Leyla Bədirbəyli Stalinin adını daşıyan mükafata layiq görülən 3 qadın sənətçidən biriydi. Vaxtilə ona “Azərbaycan gözəli” adını da məhz Stalin özü vermişdi
Leyla Bədirbəyli Stalinin adını daşıyan mükafata layiq görülən 3 qadın sənətçidən biriydi. Vaxtilə ona “Azərbaycan gözəli” adını da məhz Stalin özü vermişdi.
1999-cu il noyabr ayının 23-də hamının gözəlliyinə heyran olduğu qadın, böyük sənətkar Leyla Bədirbəyli gözlərini əbədi olaraq yumdu. Azərbaycan Respublikasının Xalq artisti, dövlət mükafatları lauretı Leyla xanımın yaradıcılığı isə ölməzdi, əbədidi. Mübaliğəsiz gözəlliyi, bənzərsiz sənət eşqi ilə yaşayıb-yaradan xalq artisti Leyla Bədirbəyli bu gündə milyonların qəlbində yaşayır və yaşayacaq. Hələ neçə-neçə nəsillər onun iştirakı ilə çəkilən filmlərə baxanda böyük aktrisanın yaratdığı obrazların sehrinə düşəcəklər.
Leyla Bədirbəyli uzunmüddətli fəaliyyəti ərzində öz sələflərinin ənənələrini uğurla davam etdirərək, layiqli nümayəndəsi olduğu nəslin yaradıcılıq prinsiplərinə daim sadiq qalaraq Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazan sənətkarlardandır. O, fitri istedada malik teatr ustası kimi ifa üslubundakı səmimiyyət, məlahət və təbiilik sayəsində dramaturqlarımızın və dünya ədəbiyyatı klassiklərinin çox sayda qadın qəhrəmanına zəngin boyalarla parlaq səhnə həyatı verib. Təsadüfi deyil ki, ölkə prezidenti cənab İlham Əliyev 2019-cu ilin dekabrın 29-da Leyla Bədirbəylinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq cari ildə aktrisanın 100 illik yubileyi geniş şəkildə qeyd ediləcək. Şübhəsiz bunun özü milli teatr və kino sənətinin inkişafındakı əvəsiz xidmətlərinə görə Leyla Bədirbəyli yaradıcılığına verilən ən böyük qiymətdir.