İxtiyar babalar nəql edirlər ki, ötən əsrdə Mahmudavarın Bəyoba məhəlləsində ucaboylu, ağırçəkili, döyüşkən xarakterli, amma əqli cəhətdən bir qədər küt, nəhəng bir pəhləvan yaşayırdı. O, on nəfərin yeməyini bir oturuma yeyir, yedikcə də doymazdı. Kimə əl verib görüşsəydi, qolunu burar, yerindən çıxarardı. Bu cəhətinə görə çoxları ona əl verməkdən çəkinərdi. Deyirlər, bu əcaib məxluqda o qədər güc vardı ki, öküzü vurub yerə yıxar, bir neçə illik ağacı isə dartıb yerindən çıxarardı. Məhəllə, tayfa davalarında, əlbəyaxa döyüşlərində onun misli yox idi. Onun döyüşqabağı bir xasiyyəti də var idi. Pəhləvan köynəyini soyunar, yanındakılara deyərdi ki, çiyinlərinə qırmanc və ya ağacla bir neçə bərk zərbə vursunlar ki, qızışsın. Bundan sora qızışıb bütöv bir kəndin əhalisini qabağına qatıb qovur, əlinə keçəni isə şikəst edərdi.