İki nəfər bir-birinnən sözləşirlər. Gedillər işləməyə. Biri yiyib-içən olur, biri pulun yığan olur. İki ildən sora bu Talış dağları tərəfindən gəlirlərmiş üzü bu yana.
Bu yiyib-içən bir azdan o birinə diyir:
– Qardaş, nəyin var, gedirsən?
Diyir:
– Mənim işdəyib yığdığım bütün pulum bax bu taxta çamadanın içindədi.
Diyir:
– Bəs sənin nəyin var?
Diyir:
– Mənim elə yol pulum var, başqa bir şeyim yoxdu. Mən yedim-içdim, kef elədim.
Gəlib keçirlər bunlar bir az bu tərəfə, o pul aparanı yiyib-içən vurur öldürür. Görür ki, canı çıxmır, əl atır boğazına boğmağa, bu, bunun əlin belə eliyir, diyir:
– Bi dənə söz diyim, sora məni boğarsan.
Diyir:
– De.
Diyir:
– Mən gələndə yoldaşım hamilə idi. Gedib deyərsən qız da olsa, oğlan da olsa uşağın adın qoysun, Hak var, divan yox.
Diyir:
– Hə, neynək, deyərəm.
Əl atır, bunu boğur, pulunu da götürür, çıxır gəlir evinə. Gəlir bu ölənin evində ağlayır, gözünün yaşını tökür. Diyir:
– Belə burnundan qan axdı, belə öldü, mən də onu orda dəfn elədim. Vallah, heç bir şeyi yox idi. Mən də elə boş gəlmişəm. Onun da heç zadı yox idi.
Bu görür beşikdə körpə bi uşaq var diyir:
– Uşağın adı nədi?
Diyillər:
– Adın qoymamışıq hələ.
Diyir:
– O, mənə dedi ki, uşağın adını qoysunlar Haq var, divan yox.
Diyir:
– Oğlandı, qız?
Diyillər:
– Oğlan.
Diyir:
– Hə, neynək.
Bu Haq var, divan yox gəlir beş-altı yaşında olur. Bi gün anası çağırır diyir:
– Ay Haq var, divan yox! Gəl evə!
Yoldan da padşah kecirmiş, diyir:
– Vəzir bu nə işdi, bu necə addı? Haq var, divan yox. Necə yəni? Mənim ölkəmdə Haq var, divan yoxdu yəni?! Haq var! Divan da var!
Diyir:
– Get gör kimin əhli-əyalıdı bu?
Vəzir uşaqdan soruşur:
– Sən kimin uşağısan?
Uşaq diyir:
– Bilmirəm.
Vəzir sora ölən kişinin yoldaşından soruşur:
– Bacı, yoldaşın var?
Diyir:
– Yox. Rəhmətə gedib.
Diyir:
– Bu uşağın adını niyə Haq var, divan yox qoyubsuz?
Diyir:
– Qardaş, bunu atası rəhməttik qoyub.
Vəzir gəlir, hər şeyi şaha danışır.
Bunlar gedillər harasa, səfərləri var imiş. Qayıdanda şah bu arvaddan soruşur, diyir:
– Sən niyə uşağın adını Vəli, Pirvəli qoymadın? Haq var, divan yox qoydun?
Diyir:
– Şah sağ olsun, belə-belə yoldaşım getmişdi filankəsnən işləməyə. O qürbət yerdə ölüb. O filankəs də gəlib dedi ki, bəs uşağın atası belə vəsiyyət elədi ki, uşağın adını Haq var, divan yox qoysunlar.
Şah başa düşür ki, burda bir şey var, deyir:
– Gedin o adamı çağırın.
Gedib o adamı çağırırlar.
Şah diyir:
– Doğrusunu de, yoxsa səni tikə-tikə elətdirərəm.
Diyir:
– Öldürmə məni, hamısın diyərəm.
Olduğu kimi danışır hər şeyi.
Şah diyir:
– Mənim qurduğum dövlətdə haq var, divan da var.
Diyir:
– Pul hanı?
Diyir:
– Bir az xərcləmişəm, qalanı da qalır.
Diyir:
– Pulu gətir!
Qadına o pulu qaytarıllar, bunu isə padşah dar ağcından asdırır. Diyir:
– Mənim qurduğum dövlətdə haq da var, divan da var!