Cəmiyyətin inkişafı və onun dinamikası məsələsinə də diqqət yetirmək məqsədəuyğundur. Qeyd etdiyimiz kimi təbiət kimi cəmiyyət də sabitlik və qeyri-sabitliyin, dəyişməzlik və dəyişkənliyin, sükunət və hərəkətin ziddiyətli vəhdətini təşkil edir. Ona görə də sosial təhlil cəmiyyətə onun strukturu baxımından yalnız statikada deyil, həm də onun dəyişkənliyi və inkişafı baxımından dinamikada baxılmasını tələb edir. Təbiət kimi cəmiyyət haqqında da demək olar ki, o daim axır, hərəkət edir, dəyişir. Həm təbii, həm də ictimai varlığın bu universal xassəsini vaxtilə Heraklit və digər yunan filosofları qeyd etmişlər. Lakin inkişaf haqqında ən yetkin və dərin təlimi Hegel yaratmışdır. Kont və Marks öz fəlsəfi sistemlərində sosial inkişafın spesifikasına, onun amillərinə, təkamül və inqilabi formalarına böyük diqqət yetirmişlər. Onların nəticələrinə əsaslanan müasir filosoflar belə hesab edirlər ki, sosial hadisələrin tədqiqində prosessual adlanan yanaşma lazımdır, bəzən onu dialektik və ya tarixi də adlandırırlar. Başqa sözlə desək, cəmiyyətə onun quruluşu baxımından statikada (sükunətdə) baxsaq struktura onun dinamikası, dəyişməsi və inkişafının təhlili ilə tamamlanacaqdır. Cəmiyyətin inkişafının müasir prosesual təhlili əsaslı şəkildə işlənib hazırlanmış anlayışlar aparatına əsaslanır. Hal-hazırda sosial tədqiqatlarda “proses”, “fəaliyyət”, “dəyişkənlik”, “inkişaf”, “tərəqqi”, “tənəzzül”, “inkişaf amili”, “təkamül”, “inqilab” və s. terminlərdən geniş istifadə olunur. Bu anlayışların qısa məzmununa nəzər salaq.
Proses – sosial sistemlərdə, yəni qruplarda, institutlarda, bu sistemin digər elementlərində vahid dəyişkənlik seriyasıdır. Proseslərin müxtəlif növləri mümkündür: (daxili) şəxsiyyət, məsələn insanın öz biliyini artırması, öz- özünü təkmilləşdirməsi prosesi; adamların qarşılıqlı münasibətlərində baş verən proseslər, məsələn, onların razılığa gəlmədən münaqişəyə qədər və əksinə inkişafı; sosial birlik daxilində və onlar arasında olan dəyişiklik; bütövlükdə cəmiyyət strukturunu əhatə edən proseslər. Proseslərin inkişafına digər yanaşma da mövcuddur. Məsələn, həm konstruktiv, inteqrasiya, adamları birləşdirən, yaxınlaşdıran prosesləri və ya əksinə, dağıdıcı, ayıran, rəqabət və münaqişə yaradan prosesləri ayırmaq olar.
Ən sadə proses, cəmiyyətin fəaliyyət göstərməsidir - bunu deyərkən cəmiyyətdə mövcud struktur və münasibətlər çərçivəsində onun gündəlik fəaliyyəti ilə bağlı olan dönmə, qayıtma qabiliyyətli dəyişiklik nəzərdə tutulur.