz sevən ülfət istəyir,
Bəndədən yalnız xoş sifət istəyir,
Eşqini pak tutan afət istəyir,
Bu cəh-cəlalına iffət istəyir,
Hiyləni şimşəktək çaxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Biri sərvətini yuvası sanır,
Biri Vətənini havası sanır,
Biri İlahini duvası sanır,
Biri haqq evini qəvvası sanır,
Gələn öz yükünü yıxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Ölkələr, sərhədlər üz-üzə durur,
Silahlar havalı göz-gözə durur,
Şahlar mənəm deyir, söz-sözə durur,
Alışır yer üzü, köz-közə durur,
Bəşər qan-yaşını sıxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Kimi əl donduran qışını söyür,
Kimi torpağını, daşını söyür,
Kimi bilinməyən yaşını söyür,
Dərdini, qəmini taxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Hər gələn cahanı bazar eyləyir,
Yurduna qan tökür, məzar eyləyir,
Gah da saray tikir, gülzar eyləyir,
Duyan könülləri yazar eyləyir,
Hərə öz dinini oxur dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Qəmini, ahını duyan tapılmır,
Dəli sevdasına uyan tapılmır,
İblisin, şeytanın oyan tapılmır,
Könlünü yolunda qoyan tapılmır,
Bəndənin ağrısı axır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Hamı nəyi isə qoparmaq istər?
Cahanın yarısın aparmaq istər,
Bağrını, köksünü nə yarmaq istər?
Razı qalan varsa bir onu göstər,
Gələnlər baxdılar axur dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Kimsə öz gözündə tiri görməyir,
Cahanı özündən iri görməyir,
Qəlbinin içində kiri görməyir,
Onun varlığını diri görməyir,
O haqq böyüklüyün, siri görməyir,
Tökür min cürə hiss, paxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Bəşərin əlində din-dinə yağı,
Allah evləriylə dolu sol-sağı,
Çox baş sahibinin dili bayağı,
Hey qana, qırğına gedir ayağı,
İnsan az, çoxusa naxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
Şadiman, cahanı sanma acıdı,
O ki, insanlılığın həyat tacıdı,
Bizim əlimizdə bircə ucudu,
Haqqa yetişməyin tək əlacıdı,
Hər kəs elədiyin çaxır dünyaya,
Hər kəs öz gözüylə baxır dünyaya.
7. 01. 2003
VAY HALINA
Bu dünyanın iç üzünü,
Görənin vay halına.
Qatlayaraq şər dizini-
Sərənin vay halına.
Namərdləri ərşə çıxır,
Yerin, göyün bağrın yıxır,
Bir çobana min bir naxır-
Ərənin vay halına.
İtirib baş çox arını,
Aşıb keçir şər barını,
Haqq bağından can barını-
Dərənin vay halına.
Evlər yıxıb – axıdan qan,
Günahlarçın məhkumdu can!
Bir gün Rəbbin qapısından-
Girənin vay halına…
9. 01. 2003
ƏDALƏTİ QUL EDİRLƏR…
Qoca Şərqi diz çökdürüb iblislərin sitəmləri,
Bürüyübdü yer üzünü millətlərin matəmləri.
Bir zamanlar Şərqdən gəldi mədəniyyət, səadət də,
Yaradana, İlahiyə, Tanrımıza itaət də,
O səmavi kitablara gecə-gündüz ibadət də…
Savadı da, biliyi də, elimi də, o bəslədi,
Yer üzünü cəhalətdən yeniliyə, o, səslədi.
Uca-uca minarələr, kəlisalar ondan doğdu,
Sındırıldı büt allahlar, mövhümatı idrak doğdu.
Bir zamanlar peyğəmbərlər beşiyidi o pak diyar,
Torpağına qarış-qarış İlahidən möcüzə yar.
Qoca Şərqin keçmişini məzarladı, bu zalım Qərb,
Hegomonluq havasıyla azarladı, bu zalım Qərb.
Oğurladı uluların keçmişini, hər işini,
Döndü sonra yırtıcıya, hey qıcıtdı sərt dişini,
Oğurladı uluların beyinini, ağılını,
Bu dünyaya himin etdi hegomonluq nağılını.
Qoca Şərqi diz çökdürdü hiyləsinin ayağına,
Millətlərin qanı batdı o ucalan bayrağına.
Ehramlardan qopdu nalə, sultanların goru batdı,
Əbədilik bu dünyada Qoca Şərqin bəxti yatdı.
***
Bu cahanın ələmləri yığın-yığın qəlbə axar,
Ürək sınar, könül ağlar, göylərində matəm çaxar.
Böyük-böyük dövlətlərin hökümləri nə şahanə?
Qan tökülər yer üzünə, alov düşər bu cahanə!
Kiçik xalqlar xırdalanar əllərində oyuncaqtək,
Hiylələri tonqallaşar, ərşə qalxar gur ocaqtək.
Ədalətdən dəm vurarlar, kürsülərdə alışarlar,
Demokratiya pərdəsiylə bir-biriylə yarışarlar.
Qatilləşər hökümdarlar, qan tökdükcə, ev yıxdıqca,
Haqdan dönüb kiçik-kiçik millətlərə kəc baxdıqca,
Aclıq artar, yer üzünü dilənçilik dolaşar hey,
İlahini öyə-öyə, əllər qana bulaşar hey.
Dinləri də siyasətə çevirərlər, o qansızlar,
Yaradanın hüzuruna yetənədək divansızlar.
Neçə-neçə körpələrin bələkləri qanla dolar?!
Dünya dözməz bu zülümə öz əliylə saçın yolar.
Kiçik xalqın yurdu belə taleyitək girov olar,
Ömrünün hər fəsli tufan, ayaz, şaxta, qırov olar.
İmperyalı həvəskarlar millətlərə verməz aman,
Neçə-neçə eli boğar, ölüm, illət, dərd, ah-aman?!
Kürsülərdə birləşərlər az xalqlara zillət üçün,
Bu birliklər fəlakətdi hər kiçik bir millət üçün.
Yardımları pərdə çəkər insanların gözlərinə,
Harınlaşıb varlandıqca vurularlar özlərinə.
O dilənçi paylarıyla yardımlaşır məmləkətlər,
Hər gün artır yer üzündə ürək üzən fəlakətlər.
Ədalətdən dəm vururlar, ədaləti qul edirlər,
Tərəzini əyə-əyə, haqqı üyüb pul edirlər.
Elə kiçik millətlərin harayını boğur şahlar,
Yurdlarına qan tökülür, unudulur bu günahlar.
Mənəm deyir – Avropanın, Amerkanın hakimləri,
Xırda-xırda dövlətlərdi əbədilik məhkumları.
Demokratya deyə-deyə dinlərini yeridirlər,
Millətlərin mənliyini, şüurunu əridirlər.
İş tapmayan, pul tapmayan insanlar üz tutur ora,
O imkansız dövlətlərin dili, dini düşür zora.
Düşüncəli başları da ölkələrdən qoparırlar,
Böyük-böyük millətlərin sabahıyçın aparırlar.
Gedir kiçik dövlətlərin gələcəyi məhviyyata,
Qul olmaqçın gəldi, Allah, az millətlər bu həyata!
***
Qurdlar yeyir quzuları, mənimkidir deyir ruzi,
Hər ikimiz Allahınıq, haqdan gələn xeyir-ruzi.
Xaçpərəstə, müsəlmana parçalanıb bu yer üzü,
Qan tökülər, yurd dağılar, fələyin də ağlar gözü.
Güclü, zəif – bölünübdü bu dünyanın insanları,
Bəbəkləri qan tutubdu, axır kədər leysanları.
Xaçpərəstlər varlandıqca müsəlmanı əzir, döyür,
Sərvətini, dövlətini, silahını hər gün öyür.
Azərbaycan işğal altda, torpaqları qan içində,
Müsəlmanlar xaçpərəstin əliylə divan içində.
Nə Rusiya, nə Avropa, nə Amerka görmür onu,
Güclülərin əyinində üstbəüstdən hiylə donu.
Ədaləti İsa təki çarmıxa da çəkir onlar,
Guya ki, bu yer üzünün dərdlərini çəkir onlar.
İkiüzlü ermənin işğalına göz yumurlar,
Parampapça məmləkətdən yağıya torpaq umurlar.
Hələ din də gətirirlər ölkəmizi xaç etməkçin,
Uzadırlar hey qanları, bu milləti ac etməkçin.
Balkanlarda, çeçenlərdə, əfqanlarda qanlar axır…
Bu amansız hökümdarlar qəh-qəh ilə durub baxır.
Ərəblərin, yəhudinin, İraqın da ağlar günü,
Harınlaşmış dövlətlərin əlindədi haqq düyünü.
Öz elində qaçqın olan millətlərin zülümünə bax,
Dövlətləri parçalayan hökümdarlar bölmünə bax.
Müstəqillik verildi pay, getdi əldən torpağımız,
Harınlaşır ağaların dəstəyilə qul yağımız.
Ədalətin çırağını söndürüblər kitabsızlar.
Axır günü tanımayan, gözləməyən bu tabsızlar.
İlahinin özünə də yalan satan imansızlar,
Ölümünü bir an belə yad etməyən zamansızlar.
Bu dünyanın kasıb, yoxsul dövlətlərin vay edirlər,
Qırğın salır ölkə-ölkə, qanlarını çay edirlər.
Məxsusdu zor dövlətlərə müstəqillik, azadlıq da,
Millətinə, sərvətinə, hörmətinə abadlıq da.
Az xalqların beyinini, ağılını qul edirlər,
İlhamını, mənliyini, şərəfini pul edirlər.
Allahdan da böyük sayır özlərini hökümdarlar,
Səyyarənin sinəsini qabar edib ahi-zarlar.
Bilən yoxdu sonu haçan çatacaqdı zülümlərin?
İnsanları parçalayan ləyaqətsiz bölümlərin…
Budur dunya xəritəsi, toxlar acı selə verir,
İncili də, İslamı da, kitabı da yelə verir.
***
Bu cahanın beşiyinə haram düşüb binəsindən,
Vurulubdu küt xəncərlə ədalətin sinəsindən.
Sağalmayan yarasından qan tökülür yer tasına,
Xilas yolu yoxmu, Allah, bu insanlıq dünyasına?
İslamı sən göndərdinsə güc ver, cəsur hümmət elə,
Ya yox eylə bizi tamam, ya bizi də millət elə!
Ey YARADAN, dərgahına göndərirəm diləyimi,
Ya abad et bu dünyanı, ya al apar ürəyimi…
18.X11.2002
BU ZALIM ZAMAN
Bu zalım zaman,
Edər ah, aman,
Heç verməz aman,
Kəsər qapını,
Qırar sapını.
Başa dərd açar,
Eyləyər naçar,
Haqqa əl açar,
Alar əmrini,
Kəsər ömrünü.
Elə naz edər,
Könlü yaz edər,
Qırıq saz edər,
Min avaz edər
Qatlar dizini,
Pozar izini.
Doğulmaq vardı,
Dünyaya yardı,
Sonu ah-zardı,
Hər bədən gülzar,
Axırı məzar…
Həm nəş’ə, həm qəm,
Kiprik örtür nəm,
Ömür bəxtə dəm,
Hər alna yazı,
Kim qalıb razı?
Sorma, Şadiman,
Niyə sirdi can?
Nə söyləyir an?
Bəndə hesabı,
Allah kitabı.
14 / 15. 02 . 2003
KƏDƏRLƏ DOLU DÜNYA
Kədərlə dolu dünya,
Kədərinə ah çatmaz.
Qədərin yolu dünya,
Qədərinə ah çatmaz.
Ağlayan gözlərinin,
Yaşların dərya tutmaz.
Hicran dənizlərinin,
Qəmi səni oyatmaz.
Bir aləmin sevincin,
Bir sabaha yar etdin.
Ya küs məndən, ya inci,
Bizi yoxdan var etdin.
Nəfsimizi aldadıb,
Altunlara qul etdin.
Tənimizdən bal dadıb,
Könlümüzü çul etdin.
Təamı şirin, dünya,
Sağ ikən hər gün yedik.
Açmadı sirin dünya,
Sehrinə qüdrət dedik.
Bizi canda bəslədi,
Hər canda ünvan etdi.
Əzrayılı səslədi,
Bədənə divan etdi.
Hər başda ağıl gəzdi,
Tərəzidə çəkməkçin.
Taledə nağıl gəzdi,
Dastanlara çəkməkçin.
Şadimana gül, dünya
Ətrin hicran qoxuyur.
Ey nazilən tül dünya,
Tülünü kim toxuyur?
18. 02. 2004
HAQQININ QULU BƏŞƏR
Hər ömür bir şam oldu
Sönərkən axşam oldu,
Bəs bu necə kam oldu?
Zamanın çulu bəşər,
Haqqının qulu bəşər.
Zirvələrlə yarışdın,
Duyğularla alışdın,
Yanıb oda qarışdın,
İblisin pulu bəşər,
Haqqının qulu bəşər.
Can üstə can aradın,
Zamandan an aradın,
Arıtək şan aradın,
Ağızısulu bəşər,
Haqqının qulu bəşər.
Başdan tacın alarlar,
Ayağlara salarlar,
Qol-qanadın yolarlar,
Danar sağ-solu bəşər,
Haqqının qulu bəşər.
Doğuldu özün görməz,
Ağızda sözün görməz,
Büküldü dizin görməz,
İtirər yolu bəşər,
Haqqının qulu bəşər.
Canıyla durub qəsdə,
Özü bilmir nə üstə?
Yerin şər, xeyir üstə,
Kəsilən qolu bəşər,
Haqqının qulu bəşər.
Bağına gül xülyanın,
Ömrü şirin röyanın,
Bu şər, xəta dünyanın,
Qırılan kolu bəşər,
Haqqının qulu bəşər.
Ey Şadiman, nə ülfət?
Rəbbi yaradan afət,
Hər üzdə min bir sifət…
Ağlına ulu bəşər,
Haqqının qulu bəşər.
18. 02. 2004
DÜNYANIN NƏZƏR NÖQTƏSİ
Dostları ilə paylaş: |