Bir tarixəssələt varlı ölür. Molla ölənin böyük oğlunu çağıtdırıb deyir:
– Bilirsən də dədən ömründə oruc tutmayıb, namaz qılmayıb, bir kəsə də xüms-zəkat verməyib, böyük günahkardır. Bir nəfərə çox pul ver, birinci gecədə qəbirdə uzansın, onda dədənin günahı azalar. Oğlu razılaşır. Kənddə bir oduncu var idi. O da hüzürdə iştirak edirdi. Ona müraciət edib deyir mərhumun böyük oğlu:
– Ay kişi, sən meşədən ulaqla odun gətirirsən, satırsan külfətini dolandırırsan, bunu bilirik. Sən belə elə bir gecə dədəmin yanında, qəbirə uzan, yüz tümən sənə verəcəyik. Kişi fikirləşir, görür ki, bu çox sərfdir. Gündə heç beş tümən də qazanmır. Fikirləşir ki, on gün bu pula yeyib, içərəm, elə eşşək də dincələr. Nəhayət, molla tələqeyd deyir. Həmd surəsi ətrafa yayılır. Ölü ilə bu odunçunu bir qəbrə qoyub, ayaq tərəfindən bir oyuq qoyurlar ki, diri olan nəfəs alsın. Kişi yorğun olduğundan, həm də pul həvəsi ilə bərk yuxuya gedir.
Gecənin bi yarısı səsə ayılır. Görür ki, qəbir ayaq tərəfindən sökülür. Hövlan qalxıb dik oturur. Buna o saat əyan olur ki, gələn ənkir-münkürlərdir, hesabata gəliblər. Gələnlər o birinə deyir:
– Ayə, İnkir hansından başlayaq?
Münkir deyir ki:
– Ölən ölüb, diridən başlayaq.
Bəli sorğu-sual başlayıblar:
– Kişi, yaşın sənin neçədi, ibadətin var, ya yox, Həm də hal-hazırda nə işlə məşğul olursan?
Özünü itirən yazıq deyir ki:
– Yaşım yetmişdi, namaza təzə başlamışam, sənətim meşədən ulaqla odun qırıb gətirməkdir.
Deyirlər:
– Adam, gedəndə eşşək odunsuz idi minmişdin, axı gələndə yazıq heyvana odun yükləmışdin, onda niyə minmişdin. Ədə, İnkir, bu köpəkoğlunu kötəklə.
Əlqissə bunu səhərəcən kötəkləyirlər. Əldən düşmüş odunçunun ürəyi gedir. İşlərini görüb qutaran hesabatçılar süb tezdən qəbri tərk edirlər. Kişi təzə özünə gəlib zarıldayırdı ki, ölü yiyələri gəlib bunu çəkirlər çölə. Görürlər and ola Allaha bunda salamat yer yoxdu. Başı, gözü Hacıtəpə kövşəni kimi dobaz-dobazdır. Yıxıldılar bının üstünə ki, ə kişi, sənə nə olub, bə bizim dədəmizin işi nə oldu. Odunçu özünü ələ alıb bərkdən bağırır:
– Dədəəzin də goru belə olsun, mən bir eşşəyin hesabatını verib qutarmışdım ki, qalmışdı sizin gorbagorunuz.