M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə66/154
tarix17.04.2023
ölçüsü0,71 Mb.
#125484
1   ...   62   63   64   65   66   67   68   69   ...   154
felsefe

Ölçü. Yeni keyfiyyətə keçid.-Keyfiyyət və kəmiyyət bir-birinə əks olan, eyni zamanda bir-biri ilə ayrılmaz bağlı olan predmetlərin xarakterini ifadə edir. Onların bu əlaqəsi fəlsəfədə ölçü anlayışı ilə ifadə olunur.
Qədim yunan fəlsəfəsidə bu anlayışı Demokrit tətbiq etmişdir; o, hesab etmişdir ki, ölçü sanki bu və ya başqa hadisələri və onlara olan dəyər münasibətlərini (ölçü hissi) birləşdirir. İkinci an sofist Protaqorun fikrində xüsusi ilə qeyd edilmişdir: “İnsan bütün şeylərin ölçüsüdür”... Doğurdan da bir halda ki, adamlar özlərini ətraf mühitlə və başqa adamlarla əlaqələndirirlər, onlar öz fəaliyyətində şeylərin xassələrini dərk edir, nəzərə alırlar. Ölçü anlayışı istehsalat, bədii praktikada, eyni zamanda insan davranışına (ölçü hissi) tətbiq olunarkən istifadə olunur. Bununla yanaşı elmin inkişafı və onun fəlsəfi ümumiləşməsi ilə o özündə dərketmə - nəzəri məna cəmləş­dirmişdir.
Ölçü - keyfiyyət və kəmiyyətin dialektik vəhdətidir və ya kəmiyyət dəyişikliklərinin elə intervalıdır (arasıdır) ki, bu həddə predmetin keyfiyyət müəyyənliyi saxlanılır. Məsələn, bitki və canlı orqanizmlər öz həyat fəaliyyətlərini yalnız müəyyən temperatur həddində saxlayır. Biz hamımız bilirik ki, insan orqanizminin özünü yaxşı hiss etməsi üçün lazım olan bədən temperaturunun dəyişilməsinin diapazonu çox da böyük deyildir. Müxtəlif şeylərin aqreqat vəziyyəti, temperatur ölçüsü mövcuddur. Praktikada ölçü haqqında biliklər geniş istifadə olunur. Məsələn, su maye halında 0 - 100° C qədər tempe­raturda mövcuddur; 0 dərəcədən aşağı olanda buza çevrilir, 100 °C isə qaynama başlayır. Maye halında civə üçün ölçü - 39°dən +357 °qədərdir, -39°civə bərkiyir, +357° isə qay­namağa başlayır. Aqreqat vəziyyətinin ölçüsünü bilmək me­talurgiyada da vacibdir. Xüsusi ilə civə alınması prosesi buna əsaslanır. Civəni saxlayan filizi 500 - 550°C qızdırarkən civə sublimə edilir (bərk maddənin buxara çevrilməsi) və sonra kondensatorlarda tutulur. Kondensatorda temperatur təqribən 20° (kondensator – buxarı sıxışdıran aparat)
Burada biz kəmiyyət dəyişmələrinin keyfiyyətə keçməsinə yaxınlaşdıq. Təbiətdə və cəmiyyətdə, hadisə və proseslərdə kəmiyyətin keyfiyyətə keçməsini şərh etməzdən əvvəl, kəmiy­yət və keyfiyyət anlayışlarını təhlil etmək lazımdır. Müəyyən bir hadisənin xüsusiy­yətini təşkil edən və onu başqa hadi­sələrdən fərqləndirən mühüm cəhətlər və ya əlamətlər məc­musuna şeyin və ya hadisənin keyfiyyəti deyilir. Kəmiyyət anlayışı da hər bir şeyin, hadisənin və ya prosesin mühüm cə­hətlərindən birini əks etdirən ən ümumi kateqoriyadır. Kə­miyyət də şeyin müəyyənliyi kimi çıxış edir, lakin key­fiyyətdən fərqli olaraq, kəmiyyət şeyi onun xassələrinin inkişaf dərəcəsi cəhətdən: böyüklüyü, həcmi, miqdarı, hərəkətinin surə­ti, rən­ginin intensivliyi və s. cəhətdən göstərir.
Keyfiyyət haqqında gündəlik adi təsəvvür hadisəyə verilən qiymətlə bağlıdır. Keyfiyyətin fəlsəfi anlamında isə hadisəyə qiymət verilmir. Bu anlayış ancaq hadisənin ən mühüm fərqləndirici əlamətlərini, daxili quruluşunu nəzərdə tutur ki, məhz bunlar hadisələrin müəyyənliyini təşkil edir və hadisə bunlarsız ola bilməz. Hadisənin keyfiyyətini təşkil edən cəhətlərin və xüsusiyyətlərin ayrılması və aydınlaşdırılması idrakın yalnız başlanğıcıdır, hər şeydə keyfiyyətdən savayı kəmiyyət cəhəti də vardır ki, şeyin xüsusi kəmiyyət göstə­riciləri ilə xarakterizə olunur ki, həmin şeyin keyfiyyəti bu göstəricilərlə birlikdə mövcuddur. Şeyin kəmiyyət müəyyənliyi onun zahiri əlamətlərindən ibarət olsa da, o, şeyin daxili təbiətini də xarakterizə edə bilər. Məsələn, hər bir metalın istilikkeçirmə qabiliyyəti və qızdırılarkən şişmə əmsalı vardır; hər bir mayenin istilik tutumu, qaynama nöqtəsi və bərk cismə çevrilmə nöqtəsi vardır; hər bir qazın mayeləşməsi temperaturu vardır və s.
Keyfiyyətcə fərqli materialları və proseslərin kəmiyyət xarak­teristikaları texnikada xüsusilə böyük əhəmiyyətə malik­dir. Müasir istehsalda bunlarsız irəli getmək qeyri–müm­kün­dür. Məsələ burasındadır ki, son illərin fəlsəfi ədəbiyyatlarda fenomenoloji səviyyədə keyfiyyətə predmetlərin vacib və zəruri xassələr sistemi kimi tərif verilmişdir. Xassə isə predmet və hadisənin ancaq konkret bir cəhətini, bir xüsusiyyətini ifadə edir. Kəmiyyət və ya keyfiyyət cəhətlərinin birtərəfli olaraq qabarıq göstərilməsi metafiziki yanaşmanın əlamətidir. Meta­fizika kəmiyyətlə keyfiyyət arasında daxilən zəruri olan əlaqəni görmür.
Dialektika isə əksinə, göstərir ki, şeylərin kəmiyyət və keyfiyyət müəyyənlikləri tamamilə zahiri və bir birinə qarşı laqeyd əksliklər deyildir, bunlar son dərəcə dialektik halın­dadırlar. Ən ümumi şəkildə bu əlaqə ondan ibarətdir ki, şeyin kəmiyyət dəyişmələri qanunauyğun surətdə şeyin keyfiyyətinin dəyişməsinə səbəb olur.
Kəmiyyət dəyişmələri az– çox dərəcədə əmələ gəlir və çox vaxt nəzərə az çarpır. Bunlar əvvəlcə şeyin keyfiyyət müəy­yənliyini mühüm dərəcədə dəyişdirmir. Lakin sonralar yığılıb artır və nəticədə şeyin əsaslı surətdə keyfiyyətcə dəyişməsinə səbəb olur. Bu zaman «kəmiyyət keyfiyyətə keçir»– deyirlər.
Kəmiyyət dəyişmələrinin əsaslı keyfiyyət dəyişmələrinə keç­məsi, həmçinin əksinə, keyfiyyət dəyişmələrinin əsaslı kəmiyyət də­yişmələrinə keçməsi inkişafın ümumi dialektik qanunudur. Bu qanun özünü təbiət, cəmiyyət və təfəkkürün bütün proseslərində– köhnənin yeni ilə əvəz edildiyi hər yerdə göstərir.
Kəmiyyət dəyişmələrinin yığılıb çoxalması halına şeylərin bir keyfiyyət halından başqa, yeni keyfiyyət halına keçməsi inkişafında sıçrayışdır. Sıçrayış şeyin kəmiyyət dəyişmələrinin tədriciliyində fasilə əmələ gəlməsidir, yeni keyfiyyət halına keçməsidir, inkişafda qəti dönüş və əsaslı dəyişiklik baş verməsi deməkdir. Məsələn, insanın əmələ gəlməsi üzvi aləmin inkişafında sıçrayış, əsaslı dönüş olmuşdur.
İstər təbiətdə, istərsə də cəmiyyətdə kəmiyyət dəyiş­mələrini ifadə etmək üçün təkamül anlayışından istifadə olunur. Təkamül anlayışı bəzən yalnız tədrici kəmiyyət dəyişmələri mənasında deyil, həmçinin daha geniş mənada: ümumiyyətlə həm kəmiyyət dəyişmə­lərini, həm də keyfiyyət dəyişmələrini əhatə edən inkişafı göstər­məkdən ötrü işlədilir. Təkamül tədrici kəmiyyət dəyişikliyidirsə, key­fiyyət dəyişikliyi sıçrayışdır, inqilabdır. Təkamül ilə inqilab ara­sın­da daxilən zəruri əlaqə vardır. Cəmiyyətin təkamül inkişafı qa­nunauyğun olaraq sıçrayışlı keyfiyyət dəyişmələri ilə, inqilablarla başa çatır. Keyfiyyətin inqilabi dəyişmələri yeni təkamül dəyiş­mələri dövrünün başlanğıcı olur. Sıçrayışlar materiyanın hərə­kət formala­rına görə fərqlənir. İkincisi, zamana görə seçilən sıçrayışlar mövcuddur. Bundan əlavə sıçrayışların qlobal və lokal, zəruri və tə­sadüfi növləri vardır. Bütün bunlar isə özlüyündə kəmiyyət dəyiş­mələrinin keyfiyyət dəyişmə­lərinə keçməsi qanununun bu və ya digər cəhətini ifadə edən anlayışlardır.
Kəmiyyət münasibətlərinin keyfiyyətə keçməsi qanunu kəmiyyət və keyfiyyət dəyişiliklərinin qarşılıqlı əlaqəsini ifadə edir. Başqa sözlə desək, qanunun məğzi ondan ibarətdir ki, predmetdə daimi baş verən tədrici kəmiyyət dəyişilikləri ancaq müəyyən vaxt əsas xüsusiyyətlərini itirməyən, ölçü həddinə çatdıqda keyfiyyət dəyişikliyinə keçir.
Bir sıra təbii elmi qanunlarda kəmiyyət və keyfiyyət dəyişiliklərinin konkret əlaqə forması ifadə olunub - xüsusilə, D. İ. Mendeleyevin kimyəvi elementlərin dövrü cədvəli belədir.
Ancaq kəmiyyət dəyişikliyinin keyfiyyətə keçməsi qanunu konkret – elmi qanunlardan fərqlənir. O son dərəcə ümumi fəlsəfi xarakter daşıyır və ilk növbədə dünyaya təmiz kəmiyyət mexanist yanaşmanı dağıdaraq dünyagörüşü funksiyası yerinə yetirir. Dəyişikliyi yalnız artma və azalma kimi anlamağın məhdudluğunu tənqid edən Hegel onu eyni mənalı və yeknəsəq kəmiyyət dəyişikliyinin toplanmasının həddi olmayan (1+1+1+1....) “pis sonsuzluqla” müqayisə edirdi. “Pis son­suzluğa” qarşı “həqiqi sonsuzluğu” – bu elə artma və azalmadır ki, keyfiyyət həddinə keçmə ilə, yeni şey yaranması ilə bağlıdır – qoyur.
Kəmiyyət dəyişilməsinin keyfiyyətə keçməsi qanunu dün­yanı mürəkkəb, çox keyfiyyətli, özündə elementar hissəcikləri, atomları, molekulları, kristal, dağ suxurlarını, planetləri, planet sistemini, qalaktikanı, metaqalaktikanı .... birləşdirən kimi anlamağa istiqamətləndirir. Bütün onlar sadəcə olaraq ölçüsü, kütləsi və digər kəmiyyət xarakteri ilə deyil, həm də key­fiyyətlərinə görə bir – birindən fərqlənir. Başqa sözlə desək, qanun dünyanın çox keyfiyyətliyini və onun “şeylərin” müx­təlif kəmiyyət xarakteri ilə sıx bağlılığını açır. Bu qanun gerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Kəmiy­yət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə möv­cuddur. Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya, kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir.
İnkişafın ən ümumi və obyektivliyi olan bu qanun – “öz hərəkətin”, “öz inkişafın” mexanizmini, xarakterini, mahiy­yətini ifadə edir, inkişafın necə, hansı formalarda baş verdiyini müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, for­maları, mərhələləri və s. haqqında qanunauyğunluqlarla silah­landırır. Bu da insanlarda nəzəri təfəkkürün inkişafına və əməli işlərində daha fəal olmasına kömək edir.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin