Yenə bir gün yol müfəttişi Zakiri saxlayıb deyir ki, sən öləsən, səndən bir “Lenin” alacağam.
Zakir deyir:
– Yaxşı, verməyən də kişi döyül, almayan da...
Razılaşırlar. O, üstündə Leninin şəkli olan dəmir (danqa) manatı çıxarıb verir, müfəttiş yerində donub qalır.
– Mən on manat demişəm.
Zakir:
– Ortada kişi söhbəti var.
Müfəttiş sözündən qaça bilmir, məcbur olub dəmir manatı alır və başını bulayır:
– Ömrümdə belə sürücüyə rast gəlməmişdim.
İran səfəri
İranda olarkən Zakir hansı bir qanunusa pozur. Onu polis idarəsinə aparıb, 80 şallaq vuracaqlarını bildirirlər. Asılan şallaqları görəndə rəngi saralır, udqunur. Özü-özünə deyir:
– İlahi, bu nə oyundu mən düşdüm? Bu şallaqlara dözmək olar?
Çox yalvar-yaxar, o yan, bu yan, qonaq olduğunu nəzərə alıb, 40 şallaq vuracaqlarını bildirirlər. Zakir özü-özünə deyir ki, ey dili qafil, 50 faiz düzəlib, qalıb 50 faiz. Yenə boynunu çiyninə qoyur, yazıq-yazıq yalvarır.
– Baba, rəhminiz gəlsin mənə, fağır, yetim bir şurəviyəm. 40 şallağa yox, hec 4 şallağa dözməyə qiryətim çatmaz. Yaxşılığı eləmisiz, axıra qədər eləyin. Ölsəm, Şurəvi sizə müharibə elan edər...