Nikolay Kuzanski İntibah dövrünün ilk görkəmli panteistidir. Onun fikrincə, təbiət, o cümlədən də insan ən ali mütləq varlıq kimi qəbul etdiyi Allahdan yaranmışdır. Lakin panteizm ideyasını inkişaf etdirən Kuzanski faktiki olaraq dünyanın Allah tərəfindən yaradıldığını inkar edir. Filosof təsdiq edirdi ki, Yer dünyanın mərkəzi deyildir, hərəkətsiz ulduzlar sahəsi isə dünyanı qapayan çevrəni təşkil etmirlər. Dünyanın sonluğuna inam Kuzanskini idrak prosesinin özünü belə tamamilə başqa cür anlamağa gətirib çıxarır.
İntibah dövrü dahiləri içərisində C. Bruno mühüm yer tutur. Onun dünyagörüşü bütövlükdə materialist olsa da, öz formasına görə panteist xarakter daşıyır. Brunoda Allah birdəfəlik təbiətə “köçür” və onun fikrində “Allah şeylərdədir”. Brunonun panteizmdən çıxartdığı ən mühüm nəticələrdən biri təbiətin sonsuzluğu haqqında tezisin qəti təsdiq edilməsi oldu. Əgər Kuzanskidə dünyanın sonsuzluğu haqqında təlim hələ dumanlı, yarıteoloji təlimdirsə, Brunoda artıq tam naturalist təlimdir: o yalnız təbiət haqqında təlim kimi formalaşmışdır.
İtaliya mütəfəkkiri Kainat haqqında təlimində bütün dünyaların fiziki birtərəfliliyi haqqında daha bir olduqca mühüm fikir irəli sürmüşdür. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bruno belə hesab edir ki, Kainatdakı bütün dünyalar və bütün cisimlər 5 ünsürdən - torpaq, su, hava, od və efirdən ibarətdir. Efir yalnız qalan 4 ünsür arasında bağlayıcı vasitə rolunu oynayır, yəni bütövlükdə boşluq yoxdur.
Bruno belə hesab edirdi ki, digər dünyalarda da adamlar var, insanlar o dünyada da məskunlaşıblar. Onun bu baxışı təbiətin ən ümumi canlandırılması inamından, hilozoizmdən irəli gəlirdi. O dövrün digər naturfilosofları kimi bu baxışı müdafiə etdi. Dünya ruhu bütün Kainatı, bütün şeyləri doldurur. Ruhu başlanğıcın yaradıcı xarakterini qeyd edən Bruno heç bir əsərində onun ölməzliyi bədəndən ayrı mövcudluğu haqqında danışmır. Dünyanı sonsuz kimi dərk etməsi Brunonu əksliklərin bir-birinə uyğun gəlməsi dialektikasına gətirib çıxarır.
İntibah dövrü fəlsəfəsində üçüncü istiqamət sosial-siyası təlimlərdir. İntibah dövrü cəmiyyətin mahiyyəti haqqında, insanın təbiəti haqqında və s. yeni baxışları canlandırdı. Cəmiyyətə yeni baxışın ən başlıca anlarında biri - cəmiyyətin bir-birindən asılı olmayan fərdlər məcmusu kimi anlaşılması idi.
İlk burjua siyasi ideoloqlarından biri - florensiyalı Nikkolo Makiavelli olmuşdur. Makiavelli öz əsərlərində sübut edirdi ki, insanların fəaliyyətinin sövqedici motivi – eqoizm, maddi maraqdır. O yazırdı ki, insanlar atalarının ölümünü unuda bilərlər, ancaq var-dövlətdən mərhum olmağı unuda bilmirlər.
Makiavelli dövlətin Yer üzündə ali hakimiyyət kimi mövcud olan kilsədən asılılığı haqqında orta əsrlər teokratik konsepsiyaları rədd edirdi. O, dünyəvi dövlətlərin zəruriliyinə əsaslanırdı, dövlət hakimiyyətinin teoloji anlaşılmasına qarşı mənəvi dəyərlərə üstünlük verən, öz hüququ qanunları ilə dinin irəli sürdüyü göstərişlərdən ayrılan hüquqi dünyagörüşü qoyurdu. Makiavellinin təliminə görə, bir halda ki, dövlətin firavanlığı və qüdrəti siyasətin ali qanununu təşkil edir, onda bu məqsədə nail olmaq üçün hər cür vasitə, o cümlədən, hər cür əxlaq qaydalarına zidd olan vasitə - pulla, rüşvətlə ələ almaq, ölüm, zəhərləmə, xəyanətkarlıq - yararlıdır.
XVI əsrin ictimai fikir tarixinin görkəmli nümayəndəsi, güclü mərkəzləşdirilmiş dövlət yaradılmasının zəruriliyini əsaslandıran Fransada Jakk Boden olmuşdur. Onun ideyaları diqqəti cəlb etmişdir. Avropa ölkələrinin xalq kütlələri öz ideoloqlarını irəli sürmüşlər. Onlardan biri Almaniyada Böyük kəndli müharibəsi dövründə xalq reformasiyasının görkəmli xadimi Tomas Münser olmuşdur. O radikal siyasi proqram formalaşdırmışdır. Bu proqramda xüsusi mülkiyyətin ləğv edilməsi tələbi, əmlakın ictimailəşdirilməsi, xalq dövlət hakimiyyətinə yad olan silki fərqlərin ləğv edilməsi, ən mühüm bərabərliyin bərqərar olması irəli sürülürdü. Münserin sosial idealı kommunizmin qabaqcadan duyulması fantaziyası idi. Münserdə bu idealın ideoloji əsaslandırılması, feodal istismarına qarşı çıxış edən bir çox digər orta əsrlər yeretikləri kimi dini-panteist xarakter daşıyırdı. Panteist baxışlara görə, Allah tam kimi götürülmüş - dünyanın eynidir. Dünyanın hər bir hissəsi tamın mənafeyi naminə çıxış etməlidir. Cəmiyyətdə də vəziyyət bu cür olmalıdır.
Xalqın mənafeyi naminə cəmiyyətin daha dərin prinsiplərlə yenidən qurulmasını ingilis humanisti və dövlət xadimi Tomas Mor özünün "Utopiya" əsərində verilən ictimai quruluşun başlıca xüsusiyyəti xüsusi mülkiyyətin yoxluğudur. Müəllifin təsəvvür etdiyi bu adada əmək cəmiyyətin bütün üzvlərinin vəzifəsidir. Mor istehsalı kustar istehsal kimi fikirləşirdi ki, onun vaxtında artıq kapitalist manufakturası tərəfindən əhəmiyyətli dərəcədə sıxışdırılıb aradan çıxarılmışdır. Dövlət əhalinin istehsal etdiyi bütün məhsulların hesabatını və bölünməsini aparır, istehsalın bilavasitə təşkili ilə yerli icmalar məşğul olurdular. Mor təsdiq edirdi ki, orta əsrlərin dini-asketik baxışlarının əksinə olaraq Utopiya əhalisi öz təbiətləri ilə tam həmrəylik əsasında yaşayır, həyatdan ləzzət almağa cəhd edirlər və s.
Utopik sosializmin digər görkəmli nümayəndəsi İtaliya filosofu və sosioloqu Tommazo Kampanella olmuşdur.
1602-ci ildə özünün başlıca əsəri olan "Günəş şəhəri"ni yazmışdır. "Utopiya"da olduğu kimi burada da xüsusi mülkiyyət yoxdur. Adamlar icmalarda yaşayırlar, əmək bütün icma üzvlərinin nəinki vəzifəsi, həm də tələbatıdır belə ki, icmanın hər bir üzvünü uşaqlıqdan əməyə hörmət etmək ruhunda tərbiyə edirlər. Mordan fərqli olaraq Kampanella texniki kəşflərə böyük əhəmiyyət verir. O, özü hərəkət edən yelkənli gəmilər haqqında, xüsusi mexanizmlərlə hərəkətə gətirilən gəmilər haqqında, Günəş şəhərinin sakinlərinin havada uçmaq bacarığı haqqında, "göy harmoniyalarına" qulaq asmağa imkan verən qəribə müşahidə və eşitmə boruları və s. haqqında yazır. Morun "Günəş şəhəri" əsərində verilmiş digər ideyaları da maraqlıdır.
Biz bilirik ki, ədəbiyyatın bir sıra hadisələri dövrün fəlsəfi şüurunun formalaşdırılmasında xüsusi rol oynayır. Orta əsrlərin axırıncı və intibah dövrünün ilk şairi Aliqiyeri Dante"Ziyafət" traktatında fəlsəfəni necə anlamasını şərh edir. Dante fizikadan, astronomiyadan, psixologiyadan, tarixdən çoxlu məlumatları fəlsəfənin təbiətini izah etmək üçün verir. Aqillik - hər şeyin anası və bütün hərəkətin başlanğıcı kimi qəbul olunur. Onun fəlsəfi və poetik əsərlərində yeni mədəni-tarixi gerçəklik tam aydınlığı ilə üzə çıxır. Dantenin dövlətin yaranması, idarə formaları ilə bağlı fikirlərinin xüsusi əhəmiyyəti var. Dante "Monarxiya" əsərində Aristotel və A.Foma kimi dövlətin yaranmasını təbii proses hesab edir.