İsgəndər dünyanın yarısını aldıqdan sonra dirilik suyu tapmaq üçün gəlir çıxır qarannıx dünyaya. Burada Cənab Allah mələklərlə ona qızıl kasada suyu göndərir. İsgəndər göndərilən bu sudan şübhələndiyi üçün içmir, qismət deyilmiş. Bunnan sora İsgəndər qarannıx dünyada neçə il yol gedir. Yolnan gedəndə əmr eliyir İsgəndər ki, qocaları, yaşdıları atın, cavannar gəlsin. Hamı qocaları, atalarını, analarını atır. Bir oğlan atasını qoyur sandığın içinə, qoyur dəvənin üstünə. Hər gecə camaat yatannan sora açır sandığı, kişini yedirdir, icirdir, çölə çıxardır. Gün gəlir, İsgəndər işıqlı dunyaya yol tapa bilmir. Neçə günnər axtarır, heç kim yol göstərə bilmir. Hara gedir, yol bağlanır üzünə. Bir gecə bu gənc atasını sandıqdan cıxardanda kişi deyir:
– Oğul, nədi bu İsgəndər girinc qalıb belə?
Deer:
– Ata, padşah yol tapa bilmir.
Kişi deyir:
– Hə, sabah o soruşacağ sizdən, soruşanda deyərsən ki, bir madyanın təzə doğulmuş balasını kəsin gözünün qabağında, buraxın. O, sizə yol göstərəcək.
Sübh vaxtı yenə İsgəndər əmr edir:
– Tədbir!!!!
Oğlan deyir:
– Ya İsgəndər, bəs belə etsək, biz yol tapa bilərik. Helə də edirlər, madyanın balasını kəsillər, özünü də buraxıllar. At kişnəyir, başdıyır qaçmağa. At qaçır, bular qaçır. Nəhayət, çıxıllar işıqlı dünyaya. Çıxannan sora İsgəndər əmr edir, qoşun dayan! Padşah həmin oğlana üzünü tutub deyir:
– De görüm bu tədbiri sənə kim deyib?
Oğlan deyir:
– Ya İsgəndər, sən qaranlıq dünyada əmr etdin ki, qocaları atın, amma mən qoca atamı atmadım.
İsgəndər dedi:
– Hardadı atan bəs?
Deer:
– Sandığın içində.
Deer:
– Endirin sandığı.
Endirillər. Baş əyir qocanın qarşısında İsgəndər. Başa düşür ki, qocaları atmaq olmaz.