Üzdə azadlığın müqəddəs səsi.
Varıyla, puluyla öyünən məkan,
Əlindən çıxıbdı çoxdan haqq sükan.
Özünü birinci dünyada sayır,
Üçüncü dünyaya azadlıq yayır.
Guya ölkələrin edib firavan,
İşləri yolunda gedir lap rəvan.
Xaç inancı ilə Allah sevərlər,
Özləri bilmədən günah sevərlər.
Rəqs meydançası, kazino, qumar,
Sanki yollarını ediblər hamar.
Hürriyyət veriblər qadın, kişiyə,
Bütün heyvanlara itə, pişiyə.
Başgicəlləndirən dərmanları dəb,
Bunlar gah satılan, gah əkilən həb.
Min bir pozğunçuluq baş alıb gedir,
Bütün beyinləri çaş salıb gedir.
Silahı, içkisi, eşqi azaddır,
Onun dünya ilə məşqi azaddır.
İslam ölkələri yalnız sürünür,
Lap müqasiyədə miskin görünür.
Avropa hər şeydə keçibdir onu,
Gözü qamaşdıran azadlıq donu.
Sanki demokratya çöküb köksünə,
Aynada dəlitək baxır əksinə.
Ah, necə parlaqdır bu görüntülər?
Ali cəmiyyətdən yan üzüntülər.
Hər yerdə, hər şeydə birinci olmaq,
Bu böyük dünyada bir inci olmaq.
Fəqət, incidimi Avropa görən?
Haqqın, azadlığın qolunu gərən.
O qədər hüriyyət sevən olublar,
Özlərin sağalmaz dərdə salıblar.
Ölçüdən, çəkidən çıxıb düşüncə,
Basılıb həqiqət əbədi küncə.
Avropa ömrünü kəsir yarıda,
İtirir vicdanı, düz ilqarı da.
Böyük, kiçik yeri yox olub çoxdan,
Həqiqət aramaq olarmı yoxdan?
Ailənin özülü uçub, tökülüb,
Namus hasarları tamam sökülüb.
Oğul ata saymaz, qız isə ana,
İman deyə-deyə yaddı imana.
Öz qanunlarıyla yaşar islamı,
Avropa zənn edir cinayət damı.
Tapdanır hər yerdə islam adamı,
Batır ürəyində arzusu, kamı.
Əfqanstan, İraq, Çeçen, Fələstin,
Yardımla örtürlər qanların üstün.
Torpağı işğalda Azərbaycanın,
Neftini sorurlar, alırlar canın.
Həyanın, abırın beşiyi islam,
Onların ayağı altındadır tam.
Avropa qəsd edir haqq, ədalətə,
Fəqət özü düşür tam fəlakətə.
Orda millətlərin sayı azalır,
Başının üstünü müsibət alır.
Varın çoxluğundan sərxoş insanlar,
Beyni robotlaşan bu boş insanlar,
Cahana azadlıq dərsi keçirlər,
Düz yolu çaş salıb, tərsi keçirlər.
Fəqət, anlamırlar bu zaman ələk,
Dünyanı ələyir əlində fələk.
Ələk ələndikcə saf çıxır üzə,
Günəş bər-bəzəkdi gecə-gündüzə.
Ayı zülmətinə o mehman edir,
Haqqın ölçüsünə o iman edir.
Bu göz qamaşdıran dəbdəbələr puç,
Böyük Yaradanın qarşısında suç.
Şeytana, iblisə uyan Avropa,
Tutub bu dünyanı söz ilə topa.
Çıxıb məhvərindən din-imanı da,
Gəlib yetişibdi son zamanı da.
Narko-mafya, spid, hər cür pozğunluq,
Birinci dünyanı izlər pis sonluq.
Bir zaman yetişər… Avropa çökər,
Bu robot azadlıq bağrını sökər.
Onda Avropada ağıllı başlar,
O şeytan yuvasın əliylə daşlar.
İslamın adına dönüb gələrlər,
Allahın eşqiylə könlü bələrlər.
Qurana üz tutar bəşərdən olan,
Enər ayaqlara hər şərdən olan.
İslam çiçəkləyər, dünya nur saçar,
Bu adəm övladı haqq qapı açar.
Torpağın qanlardan qurtular canı,
Bir səadət tapar yazıq insanı.
***
Cahana müsəlman doğulan bir kəs,
Niyə edilməli varlığına qəsd?
Biz ki, bir dünyanın övladı olduq,
İnsantək anadan bir gün doğulduq.
Avropa duymasa bu həqiqəti?
Sonda puç olacaq çirkin niyyəti.
Axı ağlın şehi gözə ələnir,
Təb dilə gələndə sözə ələnir.
Hər kim ki, zirvəyə alüdə olar,
Özünü dərənin içinə salar.
Zirvə sevənlərin axırı puçdu,
Dərə su axıtdı, zirvələr uçdu.
Şərqi qan içində boğan Avropa,
Çətin ki, özünü axırda tapa.
31.X.-1.X1.2004
NİSKİLLƏRİ ÇOX DÜNYANIN
Niskilləri çox dünyanın
Dərdi başdan aşar olub.
Qəmi könlə ox dünyanın,
Ağrıları yaşar olub.
Yamanını dadmaq çətin,
Əzabını udmaq çətin,
Bilmək olmur heç niyyətin,
Dəmi dəmə qoşar olub.
Tufanları basıb keçər,
Öz bəxtindən küsüb keçər,
Səbirimi kəsib keçər,
Təbim kimi coşar olub.
4. X1. 2004
AXIR Kİ, OXUNDAN ÇIXDI BU DÜNYA
Axır ki, oxundan çıxdı bu dünya,
Namərdlər əlində sınağa döndü.
Duyğulu qəlbləri yıxdı bu dünya,
Ağıllı başlarda qınağa döndü.
Qanayan yarası bitişmədi ki,
Başından qan-qada ötüşmədi ki,
Bir ağrısız günü yetişmədi ki,
Ayağlar altında çanağa döndü.
Yandı ürəklərdə bir atəş kimi,
Batdı ölənlərçin o günəş kimi,
Qaldı məzarlarda soyuq nə’ş kimi,
Göz yaşı sığmayan yanağa döndü.
Axır ki, oxundan çıxdı naqəfil,
Yükünü çəkməkdən tükəndimi fil?
Fələyin önündə çarəsiz tifil,
Özü də bizimtək qonağa döndü.
15. 02. 2005
HAQDAN YAXŞI ZAMAN OLSUN
Ey dünyanı yıxıb-sökən,
Allahına iman olsun.
Savaş üçün qanlar tökən,
Sinəndə ah-aman olsun.
Yaradana bağlıdı can,
İlahinin ağlıdı can.
Ömrün həyat nağlıdı can,
Sabahına guman olsun.
Cavanlıqda həvəs həyat,
Qocalıqda qəfəs həyat,
Məhəbbətə nəfəs həyat,
Ürəyində peyman olsun.
Çox mətləbi hasil etdik,
Təni ölmə vasil etdik,
Bəşəri pis nəsil etdik,
Zəkamıza dərman olsun.
Haqqı dara çəkənlərə,
Beyində şər əkənlərə, Ağızları tikənlərə,
İlahidən fərman olsun.
Çökür bəşər təməlimiz,
Tərəzidə bəd əlimiz,
Yaxşı-yaxşı əməlimiz,
Beynimizdə umman olsun.
Pislik bizə başdan gəlir,
Hər işimiz daşdan gəlir,
Baharımız qışdan gəlir,
Bəyaz tülü duman olsun.
Hər günün öz qayğıları,
Vaxtı udan uyğuları,
Ürəyin pak duyğuları,
Sinəmizdə azman olsun.
Can nəfisdən bal daddımı?
Alıb könüldən atdımı?
Hər kim atsa şər addımı,
Axır günün uman olsun.
Biz nəçiyik, Rəb önündə?
Ağıl quldu dəb önündə,
Şadimana təb önündə,
Haqqdan yaxşı zaman olsun.
18. 01. 2004
ÜRƏYİMDƏ HƏZİN DÜYĞU
Ürəyimdə həzin duyğu, həzin səs,
Deyir dünya deyildir bir boş qəfəs.
O, həyatın diləklərin dadıdı,
Yamanlığın, yaxşılığın adıdı,
Onda vardı göz yaşları, gülüşlər,
Boş xülyalar, boş fitnələr, boş işlər.
Dünya ilə dil tapmaq çox asandı,
Onu qana boyayan da insandı!
O, ilahi sevdasından doğulmuş,
Bəs nədəndir, zülüm içində boğulmuş?
Şərqdən Qərbə qan tökülür hər yana,
Dünya özü ev deyilmi insana?
O dəryalar içində bir qaladı,
Allah bizi o qalaya caladı.
Yaratdıqca şər zəkalar silahı,
Çoxaltdılar can içində günahı.
Fitnə artdı, dünya hər gün döyüldü,
Qələmlərlə, kağızlarla söyüldü.
Top-tüfənglə dağıtdılar sinəsin,
Uçurtdular milyon illik binəsin.
Yaradandan gəlirsə bu kitablar,
Niyə itib Rəbbə haqqı-hesablar?
Bir teatr eyləyiblər dünyanı,
Min yol qana bələyiblər dünyanı.
Hamı dindən, ibadətdən dəm vurur,
Baş yiyəsi ədalətdən dəm vurur.
Qan tökəndə, öldürəndə nə iman?
İlahidən doğulmayır şər fərman.
Pis xislətlər insanların dühası,
Hər zəkada vardır şeytan kahası.
Yaradan bir rəhm eləyə bəşərə,
Divan tuta ağlında kor şərə,
Dünyamız da gəlin təki nazlana,
Hər doğulan bəşər də pərvazlana.
3. 04. 2004
Dostları ilə paylaş: |