Bir dəfə Cəfərin Hacı Vəlidən acığı var imiş. Məqam gəzirmiş ki, əvəz çıxıb acığını soyutsun. Bir gün Hacı kənd ağsaqqallarından birini evinə qonaq çağırmaq üçün Cəfəri onun ardınca göndərir. Cəfərin əlinə fürsət düşür. Düşür kəndin bu başından o başına kimi 10-15 adama deyir ki, Hacı sizi şam yeməyinə qonaq çağırır. Onlar da Hacının nə isə bir məsələ müzakirə edəcəyini düşünüb onun evinə gəlirlər. Bəli, adamlar bir-bir evə daxil olub, salam əleyküm, – deyib keçib otururlar. Hacı da gələnlərə mat-mat baxıb heç nə deyə bilmir. Bilir ki, bu, Cəfərin növbəti oyunlarından biridir. Çarəsiz qalıb bir nəfərlik şam tədarükünü artırmağa məcbur olur. Deyirlər ki, Cəfər qəzəblənmiş Hacının gözünə düz 10 gün görünmədi.