Belə nağıl edirlər ki, bir gün Çar hökumətinin Malağan (indiki Kalinovka) kəndində oturan polis naçalniki Qaçaq İbadı tutub salır dama. Onun haqqında şikayətdən bezən naçalnik deyir ki, damda onun yanında özüm oturacağam. Görüm necə oğurluq edəcək bu sizin İbad. Bəli, kişini dama salıb oturur, özü də keşik çəkməyə. O vaxt elektrik işığı da yox idi, ona görə də günəş batan kimi hər tərəf olur zülmət qaranlıq.
Sən demə, qoçağım İbadı tutub bura gətirəndə yolda bir neçə at görür və öz-özünə deyir ki, gərək o atları aparam. Atlar da kimin ola, Qızılağac camaatının.
Bəli, Qaçaq İbad damda yatır, fikri isə atların yanında. Necə eləsin, necə eləməsin, buradan çıxsın. Əlqərəz, kişi necə eləyir, kimi aldadır, kimi qorxuzur, heç kəs bilmir, amma gecənin bir vaxtı damdan çıxıb üz qoyur həmin atları gördüyü yerə. Od kimi atları tutub üz qoyur Ərkivan tərəfə. Orada adamları varmış, atları onlara verib ki, ötürsünlər İran səmtə. Kimlə gəlir, nə ilə gəlir, yenə heç kəs bilmir, gəlib oturur damda.
Səhər naçalnik tezdən durub görür ki, Qaçaq İbad dəstəmaz alır, namaz qılmağa hazırlaşır. Sakit olur ki, şükür olsun, İbad bir ziyanlıq eləməyib. Az keçmir, Qızılağac kəndindən bir neçə adam gəlib naçalnikə şikayət edirlər ki, İbad bizim atları oğurlayib. Naçalnik bu şikayətçilərə qəzəblənərək İbadın bu axşam damda, onun nəzarəti altında qaldığını deyir. Beləliklə, Qaçaq İbadın oğru olmamasını yəqinləşdirərək qapını açaraq onu azad edir.