3.3. Bankların vergiyə cəlb edilməsi problemləri
Ölkəmizin iqtisad elmi və praktikasında aktual problemlərdən biri də dövlətin bazar strukturları quruculuğuna təsir edən mühüm aləti olan vergitutmanın inkişafı və təkmilləşdirilməsi problemləridir
Dövlətin vergi sistemi və vergi siyasəti istisnasız olaraq bütün bazar subyektlərinin iqtisadi maraqlarına toxunur. Bazar iqtisadiyyatının əsas seqmentlərindən biri əsasən kredit təşkilatlarında mövcud olan bank riskidir. Bank sistemi bazar iqtisadiyyatının mühüm tərkib hissəsi və makroiqtisadi vəzifələrin realizə olunması üçün çevik alətlərdən biridir. Banklar investisiya, innovasiya, struktur siyasəti, əhalinin gəlir siyasəti və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində dövlətin təsirli aləti rolunu oynayır. Eyni zamanda bank sistemi mikroproseslərin effektli dinamikasını təmin edən bazar infrastrukturunun əsas hissəsidir.
Təhlükəsizlik və iqtisadiyyatın tənzimlənməsi baxımından bank bazarının vergi tənzimlənməsi mühüm əhəmiyyətə malikdir. Bank və ictimai-siyasi sistemlərin funksionallıq və stabillik qabiliyyətləri arasındakı qarşılıqlı əlaqə tarixən dəfələrlə təsdiqlənmişdir. Bundan başqa, iqtisadi sistemin səmərəli fəaliyyət göstərməsi onun kredit sistemindən və deməli banklardan əhəmiyyətli dərəcədə asılıdır. Dövlətin iqtisadi siyasətinin aparılmasında iqtisadiyyatın əlaqələndirici həlqəsi kimi bank sisteminə xüsusi yer ayrılması, bankların vergiyə cəlb olunması, bank və vergi orqanlarının qarşılıqlı əlaqələri, kommersiya banklarının fəaliyyətinin vergi tənzimlənməsi məsələlərinin tədqiqini aktuallaşdırır.
Bank sisteminin sonrakı islahat vəzifələrindən biri kredit təşkilatlarının vergiyə cəlb edilməsi sisteminin təkmilləşdirilməsidir. Bank və digər kredit təşkilatları üçün vergi orqanları ilə qarşılıqlı münasibətlər, hər iki tərəf üçün optimal qərarların qəbul edilməsini tələb edən problem məsələlərdən biridir. Nəzərə almaq lazımdır ki, bank və digər kredit təşkilatları, vergi qanunvericiliyinin bütün təsərrüfat subyektlərinə və təsərrüfat mexanizminin fəaliyyətinə bir çox aspektlərinə təsir edən, əksər qaydalarının öz həllini tapmamış və ziddiyyətli çətinliklərini öz üzərində daşıyırlar.
Kommersiya bankları və kredit təşkilatları vergi münasibətləri çərçivəsində vergitutma subyekti (vergi ödəyicisi) və vergi nəzarəti agenti kimi çıxış edə bilərlər.
Qüvvədə olan vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti subyektləri kimi kommersiya bankları və kredit təşkilatları əksər aparıcı vergilərin (mənfəət vergisi, ƏDV, əmlak vergisi, qiymətli kağızlarla əməliyyatlar üzrə vergi, nəqliyyat vergisi) ödəyicisi kimi büdcə qarşısında öhdəlik daşıyırlar. Bununla yanaşı, onlar həm də gəlir vergisi və dövlət büdcədənkənar fonlarına ayırmaların ödəyiciləridir. Kredit təşkilatları tərəfindən ödənilən vergilər arasında daha çox əhəmiyyət kəsb edən və hesablanma xüsusiyyətlərinə malik olan olanı ƏDV, mənfəət vergisi və əmlak vergisidir.
Mənfəət vergisi üzrə vergitutma bazası müəyyən edilərkən yaranan ən ciddi problemlərdən biri bank və digər kredit təşkilatlarının vergitutulan mənfəəti ssudalar üzrə mümkün ola biləcək itkilərə görə ehtiyatlara ayırmaların məbləği qədər azaltmaq hüququna malik olmasıdır.
Ölkəmizin ərazisindəki kredit təşkilatları mürəkkəb qeyri-sabit iqtisadi şəraitdə fəaliyyət göstərdikləri üçün bütün risklər məhz bu amillə bağlıdır. Belə olan halda vergitutma bazası müəyyən edildikdən sonra kredit riskləri üzrə ehtiyatların yaradılması mənasızdır. Əksinə, əgər həmin ehtiyatlara ayırmaların məbləği bankın xərclərinə aid edilsəydi bu kommersiya banklarının maliyyə dayanıqlığını artırardı ki, bu da ümumilikdə respublikamızda bank sisteminin möhkəmlənməsinə pozitiv təsir göstərmiş olardı.
Bank və digər kredit təşkilatlarının ƏDV cəlb edilməsi xüsusiyyəti vergitutulan əməliyyatlar üzrə vergitutulan dövriyyənin digər vergi ödəyicilərindən fərqli müəyyən edilməsidir. Belə ki, kredit təşkilatlarında ƏDV cəlb edilən bank əməliyyatlarını həcmi nisbətən azdır.
Vergitutma bazasının hesablanması, vergi və digər məcburi ödənişlərin ödənilməsi qaydası, vergi qanunvericiliyində vergitutma subyektləri və nəzarət orqanlarının hüquq və vəzifələrini müəyyən etməklə reqlamentləşdirilir.
Bank və digər kredit təşkilatları həm bütün vergi ödəyiciləri üçün müəyyən edilmiş ümum, həm də yalnız bu təsərrüfat subyektləri üçün xarakterik olan xüsusi hüquq və vəzifələrə malikdirlər. Bu bank və digər kredit təşkilatlarının vergi sistemində tutduğu mövqe və bank əməliyyatlarının səciyyəvi xüsusiyyətləri ilə bağlıdır.
Eyni zamanda, vergi qanunvericiliyinin pozulmasına görə bank və digər kredit təşkilatlarının məsuliyyət sistemindəki xüsusi yer Vergi Məcəlləsinin 60-cı maddəsində təsbit edilmiş maliyyə sanksiyalarına malikdir.
Büdcəyə vergi ödənişlərinin həcminə görə bank və digər kredit təşkilatları vergi ödəyici olan digər hüquqi şəxslər arasında böyük xüsusi çəkiyə malikdir. Lakin, bank və digər kredit təşkilatları vergi ödəyicisi kimi fəaliyyət göstərilməklə yanaşı, bir sıra mühüm funksiyalar yerinə yetirirlər.
Ölkəmizin kredit sisteminin xüsusiyyəti onların vergi qanunvericiliyinin kassa icrasında iştirak etməsidir, yəni onlar fiskal nəzarətçisi rolunu oynayır (məsələn, borcluların hesabların qeydiyyata alır, müştərilərin vergi və digər məcburi ödənişlərinin büdcəyə köçürülməsi üzrə hesablaşma əməliyyatları həyata keçirir, müəssisələrin hesablarındakı vəziyyət haqqında vergi orqanlarına məlumat verirlər).
Kommersiya bankları və digər kredit təşkilatlarının vergiyə cəlb edilməsinin təhlili belə nəticə çıxarmağa əsas verir ki, bank fəaliyyətinin hüquqi əsasları və xarici ölkələrin vergi hüququ müfəssəl qaydada öyrənilməlidir. Bank sektoru vergitutma baxımından heç bir güzəşt və üstünlüklərə malik olmalı deyil. Eyni zamanda kredit təşkilatlarına münasibətdə vergitutmanın şərtləri digər hüquqi şəxslərdən pis olmamalıdır. Bank xidmətlərinin maya dəyəri və vergitutma bazasına aid edilən gəlir və xərclərin müəyyən edilməsi kredit təşkilatları üçün prinsipial əhəmiyyət kəsb edir.
Kredit təşkilatlarının vergiyə cəlb edilməsi sisteminin təkmilləşdirilməsi baxımından birinci növbədə qarşıda duran məsələlər aşağıdakılardır:
vergitutma məqsədləri üçün nəzərə alınan gəlir və xərclərin tərkibindən kredit təşkilatlarının nizamnamə kapitalına ödəniş kimi daxil olmuş xarici valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsini çıxmaq lazımdır;
düzgün əməliyyat və sazişlərdən irəli gələn risklərə görə normativ aktlara müvafiq olaraq yaradılmış bütün ehtiyatlar, kredit təşkilatlarının mənfəət vergisi üzrə vergitutma bazası hesablanarkən nəzərə alınan ehtiyatların tərkibinə daxil edilməlidir;
istehsal təyinatlı obyektlər (bilavasitə bank fəaliyyətinə aidiyyəti olan) üzrə kapital xarakterli məsrəflər, həmçinin bankın filial və nümayəndəliklərinin təşkili ilə əlaqədar xərcləri mənfəət vergisi üzrə vergitutma bazası hesablanarkən nəzərə alınan xərclərə daxil edilməlidir;
qeyri-maddi aktivləri bank fəaliyyətinə aidiyyəti olan obyektlərə aid etmək lazımdır.
Bu onlar üzrə hesablanmış köhnəlmə məbləğini göstərilən bank xidmətlərinin maya dəyərinə və mənfəət vergisi üzrə vergitutma bazasına daxil etməyə imkan verər; qeyri-məhsuldar və kölgə biznesini stimullaşdıran xarici pul nişanları və ödəniş sənədlərinin alışına görə vergini ləğv etmək lazımdır.
Ölkəmizdə bank işinin inkişafı və vergi sisteminin təkmilləşdirilməsi iki paralel və qarşılıqlı əlaqədə olan yollardır. Kredit təşkilatlarının dövlət vergi tənzimlənməsinin köməkliyi və vergilərin stimullaşdırıcı funksiyası vasitəsi ilə maliyyə disbalansının azalmasında və iqtisadiyyatın sabitləşməsində əhəmiyyətli nailiyyətlər əldə etmək olar.
Dostları ilə paylaş: |