NƏTİCƏ VƏ TƏKLİFLƏR
Yuxarıda magistr işində aparılan təhlilləri ümumiləşdirərək aşağıdakıları qeyd etmək olar.
Şüşə məmulatlarının keyfiyyəti istehlak xassələrinin məcmusu ilə müəyyən edilir. Şüşə məmulatlarının fiziki-kimyəvi xassələri keyfiyyətin formalaşmasında mühüm rol oynamaqla məmulatların funksional erqonomik, gigiyenik, təhlükəsizlik və s. kimi istehlak xassələri kompleksində əhəmiyyətli yer tutur.
Şüşə məmulatlarının fiziki-kimyəvi xassələri ilk növbədə xammal tərkibindən asılı olaraq formalaşır. Xamalların kimyəvi tərkibi və onların şüşə məmulatlarının tərkibindəki miqdar nisbəti fiziki-kimyəvi xassələrin formalaşmasına mühüm təsir edir. Belə ki, keyfiyyətli qumların tərkibində silisium oksidinin miqdarı 99%-ə qədər təşkil etməlidir. Məhz buna görə də tərkibində dəmir, titan, xrom kimi rəng yaradan oksidlərın qarışığı olmayan kvars qumları daha keyfiyyətli hesab olunur. Ən zərərli qarışıq dəmir oksidi hesab edilir. Dəmir oksidləri şüşəyə sarımtıl-yaşıl rəng verir, hansı ki, bu da hazır məmulatların işıq keçirməsini kəskn azaldır, eyni zamanda xarıcı görünüşü pisləşdirir.
Şüşə məmulatlarının fiziki-kimyəvi xassələrinə şixtanın tərkib komponentlərinin düzgün seçilməsi də əhəmiyyətli təsir edir. Burada ilk növbədə şüşə məmulatının təyinatını nəzərə almaq vacibdir.
Şüşə məmulatlarının əsas xassələrinə sıxlıq, möhkəmlik, upruquq, kimyəvi davamlılıq, termiki və optiki xassələrin kompleksi aid edilir. Bu xassəərin tələb olunan və normativ-texniki sənədlərdə normalaşdırılan həddi əsasən şüənin tərkibi ilə müəyyən edilir.Belə ki, tərkibində ağır metalların oksidləri - PbO, BaO, ZnO – olan şüşələr daha yüksək sıxlığa malikdirlər.
Şüşənin upruqluq modulunu CaO və B2O3(tərkibə 12%-ə qədər əlavə etdikdə) yüksəldir, həmçinin şüşənin tərkibində MgO, ZnO, BaO, PbO, Al2O3 oksidlərinin olması upruqluq modulunun artmasına səbəb olur. Qələvi oksidləri isə əksinə şüşənin upruqluq modulunun azalmasına səbəb olur.Şüşənin möhkəmliyi də həmçinin tərkibdən əhəmiyyətli dərəcədə asılıdır. Dartılma möhkəmliyi şüşənin tərkibində CaO, BaO, PbO və Al2O3 oksidləri olduqda yüksəlir. Şüşənin tərkibində bor oksidinin miqdarı 15%-ə qədər olduqda möhkəmlik artır, 15%-dən yuxarı olduqda isə kəskin şəkildə azalır. Bor oksidinin miqdarından asılı olaraq şüşənin kövrəkliyi də dəyişir. B2O3–ün miqdarı 15%-ə qədər olduqda kövrəklik 6-7 dəfə azalır, 15%-dən yüksək olduqda isə kəskin şəkildə artır. Şüşə kütləsinin tərkibinə MgO, Al2O3, SiO2 oksidlərini əlavə etdikdə kövrəklik azalır.
Şüşənin kimyəvi tərkibi ilə onun istilik tutumu arasında xətti asılılıq mövcuddur. Şüşənin tərkibində ZnO, Li2O və B2O3 oksidlərinin miqdarının artması ilə istilik tutumu artır, tərkibə PbO vəBaO daxil etdikdə isə azalır. Şüşənin optiki xassələrinin yüksəlməsinə isə PbO vəBaO müsbət təsir edir.
Silikat şüşələrin kimyəvi davamlılığı əsasən onun tərkibindəki SiO2-nin və qələvi oksidlərinin miqdarı ilə təyin olunur. Silisium oksidi həmişə şüşənin kimyəvi davamlılığını əhəmiyyətli dərəcədə artırır. Qələvi oksidləri isə əksinə azaldır
Yuxarıda qeyd olunanları nəzərə alaraq magistr dissertasiyasında aşağıdakı təklifləri verməyi məqsədəuyğun hesab edirik:
Aparılan təhlillər göstərir ki, şüşə məmultlarında rast gəlinən bir sıra nöqsanlar xammalların keyfiyyəti ilə bağlıdır. Buna görə də istehsal prosesində xamalların, xüsusilə kvars qumlarının dənəvər tərkibinin düzgün seçilməsinə, xamalların zərərli birləşmələrdən, kənar qarışıqlardan təmizlənməsinə xüsusi diqqət yetirilməsi məqsədəuyğun olardı. Bunun nəticəsində şüşə məmulatlarında xammal nöqsanlarının yaranmasının və o cümlədən məmulatların keyfiyyətinin aşağı düşməsinin qarşısı alınmış olar.
Tədqiqat işində göstərildiyi kimi respublikamızda şüşə məmulatlarının istehsalında istifadə oluna bilən xamallar, o cümlədən kvars qumu yataqları vardır. Bu xamalların şüşə istehsalına yararlılıq baxımından tədqiq olunmasını və xamalların zənginləşdirilməsi texnologiyasının qurulmasını məqsədəuyğun hesab edirəm. Bu isə gələcəkdə yerli xamallar əsasında şüşə məmulatlarının istehsalınn yaradılması və inkişafı üçün zəmin yaratmış olar.
Aparılan təhlillər göstərir ki, yerli şüşə xamallarının tərkibində alüminium və dəmir oksidi birləşmələri vardır ki, bu da həmin xamalların şəffaf məişət məmulatları istehsalında tətbiqini çətinləşdirir. Bunu nəzərə alarq yerli xamalların inşaat təyinatlı və texniki təyinatlişüşə materialların, o cümlədən rəngli tara şüşələrin istehsalında istifadə imkanlarının nəzərdən keçirilməsi məqsədəuyğun olardı.
Qeyd edildiyi kimi şüşə məmulatlarının keyfiyyəti əsasən fiziki-kimyəvi xassələrin kompleksi ilə müəyyən edilir. Buna görə də şüşə məmulatlarının keyfiyyətinin ekspertizasında laboratoriya üsullarına daha çox üstünlük verilməlidir. Bu məqsədlə müasir cihazlarla təmin edilən laboratoriyaların qurulması və yeni tədqiqat metodikalarının işlənməsini məqsədəuyğun hesab edirəm.
Dostları ilə paylaş: |