Reformator hərəkatı adətən qismən məhdud dairəni və birlikləri əhatə edir. Onlar qurulmuş sosial qaydalar çərçivəsində baş verir və ona görə də hakimiyyət tərəfindən represiya və zorakılıqla üzləşmir. Bu cür hərəkat dəyişikliyə nail olmağa çalışır – məsələn, mövcud qanunvericiliyin yaxşılaşdırılması vasitəsi ilə, dövlət büdcəsinin nəzərdən keçirilməsi və s. Bu həmkarlar, maarifçi, ekoloji, milli və digər hərəkatlardır. Ancaq öz dinc, leqal xarakterinə baxmayaraq reformist hərəkat tədricən dərin ictimai dəyişikliyə gətirib çıxara bilər.
İnqilabi hərəkat öz başlanğıcında reformist hərəkata oxşaya bilər. Ancaq inkişaf etdikcə onda fərqlər yaranır; narahatlıq və gərginlik yaşayan geniş kütləni, bütöv ictimai sinifləri əhatə edir, özünü qoruma və maddi təminatın köklü, əsaslı təlabatına toxunur, güclü motivlər yaradır. Bu hərəkatın iştirakçıları çox vaxt hakimiyyət tərəfindən represiyalara və təqiblərə məruz qalırlar. Bununla belə onların əsas fərqləri-məqsəd və metodlarındadır. Onların məqsədi dinc islahatlar deyil, güc tətbiq etməklə mövcud ictimai-siyasi quruluşu devirməkdir. Yeni siyasi hakimiyyətin əsası olmağa qadir olan geniş miqyaslı, kütləvi xüsusi təşkilatların olması zərurəti buradan irəli gəlir. İnqilabi hərəkat qalib gəldikdən sonra yeni qaydalar həyata keçirir, cəmiyyətin quruluşunu kökündən dəyişir, sinfi strukturda irəliləyişə nail olur, ictimai institutların tərkibini dəyişir, dəyərlər, adətlər, davranış nümunələrdə dəyişiklik edir. Bütöv siniflərin, xalqaların iştirak etdiyi inqilablar cəmiyyətdə daha böyük dəyişiklik edir
XX əsrin ortalarında, xüsusən İkinci dünya müharibəsindən sonra Asiya, Afrika və Latın Amerikasının bir sıra ölkələrində baş verən inqilablar nəticəsində daha böyük ictimai dəyişiklik olmuşdur. Sosial inqilab vaxtı keçmiş qaydalara, totalitar rejimə qarşı istiqamətlənəndə o nəinki özünü doğruldur, həm də çox zəruridir. Ancaq cəmiyyətin inkişafının yalnız inqilabla bağlı olduğunu düşünmək yanlış fikirdir. Ancaq nəzərə almamaq olmaz ki, tarixi təcrübəyə əsasən inqilablar istənilən dağıdıcı ictimai münaqişə kimi həmişə baha başa gəlir. Onlar adətən günahsız insanların əzabları və ölümü ilə müqayisə olunur. Təcrübə göstərir ki, pis düşünülmüş və tələsik həyata keçirilən islahatların da ağır nəticələri olur. Bununla belə müasir inkişaf etmiş ölkələrin bütün iqtisadi və mədəni nailiyyətləri sosial inqilabdan daha çox sosial demokratik islahatlar hesabına olmuşdur. Təcrübə daha çox inandırır ki, təbiətdə olduğu kimi sosial prosesdə də üstünlük inqilabi yox, inkişafın təkamül üsülundadır. Beləliklə, öz-özünə inkişaf edən sistem kimi cəmiyyətin sosial-fəlsəfi təhlili onun həm statikasını, həm də dinamikasını nəzərdən keçirməyi tələb edir və ya başqa sözlə desək, cəmiyyəti təşkil edən qrupların, təşkilatların, institutların və cəmiyyətdə geden fasiləsiz təkamül və inqilabi dəyişiklik və inkişaf proseslerini özündə birləşdirir.