Marketoloq- sənayecə inkişaf etmiş Qərbi Avropa ölkələrində, ABŞ-da və yaponiyada marketinq xidməti sistemində əsas, aparıcı peşə sahibi, mütəxəssisdir. Marketoloq - bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyət sferalarında tez-tez rastlaşılan və bir-biri ilə qarşılıqlı və üzvi əlaqədə olan : tələb, təklif, istehsal, ehtiyac, mal, xidmət, mübadilə, sövdələşmə, bazar, qiymət və s. ilə bilavasitə bağlı olan, digər iqtisadi-sosial amillərin mahiyyətini, məzmunu, vəzifələrini və s. kamil bilən, elmi araşdırmalar və tədqiqatlar aparmağı, nəticələr çıxarmağı və elmi tövsiyələr verməyi bacaran marketinq üzrə mütəxəssisdir. Məlum olduğu kimi marketinq- iqtisadi və ictimai fəaliyyətin ən zəruri və əsas növlərindən biridir. Onun başlıca məqsədi - şəxsi və ictimai tələbatı ödəyə bilən miqdarda əmtəə satışı işini həyata keçirmək, istehsalın yüksək səmərəliliyini və gəlirliliyini təmin etməkdir. Məhz bu məqsədlərin həyata keçirilməsində marketoloqun xidməti əvəzsizdir. Marketinq xidməti sistemində çalışan bütün rəhbər işçilər və aparıcı mütəxəssislər (o cümlədən marketoloqlar) idarəetmə kadrlarına olan ümumi tələblərə cavab verməlidir.