FƏLƏYİN HÖKMÜNƏ BAX, HƏR İŞİ YAMAN ELƏYİR
Fələyin hökmünə bax, hər işi yaman eləyir,
Ağrını canda tapır, ağrıya iman eləyir.
Səf çəkir üstünə qəmlər qoşunu yağı sayaq,
Nə günahı var oxun, yaramı kaman eləyir?
Nəş’əyə yox gumanım, qəm dolu badə içirəm,
Batmışam öylə qəmə, qəm mənə aman eləyir.
Ahı, naləni mənə verməsə olmaz bu fələk,
Çün məni ah yaradıb, ah özü dərman eləyir.
Necə ki, qəm qoşunu viran edib can mülkümü,
Elə də taxta çıxıb, taxtıma fərman eləyir.
Şadiman, cövrə düşən bu ürəyin çarəsi yox,
İçib eşqin şərabın qəm ilə peyman eləyir.
17. 02. 2005
HƏR KƏSİN SEVDİYİNƏ YARİ VƏFADAR OLSUN
Hər kəsin sevdiyinə yari vəfadar olsun,
Könlünü eşqə salan bir gülüzlü yar olsun.
Demirəm, həsrəti çəkdirməyə canına cəfa,
Belə ki, sevdiyinə bu yolda ilqar olsun.
Başa tac etdiyini salmaya əyağa heç,
Çəkə həsrət qoşunun, lap günü ah-zar olsun.
Kimi bir qoydu fələk, nəş’əyə salsın nəzərin?
Qəmi hicranla qoşa verdi, ki o, car olsun.
Bizi atdı Yaradan dünyaya günaha görə,
Yaxa cəhənnəm odun, cənnəti gülzar olsun.
Şadimana, nədi bəs sevdiyinə qəm acısı?…
Tə’n edib könlünə yar, bu yolda bezar olsun.
17. 02. 2005
ÜRƏYİN MÖHNƏTİNİ TƏNLƏ GƏRƏK CAN ÇƏKSİN
Ürəyin möhnətini, tənlə gərək can çəksin,
Eşqə düşənin elə atəşini qan çəksin.
Zamanın hökmü belə ömrə salır ağrısını,
Bu yükü qoşqu təki çiynə salıb an çəksin.
Başda əsdikcə əsir, hər zaman hicrin yeli,
Elə cəfaları bəs, can da yarımcan çəksin.
Ağrının cövhəri var, cövhərə tut üzünü,
Diləyin arı təki çiçəyə min şan çəksin.
Hər zaman Şadimana etmədə zülüm fələyim,
Tutsun hicran gözünü, mənə tərəf qan çəksin.
17. 02. 2005
HƏR KƏSİN SEVDİYİNƏ EŞQİDƏ HİCRAN OLSUN
Hər kəsin sevdiyinə eşqidə hicran olsun,
Çəkə həsrət odunu hər cəfaya can olsun.
Sübhətək qanə düşən könlünə çarə arasın,
Alışan ürəyinin ruhu da büryan olsun.
Dadmayan hicr odunu, bilməz elə eşqi nədir?
O cümlədən də sevən bu dərdə nalan olsun.
Gecə-gündüz alışa ayrılığın əzabına,
Ahı göyləri tuta, aləmə e’lan olsun.
Nə vəfa eyləyər öz sevdiyinə yarı üçün?
Yoxsa hicrə hünəri, o sinə talan olsun.
Şadiman biçarəyə man etmə biganəliyi,
Düşməyib elə qəmə, bu qəmi yalan olsun.
17. 02. 2005
FƏLƏYİN MEHRİNƏ BAX, HƏR ANDA MİN QAN ELƏYİR
Fələyin mehrinə bax, hər anda min qan eləyir,
Ürəyi eşqə salır, bu eşqə hicran eləyir.
Qan olan ürəyimin mə’nası yalnız eşqidir,
Düşürüb çənə onu öylə yarımcan eləyir.
Düşməyən eşq oduna bilməz nədir cəfası?
Kim ki, yandı atəşə ona sitəm can eləyir.
Hər zaman sevdamızın ağrısına yandı könül,
Bəs nədəndir ürəyi hicr odu büryan eləyir?
Bizdən əvvəl də sevənlər yandılar atəşlərə,
Tutuşan qəm oduna ömrünü nalan eləyir.
Sanma, sevdanı hünər, çox bəlaya düçar edir,
Qəmi illərlə verir, nəş’əni bir an eləyir.
Şadimanın bulma gəl dərdinə çarə, ey təbib,
Yoxdu hicrinə əlac, o, qəlbi büryan eləyir.
17. 02. 2005
HƏR KƏSİN QİSMƏTİNƏ DƏHRDƏ BİR CAN YARAŞIR
Hər kəsin qismətinə dəhrdə bir can yaraşır,
Canla peyman eləyən hicr oduna an yaraşır.
Elə sərkəştəliyi qoymamışam cana yovuq,
Ki edə könlə zülüm, hər zülümə qan yaraşır.
Kimsənin eşqi məni yaxmadı səndən savayı,
Parə-parə qəlbimə indi də dərman yaraşır.
Məni divanəliyim saldı məhəbbət oduna,
Bir belə divanəliyə şəfai-loğman yaraşır.
Gəlir həsrət yuxusu gözümə etmir bir əlac,
Gecəni sübhə qədər əhd ilə peyman yaraşır.
Dağ ola çəkməz, əgər bir belə hicran yükünü,
Elə ki, mən çəkirəm bu yükə sərban yaraşır.
Şadiman, sanma belə kimsəni suçlu bu işə,
Özün etdin bunu bəs, etdiyinə man yaraşır.
18. 02. 2005
BİLMƏDİM BİR KİMSƏNİ KÖNLÜMƏ HƏYAN, KİMSƏNƏ
Bilmədim bir kimsəni könlümə həyan, kimsənə,
Düşmüşəm qəm oduna hicrində oyan, kimsənə.
Bir gəlib aha düşən halımı sorsan nə olar?
Hər gecəm atəşimin oduna əyan, kimsənə.
Ağlayan gözlərimin yaşına batdı yatağım,
Kimə bəs mən eləyim bu eşqi bəyan, kimsənə?
Hər səhərim alışır zülmətimin naləsinə,
Gəlginən sor halımı, bu dərdə dayan, kimsənə.
Hər kəsin öz aşiqi, öz könlünün sultanı var,
Nə edim sən olmusan könlümə şayan, kimsənə?
Hicir ağrısı kəsir qəlbimi, min neştəri var,
Gəl ovut sinəmi sən, halıma oyan, kimsənə.
Şadimanı etmədi, aləmdə eşqi bəxtəvər,
Necə ki, mən yanıram, sən də elə yan, kimsənə.
18. 02. 2005
ÖYLƏ BİR SİTƏMDƏYƏM AHIMDAN HİCRAN AĞLAYAR
Öylə bir sitəmdəyəm ahımdan hicran ağlayar,
Tutulub qəm oduna hər ləhzə bu can ağlayar.
Dərdimin çarəsini sormadım kimsədən,Xuda,
O cümlədən elə dərdin özü qan ağlayar!
Çeviribdi fələyim hər işimi tərsə niyə?
Hönkürüb müşgülümə hər səatda an ağlayar.
Dilimin ahına bax, göylərə bir lərzə salıb,
Qoşulub fəryadıma mənimlə hər yan ağlayar.
Məni heç mətləbimə yetirmədi bircə fələk,
Hasil olmayan kamım, ahıma büryan ağlayar.
Demirəm məndən savay bir kimsə yox qəmə düşən,
Bu qəmi mən çəkirəm, kim olsa əyan ağlayar.
Ey bəxtəvər, Şadiman, dərd sənə biganə deyil,
Qoymayır tənha səni könlüvə həyan ağlayar.
17.03. 2005
BAS QƏDƏMİN KÖNLÜMƏ EY RUXSARİ-CANIM MƏNİM
Bas qədəmin könlümə ey ruxsari-canım mənim,
Dili’ rəvan, özü pak aləmdə ünvanım mənim.
Nə qədər cövr eləsən eyləmərəm şəkkə nida?
Hicrinlə gəlsə əgər bir öylə divanım mənim.
Səndən qeyri qəlbimi ram etməyi cəhd qılmasın,
Çün səninlə başlayır hər sübhüdə anım mənim.
Dərdə düşən könlümü eşqinlə eylərsən şəfa,
Ağrıyan ürəyimə səndəndir dərmanım mənim.
Canımın ayinəsi boylan bir sevdama sarı,
Səndən gəlir eşqimə pozulmaz fərmanım mənim.
Hər yetəni qəlbimə dünyada heç tay tutmadım,
Olmasan yar könlümə, qəm olar mehmanım mənim.
Şadimanı sanma ki, bir kimsəyə üzün tuta,
Öylə səcdəyə düşüb mehrində imanım mənim.
17. 03. 2005
QAR YAĞIR DUYĞUMU CANDAN ELƏYİR
Qar yağır duyğumu candan eləyir,
Könlümü necə şirin an eləyir?
Yerlə-göy arasına ağ tül atıb,
Üşüdür qəlbdə canı qan eləyir.
Bəyaz ulduzlara bənzər dənələr,
Tökülür başımıza şan eləyir.
Əsdirir ruhumu şimal küləyi,
Könlümə buzları nişan eləyir.
Hər tərəfə bələnib şö’lə təki,
Niskilimi neçə cür can eləyir?
Qarının bənzəri varmış mələyə,
Donunun hər naxışı yan, eləyir.
Şadiman fələklərə dik nəzərin,
Etdiyi möcüzə can, can eləyir.
17. 02. 2005
Dostları ilə paylaş: |