AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MAGİSTRATURA MƏRKƏZİ”
Əlyazması hüququnda
Məmmədov Vüsal Məhəbbət oğlu
“Öidmət sferasinda investisiya fəaliyyətinin təhlili və
qiymətləndirilməsi metodikasi”
MÖVZUSUNDA
MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: İİM – 060402 “Mühasibat uçotu və audit”
İxtisaslaşma: “İstehsal sferasında mühasibat uçotu”
Elmi rəhbər: dos. N.M.İsmayılov
Proqram rəhbəri: dos. H.A.Cəfərli
Kafedra müdiri: prof. S.M.Səbzəliyev
BAKI – 2017
MÜNDƏRİCAT
səh
GİRİŞ
|
...................................................................................................
|
3
|
I FƏSİL
|
İNVESTİSİYANIN MAHİYYƏTİNİN NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI..................................................
|
8
|
1.1
|
İnvestisiya və onun iqtisadi inkişafda rolu................................
|
8
|
1.2.
|
İnvestisiya mühitinin formalaşmasına təsir göstərən amillərin təsnifatı......................................................................................
|
16
|
1.3
|
Xidmət sferası müəssisələrinin investisiya fəaliyyətində maliyyələşmə portfelinin formalaşdırılması məsələləri............
|
25
|
1.4.
|
Xidmət sferası müəssisələrində investisiya qoyuluşlarına
olan tələbatın müəyyən edilməsi metodikası............................
|
34
|
II FƏSİL
|
MÜƏSSİSƏNİN İNVESTİSİYA FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ...........................
|
42
|
2.1.
|
İnvestisiya fəaliyyəti təhlilinin məqsədi, vəzifələri və informasiya mənbələri..............................................................
|
42
|
2.2.
|
İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsi mənbələrinin təhlili.......................................................................................
|
47
|
2.3.
|
Xidmət sferası müəssisələrində investisiya fəaliyyətini xarakterizə edən göstəricilər sistemi, onların təsnifatı və qiymətləndirilməsi metodikası.................................................
|
57
|
2.4.
|
İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsində bank sektorunun rolu və onun tənzimlənməsi problemləri...............
|
60
|
|
NƏTİCƏ.................................................................................
|
67
|
|
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI..............
|
70
|
GİRİŞ
Mövzunun aktuallığı: Məlumdur ki, cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsi mövcud istehsal potensialının tam və səmərəli istifadə edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, cəmiyyətin həyatında investisiya qoyuluşlarının rolu və əhəmiyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi göstəricilərin yaxşılaşdırılması ÜDM-nin strukturunda aparıcı sahələrin, xüsusilə, xidmət sahələrinin rolunun və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən respublikaya xarici investisiya qoyuluşlarının artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət daşıyır.
Burada bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsasında ölkənin ixrac potensialının artırılması, digər tərəfdən xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, 1994-cü ilin 20 sentyabrında imzalanmış «Əsrin müqaviləsi»nin böyük sosial-iqtisadi əhəmiyyəti var. Beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adını almış bu sazişin bağlanılması müstəqil Azərbaycan Respublikasının həyatında tarixi hadisə kimi qiymətləndirilir.
Məlumdur ki, istehsal və xidmət sferasında investisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci il tarixli «İnvestisiya fəaliyyəti haqqında» Qanuna əsasən tənzimlənir. Həmin qanunda mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının müdafiəçisi kimi dövlətin rolu xüsusi vurğulanır. Bununla belə, mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş investisiya fəaliyyətinə dövlət orqanlarının və vəzifələri şəxslərin müdaxilə etməsinə yol verilmir. Odur ki, investorlar öz məqsəd və fəaliyyətlərində tam sərbəst olmaqla respublikada ən səmərəli və perspektivli sahələrdən biri olan xidmət sferası müəssisələrinə investisiya qoymağa üstünlk verir.
Qeyd etmək lazımdır ki, respublikada yaranmış əlverişli siyasi, iqtisadi və hüquqi şərait iqtisadiyyatın sağlamlaşdırılmasının mühüm göstəricisi sayılan investisiya qoyuluşlarının həcminin xeyli artmasına şərait yaranmışdır. Araşdırmalar göstərir ki, investisiya qoyuluşlarında dinamika və sürətli artım tempi mövcuddur. Müsbət hal olaraq qeyd etmək lazımdır ki, respublikada qeyri-neft sektoruna daxili və xarici investisiya qoyuluşları da yüksək templə artır. Bununla yanaşı, xarici firmalar tərəfindən yatırılan investisiyaların da miqyası genişlənir. 1995-ci il tarixli «Xarici investisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu xidmət sferası müəssisələrinin investisiya fəaliyyətinin gücləndirilməsi istiqamətində geniş perspektivlər açır. Məhz buna görə də, ölkədə daxili və xarici investisiya fəaliyyətinin genişləndiyi müasir dövrdə dövlətin tənzimləyici rolu və funksiyası daha da artmış olur.
Azərbaycanda bazar iqtisadiyyatının təşəkkül tapması və qısa dövr ərzində sürətlə inkişaf etməsi onun idarə olunması qarşısında mühüm tələblər qoymuşdur. İdarəetmə isə məlum olduğu kimi, müvafiq informasiya bazasına əsaslanır. Biznesin idarə edilməsi üçün tələb olunan informasiyanın əsas hissəsi mühasibat uçotu və hesabatı vasitəsilə formalaşır. Həmin informasiya müəssisə və şirkətlərdə idarəetmə və maliyyə qərarlarının qəbul edilməsinin əsasında durur. Deyilənlər tamamilə daxili və xarici investisiyalar üzrə informasiyaya da aiddir. Sözü gedən və digər göstəricilər əsasında obyektiv və əsaslandırılmış qərarlar qəbul etmək üçün tələb olunan həcmdə və etibarlı informasiya formalaşdırmaq zəruridir. İnformasiyanın kəmiyyəti və keyfiyyəti qarşısında qoyulan tələblər ayrı-ayrı dövrlərdə dəyişildiyi üçün onu formalaşdıran uçot və hesabat sisteminin daim yeniləşdirilməsi və təkmilləşdirilməsi obyektiv zərurətə çevrilir. Bu baxımdan bazar iqtisadiyyatı şəraitində bütövlükdə uçot və hesabat sistemi kimi, investisiyaların uçotu və hesabatında, eləcə də iqtisadi təhlilin təşkilində nəzərə çarpacaq metodoloji və metodiki dəyişikliklər aparılmışdır. Bununla belə, həmin dəyişikliklər iqtisadiyyatda gedən qloballaşma və inteqrasiya proseslərini tam nəzərə almır, ölkə müəssisə və şirkətlərinin beynəlxalq əmtəə və kapital bazarına çıxması, xarici ölkə firmaları ilə əlaqəyə girməsi üçün əlverişli «ünsiyyət» vasitəsi ola bilmir. Bütövlükdə araşdırmalar göstərir ki, xidmət sferasında investisiyaların təhlili beynəlxalq standartlardan və qaydalardan xeyli fərqlənir. Nəticə etibarilə həmin sistemin formalaşdırdığı informasiya əsasında investisiyaların təhlili idarəetmənin tələblərinə cavab verən informasiya əldə etməyə imkan vermir. Uçotun və təhlilin nəzəriyyəsi, metodologiyası və metodikası hər bir müəssisənin investisiya fəaliyyəti barədə bütün istifadəçilərə müəyyən kriteriyalara üyğun gələn keyfiyyətli informasiya təqdim etmək tələblərinə cavab verməlidir. Bu tələblər MHBS və MMUS-ların başlıca tələbləridir. Həmin tələblərin yerinə yetirilməsi üçün müəssisənin investisiya fəaliyyətinin iqtisadi mahiyyəti və məzmununun yeni konseptual əsasda araşdırılması və açıqlanması vacibdir. Yuxarıda sadalanan məsələlərin kompleks şəkildə öyrənilməsi və həllinin aktuallığı, eyni zamanda hazırki elmi-tədqiqat işinin əhəmiyyətini müəyyən edir.
Problemin öyrənilmə səviyyəsi. İnvestisiya fəaliyyətinin təhlilinin nəzəri-metodoloji və praktiki aspektləri xarici ölkə alimləri E.S.Hendriksenin, M.F.Van Bredanın, B Nidlzın, H.Andersonun, C.Kolduellin, Devid Aleksanderin, Anne Brittonun, Ann Yorissenin, Ç.T.Xornqrenin, R.Entoninin, P.S.Bezrukixin, N.P.Kondrakovun, Y.V.Sokolovun, F.F.Butınetsin, V.F.Paliyin, V.V.Kovalyovun, V.V.Patrovun, L.Z.Şneydmanın, A.D.Şeremetin, M.I.Bakanovun, R.S.Sayfulinin, Q.V.Savitskayanın və digərlərinin elmi-praktiki xarakterli monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri və məqalələrinin predmetini təşkil edir. Ölkə alimlərindən S.M.Səbzəliyev, Q.Ə.Abbasov, V.T.Novruzov, C.B.Namazova, V.M.Quliyev, N.M.İsmayılov, İ.M.Mahmudov, T.Ş.Zeynalov, H.A.Cəfərli və başqalarının əsərlərində investisiya fəaliyyətinin təhlilinin bir çox metodiki və praktiki məsələləri tədqiqat obyekti olmuşdur. Bununla belə, Maliyyə Hesabatının Beynəlxalq Standartlarının daim yeniləşdirilməsi, yeni Milli Mühasibat Uçotu Standartlarının qüvvəyə minməsi şəraitində investisiya fəaliyyətinin təhlili məsələlərinə daim yeni yanaşmalar tələb olunur və bu da müvafiq elmi-praktiki xarakterli tədqiqat işlərinin aparılmasını ön plana çəkir.
Yuxarıda deyilənlər magistr dissertasiya işi mövzusunun seilməsini, onun aktuallığını və tədqiqatın başlıca istiqamətlərini şərtləndirmişdir.
İşin məqsədi və vəzifələri. İşin başlıca məqsədi xidmət sferasında investisiya fəaliyyətinin təhlilinin mövcud nəzəri-metodoloji və praktiki aspektlərini tədqiq etmək və tənqidi qiymətləndirmək əsasında onların təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflər işləyib hazırlamaqdır. Göstərilən məqsədə uyğun olaraq magistr dissertasiya işi qarşısında aşağıdakı vəzifələr müəyyən edilmişdir:
* ölkədə investisiya fəaliyyətinin uçotu və hesabatı sisteminin formalaşdırılmasının konseptual bazasının tədqiq edilməsi;
* investisiyaların mahiyyəti və məzmununun, araşdırılması və onların dəqiqləşdirilməsi;
* xidmət sferasında investisiyanın təhlilinin aparılması üçün istifadə edilən təsnifatın informasiya istifadəçilərinin tələbləri baxımından qiymətləndirilməsi;
* xarici və daxili investisiyalar haqqında idarəetmə və maliyyə qərarları qəbul etməyə imkan verən informasiya formalaşdıra biləcək təhlil metodikası yaradılması sahəsində konkret təkliflər paketinin işlənilib hazırlanması;
* müxtəlif metodlar və göstəricilər sistemindən istifadə etməklə investisiya fəaliyyətinin təhlili və qiymətləndirilməsi;
* xidmət sferasında investisiya fəaliyyətinin təhlili metodikasının və göstəricilər sisteminin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.
Tədqiqatın predmeti və obyekti. Yerinə yetirilən elmi-tədqiqat işinin predmeti xidmət sferasında investisiya fəaliyyətinin təhlili metodikasının işlənilib hazırlanması və təkmilləşdirilməsidir. Tədqiqat obyekti kimi xidmt sferası müəssisələrində daxili və xarici investisiya əməliyyatları və prosesləri götürülmüşdür.
Tədqiqatın nəzəri və metodoloji əsası. Dissertasiya işinin nəzəri və metodoloji bazasını Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, «Mühasibat uçotu haqqında» Qanunu, «İnvestisiya fəaliyyəti haqqında» Qanunu, Milli Mühasibat Uçotu Standartları, Maliyyə Hesabatının Beynəlxalq Standratları və digər normativ-hüquqi sənədlər təşkil edir. Bundan başqa, tədqiqatın nəzəri və metodoloji əsaslarında investisiyanın iqtisadi mahiyyəti və təsnifatı metodikasına dair Qərb ölkələrinin, eləcə də, MDB-nin aparıcı ölkələrindən olan Rusiya Federasiyasının və ölkəmizin iqtisadçı alimlərinin apardığı tədqiqatlar, onların elmi-praktiki nəticələri durur. Tədqiqatın aparılması zamanı mücərrəd məntiq, monoqrafik, təhlil, müqayisə və digər ümumiqtisadi-nəzəri metodlardan, həmçinin maliyyə təhlilinə aid spesifik metodlardan istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:
* ölkə iqtisadiyyatını tənzimləyən normativ sənədlərdə bütövlükdə investisiyaya verilmiş təriflər araşdırılaraq müasir təhlil konsepsiyasına cavab verə biləcək səviyyədə dəqiqləşdirilmişdir;
* investisiyanın təsnifatı və təhlili problemləri kompleks yanaşma prinsipi əsasında tədqiq edilmişdir;
* investisiyanın təsnifatı, təhlili və tənzimlənməsi metodikasının təkmilləşdirilməsinə dair nəzəri-metodoloji müddəalar irəli sürülmüş, onların praktikada tətbiqi mexanizmi əsaslandırılmış və əyani şəkildə göstərilmişdir;
* investisiya fəaliyyətinin beynəlxalq nəzəri-metodoloji prinsiplərə və praktikaya uyğun təhlili metodikası və göstəricilər sistemi müəyyən olunmuşdur.
Tədqiqatın praktiki əhəmiyyəti investisiya fəaliyyətinin təhlili sahəsində müvafiq beynəlxalq və milli mühasibat uçotu standartlarında qoyulmuş konseptual, nəzəri və metodiki xarakterli müəddəaların və prinsiplərin reallaşdırılması və tətbiqi imkanları ilə müəyyən olunur. Məsələ bundadır ki, müvafiq normativ sənədlərdə, milli və beynəlxalq standartlarda investisiyaların təsbit edilmiş nəzəri-metodoloji aspektlərinin reallaşdırılması mexanizmi kifayət qədər işlənilməmişdir. Magistr dissertasiya işində qoyulmuş və həlli edilmiş məsələlər ölkədə investisiya fəaliyyəti üzrə milli standartların sonrakı yeniləşdirilməsi və təkmilləşdirilməsi prosesində istifadə oluna bilər. Xidmət sferasında investisiya fəaliyyətinin təhlili metodikası və göstəricilər sistemi həm kənar istifadəçilər, həm də istehsal-kommersiya müəssisələri tərəfindən istifadə edilə bilər.
İşin nəticələrinin aprobasiyası və tətbiqi. Magistr dissertasiya işi Azərbaycan Dövlət İqtisad Universitetinin «Mühasibat uçotu» kafedrasının elmi-tədqiqat işinin tərkib hissəsi kimi yerinə yetirilməlidir.
İşin həcmi və quruluşu. Dissertasiya işi girişdən, iki fəsildən, nəticədən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
FƏSİL I. İNVESTİSİYANIN MAHİYYƏTİNİN NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARI
1.1. İnvestisiya və onun iqtisadi inkişafda rolu
İnvestisiya, təsərrüfat həyatının əsas elementi və iqtisadi nəzəriyyənin predmeti kimi çıxış edir. O, əsas kapitalın təkrar istehsalını və yeniləşdirilməsini təmin edir.
İqtisadi ədəbiyyatlarda investisiya anlayışı pul kapitalına və real kapitala olan yatırım kimi xarakteriz olunur. Bu yatırımlar pul, kredit, qiymətli kağızlar və həmçinin də intellektual mülkiyyət formasında olur. İnvestisiyanın tərifinə oxşar tərəfi mühasibat uçotu nöqteyi-nəzərindən də vermək olar. Belə ki, o şirkətin bütün fondlarına yatırımı əhatə edir.
Real kapitala investisiya (onlar kapital formalaşdıran investisiya, yaxud qeyri-maliyyə aktivlərinə investisiya da adlandırılır) əsas kapitalın təkrar istehsalına və yeniləşdirilməsinə yönəldilir. Ümumiyyətlə, investisiyalardan söhbət gedəndə adətən məhz bu tip investisiyalar nəzərdə tutulur. Pul kapitalına qoyulan investisiyaya gəldikdə isə (bu maliyyə vəsaitlərinin kapital və qiymətli kağızlar şəklində yatırımıdır) onlardan bir hissəsi dərhal digər hissəsi isə sonradan real kapitala çevrilir, üçüncü hissəsi isə ümumiyyətlə bu formaya qayıtmır. Praktikada maliyyə və qeyri-maliyyə investisiyasının məcmusu investisiya fəaliyyəti, investisiyanı həyata keçirən şəxs isə investor adlanır.
Ölkədə istehsal olunan ÜDM-in bir hissəsi istehsal olunur, digər hissəsi isə yığıma gedir. Yığıma gedən hissənin də bir qismi kredit, daxili borclar və başqa şəkildə ölkədən çıxarılır. Eyni zamanda bir o qədər də vəsait ölkəyə digər ölkələrdən daxil olur. Fərdi yığımın qalığının artması və ya azalması ölkədə ümumi yığımın artmasına və ya azalmasına səbəb olur. Bu, ümumi yığım ona görə adlanır ki, o özündə təkcə yeni yığımları yox, həm də əvvəlcədən yaradılmış kapitalın amortizasiya ayırmalarını da daxil edir. Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, ümumi yığım, real kapitala investisiya olunan hissə sayılır və məhz buna görə də, ümumi yığımın ikinci adı kapital formalaşdıran investisiya hesab olunur. Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, ümumi yığım, əsas kapitala ümumi yığımı, dövriyyə vəsaitləri ehtiyatlarının dəyişməsini və həmçinin qiymətli materialların əldə olunma qalığını özündə birləşdirir. Onu da qeyd edək ki, əsas kapitalın ümumi yığımı kapitalın təmiri xərcləri, qeyri-maddi aktivlərə investisiya və digər əsas fondlara yatırımlar əsasında formalaşır. Bu sonuncu yatırımlar kapital yatırımları adlandırılır.
İnvestisiyanın «Keyns nəzəriyyəsi»nə görə, məhz investisiyanın həcminin tərəddüdləri iqtisadi tsiklin təkanverici qüvvəsi hesab olunur. Öz növbəsində, Keynsin fikrinə görə, investisiyanın səviyyəsi ən çox yığıma meyl ilə, xüsusilə də yığıma meylin ən son həddi faktoruna əsaslanır və bu tendensiya müxtəlif ölkələrdə və müxtəlif vaxtlarda fərqlənir. Adı çəkilən bu göstərici ümumi gəlirdə yığıma gedən hissəni əks etdirir.
Maliyyə və qeyri-maliyəyə aktivlərinə investisiya qoyuluşunun nisbətinə faiz dərəcəsinin səviyyəsi və proqnozlaşdırılan iqtisadi inkişaf amili təsir göstərir. Belə ki, əgər real kapitaldan yaranan gəlir norması faiz dərəcəsindən çox olarsa, onda fiziki şəxslər öz gəlirlərini artırmağa çalışır və son nəticədə real kapitala investisiya edir. Fikrimizcə, yuxarıda söylənilən fikirlər ilk baxışda yalnız fiziki şəxslərə aid olsa da, aydındır ki, firma və şirkətlər də öz gəlirlərini maksimallaşdırmağa çalışır və investisiya fəaliyyətini həyata keçirən zaman hər şeydən əvvəl gələcək dividendlərini artırmağa istiqamətlənir. Nəticədə həm fərdi şəxslər və həm də institusional vahidlər gəlir normasının ssudaya görə faiz dərəcəsindən çox olduğu hallarda bank kreditini investisiyaya yönəltməyi üstün tutur.
«Krediti tətbiq etmə nəzəriyyəsi» hesab edir ki, investisiyanın artım sürəti təkcə faiz dərəcəsindən və gəlir normasından deyil, həm də kreditin əlverişliliyindən, yaxud verilmə şərtlərindən asılıdır. Aydındır ki, kreditin əlverişliyinə investisiya layihələrinə qoyulan kreditlərdən daxil olan pul kütləsi təsir göstərir. Ona görə də, aşağı faiz dərəcəsi şəraitində banklar və digər kredit təşkilatları kredit almaq istəyən firmalara üstünlük verir. Belə ki, həmin firmalar ucuz kredit şəraitində az gəlirli investisiya layihələrini də həyata keçirməyi məqsədəuyğun sayır. Lakin, banklar bir qayda olaraq yüksək inflyasiya və risk şəraitində daha sərt maliyyə-kredit mexanizmi tətbiq edir. Belə bir şəraitdə firmaların daxili vəsaitləri daha əhəmiyyətli olur.
«İnvestisiya prosesinin akselerasiyası» modeli güman edir ki, investisiyanın artım sürəti ilə iqtisadi inkişafın artım sürəti arasında korrelyasiya əlaqəsi var. Yəni o, iqtisadi artımdan törəyir və Keynsin göstərdiyi iqtisadi artım ondan asılı deyildir.
XX əsrin əvvəllərində Amerika iqtisadçısı D.B.Klark güman edirdi ki, investisiyaların həcmi məhsul buraxılışının təsiri altında dəyişir. D.B.Klark belə bir vəziyyəti müəssisənin fəaliyyəti ilə əlaqələndirir. O, qeyd edirdi ki, iqtisadiyyatda ümumi investisiya qoyuluşlarında müəssisələrin payı olduqca böyükdür. Fikrimizcə, onun bu tezisi investisiya fəaliyyəti çərçivəsində istifadə olunan vəsaitlərin çox hissəsinin müəssisənin birbaşa fəaliyyəti ilə bağlı olduğunu göstərir.
Digər Amerika iqtisadçı Nobel mükafatı laureatı D.Tobin Q investisiya nəzəriyyəsini təklif edir. O, qeyd edir ki, firmanın kapitalının bərpa dəyəri ilə bazar dəyəri arasında bir q-fərqi var. Əgər, bazar dəyəri bərpa dəyərindən çox olarsa, onda firma gələcək gəlirlərinin həcminin artması ilə yaxud, öz real kapitalını səhm buraxmaqla artıra bilər. Yox əgər q-fərqi mənfidirsə, onda firma öz investisiya fəaliyyətini həyata keçirmir. Çox vaxt iqtisadiyyatda investisiya anlayışına sinonim kimi kapitalın beynəlxalq hərəkətinə xidmət edən və beynəlxalq iqtisadi münasibətlərin forması mənasında işlədilən «kapital» anlayışından istifadə olunur. Beynəlxalq kapital öz hərəkətində bir sıra faktorlara əsaslanır və müxtəlif məqsədlər daşıyır.
Məlum həqiqətdir ki, müxtəlif investorlar tərəfindən təqdim olunan kapital sahibkar və borc şəklində olur. Birinci iqtisadiyyatın istənilən sahəsinə yönəldilə bilər və aşağıdakı istiqamətdə həyata keçirilir: a) qiymətl kağızların alqı-satqısı; b) xaricdə şəxsi firmaların tikilməsi; v) törəmə firmaların və filialların yaradılması; q) qarışıq tipli müəssisələrin yaradılması. Lakin yatırımın forması qiymətli kağızlara və əmlaka olan mülkiyyət hüququndan asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Bütün hallarda investisiya olunmuş kapitaldan istifadə edilməsinə nəzarət müəyyən dərəcədə təmin olunur. Nəzarət funksiyasının həyata keçirilmə dərəcəsindən asılı olaraq investisiyalar birbaşa və portfel investisiyalara bölünür. Birbaşa investisiyalar xarici firmanı bilavasitə idarə etmək, investora isə idarəetmədə iştirak etmək hüququnu verir. İkinci halda xarici firma üzərində nəzarət məhdudlaşıdırılır və invetorun müstəsna hüququ gəlirin müəyyən hissəsini əldə etməklə bitir.
Birbaşa və dolayı investisiyaların arasında sərhəddin qoyulması probleminin mühüm metodoloji əhəmiyyəti var. Danılmaz həqiqətdir ki, bu sərhəd şərti xarakter daşıyır və müşahidə olunan fərqlər özünü aşağıdakı əlamətlərlə göstərir. Vaxt amilinə görə istifadə portfel investisiyalar müvəqqəti olur və spekulyativ xarakter daşıyır. Birbaşa investisiyalar isə iqtisadiyyatın inkişafına və onun maliyyələşdirilməsinə uzun müddət təsir göstərir. Gəlirin əldə olunma səviyyəsindən asılı olaraq portfel investisiyaları «kapitala görə sabit gəlir əldə edilməsi» və «firmanın bütün istiqamətlərdə fəaliyyətinə nəzarət olunması» məqsədini daşıyır. Birbaşa investisiyalar yüksək gəlir əldə etməyi və dolayı investisiyalardan fərqli olaraq daha yüksək rentabelliyə nail olmağı hədəfləyir. İqtisadiyyatda investisiya qoyuluşunda yerinə və roluna görə birbaşa investisiyalar daxili bazara çox mühüm təsir göstərir. Belə ki, yeni iş yerləri yaradılır, marketinqin və menecmentin yeni formalarını tətbiq etməyi sürətləndirir və son nəticədə ölkənin beynəlxalq əmək bölgüsündə yerini və milli iqtisadiyyatın sahəvi strukturunu dəyişir.
Kapitalın beynəlxalq hərəkətində birbaşa xarici investisiyalar əsas yer tutur. Birbaşa xarici investisiyaların əsasında müəssisələr arasında uzunmüddətli işgüzar əlaqələr yaranır, investor və kreditorlar vəsait yerləşdirdiyi müəssisədə qərarların qəbul edilməsində əhəmiyyətli rol oynamağa başlayır.
Aydındır ki, birbaşa xarici investisyaların ixrac və idxalının səbəbləri kifayət qədər müxtəlif ola bilər. Əsas səbəb kimi kapitalın maksimum gəlir gətirə biləcək ölkədə yerləşdirilməsi, vergi ödəmələrinin səviyyəsinin azaldılması və risklərin diversifikasiyası göstərilə bilər. BMT-nin iqtisadi qurumlarının rəhbərliyi altında aparılan çoxsaylı tədqiqatlar göstərir ki, birbaşa investisiyaların ixracı və idxalının spesifik səbəbləri əhəmiyyətli dərəcədə üst-üstə düşür.
Birbaşa investisiyaların ixracının səbəbləri kimi aşağıdakıları göstərmək olar:
* Texnoloji liderlik: Şirkətin satış həcmində elmi-tədqiqat işlərinə çəkilən xərclər nə qədər yüksəkdirsə, onun birbaşa xarici investisiyalarının həcmi də bir o qədər çox olur. Xaricə birbaşa investisiya ixrac etməklə firma və şirkətlər onlara məxsus olan və onların rəqabət üstünlüyünü təmin edən texnologiya üzərində nəzarəti əldə saxlamağa çalışır.
* İşçi qüvvəsinin ixtisas səviyyəsində olan üstünlük: İxtisas səviyyəsi adətən işçilərin əməyinin ödənilməsinin orta səviyyəsi ilə ölçülür. Şrikətdə əməyin ödənilməsi səviyyəsi nə qədər yüksəkdirsə (aşağıdırsa), onun birbaşa investisiya ixracı da bir o qədər çox (az) olur.
* İqtisadiyyatın miqyası: Şirkətin daxili bazara yönəlmiş istehsal həcmi və nə qədər çoxdursa (azdırsa), birbaşa investisiyaların ixrac həcmi də bir o qədər çox (az) olur. Şirkətlərin əksəriyyəti ölkə xaricinə investisiya qoymazdan əvvəl daxili bazar çərçivəsində milli iqtisadiyyatın imkanlarından tam istifadə edir.
* Təbii resurslara çıxışın təmin edilməsi: Şirkətin müəyyən təbii resurslara ehtiyacı nə qədər çox (az) olarsa, şirkətin bu resursun olduğu ölkəyə birbaşa investisiya yatırma ehtimalı da bir o qədər çox (az) olar.
* Digər səbəblər rolunda istehlakçının bilavasitə yaxınlığında müəssisə yaratmaqla əmtəənin istehlakçıya çatdırılması üçün sərf edilən nəqliyyat xərclərinin aşağı salınması və ölkə ərazisində müəssisə yaradılması yolu ilə ölkə tərəfindən tətbiq edilən idxal maneələrinin aradan qaldırılması çıxış edir.
Birbaşa investisiyaların idxalının səbəbləri kimi aşağıdakı faktorları göstərmək olar:
* Kapitala olan ehtiyac: Şirkətin kapitala olan ehtiyac nə qədər böyük (kiçik) olarsa, onun birbaşa investisiya idxalı da bir o qədər çox (az) olar.
* İstehsal xərcləri: Kapitalı qədul edən ölkədə istehsal xərcləri nə qədər aşağıdırsa (yüksəkdirsə), onun investisiya idxalının həcmi bir o qədər çox (az) olar.
* Daxili əmtəə bazarının müdafiə səviyyəsi: Kapital idxalı əmtəə idxalının alternativi kimi çıxış etdiyindən ölkənin daxili əmtəə bazarının gömrük və digər müdafiə səviyyəsi nə qədər yüksək (aşağı) olarsa, onun birbaşa investisiya idxalı da bir o qədər çox (az) olur.
* Bazarın ölçüsü, yaxud tutumu: Ölkənin daxili bazarının tutumu böyük olduqca investisiya idxalı da çox olur.
* Digər amillərə misal olaraq xarici birbaşa investisiyalar hesabına yaradılan sənayenin ixracyönümlülüyü və hökumətin iqtisadi inkişaf proqramlarının mövcudluğu göstərilə bilər.
Ümumilikdə isə birbaşa xarici investisiyaların yerləşdirilməsinin əsas motivi kimi satış bazarlarının genişləndirilməsini, ucuz resurslara çıxış imkanının yaranmasını və mülkiyyətin əldə edilməsini göstərmək olar. Məlum həqiqətdir ki, ucuz istehsal amilləri mənbələri əldə etmək baxımından birbaşa xarici investisiyaların həyata keçirilməsinə aşağıdakılar təkan verir:
Dostları ilə paylaş: |