Maliyyə-açıq “AzerGold” QSC və AMEA əməkdaşlığı genişləndirir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda təşkil olunan elmi seminarda İnstitutla “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış memorandum və müqavilə geniş müzakirə edilib.
“AzerGold” QSC-nin geoloji-kəşfiyyat şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev tədbirdə çıxış edərək nəcib və əlvan filiz yataqlarının istismara cəlb olunmasının perspektivləri, habelə əməkdaşlıq haqqında öz fikirləri ilə bölüşüb. Elmi seminarda aparılan ətraflı müzakirələr və fikir mübadiləsinin nəticəsi olaraq əməkdaşlığın davam etdirilməsi haqqında qərar verilib.
2016-cı ilin noyabrında “AzerGold” QSC ilə AMEA arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki araşdırılması və digər geoloji məsələlərin tədqiqi, həmçinin bu sahələrdə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı əhatə edir.
Memorandumda əvvəlcədən müəyyən olunmuş fəaliyyət planına uyğun olaraq cari ilin yanvar ayında imzalanan müqavilə çərçivəsində Geologiya və Geofizika İnstitutunun alim-mütəxəssisləri konsultant/ekspert statusunda işə cəlb olunub. Onlar Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində sulfid filizlərinin kəşfiyyatı və texniki-iqtisadi əsaslandırma layihəsinin hazırlanması, Filizçay kolçedan polimetal yatağı üzrə ilkin qiymətləndirmə sənədinin tərtib edilməsi, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində aparılan kəşfiyyat işlərinə yardım edəcək.
Azərbaycanda dağ-mədən sektorunun kompleks inkişafını hədəfləyən “AzerGold” QSC-nin fəaliyyətində yerli təhsil və elm ocaqları ilə əməkdaşlıq əhəmiyyətli yer tutur. AMEA ilə yanaşı Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə müxtəlif sahələrdə geniş əməkdaşlıq qurulub.