«magistratura məRKƏZİ» Əlyazması hüququnda elçİn miRZƏ oğlu qurbanov



Yüklə 458.93 Kb.
səhifə1/5
tarix17.06.2018
ölçüsü458.93 Kb.
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


«MAGİSTRATURA MƏRKƏZİ»

Əlyazması hüququnda



ELÇİN MİRZƏ oğlu QURBANOV

«ÖHDƏLİKLƏRİN UÇOTU VƏ AUDİTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ»


mövzusunda

M A G İ S T R D İ S S E R T A S İ Y A S I

İxtisasın şifri və adı: 060402 «Mühasibat uçotu və audit»

İxtisaslaşma: «İstehsal sferasında mühasibat uçotu və audit»
Magistr proqramının rəhbəri: prof. Daşdəmirov Ə.İ.
Elmi rəhbər: dos. Hüseynov Y.B.
Kafedra müdiri: prof. Səbzəliyev S.M.

BAKI – 2016
M Ü N D Ə R İ C A T
GİRİŞ

I FƏSİL. KREDİTLƏR VƏ DİGƏR BORC VƏSAİTLƏRİ ÜZRƏ

ÖHDƏLİKLƏRİN UÇOTUNUN NƏZƏRİ ƏSASLARI.

1.1. Kreditlər və digər borc vəsaitləri üzrə öhdəliklərin mahiyyəti, növləri

və uçotunun xüsusiyyətləri.

1.2. Kreditlərin və digər borc vəsaitlərinin dəyərinin maliyyə uçotunda

əks etdirilməsi.

1.3. Kreditlərin istehsalın səmərəliliyinin yüksəldilməsində rolu.

II FƏSİL. MÜASİR ŞƏRAİTDƏ KREDİTLƏR VƏ DİGƏR BORC VƏSAİTLƏRİ
ÜZRƏ ÖHDƏLİKLƏRİN UÇOTUN TƏŞKİLİ ƏSASLARI
VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ.

2.1. Kreditlərin və digər borc vəsaitlərinin uçotunun təşkili.

2.2. Fərdi ehtiyaclar üçün işçilərə verilən kreditlərin uçotu.

2.3. Borc qiymətli kağızların xarakteristikası və uçotu.

2.4. Kreditlərə və digər borc vəsaitlərinə verilən faiz məbləğinin müəssisənin

maliyyə- təsərrüfat fəaliyyətinin nəticələrində əks etdirilməsinin uçotu.

III FƏSİL. KREDİTLƏR VƏ DİGƏR BORC VƏSAİTLƏRİ ÜZRƏ
ÖHDƏLİKLƏRİN AUDİTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ.

3.1. Kreditlər və digər borc vəsaitləri üzrə öhdəliklərin auditinin məqsəd və vəzifələri


və əsas informasiya mənbələri.

3.2. Kreditlər və digər borc vəsaitləri üzrə öhdəliklərin auditinin analitik təminatı


və onun təkmilləşdirilməsi istiqamətləri.

3.3. Kreditlər və digər borc vəsaitləri üzrə öhdəliklərin auditinin təşkili metodikası.

Nəticə

Ədəbiyyat siyahısı



G İ R İ Ş
Mövzunun aktuallığı. Azərbaycan Respublikasının dünya bazarına daxil olması mürəkkəb və ziddiyyətli prosesdir. Müəssisələr arasında iqtisadi əlaqələrin müəyyənləşdiyi müasir şəraitdə bir çox hallarda partnyorların birinə inamının olmaması etibarlı informasiyalara olan tələbatı kəskin surətdəartırır. Belə informasiyalar mülkiyyət formasından asılı olmayaraq təsərrüfat dövranının bütün iştirakçıları üçün istisnasız olaraq ciddi maraq doğurur.

Bundan başqa bazar münasibətlərinin nizama salınması nəticəsində nəhəng şirkətlər və holdinqlər meydana gəlir, onların fəaliyyət sferası genişlənir və bütövlükdə biznesin beynəlmiləlləşməsi bu proseslərin güclənməsinə şərait yaradır. Şirkətlərin, bankların və digər müəssisələrin rəhbərlərinin özlərinin vəzifələrini yerinə yetirdikləri zaman müntəzəm surətdə gördükləri işlər haqqında maliyyə hesabatları tərtib etməlidirlər. Bu hesabatların etibarlılığı mütəxəssis – analitiklərin, müstəqil auditorların və yaxud auditor firmalarının nümayəndələrinin köməyilə yoxlanılır.

Analitiklərin və auditorların xidmətlərinə daima artan tələbatı maliyyələşmə mənbələrinin potensial dairəsinin genişlənməsi ilə izah etmək olar. Qiymətli kağızların satın alınması və yaxud satılması, ssudaların verilməsi, kommersiya kreditinin genişlənməsi, borclar üzrə sazişlərin bağlanması və i.a. haqda qərarların qəbulu hər şeydən əvvəl maliyyə informasiyalarının etibarlılığına istinad edir. Bundan başqa, müəssisələrin əməliyyatları o qədər çoxsaylı və mürəkkəbdir ki, onlardan istifadə edənlər üçün zəruri informasiyaları müstəqil surətdə əldə etmək əslində qeyri-mümkündür. Bu zaman istifadə edənlər tərəfindən qəbul olunan qərarların təsiri bəzən o qədər əhəmiyyətli olur ki, informasiyalar da bir o qədər dəqiq və tam olmalıdır. İnformasiyaların etibarlığını isə müstəqil auditor təsdiq edə bilər.

Bazar iqtisadiyyatı şəraitində bazara doğru hərəkət, hər şeydən əvvəl iqtisadi sərbəstliyə doğru yoldur. Hazırda sahibkarların başı üzərində yalnız «Qanun» yüksəlir. Direktiv planlar, əmrlər resursların məcburi bölgüsü və istehsalın istehlakçılara bağlanması artıq yoxa çıxmaqdadır. Dövlətin müəyyənləşdirdiyi qiymətlər tədriclə bazar qiymətlərinə çevrilməkdədir. Sahibkarlıq fəaliyyətinə, mülkiyyətin forma və növlərinin bir qisminə məhdudiyyətlər çox cüzidir. Vergi sistemi və dövlət sifarişləri vaxt ötdükcə təmiz iqtisadi əsaslara söykənəcək, yerdə qalanları isə istehsalçılar, istehlakçılar və ümumilikdə onların iradəsi əsasında həll olunacaq.

Eyni zamanda iqtisadi sərbəstlik sahibkarın birinin mənafeyini nəzərə aldığı halda digərlərinin fəaliyyətinə maneçilik də törədə bilər. Əlbəttə, hər hansı bir subyektlə təsərrüfat-maliyyə əlaqələrinə girmək onların arasında çox ciddi öhdəliklərin yaranması ilə müşayət olunur. Bundan başqa bazar münasibətləri inkişaf etdikcə rəqabət də güclənəcək. Belə bir şəraitdə işləmək üçün investisiyalara söykənmək lazım gəlir. Bu da özlüyündə çox ciddi öhdəliklərlə, xüsusən də müəyyən risklə bağlıdır. Sahibkarlıq şəraitində istehsalat-iqtisadi vəzifələr həll olunan zaman maliyyə nəticələrini yaxşılaşdırmaq üçün biznes mexnizminə əsaslanmaq ön plana çəkilməlidir.

Bizim Respublikamızda formalaşan bazar münasibətləri bir çox hallarda biznesin maliyyə nəticələrinə, müəssisə və firmaların özünü maliyyələşdirməsinə əsaslanır. Özünü maliyyələşdirmənin motivli əhəmiyyəti çox böyük xarici təcrübə ilə təsdiq olunur. Bunun üçün ilk növbədə işgüzar fəallıq, təmiz mənfəət, rentabellik, likvidlik ünsürləri və antiböhran fəallığı və s. kimi bloklar kifayət qədər güclü olmalıdır. Sadaladığımız bloklar və ünsürlər bir çox hallarda kapital qoyuluşlarının maliyyələşməsi prosesində öhdəlik və borclarla əlaqədar məsələlərə son dərəcə ciddi yanaşmaq lazım gəlir.



Mövzunun öyrənilmə vəziyyəti. Hazırda Respublikada təşəkkül tapan uçot, audit və iqtisadi təhlillə əlaqədar normativ sənədlərdə uzun və qısa müddətli kreditlərin və digər borcların uçotu ilə əlaqədar müəyyən işlər görülmüşdür. Xüsusən də mövcud hesablar planında uzun və qısa müddətli kreditlərin və digər borcların xüsusiyyətlərini kifayət qədər nəzərə alan hesablar nəzərdə tutulmuşdur. İqtisadi inkişafla əlaqədar uçot və hesabat praktikasında yeni əmlak və əməliyyat növləri meydana çıxmaqdadır. Onların içərisində qiymətli kağızların müxtəlif növlərini, digər müəssisələrin nizamnamə kapitalına qoyuluşları, veksel əməliyyatlarını, qeyri-maddi aktivlərini və s. qeyd etmək olar. Yəni kapitalın cəlb olunması kreditorlar üçün böyük risklə müşayət olunur. Belə ki, bütün yeni kreditorlar, əvvəlkilərlə müqayisədə daha böyük riskə məruz qalırlar. Konkret desək, yeni kreditorlara əvvəlkilərə nisbətən daha az zəmanət verilir. Buradan aydın olur ki, riski kompensasiya etmək məqsədilə müəssisələr, müntəzəm informasiya əldə etmək imkanına malik olmalıdırlar. Bu informasiyaların (illik və yaxud kvartallıq) dəqiqliyini isə müstəqil auditorlar tərəfindən təsdiq edilməlidir. Yalnız bundan sonra müəssisə rəhbərliyi müvafiq idarəetmə qərarlarını qəbul etməkdən çəkinməməlidirlər.

Deyilənlərdən aydın olur ki, bazar münasibətlərinə keçid şəraitində respublikanın bütün uçot-analitik sisteminin islahatlara, xüsusən də tədqiqatlara böyük ehtiyacı var. Uçot-analitik sisteminin islahatı isə həmin sahədə mövcud olan beynəlxalq təcrübəni nəzərə almaqla həyata keçirilməlidir. Bu islahatlarda, xüsusən də bizim tədqiqatımızda maliyyə uçotu çox mühüm rol oynayır. Tədqiqat göstərir ki, dünya praktikasında uzun illər ərzində fəaliyyət göstərən maliyyə və idarəetmə uçotunun hamı tərəfindən qəbul edilən prinsipləri qısa və uzun müddətli öhdəliklərin uçotunun daha dəqiq təşkil edilməsinə uyğun gəlir. Lakin indiyədək öhdəliklərin uçotu və auditinin tədqiqinə müəyyən yanaşmalar olsa da, hazırda Azərbaycanın mühasibat uçotu praktikasında geniş tətbiq edilən Milli Mühasibat uçotu standartlarının uyğun sözü gedən məsələ tam araşdırılmamışdır. Ona görə də bütün bunlar mövzunun aktuallığını şərtləndirir.



Tədqiqatın məqsəd və vəzifələri. Uçot və hesabat sahəsində bu günə qədər qüvvədə olan bir sıra qanunlar, təlimatlar və digər normativ sənədlər uzun və qısa müddətli kreditlərin və digər borcların uçotunun təkmilləşdirilməsi ilə əlaqədar problemlərin yalnız bir qismini həll etmişdir. Lakin bu sahədə həlli tələb olunan məsələlər kifayət qədərdir. Odur ki, uzun və qısa müddətli kreditlərin və digər borcların uçotu, auditi və təhlili ilə əlaqədar tədqiqat işlərinin aparılması əvvəlki illərdə olduğu kimi yeni iqtisadi münasibətlər şəraitində daha böyük aktuallıq kəsb edir. Mövzunun həm nəzəri, həm də praktiki cəhətdən araşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bu zaman bir sıra konkret təkliflər və tövsiyyələr hazırlanmışdır. Dissertasiya işində bazar iqtisadiyyatının tələbləri nəzərə alınmaqla, uzun və qısa müddətli öhdəliklərin uçotunun müasir vəziyyəti araşdırılmış və onun beynəlxalq praktikada qəbul olunan normalara uyğunlaşdırılması imkanlarına nəzər yetirilmişdir.

Tədqiqatın obyekti. Uzun və qısa müddətli kreditlərin və digər borcların uçotunun və təhlilinin təkmilləşdirilməsi ilə əlaqədar problemləri araşdırmaq və konkret nəticələr çıxarmaq üçün respublikanın fəaliyyətdə olan iri müəssisələrindən biri sayılan Bakı Poladəritmə Səhmdar Cəmiyyətinin məlumatlarından istifadə olunmuşdur. Bəzi məsələlərin həllində müəssisədə zəruri məlumatların olmadığını nəzərə alaraq, şərti rəqəmlərdən istifadə edilmişdir.

Tədqiqatın metodu. Tədqiqatın nəzəri metodoloji əsaslarını uçot və təhlilə dair dünyanın və respublikanın aparıcı iqtisadçı alimlərinin əsərləri, Respublika Milli Məclisinin, Respublika Hökumətinin, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin müvafiq normativ sənədləri təşkil edir. İşdə təhlil, müqayisə, balans ümumiləşdirilməsi, müşahidə və s. üsullardan istifadə olunmuşdur.

Tədqiqatın elmi yeniliyi və praktik əhəmiyyəti. Dissertasiyanın elmi yeniliyi və praktik əhəmiyyəti aşağıdakılardan ibarətdir:

a) qısa və uzun müddətli kreditlərin və digər borcların respublikada mövcud olan uçotunu beynəlxalq uçot sisteminə yaxınlaşdırmaq üçün imkanlar axtarmaq;

b) qısa və uzun müddətli kreditlərin və digər borcların uçotu ilə əlaqədar ilk və icmal sənədlərində müvafiq təkmilləşdirmələr aparmaq;

v) qısa və uzun müddətli kreditlərin və digər borcların sintetik və analitik uçotunun təkmilləşdirilməsi haqda təkliflər hazırlamaq;

q) qısa və uzun müddətli kreditlərin və digər borcların hesabatda əks etdirilməsi prosesində yol verilən qüsurların aradan qaldırılması üçün tövsiyyələr vermək;

d) debitor və kreditorlar ilə hesablaşmaların mövcud vəziyyətini təhlil etmək və müvafiq təkliflər vermək və i.a.



İşin həcmi və quruluşu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflərdən ibarət olub işin axırında 44 adda ədəbiyyat siyahısı verilmişdir. Dissertasiya işinin ümumi həcmi 15 interval çap yazısı ilə 78 səhifədən ibarətdir.

I FƏSİL. KREDİTLƏRİN VƏ DİGƏR BORC VƏSAİTLƏRİ ÜZRƏ ÖHDƏLİKLƏRİN UÇOTUNUN NƏZƏRİ ƏSASLARI


    1. Kreditlər və digər borc vəsaitləri üzrə öhdəliklərin mahiyyəti, növləri və

uçotunun xüsusiyyətləri
Öhdəliklər dedikdə borc vəsaitləri ilə kreditor borclarının məcmusu başa düşülməlidir. Müəssisə özünün inkişafı məqsədilə təkcə təsisçilərin vəsaitindən deyil, habelə əldə etdiyi mənfəətdən də istifadə etməlidir. Müəssisənin əmlakının formalaşması mənbəyi kreditorların aşağıdakı vəsaitləri ola bilər:

a) kreditlər;

b) borclar;

v) istiqraz borcları və i.a.

Müəssisələrin öhdəlikləri borclu rolunda çıxış edən təşkilatlarla, kreditor rolunda çıxış edən digər hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələrdən baş verir. Göstərilən müqavilələr əsasında borclu təşkilatlar kreditorların xeyrinə müəyyən fəaliyyət göstərməyi öhdəsinə götürür (məs, əmlak vermək, iş görmək, pul ödəmək və s.). Hüquqi və fiziki şəxslər qarşısındakı öhdəliklər habelə məhkəmənin qərarları nəticəsində də baş qaldıra bilər. Pul ekvivalenti ilə qiymətləndirilən öhdəliklər müəssisənin passivlərinin tərkib hissəsi sayılır. Kreditorun ixtiyarı var ki, borcludan onun öhdəliklərinin icrasını tələb etsin.

Təşkilatın öhdəlikləri müxtəlif əsaslar üzrə baş verir. Müəssisəyə kreditlər və borc verən müxtəlif fiziki və hüquqi şəxslər müəssisənin kreditoru sayılır. Borcluda baş verən öhdəliklər borc müqaviləsinin icrası zamanı borc vəsaitləri adlanır.

Müəssisənin kreditorları kimi dövlət, müxtəlif büdcədən kənar fondlar çıxış edir. Həmin kreditorlar qarşısında müəssisə vergi öhdəliyi daşıyır. Müəssisənin kreditorları kimi müəssisə ilə kollektiv fərdi əmək müqaviləsi bağlayan onun işçiləri çıxış edirlər. Müqavilə əsasında müəssisə, öz işçiləri qarşısında əmək ödənişi üzrə öhdəlik daşıyır. Belə öhdəliklər hər bir hesabat dövrü üçün xarakterikdir və müntəzəm surətdə ödənməlidir. Göstərilən öhdəliklər müəssisənin kreditor borclarının tərkibinə daxildir.

Öhdəliklər mal-material ehtiyatlarının göndərilməsi, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilələr nəticəsində də baş verə bilər (məs, mal alanlardan və sifarişçilərdən alınan avans, kommersiya kreditləri və s.).

Alınmış avanslar üzrə və kommersiya kreditlərinin ödənilməsi üzrə müəssisənin öhdəlikləri də kreditor borclarının tərkibinə daxil edilir. Beləliklə, özünün mənşəyindən asılı olaraq öhdəliklər borc vəsaitlərinə və kreditor borclarına bölünür.

Öhdəliklərin mühasibat uçotunun qarşısında duran ən mühüm vəzifələrdən birisi borcların ödənmə müddətinin qarşısını almaq üçün kreditorlarla hesablaşmaların öz vaxtında aparılmasına nəzarət hesab olunur. Bu səbəb üzündən öhdəliklər ödənilmə müddətindən asılı olaraq qısa müddətli və uzun müddətli öhdəliklərə bölünür.

Qısa müddətli öhdəliklər (passivlər) bağlanılan müqavilə əsasında bir ilə qədər müddəti əhatə edir (öhdəliyin uçota qəbul olunduğu andan etibarən). Qısa müddətli passivləri bəzən cari passivlər adlandırırlar.

Uzun müddətli öhdəliklər (passivlər) dedikdə, bağlanılan müqavilə əsasında ödənmə müddəti bir ildən yuxarı olan kreditlər və borclar başa düşülür (öhdəlik uçota qəbul edildiyi andan etibarən).

Müəssisənin öhdəliklərinin qısa və uzun müddətli öhdəliklərə bölünməsi, maliyyə təhlili məqsədilə də son dərəcə mühümdür. Eyni zamanda öhdəliklərin mahiyyəti və mənşəyi onların ödənməsinin təcililiyindən asılı deyildir. Ona görə də qısa müddətli və uzun müddətli öhdəliklər (passivlər) ayrılıqda araşdırma tələb etmir. Ümumiyyətlə, son dövrlərin iqtisadi ədəbiyyatında müəssisə öhdəliklərinin borc vəsaitlərinə və kreditor borclarına bölünməsi ilə xarakterikdir. Belə təsnifat öhdəliklərin müxtəlif növlərinin iqtisadi təbiətini açıqlayır və mövcud mühasibat balansının strukturuna uyğun gəlir.

Borc vəsaitləri borc müqaviləsi icra olunan zaman baş verən öhdəliklərdir. Borc müqaviləsi əsasında bir tərəf (borc verən) digər tərəfə (borc alana) pul və yaxud müəyyən dəyərə və keyfiyyətə malik olan digər əşyalar verir. Borc alan təşkilat isə aldığı borcu müəyyən müddətdən sonra qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi pul və yaxud digər əşya verilən andan bağlanılmış hesab olunur. Əgər qanunvericilikdə başqa şey nəzərdə tutulmamışdırsa onda, borc verən təşkilat verdiyi borca görə müəyyən faiz ala bilmək hüququna malikdir. Faizlər qaydaya görə hər ay ödənilməlidir. Borc vəsaitləri aşağıdakılar üzrə öhdəlikləri özlüyündə birləşdirir:

- alınan bank kreditləri üzrə;

- satılmış borc qiymətli kağızları (istiqrazlar və i.a.) üzrə;

- verilmiş maliyyə vekselləri üzrə;

- alınan borclar və ssudalar üzrə.

Əgər müəssisə müəyyən layihəni həyata keçirməyi planlaşdırırsa, onun maliyyələşdirilməsi üçün borc vəsaitləri cəlb oluna bilər. Borc vəsaitlərinin bir növü bank kreditləri adlanır.

Bank kreditləri banklar (kredit təşkilatları) tərəfindən qaytarılmaq, təcililik, ödənmək və təminatlılıq qaydasında verilir. Qaytarılma müddətindən asılı olaraq fərqləndirilir:

- bir ildən artıq olmayan müddətə verilən qısa müddətli kreditlər;

- bir ildən artıq müddətə verilən orta müddətli və uzun müddətli kreditlər.

Qısa müddətli kreditlər müəssisənin material dövriyyə aktivlərinin formalaşmasının mənbələrindəndir. Dövriyyə aktivlərinin pul aktivlərinə çevrilməsi qısa müddətli kreditlərin qaytarılması mənbəyidir. Belə kreditlərin qaytarılma müddəti kreditləşən təsərrüfat proseslərində vəsaitlərin dövranı müddəti ilə müəyyənləşdirilir. Uzun müddətli kreditlər investisiyaların maliyyələşmə mənbəyidir və kapital qoyuluşları üzrə məsrəflərin ödənilməsinə xidmət göstərir. Uzun müddətli kreditlərin qaytarılması mənbəyi kreditləşən obyektlərin istismara verilməsindən əldə olunacaq mənfəət hesab olunur.

Borc vəsaitlərinin cəlb olunması haqda qərar qəbul edən zaman müəssisə layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılmasını hazırlayır. Layihənin tələbatından, mövcud maliyyə mənbələrindən və cari maliyyə vəziyyətindən asılı olaraq müəssisə, tələb olunan kreditin həcmini, onun təcililiyini (vəsaitlərin qaytarılmasının güman olunan müddəti), kreditin və faizlərin əsas məbləğinin ödənmə mənbələri, habelə kreditlə təminata zəmanət müəyyən olunur. Bank krediti almaq üçün müəssisə banka müəyyən formada tərtib edilən kredit ərizəsi verməlidir. Kredit ərizəsinə layihənin texniki-iqtisadi əsaslandırılması və həmçinin borc götürən təşkilatı xarakterizə edən aşağıdakı sənədlər əlavə olunur:

- təsis sənədlərinin notariusda təsdiq edilən surəti;

- son üç ilin mühasibat (maliyyə) hesabatları;

- daxili maliyyə hesabatları və daxili operativ uçotun məlumatları;

- sair müşayət edici sənədlər.

Bank kredit ərizəsini özünün xüsusi kredit siyasətinə uyğun surətdə nəzərdən keçirir, müəssisənin krediti ödəmə qabiliyyətini təhlil edir və bundan sonra kredit müqaviləsini rəsmiləşdirir.

Bankın qaydaları ilə birlikdə kredit müqaviləsi müəssisənin kreditləşmə qaydasını tənzimləyir. Kredit müqaviləsinə uyğun surətdə bank, müəssisəyə nəzərdə tutulan məbləğdə və müddətdə pul (kredit) verməyi öhdəsinə götürür. Kredit müqaviləsində aşağıdakılar qeydə alınır:

- kreditləşmə obyekti və kreditin müddəti;

- kreditin verilmə və ödənmə şərtləri;

- öhdəliklərin ödənmə qaydaları;

- faiz stavkaları və onun ödənmə qaydası;

- tərəflərin öhdəlikləri, hüquqları və məsuliyyətləri;

- müəssisə tərəfindən banka təqdim olunası hesabat sənədlərinin siyahısı və dövriliyi.

Müəssisələrdə kreditor borcları aşağıdakı öhdəliklər üzrə baş verir:

1. Satın alınan mallara, qəbul olunan işlərə və göstərilən xidmətlərə görə mal satan və podratçılara ödəniləsi öhdəliklər;

2. Kommersiya kreditlərinin ödənilməsi öhdəlikləri;

3. Pul ödəmək, əmlak vermək, işi yerinə yetirmək, xidmət göstərmk, övlad və asılı müəssisələrə xidmət göstərmək üzrə öhdəliklər;

4. Alınmış avanslar hesabına digər hüquqi və fiziki şəxslərə əmlak vermək və iş görmək;

5. Bağlanılan kollektiv və fərdi əmək müqaviləsinə uyğun olaraq işçilərin əməyini ödəmək;

6. Sosial büdcədən kənar fondlara üzvlük haqları ödəmək üçün öhdəliklər;

7. Büdcəyə vergilər və digər ödənişlər ödəmək üçün öhdəliklər;

8. Digər kreditorlar qarşısındakı öhdəliklər.

Kreditor borcları qaydaya görə yaxın gələcəkdə borcların ödənməsini nəzərdə tutur və buna görə də qısa müddətli passivlərin tərkibinə daxildir. Müvafiq öhdəliklərin mənşəyindən asılı olaraq kreditor borcları mühasibat balansında aşağıdakı növlərə bölünür:

1. Mal satan və podratçılara olan borclar;

2. Kommersiya vekselləri üzrə borclar;

3. Törəmə müəssisələrə və asılı cəmiyyətlərə olan borclar;

4. Alınmış avanslar üzrə borclar;

5. Əmək ödənişi üzrə işçi heyətinə olan borclar;

6. Sosial fondlara köçürüləsi borclar;

7. Büdcə qarşısındakı borclar;

8. Sair kreditorlara olan borclar.

Ümumiyyətlə, Azərbaycan Respublikası müəssisələrində hazırda fəaliyyətdə olan «Mühasibat uçotunun hesablar planında» kreditorlarla hesablaşmaların uçotunu aparmaq üçün aşağıdakı hesablar nəzərdə tutulmuşdur:

531 №-li «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», 211 №-li «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları», 523 №-li «Digər məcburi ödənişlər üzrə öhdəliklər», 521 №-li «Vergi öhdəlikləri», 522 №-li «Sosial sığorta və təminat üzrə öhdəliklər», 523 №-li «Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar», 213 №-li «Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları», 245 №-li «Digər qısamüddətli aktivlər», 212 №-li «Törəmə müəssisələrin qısamüddətli debitor borcları», 302 №-li «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» və s.

Biz bu bölmədə həmin hesabların bəzilərinin uçotu xüsusiyyətlərini araşdıracağıq.

Mal alanlar və sifarişçilərlə hesablaşmaların uçotu qaydası məhsul satışının uçotu metodundan asılıdır.

Əgər məhsul satışı anı əvvəlcədən yola salınan məhsulların ödənilməsi anı qəbul edilirsə, onda debitor borcu istehsal maya dəyəri ilə uçota alınır. Bu zaman müəssisədə belə yazılış verilir:

D-t 701 «Satışın maya dəyəri»

K-t 204 «Hazır məhsul»

Yola salınan məhsulların dəyəri belə ödənilir:

D-t 223 «Bank hesablaşma hesabları»

K-t 601 «Satış»

Satılan məhsul belə silinir:

D-t 701 «Satışın maya dəyəri»

K-t 602 «Satılmış məhsulun qaytarılması»

Eyni zamanda satılmış məhsul üzrə ƏDV hesablanılır:

D-t 701 «Satışın maya dəyəri»

K-t 521 «Vergi öhdəlikləri»

Ödənişin müəyyən olunan müddəti keçdikdən sonra satışın nəticəsi 601 №-li «Satış hesabının debetindən» 80 №-li hesabın kreditinə silinir (vergiyə cəlb olunası mənfəəti azaltmadan).

Əgər məhsul satışı anı onun yola salındığı an hesab olunursa, onda debitor borcu məhsulların satış qiyməti ilə 211 №-li hesabda qeydiyyatdan keçirilir. Bu hesabın tərkibində aşağıdakı subhesablar açıla bilər:



  1. «İnkasso qaydasında hesablaşmalar»

  2. «Planlı ödəmələr üzrə hesablaşmalar»

  3. «Alınmış veksellər» və s.

1-ci subhesabda yola salınan məhsullara görə bank tərəfindən ödəniş üçün

qəbul edilən sənədlər əsasında mal alan və sifarişçilərlə hesablaşmalar uçota alınır.

2-ci subhesabda uzun müddətli təsərrüfat əlaqələri zamanı mal satan və sifarişçilərlə hesablaşmalar əks etdirilir.

3-cü subhesabda alınmış veksellərə görə mal satan və sifarişçilərlə hesablaşmalar qeyd olunur.

Yola salınan məhsullara və yerinə yetirilən iş və xidmətlərə görə müəssisə mal satan və sifarişçilərə aşağıdakı köçürmə vasitəsilə hesablaşma sənədləri təqdim edir.

D-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

K-t 601 «Satış»

Yola salınan məhsul satılmış hesab olunduğu üçün onun dəyərinə görə ƏDV hesablanılır.

D-t 701 «Satışın maya dəyəri»

K-t 521 «Vergi öhdəlikləri»

Mal alan və sifarişçilər öz borclarını belə yazılışla ödəyirlər.

D-t 223 «Bank hesablaşma hesabları»

K-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

Əgər, alınan vekseldən faiz tutulması nəzərdə tutulmuşsa, bu əməliyyat aşağıdakı yazılışla rəsmiləşdirilir.

D-t 223 «Bank hesablaşma hesabları»

K-t 801 «Ümumi mənfəət (zərər)»

Məhsulun satışı zamanı «yola salınma» metodundan istifadə olunduqda, təşkilatlara şübhəli borclar üzrə ehtiyatlar yaratmağa icazə verilir (218 №-li hesabın «Şübhəli borclar üzrə ehtiyatlar» subhesabı). Ehtiyatın kəmiyyəti borclu təşkilatın maliyyə vəziyyətindən asılı olaraq hər bir şübhəli borc üzrə ayrılıqda müəyyənləşdirilir. Ehtiyat belə yaradılır.

D-t 801 «Ümumi mənfəət (zərər)»

K-t 218 «Şübhəli borclar üzrə düzəlişlər»

Vaxtında tələb olunmayan debitor borcları aşağıdakı qaydada silinir.

D-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

K-t 218 «Şübhəli borclar üzrə düzəlişlər»

Uzun müddətli iş (inşaat, layihə, elmi, geoloji və s.) görən təşkilatlarda sifarişçilərlə hesablaşmaların uçotu üçün 203 №-li «Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri» adlı hesabdan istifadə olunur.

Sifarişçi tərəfindən qəbul edilən və dəyəri ödənilən işlər uçotda belə əks etdirilir.

D-t 203 №-li «Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri»

K-t 601 «Satış»

Eyni zamanda yerinə yetirilən mərhələlər üzrə məsrəflər aşağıdakı köçürmə ilə rəsmiyyətə salınır.

D-t 701 «Satışın maya dəyəri»

K-t 202 «İstehsalat məsrəfləri»

İşin yerinə yetirilən mərhələlərinə görə daxil olan ödənişlər uçotda belə qeydiyyatdan keçirilir.

D-t 223 «Bank hesablaşma hesabları»

K-t 443 №-li «Alınmış uzunmüddətli avanslar» hesabı.

İşlərin bütün mərhələləri başa çatdıqdan sonra 36 №-li hesabdakı məbləğ belə silinir.

D-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitar borcları»

K-t 203 «Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri»

Əvvəlcədən daxil olan ödəniş məbləği 443 №-li hesabın debetindən 211 №-li hesabın kreditinə aid edilir. Son hesablama qaydasında alınan məbləğ 223 və s. hesabların debetinə 211 №-li hesabın kreditinə yazılır.

Mal satanlar və podratçılar xammal, material və digər mal-material dəyərləri göndərən, habelə müxtəlif xidmətlər göstərən təşkilatlardır.

Hal-hazırda təşkilat ona göndərilən məhsullara, göstərilən iş və xidmətlərə görə hesablaşma formalarını özü seçir.

Mal satanların hesabnaməsi ödəniş üçün qəbul edildikdə belə yazılışla rəsmiləşdirilir.

D-t 201 «Material ehtiyatları»

K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

531 №-li hesabdakı borclar aksept məbləği hüdudunda əks etdirilir. Mal-material dəyərləri zaman əksik gəldikdə, qiymətlər uyğun olmadıqda, habelə hesabi səhvlərə yol verildikdə, həmin məbləğə müvafiq olaraq aşağıdakı yazılış tərtib olunur.

D-t 217 №-li «Digər qısamüddətli debitor borcları»

K-t 531


Mal satan və podratçılar ƏDV-ni hesabnaməyə daxil edir və mal alan təşkilatda belə rəsmiləşdirilir.

D-t 241 «Əvəzləşdirilən əlavə dəyər vergisi»

K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

Mal satanların borcları ödənildikdə aşağıdakı uçot qeydi aparılır.

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

K-t 221, 223, 501, 401, 224, 225

Belə borcların ödənişi zamanı mühasibat yazılışları qaydası hesablaşmaların

tətbiq olunan formalarından asılıdır.

Uçotun jurnal-order forması zamanı mal satan və podratçılarla hesablaşmaların uçotu 6 №-li jurnal-orderdə aparılır. Bu jurnal-orderdə mal satanlarla hesablaşmaların sintetik uçotu analitik uçotla əlaqələndirilir.

Hesablaşmalarda sadə və köçürmə veksellərindən istifadə oluna bilər.

Sadə veksel dedikdə, vekseli verən təşkilatın baş verən ticarət sövdələşmələrinə və yaxud görülən işlərə görə digər təşkilata (vekseli saxlayan) ödəyəcəyi məbləğ üçün yazılı öhdəliyi başa düşülür.

Köçürmə vekseli (tratta) kreditor təşkilat (transsant) yazır. Bu sənəd vekseldə göstərilən məbləği üçüncü şəxsə (remitent) ödəmək üçün debitora (trassat) yazılı əmr sayılır. Ötürücü qeydin (indossament) köməyilə vekseldən bir neçə dəfə istifadə etmək olar. Bu zaman veksel, universal kredit-hesablaşma sənədi hesab olunur.

Mal-material dəyərlərinin satın alınması üçün verilən veksellər 201 №-li hesabların debetinə və 531 №-li hesabın kreditinə yazılır. Veksel üzrə borclar belə ödənilir.

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

K-t 221 «Kassa», 223 «Bank hesablaşma hesabları»

Malalan təşkilatdan veksel alan müəssisə, 211 №-li hesabın «Alınmış veksellər» adlı 3-cü subhesabda uçota alınır. Vekseldə göstərilən məbləğ həcmində 211 №-li hesab debetləşir, məhsul satışı və yaxud digər əmlakın satışı uçota alınan hesablar (601, 611) kreditləşir.

Ödənilən veksellər pul vəsaitləri uçota alınan hesabların debetinə və 62 №-li hesabın kreditinə yazılır.

Veksellərə görə faizlər adətən onun nominal qiymətinə daxil edilir. Əgər veksellərə görə faizlər, vekselin nominal dəyərindən artıq ödənilərsə, onda bu məbləğ uçotda belə əks etdirilir.

D-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

K-t 801 «Ümumi mənfəət (zərər)»

Misal: 3 milyon manatlıq məhsul yola salınmışdır. Ödəniş 6 ay gecikdirilmişdir. Mal alan təşkilatdan 5 milyon manatlıq veksel qəbul edilmişdir. Məhsul 100% həcmində borc kimi buraxılmışdır. 6 aydan sonra veksel ödənilmişdir. Bu əməliyyatlar aşağıdakı köçürmələr vasitəsilə rəsmiləşdirilir:


  1. 3 milyon manatlıq məhsul yola salınmışdır.

D-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

K-t 601 «Satış»

2) Vekselə görə 1.1 milyon manat faiz hesablanmışdır.

D-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

K-t 801 «Ümumi mənfəət (zərər)»

3) Vekseli ödəmək üçün 5 milyon manat məbləği daxil olmuşdur.

D-t 223 «Bank hesablaşma hesabları»

K-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»

Vaxtında ödənilməmiş veksellər imtina olunmuş sayılır. Vekselin dəyəri vaxtında ödənilmədikdə bu haqda protest verilir və borcun ödənişi üçün məhkəməyə müraciət olunur.

İmtina olunan vekselin dəyəri faizi ilə birlikdə 211 №-li hesabın kreditindən 217 №-li hesabın debetinə silinir.

Vasitəçilik əməliyyatları adi alqı-satqı müqavilələri və yaxud malların komissyon satışı üzrə vasitəçilik müqavilələri ilə rəsmiləşdirilir.

Alqı-satqı zamanı təşkilat, mühasibat uçotuna topdan ticarət bazaları üçün nəzərdə tutulan qaydada aparılmalıdır.

Mədaxil olunan mallar uçotda belə qeydə alınır.

D-t 205 №-li «mallar» hesabı

K-t 531 №-li «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

Mədaxil olunan mallar üzrə əlavə dəyər vergisi belə əks etdirilir.

D-t 241 «Əvəzləşdirilən əlavə dəyər vergisi»

K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

Mallar satılan zaman əldə olunan vəsait (ƏDV-də daxil edilməklə) aşağıdakı yazılışla əks etdirilir.

D-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları», 62 №-li hesab

K-t 601 «Satış»

Bundan sonra satılmış malların dəyəri belə silinir.

D-t 701 «Satışın maya dəyəri»

K-t 205 «Mallar»

Malların gətirilməsi, mühafizəsi və satışı ilə əlaqədar xərclər 721 №-li hesabda qeydiyyatdan keçirilir, daha sonra həmin hesabdan 701 №-li hesabın debetinə aid edilir.

Məhsulların satışı üzrə dövriyyədən hesablanılan ƏDV uçotda belə qeydə alınır.

D-t 701 «Satışın maya dəyəri»

K-t 521 «Vergi öhdəlikləri»

Satın alınan və dəyəri ödənilən mallar üzrə ƏDV məbləği büdcəyə əvəzləşdirildikdə belə yazılış verilir.

D-t 521 «Vergi öhdəlikləri»

K-t 241 «Əvəzləşdirilən əlavə dəyər vergisi»

ƏDV məbləği büdcəyə köçürüldükdə:

D-t 521 «Vergi öhdəlikləri»

K-t 223 «Bank hesablaşma hesabları»

Mallar, komissyon qaydasında komitentdə satıldıqda uçot aşağıdakı qaydada aparılır.

Komissyonerə verilən malların və yaxud hazır məhsulların uçotu üçün 701 №-li hesabdan istifadə olunur. Komissyonerə verilən mallar və yaxud hazır məhsullar belə silinir.

D-t 701

K-t 204, 205



Satılan məhsullara görə komissyonerdən alınan pul vəsaitləri uçotda belə rəsmiləşdirilir.

D-t 223 «Bank hesablaşma hesabları»

K-t 601 «Satış»

Satılan məhsullar belə silinir.

D-t 701 «Satışın maya dəyəri»

K-t 204 «Hazır məhsul»

Malların satışı üzrə dövriyyədən ƏDV belə hesablanılır.

D-t 701 «Satışın maya dəyəri»

K-t 521 «Vergi öhdəlikləri»

Göstərilən vasitəçilik xidmətinə görə komitet tərəfindən komissyonerə ödənilən mükafat məbləğini komitet uçotda belə əks etdirir.

D-t 721 «İnzibati xərclər»

K-t 177 «Digər uzunmüddətli debitor borcları»

Hesablanılan mükafat məbləği satışın dövriyyəsinə daxil edilir və buna görə ƏDV vergisi məbləği ilə birlikdə (D-t 241, K-t 177) belə silinir.

D-t 177 «Digər uzunmüddətli debitor borcları»

K-t 601 «Satış»

Komissyon mükafatı üzrə hesablanılan ƏDV vasitəçilik xidmətinə daxil edilir və belə silinir.

D-t 521 «Vergi öhdəlikləri»

K-t 241 «Əvəzləşdirilən əlavə dəyər vergisi»

Tədavül xərcləri aşağıdakı qaydada silinir.

D-t 611 «Sair əməliyyat gəlirləri»

K-t 721 «İnzibati xərclər»

Göstərilən təsərrüfat əməliyyatları əks etdirildikdən sonra hazır məhsulların və malların komissyon qaydasında satışından maliyyə nəticələri müəyyənləşdirilir və uçotda əks etdirilir.

D-t 601 «Satış»

K-t 801 «Ümumi mənfəət (zərər)»

Vasitəçilik əməliyyatlarının komissyonerdə uçotu üçün «komissiyaya qəbul edilən mallar» adlı qeydlə xüsusi kitabda əks etdirilir.

Göstərilən komissyon mallarına görə pul vəsaitlərinin qəbul edilməsi uçotda belə əks etdirilir.

D-t 223 «Bank hesablaşma hesabları»

K-t 177 «Digər uzunmüddətli debitor borcları»

Komissyoner tərəfindən göstərilən xidmətə görə komissyon mükafatı aşağıdakı yazılış vasitəsilə kreditor borclarının azaldılmasına silinir.

D-t 177 «Digər uzunmüddətli debitor borcları»

K-t 601 «Satış»

Həmin məbləğdən ƏDV hesablanılır.

D-t 701 «Satışın maya dəyəri»

K-t 521 «Vergi öhdəlikləri»

Pul vəsaitinin komitetlərə köçürülməsi belə əks olunur.

D-t 177 «Digər uzunmüddətli debitor borcları»

K-t 223 «Bank hesablaşma hesabları»

ƏDV belə köçürülür.

D-t 521 «Vergi öhdəlikləri»

K-t 223 «Bank hesablaşma hesabları»

Vasitəçiliklə əlaqədar xərcləri komissyoner adətən 202 №-li hesabda əks etdirir. Daha sonra bu xərclər 701 №-li hesabın debetinə və 202 №-li hesabın kreditinə yazılır. Komissyonerin vasitəçilik fəaliyyətindən maliyyə nəticələri 601 №-li hesabdan 801 №-li hesaba yazılır.

Təşkilatlar, mal-material dəyərlərinin bağlanılmış müqaviləyə uyğun olaraq əldə edə bilmək üçün avans verirlər. Avans ödənişləri tapşırıq vasitəsilə rəsmiyyətə salınır.

Verilmiş avans məbləği uçotda belə əks etdirilir.

D-t 192 «Verilmiş uzunmüddətli avanslar»

K-t 223 «Bank hesablaşma hesabları»

Mal satan və podratçılara olan borcun avans hesabına ödənilməsi qaydası belədir.

D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

K-t 192 «Verilmiş uzunmüddətli avanslar»

Mal satan və podratçılara irəli sürülən iddiaların məbləği aşağıdakı kimi silinir (avans məbləğində).

D-t 192 «Verilmiş uzunmüddətli avanslar»

K-t 217 «Digər qısamüddətli debitor borcları»

Əvvəllər verilən, lakin geri tələb olunmayan avans aşağıdakı köçürmələr vasitəsilə zərərlərə aid edilir.

D-t 801 «Ümumi mənfəət (zərər)»

K-t 192 «Verilmiş uzunmüddətli avanslar»

Alınmış avans uçotda belə qeydə alınır.

D-t 443 «Alınmış uzunmüddətli avanslar»

K-t 221 «Kassa», 223 «Bank hesablaşma hesabları»

Təşkilat, alınmış avansdan ƏDV hesablayır və bu məbləğ belə əks etdirilir.

D-t 443 «Alınmış uzunmüddətli avanslar»

K-t 521 «Vergi öhdəlikləri»

İşlər başa çatdırılıb sifarişçiyə təhvil verildikdə, habelə alıcı təşkilata mal yola salındıqda, alınmış avans məbləği aşağıdakı köçürmə vasitəsilə mal alan və sifarişçilərin borclarının azaldılmasına silinir.

D-t 443 «Alınmış uzunmüddətli avanslar»

K-t 601 «Satış», 611 «Sair əməliyyat gəlirləri»

Bu zaman alınmış avans üzrə əvvəlcədən hesablanılan ƏDV məbləğini bərpa etmək üçün belə köçürmə verilir.

D-t 521 «Vergi öhdəlikləri»

K-t 443 «Alınmış uzunmüddətli avanslar»

Tələb olunmayan avans silinir.

D-t 443 «Alınmış uzunmüddətli avanslar»

K-t 801 «Ümumi mənfəət (zərər)»

Digər müəssisələr, təşkilatlar və müxtəlif şəxslərlə hesablaşmaların uçotu üçün 445 №-li hesabdan istifadə olunur. Bu hesabda müxtəlif təşkilatlarla əsasən aşağıdakı əməliyyatlar uçota alınır:

a) qeyri-kommersiya xarakterli əməliyyatlar (ali məktəblərlə elmi idarələrlə və s.);

b) çeklə ödənilən xidmətlərə görə nəqliyyat təşkilatları ilə hesablaşmalar;

v) deponent əmək haqqı;

q) icra sənədləri əsasında təşkilatın və müxtəlif şəxslərin xeyrinə əmək haqqından tutulmalar və s.

545 №-li hesab üzrə analitik uçot hər bir debitor və kreditor üzrə ayrılıqda aparılır.

Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmaların uçotu 213 №-li hesabda aparılır. Hesabın tərkibində aşağıdakı subhesablar açıla bilər:



  1. «Kreditlə satılan mallara görə hesablaşmalar»;

  2. «Verilən borclara görə hesablaşmalar»;

  3. «Maddi ziyanların ödənilməsi üzrə hesablaşmalar» və s.

213 №-li hesabın debetində aldıqları dəyərlərə görə işçilərin borcları,

kreditdə isə həmin borcların silinməsi göstərilir.

Hesabın birinci subhesabında kreditlə alınmış mallara görə işçilərin təşkilatla hesablaşmaları uçota alınır. Belə hesablaşmaların uçotu qaydası kreditə verilmiş mallara görə borcların ödənilmə qaydasının seçilməsindən asılıdır. Əgər, kredit alan işçilərin təşkilatı malın dəyərinin müvafiq hissəsini ödəmək üçün banka müvafiq hesablaşma sənədləri təqdim edir. Bu əməliyyata aşağıdakı köçürülmə verilir.

D-t 213 «Əsas idarəetmə heyətin qısamüddətli debitor borcu»

K-t 502 «İşçilər üçün qısamüddətli bank kreditləri»

İşçilərdən mala görə növbəti ödəniş köçürülmə vasitəsilə tutulur.

D-t 533 «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcu»

K-t 213 «Əsas idarəetmə heyətin qısamüddətli debitor borcu»

Eyni zamanda işçilərdən tutulan məbləğ bank kreditlərini ödəmək üçün aşağıdakı yazılış vasitəsilə köçürülür.

D-t 502 «İşçilər üçün qısamüddətli kreditor borcu»

K-t 221 «Kassa», 223 «Bank hesablaşma hesabları»

İşçilərin kreditlə satın aldıqları malların dəyərinin ödənilməsi üçün əgər müəssisə kreditdən istifadə etmirsə, onda növbəti ödəniş işçilərin əmək haqqından tutulur.

D-t 533 «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcu»

K-t 545 «Digər qısamüddətli kreditor borcları»

Məbləğ ticarət təşkilatına köçürüldükdə belə yazılış verilir.

D-t 545 «Digər qısamüddətli kreditor borcları»

K-t 221 «Kassa», 223 «Bank hesablaşma hesabları»

213 №-li hesabın ikinci subhesabında işçilərə fərdi mənzil tikintisi, bağ evləri və s. satın almaq verilən borclar uçota alınır. İşçilərə verilən borclar belə rəsmiləşdirilir.

D-t 213/2 №-li hesab

K-t 221, 223 və s. hesablar

Əgər, bu vəsait bank tərəfindən müəssisənin hesablaşma hesabına köçürülmədən bilavasitə işçiyə verilərsə, onda 213/2 debetləşir, 502 №-li hesab isə kreditləşir.

Borc ödənildikdə aşağıdakı yazılış verilir.

D-t 213

K-t 221, 223, 533



Bank kreditlərinin ödənilməsi 502 №-li hesabın debetinə, 221, 223 və s. hesabların kreditinə yazılır.

213 №-li hesabın üçüncü subhesabında işçilər tərəfindən mənimsəmə, habelə çatışmamazlıq ilə əlaqədar təşkilata dəyən zərərlər uçota alınır. İşçilərdən tutulası ziyanın məbləği uçotda belə qeydiyyatdan keçirilir.

D-t 213/3 hesab «Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları»

K-t 217 «Digər qısamüddətli debitor borcları»

K-t 442 «gələcək hesabat dövrlərin gəlirləri»

K-t 202 «istehsalat məsrəfləri» hesabının «zaydan itkilər» subhesabı

İşçilərdən tutulan məbləğ belə əks etdirilr.

D-t 533 «Əməyin ödənişi üzrə işçi heyətinə olan qısamüddətli kreditor borcu»

K-t 217 («Digər qısamüddətli debitor borcları»



Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə