Layihə Sosial xidmət haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 67,63 Kb.
tarix21.10.2017
ölçüsü67,63 Kb.
#8510

Layihə

Sosial xidmət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, eləcə də bu sahədə yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə оlunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

      1. sosial xidmət – əhalinin sosial xidmətə olan tələbatının ödənilməsinə yönəldilən, onlara sosial xidmət müəssisələrində və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların məcmusundan ibarət fəaliyyət;

      2. sosial xidmət göstərən subyektlər – sosial xidmət müəssisələri və hüquqi şəxs yaratmadan sosial xidmət göstərilməsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər;

      3. sosial xidmət müəssisələri – mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq əhaliyə sosial xidmət göstərilməsi sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər;

      4. sosial işçi - sosial xidmət göstərən və (və ya) qiymətləndirmə aparan, sosial xidmətə olan tələbatı müəyyən edən, bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən işçi;

      5. sosial xidmətə götürülmüş şəxs – çətin həyat şəraitində olması ilə əlaqədar sosial xidmət göstərilən şəxs;

      6. ahıl – yaşı 70-ə çatmış şəxs;

      1. sosial xidmətin göstərilməsi üzrə standartlar – sosial xidmətin göstərilməsinin keyfiyyətini, həcmini və şərtlərini müəyyən edən normativ aktlar;

      2. sosial dezadaptasiya (yadırğama) – şəxsin sosial mühitlə qarşılıqlı əlaqəsinin pozulması;

      3. sosial deprivasiya (məhrumiyyət) – şəxsin (ailənin) əsas həyati tələbatlarını müstəqil şəkildə ödəmək imkanlarının məhdudlaşması və (və ya) ondan məhrum olması;

      4. sosial mühit – şəxsin (ailənin) yaşaması, formalaşması və fəaliyyət göstərməsi üçün maddi, iqtisadi, sosial, siyasi və mənəvi şərtlərin məcmusu;

      5. çətin həyat şəraiti – şəxsin həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi hal.


Maddə 2. Sosial xidmət haqqında Azərbaycan Respublikasının

qanunvericiliyi
Sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Qanunun əhatə dairəsi
Bu Qanun sosial xidmətə ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunur.
Maddə 4. Sosial xidmət sahəsində dövlət siyasətinin məqsədi
Sosial xidmətin göstərilməsi sahəsində dövlət siyasətinin əsas məqsədi çətin həyat şəraitinin əmələ gəldiyi hallarda, belə halların aradan qaldırılmasına şərait yaradılmasından, sosial xidmətin göstərilməsi üzrə standartlara riayət olunmasından, sosial xidmətin zəmanət verilmiş həcmdə təqdim edilməsindən, onun müşahidəsi və keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir.
Maddə 5. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri
5.0. Sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

5.0.1. insan hüquq və azadlıqlarına riayət olunması;

5.0.2. humanizm, könüllülük, məxfilik, ünvanlılıq və əlçatanlıq;

5.0.3. çətin həyat şəraitində olan şəxslərin (ailələrin) sosial xidmətə götürülməsində bərabər imkanların təmin edilməsi;

5.0.4. dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının sosial xidmət göstərən subyektlərlə qarşılıqlı əlaqəsinin təmin edilməsi;

5.0.5. sosial inteqrasiya və əhalinin yaşayış keyfiyyətinin yaxşılaşdırılması.


Maddə 6. Sosial xidmət sahəsində dövlətin vəzifələri
6.0. Sosial xidmət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:

6.0.1. sosial xidmət sahəsində dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət standartlarının, strategiyanın və müvafiq dövlət proqramlarının hazırlanması, həmçinin milli səviyyədə digər müvafiq işlərin həyata keçirilməsi;

6.0.2. dövlət və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi;

6.0.3. vahid sosial xidmət təsnifatının hazırlanması;

6.0.4. sosial xidmətlərin təmin edilməsi üçün zəruri infrastrukturun və şəraitin, o cümlədən maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi;

6.0.5. şəxslərə (ailələrə) sosial xidmət sisteminin bu Qanunla müəyyən edilmiş növləri üzrə xidmət göstərilməsinin təmin edilməsi;

6.0.6. beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.

II fəsil
Sosial xidmət sahəsində hüquqlar
Maddə 7. Sosial xidmətdən istifadə hüququ

7.1. Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) bu Qanunla müəyyən edilmiş qaydada və hallarda sosial xidmət göstərən subyektlər tərəfindən təqdim edilən sosial xidmətdən istifadə etmək hüququ vardır.

7.2. Dövlət sosial xidməti müvafiq icra hakimiyyəti orqanı və ya dövlət sosial xidmət müəssisəsi tərəfindən çətin həyat şəraitində olan şəxslərin (ailələrin) razılığı və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.
Maddə 8. Şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin əsasları
8.0. Şəxs (ailə) aşağıdakı əsaslarla çətin həyat şəraitində hesab edilə bilər:

8.0.1. yetkinlik yaşına çatmayanların valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olması;

8.0.2. yetkinlik yaşına çatmayanların baxımsızlığı, cəmiyyətin davranış normalarına zidd hərəkətlərin olması;

8.0.3. 3 yaşadək uşaqların erkən əqli və fiziki inkişaf imkanlarının məhdud olması;

8.0.4. orqanizmin fiziki və (və ya) əqli imkanlarını şərtləndirən xroniki funksiya pozğunluqlarının olması;

8.0.5. sosial əhəmiyyətli və ətrafdakılar üçün təhlükə yaradan xəstəliklər nəticəsində həyat fəaliyyətinin məhdudlaşması;

8.0.6. xəstəlik və (və ya) əlillik nəticəsində, ahıllıqla əlaqədar özünə qulluq etmək qabiliyyətinin olmaması;

8.0.7. şəxsi sosial dezadaptasiya (yadırğama) və sosial deprivasiyaya (məhrumiyyətə) gətirib çıxaran qəddar davranışın mövcud olması;

8.0.8. müəyyən yaşayış yerinin olmaması;

8.0.9. cəzaçəkmə müəssisəsindən azad edilməsi;

8.0.10. insan alverinin qurbanı olması.


Maddə 9. Çətin həyat şəraitində olan şəxsin (ailənin) hüquqları və vəzifələri
9.1. Çətin həyat şəraitində olan şəxsin (ailənin) aşağıdakı hüquqları vardır:

9.1.1. sosial xidmət göstərilməsi üçün müraciət etmək;

9.1.2. sosial xidmət göstərilməsinin mümkünlüyü, növləri, qaydası və şərtləri barədə məlumat almaq;

9.1.3. sosial xidmətlərin qiymətləndirilməsi və tələbatın müəyyən edilməsində iştirak etmək;

9.1.4. zəmanət verilmiş həcmdə və (və ya) ödənişli əsaslarla sosial xidmət göstərən müəssisəni seçmək;

9.1.5. sosial xidmət göstərilməsinə razılıq vermək və ya sosial xidmətdən imtina etmək;

9.1.6. sosial xidmət göstərən fiziki və ya hüquqi şəxslərin fəaliyyətindən (fəaliyyətsizliyindən) qanunvericiliyə müvafiq olaraq şikayət etmək;

9.1.7. sosial xidmət göstərilən zaman şəxsi xarakterli məlumatların məxfi saxlanılmasını tələb etmək.

9.2. Çətin həyat şəraitində olan şəxslərin vəzifələri aşağıdakılardır:

9.2.1. sosial xidmət göstərilməsinə tələbatın müəyyən edilməsi və qərar qəbul edilməsi üçün tam və düzgün məlumatları vermək;

9.2.2. sosial xidmətin qiymətləndirilməsi və tələbatın müəyyən edilməsi prosesinə müdaxilə etməmək;

9.2.3. sosial xidmət göstərilməsinə təsir göstərən dəyişikliklər barədə sosial xidmət göstərən fiziki və ya hüquqi şəxsləri dərhal məlumatlandırmaq.


Maddə 10. Çətin həyat şəraitində olan şəxsin (ailənin) sosial xidmət göstərilməsi üçün müraciəti
10.1. Çətin həyat şəraitində olan şəxs (ailə) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edə bilər.

10.2. Çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində, müstəqil şəkildə müraciət etməməyinin səbəbləri göstərilməklə ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri, qəyyumu, himayəçisi, digər qanuni nümayəndəsi sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.


Maddə 11. Sosial xidmətlərə olan tələbatın müəyyən edilməsi və ondan imtina edilməsi
11.1. Sosial xidmətin göstərilməsi çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial xidmətlərə olan tələbatının sosial işçi tərəfindən qiymətləndirilməsi və müəyyən edilməsi əsasında həyata keçirilir.

11.2. Sosial xidmətlərə tələbatın qiymətləndirilməsi və müəyyən edilməsi üçün meyarlar aşağıdakılardır:

11.2.1. sosial dezadaptasiya (yadırğama);

11.2.2. sosial deprivasiya (məhrumiyyət);

11.2.3. uğursuz sosial mühit.

11.3. Şəxs sosial xidmət göstərilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına yazılı şəkildə müraciət edir. Sosial işçi şəxsin (ailənin) ərizə ilə müraciətindən sonra 10 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının tapşırığı ilə sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirir.

11.4. Sosial işçi sosial xidmətin növünü, kateqoriyasını, yeri və müddətini, xidmətin tərkibini özündə əks etdirən hesabat hazırlayır və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

11.5. Sosial işçinin sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatın təqdim edilməsindən sonra 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı çətin həyat şəraitində yaşayan şəxsə (ailəyə) dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi barədə qərar qəbul edir.

11.6. Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən (zəmanət verilmiş həcmdə) sosial xidmətdən əlavə sosial xidmətin göstərilməsi qaydası və həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

11.7. Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsindən imtina edildiyi halda müvafiq icra hakimiyyəti orqanı ərizəçini imtinanın səbəbi göstərilməklə yazılı xəbərdar edir və təqdim edilmiş sənədləri geri qaytarır.

11.8. Sosial xidmətin göstərilməsindən imtina edilməsi üçün əsaslar aşağıdakılardır:

11.8.1. bu Qanunun 8-ci maddəsində göstərilən əsasların olmaması;

11.8.2. təqdim edilmiş məlumatların və sənədlərin tam və düzgün olmaması.

11.9. Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmətin göstərilməsi barədə qərar qəbul edildiyi gündən şəxs (ailə) sosial xidmətə götürülür.

11.10. Ödənişli sosial xidmətlər çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

11.11. Şəxsin (ailənin) zorakılığa məruz qaldığı və ya sosial dezadaptasiya (yadırğama), habelə sosial deprivasiya (məhrumiyyət) təhlükəsi yarandığı hallarda sosial xidmət yaşayış yerindən asılı olmayaraq göstərilir.


Maddə 12. Çətin həyat şəraitində olan şəxslərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi
12.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən, qanunvericiliyə əsasən ona baxmağa borclu olan əmək qabiliyyətli qohumlarının və ya qanuni nümayəndələrinin həmin şəxslərə qulluq edə bilməyəcəkləri barədə yazılı ərizələri olduğu hallarda çətin həyat şəraitində olan şəxslər zərurət olduqda sosial xidmət müəssisəsinə yerləşdirilə bilər.

12.2. Çətin həyat şəraitində olan şəxsin sosial xidmət müəssisəsində yerləşməsi zəruri olduqda, lakin həmin şəxs bundan imtina etdikdə onun sosial xidmət müəssisəsinə yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müraciəti ilə məhkəmə tərəfindən həyata keçirilə bilər.

12.3. Çətin həyat şəraitində olan şəxslərin sosial xidmət müəssisəsinə yerləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Sosial işçinin hüquqları və vəzifələri
13.1. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin hüquqları aşağıdakılardır:

13.1.1. işə qəbul olunarkən büdcə vəsaitləri hesabına dövlət tibb müəssisələrində tibbi müayinədən keçmək;

13.1.2. işəgötürənin vəsaiti hesabına ixtisasını artırmaq;

13.1.3. xidməti vəzifəsini yerinə yetirərkən zəruri geyim və avadanlıqla təmin olunmaq, nəqliyyat xərcləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul kompensasiyası almaq;

13.1.4. zəruri məlumatların əldə edilməsi üçün sorğu göndərmək;

13.1.5. sosial xidmətin göstərilməsini, sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsini həyata keçirmək.

13.2. Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin vəzifələri aşağıdakılardır:

13.2.1. sosial xidmətlərin göstərilməsi sahəsində qanunvericiliyə və peşə etikası normalarına əməl etmək,

13.2.2. xidmət göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

13.2.3. sosial xidmət göstərdikləri şəxslərə münasibətdə ayrı-seçkiliyə və qeyri-humanistliyə yol verməmək;

13.2.4. xidmət göstərdikləri şəxslərə onları maraqlandıran məlumatları vermək;

13.2.5. öz vəzifələrini yerinə yetirərkən əldə etdikləri məlumatların konfedensiallığını təmin etmək;

13.2.6. müvafiq biliklərə yiyələnmək;

13.2.7. göstərilən sosial xidmətlərin keyfiyyətli olmasını təmin etmək.


Maddə 14. Sosial xidmət sahəsində peşəkar fəaliyyət hüququ
14.1. Ali və ya orta peşə-ixtisas təhsili və müvafiq peşə hazırlığı olan şəxslər sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

14.2. Müvafiq icra hakimiyyəti orqanı və ya sosial xidmət müəssisələri ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən sosial-məişət xidmətləri göstərmək üçün peşə hazırlığı olmayan şəxslər də cəlb oluna bilər.




III fəsil
Sosial xidmətin formaları və növləri
Maddə 15. Sosial xidmətin formaları
15.0. Sosial xidmətin formaları aşağıdakılardır:

15.0.1. evdə sosial xidmət;

15.0.2. yarımstasionar sosial xidmət;

15.0.3. stasionar sosial xidmət;

15.0.4. sosial-məsləhət yardımı.
Maddə 16. Evdə sosial xidmət
16.1. Evdə sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, əlillərə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir.

16.2. Evdə sosial xidmətə aşağıdakılar aiddir:

16.2.1. dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərilməsi;

16.2.2. istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində köməklik edilməsi;

16.2.3. tibbi yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiət olunması;

16.2.4. yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması;

16.2.5. hüquqi məsləhət alınmasına köməklik göstərilməsi;

16.2.6. əlillərə və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətinin göstərilməsi.


Maddə 17. Yarımstasionar sosial xidmət
Yarımstasionar sosial xidmət özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlillərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara gündüz vaxtlarında sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.
Maddə 18. Stasionar sosial xidmət
18.1. Stasionar sosial xidmət, bu məqsədlə yaradılmış müəssisədə sosial xidmət göstərilən şəxslərin (ailələrin) fiziki durumuna və səhhətinə uyğun həyat şəraitinin yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsindən, qulluq və istirahətin təşkilindən ibarətdir.

18.2. Stasionar sosial xidmətə ehtiyacı olan psixi pozuntusu olan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər.


Maddə 19. Sosial-məsləhət yardımı
19.1. Sosial-məsləhət yardımının məqsədi çətin həyat şəraitində olan şəxslərin (ailələrin) cəmiyyətə adaptasiyasını təmin etməkdən ibarətdir.

19.2. Sosial-məsləhət yardımına aşağıdakılar aiddir:

19.2.1. qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi;

19.2.2. çətin həyat şəraitində olan şəxslərin (ailələrin) problemlərinin həllində dövlət orqanlarının, bələdiyyələrin və ictimai birliklərin fəaliyyətinin əlaqələndirilməsi;

19.2.3. sosial xidmət üzrə məsləhətlərin verilməsi.
Maddə 20. Sosial xidmətin növləri
20.0. Təyinatından asılı olaraq sosial xidmətlər aşağıdakı növlərə bölünür:

20.0.1. sosial-məişət xidmətləri - ailələrin məişət, yaşayış vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş xidmətlər, dəstək və yardımlara yönəlmişdir;

20.0.2. tibbi-sosial xidmətlər - vətəndaşların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir;

20.0.3. sosial-psixoloji xidmətlər - vətəndaşların cəmiyyətə adaptasiyası məqsədilə psixoloji vəziyyətinin korreksiyasını nəzərdə tutur;

20.0.4. sosial-pedaqoji xidmətlər - yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir;

20.0.5. sosial-iqtisadi xidmətlər – şəxslərin həyat səviyyəsinin qorunmasına və möhkəmlənməsinə yönəlmişdir;

20.0.6. sosial-hüquqi xidmətlər - hüquqi yardım göstərilməsi, onların hüquqlarının qorunmasına yönəlmişdir;

20.0.7. palliativ xidmətlər – müalicəsi mümkün olmayan şəxslərin və onların ailə üzvlərinin fiziki, psixoloji, mənəvi və digər problemlərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu şəxslərə yardımın göstərilməsinə yönəlmişdir.


IV fəsil
Sosial xidmətin təşkili
Maddə 21. Sosial xidmət sistemi
21.1. Sosial xidmət sistemi dövlət və qeyri-dövlət sosial xidmət müəssisələrindən ibarətdir.

21.2. Ödənişsiz şərtlərlə xidmət göstərən sosial xidmət müəssisələri, eləcə də qeyri dövlət sosial xidmət müəssisələri üçün qanunvericilikdə müəyyən olunmuş qaydada güzəştlər müəyyən edilə bilər.


Maddə 22. Dövlət sosial xidmət sistemi
Dövlət sosial xidmət sistemi müvafiq icra hakimiyyəti orqanları və dövlət sosial xidmət müəssisələrindən ibarətdir.
Maddə 23. Qeyri dövlət sosial xidmət sistemi
23.1. Qeyri-dövlət sosial xidmət sistemi dövlət mülkiyyətinə aid olmayan mülkiyyət formaları əsasında fəaliyyət göstərən sosial xidmət təşkilatlarını, habelə sosial xidmət sahəsində özəl fəaliyyət göstərən şəxsləri birləşdirir.

23.2. Qeyri-dövlət sosial xidmət sisteminin subyektləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılır və fəaliyyət göstərirlər.


Maddə 24. Sosial xidmət müəssisələri
24.1. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) sosial xidmət stasionar sosial xidmət müəssisələri (ahıllar və əlillər üçün internat evləri, psixonevroloji internat, uşaq evləri - əqli geriliyi olan uşaqlar üçün internat, fiziki qüsurları olan uşaqlar üçün internat evləri, insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar, cəza çəkməkdən azad edilmiş şəxslər üçün sosial adaptasiya mərkəzləri və s.) tərəfindən həyata keçirilir.

24.2. Sosial xidmətlərin göstərilməsi üçün digər sosial xidmət müəssisələri (günərzi qayğı mərkəzləri, yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya mərkəzi, sosial-psixoloji kömək mərkəzi, sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr üçün sosial reabilitasiya mərkəzi, müvəqqəti sığınacaqlar, peşə istiqamətləndirilməsi mərkəzi, müvəqqəti xidmət şöbələri, kiçik qrup evləri, sosial mağazalar və yeməkxanalar və s.) də yaradıla bilər.


Maddə 25. Sosial xidmətin maliyyələşdirilməsi
25.1. Sosial xidmət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti, ödənişli əsaslarla sosial xidmət göstərilməsindən əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

25.2. Sosial xidmət göstərilməsi nəticəsində əldə edilən vəsait dövlət büdcəsinə, sosial xidmət sisteminin inkişafına və sosial xidmət müəssisələri işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir.



Maddə 26. Sosial xidmət haqqının ödənilməsi
26.1. Dövlət sosial xidmət müəssisələrində və evlərdə sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli şərtlərlə göstərilir.

26.2. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət sosial xidmət müəssisələrində və evlərdə ödənişsiz sosial xidmət göstərilir.



26.3. Şəxslərə (ailələrə) ödənişsiz sosial xidmətdən əlavə göstərilən stasionar sosial xidmət haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
V fəsil
Yekun müddəaları
Maddə 27. Sosial xidmət göstərilməsinə nəzarət
Sosial xidmət müəssisələri və sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olan şəxslər tərəfindən göstərilən sosial xidmətin keyfiyyətinə, səmərəliliyinə, dövlət standartlarının tələblərinə əməl olunmasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Maddə 28. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 29. Qanunun qüvvəyə minməsi
29.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

29.2. Bu Qanunun qüvvəyə mindiyi gündən “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 518; 2007-ci il, № 5, maddə 401) qüvvədən düşmüş hesab edilir.
Yüklə 67,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin