Duz əhvalatı
Rəhmətdik Mürsəl kişi özü Ərdəbildə oxumuşdu. Təbib idi. Amma ilk təhsilini o, xalasından almışdı. Xalası Kəbleyi Zeynəbin övladı olmuyub, mükəmməl ərəb, fars dillərini bilirmiş. Babamın da ata anası olmadığından o saxlayıb böyüdüb. Təhsili də o verib ona.
Mürsəl kişi deer, o vaxt bizdə duz qıt olarmış. Bi Həsən varmış – onun qonşusu, onnan gedillər Neftçaladan duz gətirməyə. Öküz arabeynan. Xırmandalıdan arabeynan qamışdığdan keçəndə gecə Həsən deer:
– Mürsəl dayı, mən qorxuram eeeee.
– Ə, nədən qorxursan otur.
Öküz də yavaş-yavaş gedir. Ə, ayın işığıdı qorxma, deeb:
– Həsən sən arabanı yavaş-yavaş sür, mən su başına cıxıram.
Elə qamışlığa keçir, bi köynəkdi, bi şalvar soyunur, sancır arabanın başına. Qamışdığın içinnən firranır gəlir o yannan düz yolun ortasında oturur lüt. Həsən çatır baxir görür, ə, bi nəfər lüt alarvadı oturub yolun üstündə. Çox bismillah-bismillah deyir, bu getmir. Qayıdır a Mürsəl dayı, hə, hə, hə kəkələyir tarap ürəyi gedir. Babam gəlir o yan, bu yan, bunu nəsə ayıldır. Deer:
– Ə, Həsən, nooolub?
Deer:
– A Mürsəl dayı, sən getmişdin, alarvadı gəlib oturmuşdu yolun üstündə. Amma Allah rəhm elədi məni aparmadı.
Bəyin ülgüc pulu
Babam dəlləg olub. Danışırdı ki, Eminnidə bi bəy varmış bi gün onun başını qırxmağa getmişəm. Bi dənə ülgücüm var idi. Onu da uşax gəlib keçəndə nətərsə oldu qırdı. Qıranda oldum pərt. Ə, mən hardan indi ülgüc alacam, hər yanda da od bahasına. Deer, bəy baxdı gördü ki, mən pərt olmuşam dedi:
– Ay usta, o ülgüc neciyədi?
Dedim:
– Bəs bu qiymətə.
Dedi:
– Harda satılır?
Dedim:
– Lənkəranda.
Çixartdı pul verdi ki, get al gəl. Burdan düüz Lənkərana payi-piyada. Axşamcağı naxır kəndə tökülməmiş girdim kəndə.
Belə zirəng idi o kişi.
Dua lüt bədənə yazılmalıdır
Bir dəfə babamın yaxın qohumu qaça-qaça gəlir ki, ay Mürsəl, arvadım Tamının ürəyi gedib. Babam onu bir təhər sakit eləyir. Deyir ki, dua yazaram ayılar. Həm də babam bilirdi qohumunun arvadı Tamı həyasız, söyüşkən, mordu, həm hərrəkdi. Babam gəlir bulara. Baxır arvad ərinnən dalaşıb özünü vurub ürəkkeçməliyə. Babam arvadları aralayıb keçir içəri görür ki, Tamı vallah elə tirrənib deyirsən dünən ölüb. Babam deyir, içəridə heç kəs qalmasın, təkcə Bikədən başqa. Bikənində cavanlığı ustakər olub, indi təkyələrin başına fırlanmaqdan girincdir. Əlqərəz, babam “xəstə”nin ora burasına əl toxundurur, yatan heç pəst vermir. Tamı da həmişə babamdan bürük verib abrını gözləyərdi və ona “qağa” deyərdi. Fırıldağı başa düşən babam deyir ki, Bikə, bunu vurğun vurub bunun işi çətindir, gərək buna dərindən qələm çalam. Özü də dua lüt bədənə yazılmalıdır.
Babam kağız qələm çıxardır. Bikəyə deyir ki, tumanı yuxarı çək dizdən yuxarı yazılmalıdır. Babam ərəb əlifbası ilə on-on beş söz yazır bunun buduna “xəstə” ayılmır. Onda babam deyir:
– Bikə, bir yol qalıb, dua hökmən bunun göbəyinə yazılmalıdır.
Bikə çəkinə-çəkinə bunun göbəyini açır. Babam yenə başlayır ki, yazmağa, xəstə görür ki, Alışoğlu bundan əl çəkməyəçək, əlilə tumanını göbəyinin üstünə çəkir və deyir:
– Qağama bax ey, qağama.
Bunu belə görən babam onun qulağına ehmalca deyir:
– Dur ayağa, ay nanəcib, uşaq-muşaq çöldə qırıldı, ərin oğraş da hakaza.
Giv məsələsi
Babam Kürdəbazlı tərəfdən gəlirmiş. Görür ki, bir nəfər təzə giv boynunda Taxta körpüyə çatır. Şöynük də çökürmüş. Babamın givə gözü düşür.
Yaxınlaşır adam gələn tərəfə. Salam verir, givi onnan pulnan istəyir, bu da vermir. Giv aparan zümzümə eləyə-eləyə uzaqlaşır. Babam girir körpünün altına paltarlarını soyunur, olur lüt anadangəlmə. Bərk qaça-qaça gəlir bu giv aparanın dalınca. Bunun yanından keçir qabağa və başlayır atılıb düşməyə. Giv aparan görür ki, qaranlıqda bir nəfər oynayır. Tez-tez bismillah deyir. Babam zənn edir ki, bu haq-hesabnan givi yerə atmalıydı, atmadı. Bu dəfəki ağzı dala qaçır bunun yanına. Artıq giv aparan qorxuya düşür, deyir:
– Allah, al qurbanını. Bu ki erkək quleybanıdır.
Yenə givi yerə atmır. Babam yenə qabağa, yenə dalı, bir dəfə də qabağa qaçanda giv aparan givi atır yerə, şihə çəkə-çəkə kəndə tərəf götürülür, babam da bunun dalınca, babam bundan daban-basma düz evlərinə qədər qaçır. Givçi bağıra-bağıra girir evinə, işi belə görən babam sürətlə körpüyə qədər qaçır, çatıb geyinir, sora givi götürüb kəndə gəlir. Babamın öz dediyinə görə, bir neçə ildən sora gedib adamla hallaşıb.
Üstünə qussan da yeyəcəm
Əlabbas yeddioymağın yanındakı Şıxlar kəndındə ovçu idi. Payizda demək, çoxlu quş gətirir. Bi gün quşu bütöv-bütöv bişirtdirirlər. Parasını Novruzəlinin qabağına, parasını mənim qabağıma qoyullar. Bi dənə butövünü də Əlabbasın qabağına qoyullar. Deer, fikirrəşdim, ə, Əlabbas məndən çox yeyəcək bəyəm? Tez deyir, dəyişdim qabları Əlabbasın bütöv quşuynan özümün para quşumu. Novruzəli dedi:
– Mən də sənnən yeyəcəm.
İndi Novruzəli isdiyir mənim quşumnan gotürsün, mən tez tüpürdüm quşun üstünə. Novruzəli küsdü. Əlabbas da tez onun payını götürüb qoydu qabağına, dedi:
– Qəhrəman üstünə qussan da yeyəcəm.
Plov məsələsi
1956-cı ildə bu klub tikiləndə İskəndərridən gedib arabaçılar kərpic gətirərdilər. Orucduğ olub. Bular Şərəfədən keçəndə Həziynən lələm görəllər ki, evin arvadı düşdü həyətə, plov bişirir obaşdannığa. Bu nəsə qurtdalanıb çıxıb yuxarı. Həzi deeb, sən ölmiyəsən o qazanın başına balığ qoydu deyəsən, gedək onu aparax. Düşdük atdan, girdik gördük balıq plovun üstündə hazır. Boşaltdıx qazandakı plovu, qazana da biyaz su tökdük qoyduğ ora getdik. İndi meşədə plov yeyirik. O deer hardandı, bu deer hardandı?
Gələndə kəsdilər qabağımızı. Abbasov Əliynən Təyyar da briqada gedib buların üstündə. İzzət də vələdəznaydı axı. Ona görə də plovu yeyəndə dedik ki, ye biznən nə işin var? Deeb:
– Ə qazannan plov gedib e, orujduğun günü burdan.
Deeb:
– O arxada at üstündə oturan kişi var ha, olar bayaq meşədə plov yeyirdilər.
Deer, bizim arabanı buraxdılar, tutdular Əlinin yaxasından.
– A köpəyoğlu, plovu niyə aparmısan?
İndi bu sübut eliyə bilmir ki, mən plov görməmişəm.
Nəfsim çəkir
Bi dəfə Həziynən mən arabanı Şərəfədə bir həyətin yanında saxladıq. Arabanı saxlayıb kiminsə həyəti imiş, biz də biyaz mer-meyvə yığmağa başdadux. Bu vaxtı evin arvadı çıxdı qışqıra-qışqıra ki, köpəyoğlu, mənim bağımı niyə yolursan? Bu da deeb, köpəyin qızı, əkibsən nəfsim cəkir, yeyirəm, əkmiyeydin.
Duzlu yemək
Bizdə iki qardaş ustalar olub. Yasərnən Sultu. Evlərin birində işdiyirmişdər. Arvad da indi günortaya nəsə hazırrıyır da bulara. Arvaddı də o yana gedir, bu yana gedir. Tez gəlib bir ovuc duzu tökəllər bular qazana. İndi yemək vaxtı oturublar yeməyə dilə vurulası döyul zəhərdi. Arvad and aman eliyir ki, əşi, mən duzu normasında tökmüşəm. Bular da bic-bic qımışıllar duzdu-duzdu yeyillər. Dinmirlər.
Yumurta davası
Lələm deyərdi, tarlada qarolçuyam. Əlabbasnan da Əlibaba gəliblər qəbir üstə. İndi bular nöbeynən səhərə qədər Quran oxumalıdılar. Gəldim atı bağladım, girdim buların çadırına, oturdum. Əlibala 2 əlini də qoyub başının dalına yatıb. Əlabbas da manqalı yandırıb, xeyli yumurtanı da düzüb qırağına. Deeb ə yaxşı gəldün, gəl biraz sən də oxu mən də yatım. Deer, dedim yumurtadan 5 dənə ver oxuyum. Dedi, 2 dənə. 2 dənə götürdüm, baxdım hələ yerdə 10-12 dənəsi də durur. Dedim, öz-özümə bunun hamısını Əlabbas yedigcən yatacağ, istirahət eliyəcək. Yumurtanı əlimdə belə-belə oynadıram. Əlabbas işarə elədi, molla Əlibalanı göstərdi. İşim olmadı bunnan. Əlabbas yumurtanın birini götürdü vurdu düz Əlibalanın alnının ortasından. Da başdadıx biz bir-birimizə, yumurta davası düşdü çadırın icində. Bu ona, o bına, bı ona, Əlibala söyə-söyə çıxdı getdi. Əlabbas dedi:
– Qəhrəman, mənə iş aşdun sən. Otu burda, gedim Qulamhüseynin qızını gətirim, buranı bir az təmizdəsin.
Mən də qaldım orda. Süb namazınnan sora idi, silib təmizdiyib heç nə yoxdu. Bi də gördük qəbirsannığın qapısı açıldı. Rəhmətdik molla Niftulla, Əlibalaynan gəlir. Niftulla başını saldı çadırın içinə baxdı-baxdı. Deer, dedim:
– Baba, nooolub?
Deer, dedi ki:
– Hessad eee, bu dəli deer axı məni yumurtaynan vurublar.
– Nə yumurta? Baba, o dedi ki, heyvanım bozduyur, sən gəlmisən bura otur, Quran oxu. Mən də gedim Əlabbasnan heyvana baxıb gələk. Səni yalannan gətirib bura.
Elə durdux onun üzünə ki, yazığın. Deer, molla Niftulla qayıtdı tüpürdü onun üzünə.
Dedi:
– Ə, mən qoca kişi, məni niyə yola vurubsan? Utanmırsan?
Nəisə bax belə.
Mülayim olmayıb sərt olsa....
Biri oğlunun nişanı üçün bir neçə nəfərə qız evinə getməyi təklif edir. Ev yiyəsi gələnləri siyahı eləyir görür ki, adam hələ azdır, əmisi oğlu Ləlişə də uşaq göndərir. Nişana gedəcəklər deyirlər ki, gərək Ləlişə deməyəydin, ağızdan çox pərtodu. Ev yiyəsi deyir ki, yox Ləliş mənim doğma əmim oğludur.
Qız evi o biri kənddə imiş. Arabalara əyləşib çatirlar qız evinə. Mübarəkbazlıqdan sora yemək-içmək başlayır. Qız yiyəsi imkanlı olduğundan hər cür taamlar verir qonaqlara. Yeməkdən qarnı xoşallanan Ləliş əmisi oğlundan, yəni oğlanın atasından soruşur ki, gəlinin adı nədir. Oğlanın atası deyir ki, Ləliş qabağında yeməyini ye, sənin nəyinə lazımdır. Ləliş qır-saqqız olur ki, gəlinin adını niyə demirsiz. Əmisi oğlu görür ki, Ləliş inciyir, qayıdır onun qulağına ki, gəlinin adı Mülayimdir.
Ağzında cücənin bıdını çeynəyən Ləliş pah, deyib qayıdır əmisi oğluna bərkdən:
– Ay əmioğlu, gəlin Mülayim olmayıb sərt olsa bizim filan şeyimizi yeməyəcək ki...
Bir eşşəyin hesabın verə bilmişdim ki...
Bir tarixəssələt varlı ölür. Molla ölənin böyük oğlunu çağıtdırıb deyir:
– Bilirsən də dədən ömründə oruc tutmayıb, namaz qılmayıb, bir kəsə də xüms-zəkat verməyib, böyük günahkardır. Bir nəfərə çox pul ver, birinci gecədə qəbirdə uzansın, onda dədənin günahı azalar. Oğlu razılaşır. Kənddə bir oduncu var idi. O da hüzürdə iştirak edirdi. Ona müraciət edib deyir mərhumun böyük oğlu:
– Ay kişi, sən meşədən ulaqla odun gətirirsən, satırsan külfətini dolandırırsan, bunu bilirik. Sən belə elə bir gecə dədəmin yanında, qəbirə uzan, yüz tümən sənə verəcəyik. Kişi fikirləşir, görür ki, bu çox sərfdir. Gündə heç beş tümən də qazanmır. Fikirləşir ki, on gün bu pula yeyib, içərəm, elə eşşək də dincələr. Nəhayət, molla tələqeyd deyir. Həmd surəsi ətrafa yayılır. Ölü ilə bu odunçunu bir qəbrə qoyub, ayaq tərəfindən bir oyuq qoyurlar ki, diri olan nəfəs alsın. Kişi yorğun olduğundan, həm də pul həvəsi ilə bərk yuxuya gedir.
Gecənin bi yarısı səsə ayılır. Görür ki, qəbir ayaq tərəfindən sökülür. Hövlan qalxıb dik oturur. Buna o saat əyan olur ki, gələn ənkir-münkürlərdir, hesabata gəliblər. Gələnlər o birinə deyir:
– Ayə, İnkir hansından başlayaq?
Münkir deyir ki:
– Ölən ölüb, diridən başlayaq.
Bəli sorğu-sual başlayıblar:
– Kişi, yaşın sənin neçədi, ibadətin var, ya yox, Həm də hal-hazırda nə işlə məşğul olursan?
Özünü itirən yazıq deyir ki:
– Yaşım yetmişdi, namaza təzə başlamışam, sənətim meşədən ulaqla odun qırıb gətirməkdir.
Deyirlər:
– Adam, gedəndə eşşək odunsuz idi minmişdin, axı gələndə yazıq heyvana odun yükləmışdin, onda niyə minmişdin. Ədə, İnkir, bu köpəkoğlunu kötəklə.
Əlqissə bunu səhərəcən kötəkləyirlər. Əldən düşmüş odunçunun ürəyi gedir. İşlərini görüb qutaran hesabatçılar süb tezdən qəbri tərk edirlər. Kişi təzə özünə gəlib zarıldayırdı ki, ölü yiyələri gəlib bunu çəkirlər çölə. Görürlər and ola Allaha bunda salamat yer yoxdu. Başı, gözü Hacıtəpə kövşəni kimi dobaz-dobazdır. Yıxıldılar bının üstünə ki, ə kişi, sənə nə olub, bə bizim dədəmizin işi nə oldu. Odunçu özünü ələ alıb bərkdən bağırır:
– Dədəəzin də goru belə olsun, mən bir eşşəyin hesabatını verib qutarmışdım ki, qalmışdı sizin gorbagorunuz.
İç eləmə
Biri səfərə gedir. Bir müddətdən sora qayıdır, görür evdə uşaq var. Axşam olur, səhər olur uşaqlar bir yerə getmirlər. Kişi elə bilir uşaqlar qohum-qonşunundur. Günorta vaxtı uşağın kiçiyi ağlayır:
– Ay məə, mənə pəpə.
Arvad bir əlcə çörəknən bir qatığı qoyur Həsənin qabağına. Balaca Həsən də qatığı yeyə-yeyə yaxır ağız-burnuna. Bu əsnada qeyrət damarcığı olan kişi özünü saxlaya bilmir:
– Arvad, xətrinə dəyməsin, bu nabalıqlar kimindi? Arvad, məsələn, bu yekə uşaq kimdi?
Fürsəti fövtə verməyən, ayağı sürüşkənliyini ört-basdır edən arvad belə deyir:
– Kişi, sən səfərə gedəndə bu uşaq boynumda idi.
Kişi deyir:
– Lap yaxşı.
Keçir ikinci uşağa:
– Bəs bu uşaq?
– Kişi, başın batsın, sən gedəndən sora sən o qədər yadıma düşdün, bu da həvəsdən boyuma düşdü.
Özünü saxlaya bilməyən kişi bağırır:
– Yaxşı bəs bu ?
Arvad əzilə-əzilə:
– Ay kişi, səni pir olasan, hirsini bas, sən ağzı qatıqlının canı, tay iç eləmə, özünü ələ al, dost-düşmən var.
Tarı günü
Biri arvadnan yola getmirmiş, mənim kimi. Elə hey savaşanda arvad deyərmiş, bura düşənnən heç Tarı günü görməmişəm. Günlərin bir günü əri bu sözdən bərk hirslənir. Arvadı ciyəyən aparır bağlayır al günün altına. Qora yetişən vaxtı imiş. Arvad ərinə yalvarır ki, bir də belə qələt eləmərəm, rəhmin gəlsin, day ürəyim bişdi. Əri yumşalmır ki, yumşalmır. Bunu bilən qovum-qonşu tökülür bura, soruşurlar ki, bu nə həngamədi?
Kişi deyir:
– Həmişə vallah, iki söz bir olanda deyirdi ki, bu xarabaya düşəndən Tarı günü görməmişəm. Mən də onu həyətdə dirəyə bağladım ki, Tarının bu hal günündən ona dəysin, pis eləmişəm ki...
Nə üçün dəstamaz alırdın
Bir dağlı yas yerində görür ki, hamı mollaya sual verir. Molla da başardığından sual verənlərə cavab verib razı salır.
Bu da öz başına gələnı mollaya belə deyir:
– Məclis əhli məni bağışlasın, molla, o gün istibara edib qayıdıb məşğul oldum dəstamaz almaqlığa bir vəd özümdə yaşluq hiss elədim, ala bilmədim bu yaşluq mənidi, ya döyüldi aya, belə halətdə mən namaz qıla bilərəm, ya yox?
Hamı oturanlar – molla qarışıq bu əhvalatla baş-başa qalır. Araya sakitlik çökür. Əyləşənlər mollaya tərəf baxırlar. Molla elə bilir bu avam dağlı bunu ələ salır hirslə:
– Əyə, qanmaz oğlu qanmaz, əgər şalvarıva qaçıtmışdın bə nə üçün dəstamaz alırdın...
Qoy luğab salsın
Bir qonşu yağlı-yavandan nə bişirsə, o biri qonşu axşamdan köç-külfətnən kəsdirərmiş onun qapısını. Bu qonşu bir gün uşaqlarını gözdə-qulaqda qoyur ki, bu geçə qonşuya bozbaş verdi yoxdu. Şər təzə qaralıbmış ki, qonşu soruşur, ay bala, dədən evdədir, uşaq deyir ki, yox. Qonşu da fikirləşir uşaq məni aldadır, hay verir arvad-uşaq, keçirlər çəpərin üstüdən. Cana gələn ev yiyəsi him-cim eləyir ki, qazanın ağzını açmasınlar, görək nə olar.
Gecə kecir. Uşaqlar sakit qalmırlar. Gələn qonşunun arvadı dözə bilməyib deyir:
– Aaz, niyə şam yemirsiz, axı şamın vaxtı keçir...
Bu biri qonşunun arvadı deyir:
– Ay bacı, qoy xörək libağ salsın dana.
Gələn qonşunun arvadı ona belə cavab verir:
– Aaz, arvad döyülük, üç saatdan çox keçib, indiyə xörək çoxdan lubağını salıb.
Kor-peşman olan qonşu arvad xörəyi ortaya qoymağa məcbur olur.
Mənə deyib indi gələcəm
Əmimin oğlu Qüdrət çox baməzə idi. Bir dəfə başını qırxdırmağa dəlləkxanaya gəlir. Dəllək Qəhraman başlayır bunun başını sabunlamağa. Bu vaxt Qəhramanı çağırırlar. Qəhraman o gedən olur gəlmir. Sən demə, Qəhraman Porta ev ağacı almağa gedəçəkmış. Maşın onu gözləyirmış, minir gedir, yolda fikirləşir ki, Qüdrət kişi yəqin başının sabununu silər, gedər evinə. Bunlar Porta getməkdə olsunlar. Qüdrət kişi az gözləyir, çox gözləyir görür, Qəhraman qayıtmadı.
Boğazında fitə sabunu, qab qarışıq götürüb çıxır dəlləkxanadan orta yola tərəf, sabun quruduqda su əlavə edib sabunu yaxırmış başına. Az keçmir adam toplaşır bura. Axşam üstü maşın Portdan qayıdır dolu ağac ilə. Maşındakılar görürlər orda yola nə qədər adam yığılıb. Elə bilirlər nə isə olub tökülürlər yerə. Görürlər ki, Qüdrət kişi hey dediyimiz təfsilatda həşirdədir. Qüdrət kişi Qəhramanı görcək deyir:
– Gördünüz, mən demişdim indi gələcək, axır gəldi.
O vaxtdan dillər əzbəri olub bu əhvalat.
Niyə yemədin?
Birinin qonşusu xəstə imiş. Yay fəsli olduğundan xəstə qonşusuna bir neçə meyvə tapşırır ki, alsın. Bu qonşu gedir bazaar. Fikirli olduğundan zənbil götürmür. Nə alır, yığır şalfarının cibilərinə. Qəzadan şalvarının cibləri də yırtıq imiş. Meyvələr tökülür aşağı, şalvarı aşağdan kəndir ilə boğur, tez qayıdır kəndə. Elə həyətə çatar-çatmaz vay – müsübət qopur. Məlum olur ki, xəstə qonşusu keçinib. Bu da yaxın qonşu olduğundan qonşunun ölümünə acıyır. Deyir:
– Bazardan meyvə alıb gətirdim, özü də şalvarımda, şalvardakıları niyə yemədən öldün.
Hacı uşaqdır
Ata-anası olmadığından Hacı əmisinin himəyəsində yaşayarmış. Onun işini-gücünü görüb ordan dolanarmış. Özünü tanıyıb dəkkəlləşən Hacı bir gün əmisi arvadına deyir ki, əmimə de, icazə versin evlənmək istəyirəm. Arvad bu sözü deyəndə əmisinin ovqatı bərk təlx olur ki, Hacı evlənsə, ayrıla bilər, onun işləri pozular. Etiraz edib deyir:
– Hacı hələ uşaqdı, arvad saxlaya bilməz.
Hacı bu sözü eşidəndə heç bir şey demir. Səhərisi günü əmisi bir dolu araba odun gətizdirir tökür həyətə, başlayır baltanı çarxa verməyə, Hacını çağırtdırıb deyir:
– Hacı, görürsən, bu gün-sabah qış qapını kəsdirəcək, odun yarmaq lazımdır. Baltanı da ülgüc kimi itləmişəm.
Hacı baltanın o tərəf bu tərəfinə baxıb atır yerə və deyir:
– Əmi, Hacı uşaqdır, odun yara bilməz.
Onsuzda qılmayacaq
Mədəd adlı birinin yaşı səksəni ötsə də namaza yaxın gəlmirdi. Tay-tuşları onu danlayırdılar ki, niyə namaz qılmırsan. Mədəd də elə mahna eləyirmiş ki, bu yay qılacam namaz. Belə olanda həmyaşıdları başlayırlar Mədədi izləməyə. Görürlər xeyr, Mədədnən namazın arası burdan düz Biləsuvaracandı. Günlərin bir günü yığışırlar Mədədgilə. Çopur Qələmalı başlayır:
– Allaha, Tarıya bax, ay Mədəd, namaza əyil.
Mədəd bu dəfə and eləyib, qəsəm qılır ki, məni sübh vaxtı çağırın. Sübh vaxtı olur. Mədədi çağırırlar ay vermir, evə gəlirlər, görürlər ki, Mədəd yorğan-döşəkdə yoxdur.
Soruşurlar, hanı Mədəd. Arvadı and-aman eləyir ki, Mədəd gecənin bir yarısı ayıldı ki, məni pristav Lənkarana çağırb. İşi belə başa düşən həmyaşıdları peşiman olurlar. Çopur Qələmalı üz tutur yanındakılara:
– Ay yazıqlar, bu gecə vaxtı nə şihə çəkirsiniz onsuz da Mədəd namaz qılmayacaq.
Çimməkdən uzun çəkdi
Birinin xəstəsi olur. Xəstəni qoyur maşına, rayon mərkəzinə xəstaxanaya aparır. Həmin şöbənin həkimi iş yerində olmadığından onun evinə gedirlər. Həkimi soruşurlar, xanım cavab verir ki, həkim əl-üzünü yuyur. Gözləyin, qurtarsın xəstəyə baxar. Həyətdə xeyli dururlar. Xəstənin nıqqıltısı yeddi qonşuya çatır. Xəstə yiyəsinin səbri tükənir. Özünü salır həkim əl-üz yuyan yerə. Baxıb görür, yarım soyunan hakim burada özünə bir dəsgah açıb gəl görəsən, yanında cürbəcür şanpunlar, diş pastaları, ayrı-ayrı sabunlar və ilaxir. Fitə, dəsmal hələ başqa-başqa şeylər. Həkim də nöbə-nöbə hamısından istifadə edir. Həkim bunu görsə də, diqqət eləmir öz işini davam etdirir. Xəstə yiyəsi lap əsəbləşir, öz-özünə fikirləşir, günün günorta vaxtı hara getsin, məcbur olur yenə gözləsin. Ancaq bir az da gözlədikdən sora özünü saxlaya bilmir, qayıdır həkim əl-üzünü yuyan yerə. Görür ki, həkim hələ indi keçib gül şampuna. Hövsələdən çıxan xəstə yiyəsi birdən bağırır:
– Allah sənin bağrıvı çatlatsın, mənim bağrım çatladı, sənin əl-üz yumağın çimməkdən uzun çəkdi ki...
Bi dəfə Qüdrət kişinin toyuqlarını tülkü aparır. Qovum – qonşunun arvadları sözü bir yerə quyub deyirlər ki, gedəyin Qüdrətin toyuqlarına başsağlığı verəyin. Yığışıb gəlirlər Qüdrət kişigilə. Salam verib səf-səf otururlar. Biri deyir, hinin ağzını niyə örtməmişdinız, biri deyir, ları-ları xoruzdan olmazdı, yaxşı tumluq idi, biri deyir, çilçil toyuqdan bir də bu qapıya düşməz. Lap yaxın qonşusu Bikə keyvani Qüdrətə sataşır:
– Ay Qüdrət, sən axı bu gün Sarıtopaya qədər tülkünün dalınca getmışdin, bə nə oldu?
Qüdrət görür ki, Bikə onu sarıyır, deyir:
– Bikə, canın haqqı həmin tülküyə demışəm gəlib sənin toyuqlarını da aparacaq.
Bu sözə Bikə xeyli gülür.
Qəzadan gecə tülkü Bikənin toyuqlarını aparır. Bikə tezdən hüçüm çəkir Qüdrətgilə. Söyür-söylənir ki, sən doğrudan da deyibsən. Tülkü gəlib mənim toyuqlarımı apardı.
Qüdrət kişi zarafata salıb deyir:
– Gördün, ay Bikə, demişdim, gəlib aparacaq, gördün toyuqlarını necə apardı...
Şükür ki yolu var imiş
Sərhəd qırılanda qohum-əvlat axtarıb hamısı bir-birini tapdı. Bir nəfər iranlı da Biləsuvar şəhərinə gəlir. Öz qohumun tapır. Həmin zaman Biləsuvardakı qovumunun anası vəfat edibmiş. Ölənin üçü imiş. Böyük çadırda çoxlu adam cəm olunmuşmuş. İranlını kəşan-kəşanla din ölkəsindən gəldiyi üçün çəkirlər yuxarı başa və kürəyinə də yekə mütəkkə söykəyirlər. İranlı bu nəvazişdən qorxuya düşür, gözləyir ki, axırı neçə qurtaracaq.
Gör-görüşdən sora hüzür məclisində olan camaat ona din haqqında müxtəlif suallar verirlər. Bu da yalannan-yanlışdan cavab verir.
Bir dağlı da yaman içən imiş, özünə çıxış yolu axtarırmış. Buna da nöbə çatır. Dizlərini yerə qoyub kəmalı-ədədnən belə sual verir gələnə:
– Ay İrannan gələn qardaş, axı məni burda öldüreylər. Bir məni başa salğınan ki, ayə, məsğuşiliğnən abadət elamağluq nə mənə şehdu?
İranlı o tərəfə baxır, görür məclisdə nə qədər adam var hamının diqqəti buna kəsilib. Tez özünü əla alıb deyir:
– Bəradər, elyə ki, məşğuşilığdən ayuldun, tamam əğlin başıva cəm oldu, tövbə elə, sora məşğul ol almağlığa, eybi yox, kərahiyyəti var, inşalla namazı əda edərsən.
Sual verən düşür onun ayaqlarına:
– Atam-anam sənə fəda olsun, mənə digeylər, içmə, çəkmə, ibadət elə, yaxşısın sən deyirsən, şükür ki, yol var imiş.
Dəli Həbinin müsəlla mərsiyyəsi
İl quraqlıq olduğundan kəndin ağsaqqalları belə qərara gəlirlər ki, müsəllaya çıxsınlar. Təyin olunmuş gündə Həsənli camaatı yerindən qalxır. Camaat yeriş eləyir ”İstil-içi” deyilən yerə. Bu işə ətraf kəndlər də qoşulurlar. Həsənlinin məmə yeyənindən pəpə yeyəninə kimi bütün camaat üz quyur “İstil-içi”nə. Özü də mərsiyyə deyə-deyə. Həbi də camaatın içində imiş. Baxır görür kəndin ağsaqqalları, dindarlar, avamları ilə Taykeş İbad, Yekəbaş Qənbər, Əzvay Həsən, Oğru Nəsib, At Rəfi, oğrular, arvadbazlar da sinə çırpır, dadüfəryad edirlər. Bu müsəllada Həbi də mərsiyyə deyəcəkmış, onun da növbəsi var imiş. Həbinin növbəsi orda çatır ki, Hacıtəpə kəndinin adamları gəlib bizimkilərə çatırlar. Həbinin də məlahətli, duzlu, həm də güçlü səsi var imiş. İki kəndin camaatı üzbəüz duranda Həbi başlayır mərsiyyə deməyə. Belə deyirlər ki, sinə vuranların səsi bəlkə yeddi ağaclıq gedirdi. Həbi yolda badahətən yazdığı mərsiyyəni belə başlayır.
Hanı burda oxunan tazə elm, cəmli savad,
Qurula haqq-divan Əzvay Həsəndən çəkə dad,
Oğurluq adətini kənddə qoyub Taykeş İbad,
Hələ də toğlusunu indi gəzir Dağlı Kərim,
Həzərat, siz də baxın, lap Yekəbaşdı Qənbərim.
De yarım pud noxuda fitvanı verdi bu Nəsib,
Getdilər, gəlmədilər – Məşədi Həbib, Məzlub, Usub,
Hey verib xums-zəkat Kəmsər Ədil düşdü kasıb,
Aləmə şəms edərəm gər ola bundan xəbərim,
Həzərat, bir də baxın, lap Yekəbaşdı Qənbərim.
Nə qədər varsa pulu, At Rəfi verdi sələmə,
Beş hərf bilməyən çoxları düşdü qələmə,
Həbi, gördün bu işi bir də sən açıb bələmə,
Bağladı minbərə tük onda sağırdar Hələmə,
Açmaram sirri müdam xəlqə vardır nəzərim,
Həzərat, bir də baxın, lap Yekəbaşdı Qənbərim.
Mərsiyyə qurtarar-qurtarmaz Həbini qovub camaat içindən çıxarırlar.
Deynən mənə yun lazımdır
Bu əhvalat öz başıma gəlıb. 10 yaşım var idi. İndi olmasın, qoyun saxlayardım. Yaz idi, şıdrığı qoyun qırxılırdı. Nənəmə dedim ki, nənə, qoyunları qırxdırsan, bir yorğanlıq ona yun verəcəm. Mən yeznə Əzizağanı tapdım (hələlik yaşayır), razılaşdıq. Dedi ki, ancaq qırxılıq tap, səhər gələcəm. Səhərəcən iki qırxılıq tapdım. Səhər doğrudan da yeznə gəldi. Əvvəl ərbəş ana qoyunun ayağını bağladıq. Əzizağa başladı qırxmağa. Qırxa bilmədiyindən qoyun oldu al qan, dedi, bu qırxılıqlar kəsmir. Qaçdım İslam əmimgilə. Onun da o taydan gəlmə bir qırxılığı var idi, heç kimə verməzdi, mənə verdi. Gətirdim yeznə dedi ki, kəsmir. Ordan qaçdım Mahmud dayigilə ordan bir qırxılıq gətirdim, dedi, kəsmir. Qoyunun da ayaqları bağlı, ləhləyir. Xülasə, iki saat keçməzdi səkkiz qırxılıq yığdım kənddən elə dedi, bu kəsmir, bu kəsmir. Böyük qardaşım var idi, ögey idi, bir az da nənəmnən arası sərin idi.
Qonşu idik, bu mənzərəni görürdü. Qoyuna, həm də mənə yazığlığı gəlib mənim qoyunlarımı qırxdı və ona dedi:
– Ay zalım oğlu, deynən mənə yun lazımdır, day bu sağırın niyə bağrın çatladırsan.
Surra Bədirin güləşməyi
Bayram günləri hər yerdə olduğu kimi bizim kənddə də cavanlar güləşərmişlər. O zaman kənddə gəlmə Surra Bədir adlı birisi yaşayarmış. Pəhləvan cüssəli olduğundan kim güləşmək istəsə, Bədir onunla güləşib kürəyini yerə vurarmış, həm də təbiətcə sakit adammış. Günlərin bir günü kəndə İrandan bir dəstə oyunbaz gəlir, aralarında da bir yekəpər pəhləvan. İranlılar camaatı bir yerə toplayır oyun göstərir, musiqi çalınır öz işlərini görürlər, qalır güləşmək məsələsi. İranlı elan verir ki, kim bizim pəhləvanla güləşər, heç kim cürət eləmir. Surra Bədir uzaqdan bu mərəkəni görürmüş. Bədir görür ki, bu pəhləvan deyil, İranın bir kələm-kötür heyvanıdır. Fikirləşir bu qədər adam içində qol-qabırğamı sındırar, xəcil olaram. Onsuz da buna gücüm düşməyəcək, haray bu başdan. Elə yaxşısı çıxım aradan, bir azdan adam tökülüşəcək. Elə bu əsnada camaat Bədiri nişan verir. Kənxuda Səlim Bədiri tanıdır və deyir:
– Bədir, bu kəndə nə qədər pəhləvan gəlib arxasını sən yerə vurmusan. İndi çıx meydana bu iranlıya gününü göstər, bizi xəcil eləmə.
İşi bilən Bədir soyunub-geyinməyə vaxt istəyir. Cəngi çalınır, çox gözləyirlər Bədir gəlmir. Adam göndərirlər Bədir soyunub geyinən yerə. Görürlər lələ köçüb, yurdu qalıb. Deyirlər, Bədir o gedən oldu, bir də bu kəndə qayıtmadı. O vaxtdan məsəl qalıb. Kim bir işi gecikdirəndə deyirlər:
– Sənin işin lap Surra Bədirin soyunub geyinməyi kimi oldu ki...
Qatıq əhvalati
Bir dəfə qışa hazırlıq məqsədilə Cəfəri meşəyə odun gətirməyə göndərirlər. O vaxt Cəfər Hacı Vəlinin evində yaşadığı üçün ərzaq tədarükünü də Hacı Vəlinin arvadı eləmişmiş. Cəfər arabanı qoşub gedir meşəyə, odunu qırıb yığır arabaya. Günorta vaxtı çatanda yemək boğçasını açıb yemək istəyir. Görür ki, boğçada bir badya qatıqla bir ədəd çörək var. Cəfər bərk hirslənir. Çörəklə bir təhər naharını yola verir, qatığasa əl vurmur. Arabanı sürüb gəlir evə tərəf. Kəndə bir ağac yol qalmış qatığı götürüb tökür kəllərin üstünə, əməlli-başlı onları bələyir qatığa.
Günəş günortadan keçdiyi üçün Hacı Vəli narahat olur ki, Cəfər niyə gecikir. Baxır ki, bir araba gəlir, amma kəllər ağdır. Axı Cəfər qara kəlləri qoşmuşdu. Araba kəndə çatanda Hacı Vəli məsələni başa düşür. Ondan niyə belə elədiyini soruşanda Cəfər deyir:
– Qatıq hara, meşə hara, get arvadından soruş.
Cəfərin hayıf çıxması
Bir dəfə Cəfərin Hacı Vəlidən acığı var imiş. Məqam gəzirmiş ki, əvəz çıxıb acığını soyutsun. Bir gün Hacı kənd ağsaqqallarından birini evinə qonaq çağırmaq üçün Cəfəri onun ardınca göndərir. Cəfərin əlinə fürsət düşür. Düşür kəndin bu başından o başına kimi 10-15 adama deyir ki, Hacı sizi şam yeməyinə qonaq çağırır. Onlar da Hacının nə isə bir məsələ müzakirə edəcəyini düşünüb onun evinə gəlirlər. Bəli, adamlar bir-bir evə daxil olub, salam əleyküm, – deyib keçib otururlar. Hacı da gələnlərə mat-mat baxıb heç nə deyə bilmir. Bilir ki, bu, Cəfərin növbəti oyunlarından biridir. Çarəsiz qalıb bir nəfərlik şam tədarükünü artırmağa məcbur olur. Deyirlər ki, Cəfər qəzəblənmiş Hacının gözünə düz 10 gün görünmədi.
Guya mən ölmüşəm
Bir gün Cəfərin kefinin kök vaxtı olur. Arvadı çağırıb deyir:
– Gəl mənim üstümü ört, vay-şivən sal ki, guya mən ölmüşəm.
Arvadı onun dediyi kimi edir. Çığır-bağır salıb qonşuları haraya çağırır. Səs kəndə yayılır. Hərə bir iş görür: kimi su qızdırır, kimi ölünü yumaq ücün tədarük görür. Arvad-uşaq, qohum-əqrəba ağlaya-ağlaya kişinin “ölüsünü” yumağa aparmaq üçün götürəndə Cəfər gülə-gülə qalxaraq əlini əlinə vurur və onları ələ saldığını deyir. Camaat deyinə-deyinə öz işlərinin ardınca gedirlər.
Dostları ilə paylaş: |