Söyləyicilər:
Mədinə Həsənova, doğum tarixi 1941, təhsili 7-illik, Xırmandalı kəndi
Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musaküçə kəndi
Əlizaman Baxış, Hacıtəpə (Keçmişdə və indi), B., 2010
Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı kəndi
Həlimə Rzayeva (həbəçi), doğum tarixi 1924, təhsili yoxdur, Digah kəndi
Aslan Həsənli, Dünya mənə ilişmə, B., 2007
Nurməmməd Ağa, Boradigah. B., Təhsil 1992
Toplayıcı:
Füzuli Bayat
17. DİNİ RƏVAYƏTLƏR Həzrət Əli əleyhissalam
Həzrət Əli əleyhissalam səkkiz yaşında olanda, gedir əmisi oğlu Həzrət Məhəmməd peyğəmbərin yanına. Deyir:
– Əmioğlu, nə eliyirsüz?
Deyir:
– Əmidostun Xədiceyi Kubreynan namaz qılıruğ.
Deer:
– Gedim onda mən də atamnan icazə alım, namaz qılım.
Səkkiz yaşındeydı. Gəlir öz-özünə fikirrəşir, deer, yaxşı, Allah məni xəlq eliyəndə atamnan icazə almışdı?! Mən niyə atamnan icazə almalıyam?!
Səhər açılan kimi durur, dəssəmazın alır, gəlir namaza. Namazı qılır, deer:
– Ya rəbbim! Allahnan mənim aramda pərdələr götrülseydi, mənim Allaha zərrə qədər inamım artmazdı. Amma, mən elə Allahımı görmüş kimiyəm.
Deer:
– Ya rəbbim! Mən sənin nə cənnətinnən qorxuram, nə də cəhənnəminnən. Yalnız sənin mərhəmətüə görə ibadət eliyirəm.
Sən nə vaxt özüvü xoşbəxt hesab edirsən?
Həzrət Əliyə deyirlər ki, ya Əli, sən nə vaxt özüvü xoşbəxt hesab edirsən? Mən özümü onda xoşbəxt hesab edirəm ki, mən danışanda, məni dinləyənlər mənə qulaq asanda özümü xoşbəxt hesab eliyirəm. Əgər asmazlarsa, mən dünyanın bədbəxtiyəm. (Mən indi bu dəyqə xoşbəxtəm ki, məni gör neçə nəfər dinniyir).
Həzrət Əlinin nəzakəti
İmam Əliynən bir kəs yol gedirmiş, bunlar ikisi də yolnan gedirmişlər, Həzrət Əli soruşur:
– Sən hara gedirsən?
Diyir:
– Mən Mədiniyə gedirəm.
Diyir:
– Bəs sən hara gedirsən?
Diyir:
– Mən Şama gedirəm.
Şama, Mədinəyə gedən yollar bir-birindən ayrılırlar. Bu Şama gedən bi də görür ki, İmam Əliynən yolu söhbət eliyə-eliyə gedirlər. Bu kişi bi mövzu başlıyır söhbət eliyə-eliyə gedirlər. Bi də baxır görür ki, bu İmam Əlidi bilmirmiş a, bu niyə mənimlə gedir. Sual eliyir ki:
– Ya Əli, axı siz Mədiniyə gediceydiz, Şama niyə gedirsiz?
Diyir:
– Sən sözünü bitirib qurtarmıyıbsan, ona görə mən sənə bura qədər yoldaşlıq elədim.
Haqqını halal eləmirsən?
Bi övlad ata-anasın çox incidərmiş. Bi gün olur ata-ana Peyğəmbər Əleyhisalamın yanına gəlirlər ki:
– Ya Peyğəmbər, bu uşağ can verir, ancağ canın tapşıra bilmir ki, bilmir. Gecədən can verir, sübh namazıdı, bu canını tapşıra bilmir.
Peyğəmbər durur, gəlir, baxır görür ki, həqiqətən oğlan canını tapşıra bilmir.
Diyir:
– Hardadı bunun anası?
Diyirlər:
– İçəri gəlmir, çöldədi.
Diyir:
– Çağırın onun anasın gəlsin içəri.
Qadın gəlir içəri.
Peyğəmbər diyir ki:
– Sənin oğlundu, Allah dərgahına qovuşa bilmir.
Diyir:
– Hə.
Diyir:
– Bu sənə neyniyib?
Diyir:
– O, məni o qədər döyüb, o qədər mənə nəlayiğ sözlər deyib, o qədər məni incidib ona görə o, canın tapşıra bilmir.
Diyir:
– Haqqını halal eləmirsən?
Diyir:
– Yox, eləmirəm.
Diyir:
– Gəlin onda bu oğlanı o ananı nə qədər döyübsə eblə döyək. Nə qədər pis söz deyibsə, eblə söz deyək.
Ana gəlir əlini qoyur oğlunun alnına diyir:
– Yox, mən qıymaram ki, ona bu qədər əzab-əziyyət verilsin.
Elə həmən dəmdə də Allah-taala onu öz dərgahına qovuşdurur.
Namaz qılmayan adamın haqqı
Bi dəfə də Peyğəmbər oturmuşmuş bi dağın ətəyində. Görür bi dənə yolçu gedir, diyir ki:
– Gəl mənimlə nahar eylə.
Həmən adam gəlir oturur bunnan çörəy yeməyə, ağzına tikəsin aparanda Peyğəmbər soruşur bunnan:
– Namaz qılırsan?
Diyir:
– Yox, qılmıram.
Qılmıram deyəndə Peyğəmbərin üzü tutulur. Kişi hiss eliyir ki, onun namaz qılmamağına görə bunun acığı gəldi. Yavaşcalı durur ayağa. Düzəlir yoluna gedəndə, Allahdan nida gəldi, ya Peyğəmbər, o kişinin yetmiş iki yaşı var. Yetmiş iki ildi mən o bəndəmnən dolanıram, rəftar eliyirəm. Sən nəyə görə, mənim yetmiş iki ildir çörəyini əksik etmədiyim bəndəmi xor gördün? Səni Peyğəmbərliyindən endirəcəm. Sən nəyə görə, bi loxma çörəyinə görə mənə ibadət eləmir, deyə onu qınadın. Sənə nə onnan, onun çörəyini boğazında qoydun.
Peyğəmbər durdu getdi həmən kişini tapdı, könlünü aldı, gətirdi otuzdurdu süfrəsində.
Dostları ilə paylaş: |