M Ü H A Z İ R Ə 9. YENİ TEKTONİK HƏRƏKƏTLƏR VƏ ONUN MÜASİR LANDŞAFTLARIN FORMALAŞMASINDA ROLU.
Yeni tektonik anlayış ilk dəfə XX əsrin birinci yarısında S.S.Şuls (1937) tərəfindən işlənmiş və Tyanşan dağlarında tətbiq edilmişdir. Sonralar Şulsun ideyalarını B.A.Obruçev 1948-ci ildə inkişaf etdirmiş və yeni tektonika anlayışını Neogen – dördüncü dövrdə yerin geoloji quruluşunda baş verən proseslər kimi izah etmişdir. N.İ.Nikolayev və S.S.Şuls 1961-ci ildə Yerin səthinin müasir relyefinin formalaşmasını və dəyişməsini yeni tektonik hərəkətlərlə əlaqələndirirdilər.
Yeni tektonik hərəkətlərin müasir landşaftların formalaşmasındakı rolunu müəyyən etmək üçün aşağıda verilən xüsusiyyətlərin böyük əhəmiyyəti vardır:
1. Yeni tektonik hərəkətlərin coğrafi təbəqə səthinin hər yerində olması;
2. Yeni tektonik hərəkətlərin landşaft komplekslərinə hərtərəfli təsiri;
3. Yeni tektonik hərəkətlərin ritmik xarakterə malik olması;
4. Yeni tektonik hərəkətlərin ayrı – ayrı regionlarda müşahidə olunma
intensivliyinin müxtəlifliyi.
Coğrafi təbəqənin səthində elə bir sahə tapmaq olmaz ki, orada yeni tektonik hərəkətlər bu və ya digər dərəcədə olmamış olsun. Yeni tektonik hərəkətlərin xarakter əlamətlərindən biri də onun ritmiliyidir. Müxtəlif müddətli ritmlər mövcuddur. Onlar milyon illərlə ölçülən uzunmüddətli ritmlərdən başlamış, illər və on illərlə ölçülən qısamüddətli olur. Ritmlər bir – biri üzərinə gələrək, yer səthində mürəkkəb hərəkətli formalar yaradır.
Müasir dövrdə tektonik hərəkətlər daha dəqiq metodların və cihazların (təkrar niverilləmə, trianqulasiya) köməyi ilə həyata keçirilir.
Müasir dağlıq ölkələrin relyefi yeni tektonik hərəkətlərin məhsuludur. Tədqiqatlar göstərir ki, neogen əsrinin əvvəlindən nəinki paleozoy və mezozoy yaşlı dağ sistemləri, həm də alp dağəmələgəlmə mərhələsinə məxsus cavan dağlar sınmaya məruz qalır. Hazırda yeni tektonik hərəkətlərin amplitudası 12 – 15 km, Qafqazda 10 – 12 km qalxdığı halda, Zabaykalye dağlarında 4 – 6 km-dir.
İlk dəfə 1894-cü ildə A.N.Krasnov yüksək dağlıqda yayılmış bitkilərin əmələ gəldiyi və genetik cəhətcə aşağı qurşaqlarda yayılmış bitkilərdən əmələ gəldiyini və genetik cəhətcə onlarla əlaqədar olduğunu güman etmişdir. Müasir dövrdə bu fikri botaniklərin və paleobotaniklərin əksəriyyəti qəbul edir və onunla razılaşırlar.
Azərbaycan ərazisində landşaftın formalaşmasında tektonik hərəkətlərin çox böyük rolu olmuşdur. Məsələn, təxminən son 700 min ili əhatə edən dördüncü dövr Pleystosen və holosen epoxalarına bölünür. Pleystosen eroxası Azərbaycan və Xəzər hövzəsində aşağıdan – yuxarı Bakı –Xəzər – Xvalın əsrlərinə bölünür. Holosen epoxası isə indi də davam edən son 10 – 12 min ili əhatə edir. Davamiyyətinə görə çox qısa geoloji dövrü əhatə etsə də, planetimizin, o cümlədən Azərbaycanın müasir landşaftının formalaşmasında pleystosen və holosen epoxalarında baş verən hadisələrin rolu böyükdür. Azərbaycan landşaftlarının inkişaf tarixi və genetikası M.A.Müseyibov, B.Ələsgərov və M.Ə.Süleymanov tərəfindən təhlil edilmişdir.
Üst miosendə (sarmat əsrində) Böyük və Kiçik Qafqaz dağlarının şərq hissəsində relyefin mütləq yüksəkliyi 500 – 700 m –dən çox olmamışdır. Belə relyef şəraitində isti və rütubətsevən landşaft kompleksləri üstünlük təşkil etmişlər. Hazırda üst sarmat çöküntüləri daxilindən yığılan fauna və flora qalıqlarının təhlili göstərir ki, o zaman dağlarda və dağətəyi rayonlarda rütubətli tropik və subtropik meşə landşaftları, düzənliklərdə isə savanna xarakterli kompleklər hakim olmuşdur. IV dövrdə (pleystosendə) Azərbaycan landşaftının təkamülü bütövlükdə yeni tektonik hərəkətlərin qüvvətlənməsi və zəifləməsi, iqlim şəraitinin tərəddüdü, Xəzər dənizinin transqresiya və reqresiya ilə əlaqədar olmuşdur. Beləliklə, məlum olur ki, dağlıq ölkələrdə yeni tektonik hərəkətlərin təsiri nəticəsində landşaftlar çox mürəkkəb transformasiyaya məruz qalır.
Dostları ilə paylaş: |