Giriş Mövzunun aktuallığı. Şüşə insanlara çox qədim dövrlərdən, müəyyən təsadüflər nəticəsində məlum olmuş materialdır. Aparılan araşdırmalar göstərir ki, tunc dövründən əvvəl insanlar ov ovlamaq məqsədi ilə yer qatında gedən vulkanik proseslər nəticəsində əmələ gəlmiş “vulkanik şüşə” sayılan obsidiandan ox və nizə, kəsici alətlər, müxtəlif avadanlıqlar düzəltmişlər. Obsidian tərkib etibarilə kvars qumundan və çöl şpatından ibarət olan ərimiş mineraldır. Alimlər və tədqiqatçılar tərəfindən aparılan elmi araşdırmalar göstərir ki, eramızdan üç, dörd min il əvvəl insanlar tərəfindən müxtəlif şüşə məmulatları hazırlanmağa başlanmışdır. Elm və texnikanın sürətli inkişafı bütün sahələrdə olduğu kimi şüşə istehsalı sahəsində də çox böyük irəliləyişlər əldə etməyə imkan yaratmışdır. Şüşənin çoxkomponentli quruluşu onun tətbiq sahələrinin genişləndirməyə, xassələrini istiqamətləndirməyə imkan verir. Fiziki, mexaniki, termiki, optiki və s. xassələrinə görə fərqləndirilən şüşə malları məişətdə, elektrotexnikada, inşaatda geniş tətbiq edilən mal nümunələrindən biridir. Şüşə mallarının geniş tətbiq edilməsi onların asanlıqla emal edilməsindən irəli gəlir. Belə ki, hazırda presləmə, tökmə, üfürmə, dartıb uzatma, mərkəzdənqaçma üsulları ilə istənilən forma və konstruksiyaya malik şüşə məmulatları istehsal etmək mümkündür.