Əleydər Məlikov, doğum tarixi 1933, təhsili yoxdur, Hacıtəpə kəndi
Toplayıcı:
Füzuli Bayat
20. BİCAR MAHNILARI
Çəltik əkini
Bicar çəltiydi. Çəltig əkininə əvvəla bicar yeri deyillər, çəltih yetişdirmənin adı bicardı. Bicar olan yerə su doldurullar. Bicar yeri kvadrat şəklində olur. Toxumu həmin yerə səpillər. Burda çıxannan sora, keçirillər onu məcrə deyilən yerə. Orda da eyni bicarrığ kimi olur. Kvadrat şəkilində olur bütün sahə hamısı. Onun içində həm gəzillər, həm də ki, onun içinə su buraxıllar ki, su axıb getməsin, çəltigin dibində qalsın. Bicarrığ da elə olur. Çəltih suyun içində yetişir. Yetişənnən sora da burda yonullar dəstə-dəstə, topa bağlıyıllar, onları aparıllar bir-bir. Orda qadınnar əkir dal-dala, götürür tez-tez əkə-əkə dal-dala gedillər. Çəltih suyun içinə əkilir.
Yığılanda da ki, keçmişdə əlnən biçərdilər. Çinnən biçib dərz-dərz bağlardılar. Sora çəltigi döyməyi də dinglə döyərdilər. Dingin ağzı mismar kimidi, bu, çəltiyə dəyib ona əzməydən ötəridır. Bizim yerli düyü sədri düyüsüdü. Bir az kobud dügüdü, güdəydi. İndikilərdən iki dəfə güdəy, ona görə də topal deyərdilər. Amma çox yaxşı xörəyi olurdu. Onun plovunun iysinə doymaq olmazdı. Yoldan keçənlər hamısı bilərdi ki, bu evdə plov bişib.
* * *
O vaxtlar bizim kətdə çəltih əkərdilər. Sarı siyəzilər olardı və bi də ki, çual olardı. Düyünü yığardıq ora. Bi dənə düyü düşsəydi aşağı, o vaxt irəhmətlih qağam diyərdi:
– Ay bala, bunu ayaqlamıyun haa, qulfuvallahdı.
Dügü qulfuvallahdı. Elə bil ki, Allahın ən əziz yaratdığı odu də. Ən birinci biz onu əkəndə diyirdik, bismillahi rəhmani rəhim. Allah! Özün min bərəkət ver! Nur bərəkət ver! Bərəkətli olsun!
Bicarda xüsusi qaydalar vardı. İşdiyərdilər, qutarardılar, yemək sırasına korgar diyərdilər. Məsələn, günortaya kimi işimiz var, günortadan sora yeməh bişirməh lazımdı. Hə onda hamı bi iskan nehrə yağı, bi də beləncik bankə dügü hamımız aparardıq. Məsələn, üc, dört dənə yumurta, onnan sora göy soğan, hayatdan kişniş, varsa başqa şeylər də olardı. İki-üc dənə arvad ayrılardı, olar günorta bişirərdilər. Hər burqəder də, səni başa salım, iyirmi, iyirmi iki nəfər adam, məsələn, bu gün Füzulinin burqederi korgar edəcəh, sabah yox biri gün bir başqası korgar edəcəh. Hərkəsən özü eliyərdi. Şənlənərdik, qırğın, qiyamat. Halaya gedərdih:
Yerişin qaza bənzər, boyun şahbaza bənzər,
Mən səni görənnən qış günü yaza bənzər.
Çəltiyi soranda da deyərdih:
Saman sənin, dəni mənim.
Belə diyərdik də, səfeh vaxtlarımız idi.
Çəltigi də, buğdanı da biz həmişə kosarıya yıgardıq. Kosara da həsirdən düzələrdi, qurd basmasın diyə. Bir il qalır, il yarım qalır, bala. Hec zad olmurdu.