Orfoqrafiya təlimdə isə qanun kimi əməl edilməli olan iki prinsipindən bəhs olunur:
Birincisi, morfemlərin yazılışı ilə tələffüzünün qarşılıqlı mənimsədilməsi
prinsipidir. Bu prinsip morfemlərin yazılışını unutmamağı tələb edir. Azərbaycan dilində sözlərin tələffüzü və yazılışını iki yerə ayırmaq olar: 1) deyilişi və yazılışı arasında fərq olmayan sözlər; 2) deyilişi və yazılışı arasında fərq olan sözlər.
Bu fərqərin yazı zamanı nəzərə alınmaması orfoqrafik səhvlərin baş verməsinə səbəb olur. Fonetika və morfologiya təlimi zamanı yuxarıda qeyd olunan cəhətlər nəzərə alınmalıdır. Məsələn, saitlərin tələffüzü ilə əlaqədar qaydaların öyrənilməsi həm tələffüz, həm də yazı üçün faydalıdır: o, ö saitlərindən sonra bəzən eşidilməz v samiti olan sözlərin yazılışı və oxunuşu; y samitindən əvvəl gələn açıq saitin qapalı saitə çevrildiyi sözlərin yazılışı və oxunuşu; a ilə tələffüz olunub o ilə yazılan sözlərin; ai, io, əi sait birləşmələri olan sözlərin yazılışı və oxunuşu üzrə aparılan işlər və s. bura daxildir.
Samitlərin tələffüzü ilə əlaqədar qaydalar və bunun sözlərin yazılışına təsirinin öyrənilməsi də bu qəbildəndir. Məsələn, söz sonunda kar kimi eşidilən cingiltili samitlə yazılan sözlər; qoşa kar samitlərdən birinin cingiltili, qoşa cingiltili samitlərdən birinin kar kimi deyilən sözlər; k hərfi iə yazılan sözlər; söz sonunda k-nın y səsi kimi tələffüz olunduğu sözlər; assimilyasiya nəticəsində tələffüz dəyişkənliyi olan qoşa samitli sözlər; dissimilyasiya nəticəsində tələffüz dəyişkənliyi olan sözlər və s. yazılışını göstərə bilərik.
Qeyd etmək lazımdır ki, belə sözlərin tələffüzü və yazılışı üzrə işlər ardıcıl aparılmalıdır ki, nəticə əldə olunsun.
İkinci prinsip morfemlərin yazılışı ilə mənasının əlaqəli mənimsədilməsi prinsipidir.
Belə ki, şagirdlər mənasını dəqiq bilmədikləri sözləri yazdıqda səhvə yol verirlər. Şagirdlər inqilabi, konfrans, mürtəce, mühafizəkar, tolerant və s. sözlərin yazılışında ona görə səhvə yol verirlər ki, bu sözlərin mənasını dəqiq bilmirlər. Odur ki, müəllim hər hansı yazı işi aparmazdan əvvəl, şagirdlər üçün mənası dəqiq anlaşılmayan sözlər üzərində düşünməli və sinifdə həmin sözləri izah etməlidir. Şagirdlər bilməlidirlər ki, kiçik bir hərf səhvi sözün mənasını tamam dəyişə bilər. Məsələn, hakim-həkim, həyat-həyət və s. Bu sözlərin yazılışını onların mənası ilə paralel öyrətmək şagirdlərin orfoqrafik yazı vərdişlərini inkişaf etdirir və lüğətlərini zənginləşdirir.
İmla mətnlərində və çalışmalarda yazılışı ilə mənasının əlaqəli öyrədilməsi tələb olunan sözlərin mənası əvvəlcə şagirdlərdən soruşulur, onlar cavab verə bilmədikdə müəllim bu sözləri şagirdlərin anlayacağı tərzdə izah edir və yazı lövhəsində yazır. Müəllim belə iş apardıqdan sonra, diqtə zamanı hərfi oxuya yol verməməlidir. Şagird sözün yazılmasında çətinlik çəkərsə, Həmin sözü yazı taxtasında yazmaq daha faydalı olar. Müəllim bu sözləri yazı taxtasında yazarkən şagirdlərin diqqətini əsas fərqləndirici məqamlara yönətməlidir. Çətin orfoqramlı sözü orfoqrafik normalara uyğun yazıb, orfoepik normalara uyğun tələffüz etmək lazımdır. Prefossor Ə.Əfəndizadə yazırdı: “Aydındır ki, şifahi dillə yazılı dili eyniləşdirmək olmaz, çünki bunlar, hər şeydən əvvəl, formaca bir-birindən əsaslı surətdə fərqlənir: şifahi dilin dərketmə obyekti səslər, yazılı nitqin dərketmə obyekti isə hərflərdir. Bəzi səsləri eşidir və tələffüz edir, hərfləri isə yazır və oxuyuruq, lakin bu kimi fərqlərə baxmayaraq yazılı və şifahi dil arasında möhkəm əlaqə vardır, çünki bunlar eyni bir dilin iki ayrı-ayrı ifadə formasıdır. Ona görə də şifahi və yazılı nitqin təliminə bir-birindən təcrid edilmiş ayrı-ayrı proseslər kimi deyil, vahid proses kimi baxmaq lazımdır; bunlardan birini ön, digərini isə arxa plana çəkmək düzgün hesab edilə bilməz. Təəssüf ki, məktəblərimizdə bu məsələ həll olunmamışdır”.
Müəllimlər yadda saxlamalıdırlar ki, morfemlərin yazılışını onların tələffüzü ilə paralel şəkildə öyrətməkdə İKT-dən istifadə etmək daha çox effekt verir.
İstər yazılışı bilavasitə tələffüzü ilə müəyyənləşən, istərsə də yazılışı tələffüzünə görə müəyyənləşməyən sözlərin yazılışını öyrədərkən tələffüzlə paralel iş aparmaq vacibdir. Yadda saxlamaq lazımdır ki, yazılışı bilavasitə tələffüzünə əsasən müəyyənləşən sözlər dedikdə bura ədəbi dil normalarına uyğun tələffüz aid edilir. Bu sözlər vaxtında düzgün öyrədilməsə, həmin sözlər kiminsə tərəfindən səhv tələffüz edildikdə şagirdlər bunu səhv yaza bilərlər, lakin həmin sözün yazılış və tələffüzünü dəqiq bilən şagird bu sözlərdə orfoqrafik səhvə yol verməz. Şagird sözün həm ədəbi tələffüzdəki düzgün nümunəsini, həm də morfemin düzgün yazılmasını eyni zamanda öyrənməlidir.
Yazılışı tələffüzünə görə müəyyənləşməyən sözlərin yazılışı da onların tələffüzü ilə paralel öyrədilməlidir. Hətta nə üçün belə deyildiyi də izah olunmalıdır. Məsələn, motor, konfet, pomidor və s. sözlərdə niyə o yazılır, a tələffüz olunur və s.