Maddə Qanunun məqsədi



Yüklə 43.73 Kb.
tarix21.10.2017
ölçüsü43.73 Kb.



Feldyeger rabitəsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I fəsil
Ümumİ müddəalar

Maddə 1. Qanunun məqsədi


Bu qanun xüsusi rabitə növü kimi feldyeger rabitəsinin vəzifələrini, onun təşkili və fəaliyyətinin hüquqi əsaslarını və feldyeger rabitəsini həyata keçirən dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir.

Maddə 2. Feldyeger rabitəsinin vəzifələri

2.0. Feldyeger rabitəsinin vəzifələri aşağıdakılardan ibarətdir:

2.0.1. Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması;

2.0.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarının, habelə texniki sənədlərin və sənaye məmulatları nümunələrinin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması.


Maddə 3. Feldyeger rabitəsi haqqında qanunvericilik

Feldyeger rabitəsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.


Maddə 4. Feldyeger rabitəsinin təşkili prinsipləri

Feldyeger rabitəsi qanunçuluq, korrespondensiyaların və digər göndərişlərin etibarlı qorunması və operativ çatdırılması, dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsi, feldyeger rabitəsi orqanları və əməkdaşları üzərində nəzarət prinsipləri əsasında təşkil olunur.


Maddə 5. Feldyeger rabitəsini həyata keçirən orqan

5.1. Azərbaycan Respublikasında feldyeger rabitəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

5.2. Feldyeger rabitəsini həyata keçirən orqan (bundan sonra feldyeger rabitəsi orqanı adlandırılacaq) haqqında Əsasnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

5.3. Feldyeger rabitəsi orqanı öz vəzifələrini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan idarə və təşkilatlarla qarşılıqlı əlaqədə həyata keçirir. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətləri dairəsində feldyeger rabitəsi orqanı əməkdaşlarına korrespondensiyaların və digər göndərişlərin operativ və təhlükəsiz çatdırılmasında kömək göstərməyə borcludurlar.



II fəsil
Feldyeger rabİtəsİ orqanının hüquqları və vəzİfələrİ

Maddə 6. Feldyeger rabitəsi orqanının hüquqları

6.1. Feldyeger rabitəsi orqanı qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

6.1.1. korrespondensiyaların və digər göndərişlərin qəbulu və çatdırılması qaydasını müəyyən etmək;

6.1.2. nəqliyyatda müəyyən edilmiş tariflər əsasında korrespondensiyaları və digər göndərişləri və onları müşayiət edən feldyeger rabitəsi orqanı əməkdaşlarını mövcud dəmir yolu, hava, dəniz və avtomobil nəqliyyatı marşrutları ilə göndərmək;

6.1.3. hava, dəniz və dəmir yolu nəqliyyatı müəssisələri ilə müqavilə əsasında korrespondensiyaları və digər göndərişləri və onu müşayiət edən feldyeger rabitəsi orqanı əməkdaşlarını müvafiq olaraq hava limanlarında və ya vağzallarda xüsusi avadanlıqla təchiz olunmuş otaqlarda yerləşdirmək;

6.1.4. fövqəladə hallarda korrespondensiyaların və digər göndərişlərin çatdırılmasını və mühafizəsini təmin etmək üçün müəssisə və idarələrdəki rabitə vasitələrindən rabitə haqqını ödəməklə istifadə etmək;

6.1.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarını çatdırmaq.

6.2. Öz xidməti vəzifələrini icra edərkən feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah gəzdirə, həmin silahdan və eləcə də xüsusi vasitələrdən itstifadə edə və fiziki güc tətbiq edə bilərlər.

6.3. Öz xidməti vəzifələrini icra edərkən feldyeger rabitəsi orqanı əməkdaşları tutula və ya həbs edilə bilməzlər.

6.4. Feldyeger rabitəsi orqanı əməkdaşları tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər toxunulmazdır, açıla və ya həbs edilə bilməz.

6.5. Feldyeger rabitəsi orqanının avtomobilləri xüsusi nəqliyyat vasitələrinə aiddir və onlar həmin orqanın razılığı olmadan başqa orqan və təşkilatlar tərəfindən istifadə edilə bilməz.

Maddə 7. Feldyeger rabitəsi orqanının vəzifələri

7.0. Feldyeger rabitəsi orqanı aşağıdakı vəzifələri yerinə yetirir:

7.0.1. bu qanunla müəyyən edilmiş orqanların korrespondensiyalarını və digər göndərişlərini müvafiq ünvanlara çatdırılmasını təşkil və təmin edir;

7.0.2. korrespondensiyaların və digər göndərişlərin operativ çatdırılmasını təmin etmək üçün daimi fəaliyyət göstərən marşrutlar şəbəkəsini və ya xüsusi marşrutları müəyyən edir;

7.0.3. korrespondensiyaların və digər göndərişlərin mühafizəsi ilə bağlı zəruri təhlükəsizlik tədbirləri həyata keçirir, o cümlədən çatdırılması qeyri-mümkün olduqda, onları məhv edir;

7.0.4. öz vəzifələrini icra edərkən dövlət sirlərinin və qanunla mühafizə olunan digər məlumatların mühafizəsini təmin edir;

7.0.5. müharibə zamanı və ya digər fövqəladə hallarda feldyeger rabitəsinin səfərbərlik hazırlığını təmin edir;

7.0.6. beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda xarici dövlətlərin müvafiq orqanları ilə öz səlahiyyətləri çərçivəsində qarşılıqlı surətdə fəaliyyət göstərir;

7.0.7. feldyeger rabitəsi orqanı əməkdaşlarının şəxsi təhlükəsizliyinin təmin edilməsi və eləcə də onların peşə hazırlığının artırılması ilə bağlı tədbirlər görür.

III fəsil
Feldyeger rabİtəsİ orqanında xİdmət keçmə

Maddə 8. Feldyeger rabitəsi orqanında xidmət keçmənin əsasları

8.1. Feldyeger rabitəsi orqanına şəxsi və işgüzar kefiyyətlərinə, təhsilinə və səhhətinə görə həmin orqanın üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

8.2. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması məhkəmə tərəfindən təsdiq edilmiş, ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə əvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər feldyeger rabitəsi orqanına qəbul edilə bilməzlər.

8.3. Feldyeger rabitəsi orqanının əməkdaşları şəxsi heyətə və mülki işçilərə bölünürlər. Şəxsi heyət kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir.

8.4. Feldyeger rabitəsi orqanının şəxsi heyətinə qəbul olunan şəxslər hərbi mükəlləfiyyətdən çıxarılır və Azərbaycan Respublikasının müıvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınır.

8.5. Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara tutduğu vəzifələrə və iş stajına müvafiq surətdə xüsusi rütbələr verilir.

8.6. Feldyeger rabitəsi orqanında şəxsi heyətin xidmətə qəbulu və xidmət keçməsi, xüsusi rütbələrin verilməsi, onlardan məhrum etmə qaydaları müvafiq qanun ilə təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

8.7. Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşların xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş hərbi və xüsusi rütbələrinə bərabər tutulur.

8.8. Ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq verilir.

8.9. Xüsusi rütbələrinə görə feldyeger rabitəsi orqanının şəxsi heyətinin əməkdaşları vəzifə maaşına əlavə haqq alırlar. Əlavə haqq pensiyaya çıxmış və xüsusi rütbədən məhrum edilməmiş şəxsi heyətin əməkdaşları üçün də saxlanılır.

8.10. Feldyeger rabitəsi orqanının mülki işçilərinin əmək münasibətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 9. Feldyeger rabitəsi orqanı əməkdaşlarının hüquqi vəziyyəti

9.1. Feldyeger rabitəsi orqanı əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən dövlətin himayəsi altında olurlar. Birbaşa rəislərdən və qanunvericilikdə müəyyən olunmuş şəxslərdən başqa heç kimin feldyeger rabitəsi orqanı əməkdaşının xidməti fəaliyyətinə müdaxilə etmək hüququ yoxdur.

9.2. Feldyeger rabitəsi orqanı əməkdaşının xidməti vəzifəsini yerinə yetirməyə maneə yaradılması, onun şərəf və ləyaqətinin təhqir edilməsi, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar təzyiqə və ya hədəyə məruz qoyulması, həyat və sağlamlığına və ya əmlakına qəsd edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan məsuliyyətə səbəb olur.

9.3. Feldyeger rabitəsi orqanı əməkdaşlarına tətillər təşkil etmək və onların keçirilməsində iştirak etmək qadağan olunur.

9.4. Feldyeger rabitəsi orqanı əməkdaşları heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, heç bir ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

9.5. Feldyeger rabitəsi orqanı əməkdaşları siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyanın üzvü ola bilməzlər.


Maddə 10. Feldyeger rabitəsi orqanı əməkdaşlarının sosial müdafiəsi

10.1. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirməsinə imkan verməyən xəstəliyə tutulmuş, yaxud xəsarət almış feldyeger rabitəsi orqanının şəxsi heyətinin əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir.

10.2. Feldyeger rabitəsi orqanının, xidməti vəzifəsini hava nəqliyyatı vasitəsi ilə yerinə yetirən əməkdaşları mülki aviasiya təyyarələrinin bələdçilərinə ödənilən saathesabı tarif miqdarında uçuş saatlarına görə əlavə haqq almaq hüququna malikdirlər.

10.3. Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə ödəniş müəyyən edilir.

10.4. Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşların icbari tibbi sığortası dövlət hesabına həyata keçirilir.

10.5. Xidməti vəzifəsini yerinə yetirərkən feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşa dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir.



IV fəsil
Feldyeger rabİtəsİnİn təmİnatları

Maddə 11. Feldyeger rabitəsinin maliyyə və maddi-texniki təminatı

11.1. Feldyeger rabitəsinin maliyyə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilir.

11.2. Müqavilə əsasında feldyeger rabitəsi orqanı tərəfindən yerinə yetirilən xidmətə görə əldə edilən vəsaitlər dövlət büdcəsinə keçirilir.

11.3. Feldyeger rabitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tariflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11.4. Feldyeger rabitəsinin maddi-texniki təminatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalar əsasında həyata keçirilir.

11.5. Feldyeger rabitəsi orqanı müəyyənləşdirilmiş normalar əsasında xüsusi geyim forması, xidməti silah, xüsusi vasitələr, texnika, təchiz olunmuş binalar və nəqliyyat ilə təmin olunmalıdır.

11.6. Feldyeger rabitəsi orqanı əməkdaşlarının xüsusi geyim formasının nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

11.7. Feldyeger rabitəsi orqanının struktur bölmələrinin və əməkdaşlarının bu qanunun 2-ci maddəsində göstərilmiş dövlət orqanlarının bina və otaqlarında yerləşdirilməsi zamanı bu orqanların feldyeger rabitəsinə olan ehtiyaclarının təmin olunması üçün tələb olunan nəqliyyat və rabitə vasitələrinin ayrılması həmin orqanların vəsaiti hesabına həyata keçirilir.

11.8. Feldyeger rabitəsi orqanının mülki işçilərinin əməyinin ödənilməsi və onlara sosial güzəştlər verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Maddə 12. Feldyeger rabitəsi orqanının texniki vasitələri

12.1. Korrespondensiyaların və digər göndərişlərin təhlükəsizliyini və operativ surətdə çatdırılmasını təmin etmək üçün feldyeger rabitəsi orqanı öz səlahiyyətləri daxilində xüsusi texniki mühafizə və rabitə vasitələrindən istifadə edir.

12.2. Feldyeger rabitəsi orqanı tərəfindən istifadə olunan texniki mühafizə və rabitə vasitələri, onların tətbiqi üsulları insanların həyat və sağlamlığı üçün təhlükə törətməməli, ətraf mühitə zərər yetirməməlidir.

V fəsil
Feldyeger rabİtəsİ orqanı üzərİndə nəzarət

Maddə 13. Feldyeger rabitəsi orqanı üzərində nəzarətin həyata keçirilməsi

Feldyeger rabitəsi orqanının fəaliyyəti üzərində nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.


Maddə 14. Qanunun qüvvəyə minməsi

Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.



Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 may 2003-cü il
№ 453-IIQ


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə