Bir gün bir ovçu gedir ova. Çox gəzir, bına ov rast gəlmir ki, gəlmir. Bir də görür, aaaaa, bir ceyran böyürtkan kolu üstündə otduyur orda. Yarpağları yeyir. Nişan alır tüfəngi atır ona. Ceyran yıxılır bu güllədən sora, bi də durur başdıyır qaçmağa. Amma hara qaçacağ, yaralıdı axı. Ovçu gəlir görür, aaa, qan tökülüb yarpağların üstünə. Deer ki, həəə bu izə düşüb, mən onu tapacam. O çox gedə bilməz, yaralıdı. Nəisə, tutur izi gəlir, görür ceyran, ağzın qoyub suya, su içir. Ümumiyyətlə, yaralı varlığ həmişə su istiyir. Təzədən bu tüfəngi nişan alanda şakqanağ çəkib gülür.
Ceyran başını qaldırıb deyir:
– A namərd, nəyə gülürsən?
Ovçu deyir:
– Ona görə gülürəm ki, birinci gülləmnən qaşdın, bəs ikincidən hara qaçacağsan?
Ceyran deer ki:
– Yoox, sənin gülməyə mənəvi haqqın yoxdu. Əslində mən gülməliyəm. Düzdü məni vuraçağsan indi, amma sənin həyatda heç bir izin qalmıyacağ. Mənim isə izim qalacağ. Mənim balalarım mənim qanımın izinə düşüb, biləcəylər ki, anamız hara kimi gedib. Bəs sənin evladların zalım atalarının hansı izinnən gedəcəklər.
Ona görə də hər bir insan həyatda bir iz qoyub getməlidi.
Bi padşah olur. Bu padşah göyərçin saxlıyırmış. Bir gün padşah görür ki, başqa bir göyərçin gəlir, mənim göyərçinim qəfəsdədi. Qondu o qəfəsə, orda onnan danışır. Danışanda padşah da diqqətnən baxır. Bunun vəziri də quş dili bilirmiş. Çağırır vəziri deyir:
– Vəzir, başqa bir göyərçin gəldi o qəfəsdəki göyərçinnərin yanına, nəyisə dedi. Bunu öyrən mənimçün.
Vəzir deyir:
– Baş üstə.
Vəzir gedir o göyərçinin yanına, deyir:
– O göyərçin nə deyirdi, kim idi o?
Göyərçin deyir:
– O, mənim bibim oğlu idi. Yeddi günnən sora oğlunu evləndirəcək, məni dəvət eləməyə gəlmişdi. Hələb şəhərinə gedəcəm. İndi məni padşah buraxmaz, mən də dedim buna ki, mən qəfəsdəyəm, məni padşah buraxmaz.
Vəzir gəlir padşahın yanına, deyir ki, bəs qibleyi-aləm, hal-qəziyyə belədi.
Padşah deyir:
– Get onnan soruş, onu buraxsam, getsə, qayıdıb gələr?
Vəzir gedir bunu quşa deyir, quş da and içir ki, gələcəm. Niyə gəlmiyim, padşah məni qızıl qəfəsdə saxlıyır, mənə zülm eləmir ki. İncitmir məni, yemək verir. Gələcəm.
Vəzir gəlir deyir, padşah da buraxır, bu quş da uçub gedir. Bir ay çəkir bunun gedir gəlməyi. Hamı gəlir, biri deyir ki, nahağ vəzirin sözünə inandın, biri deyir, quşlara da etibar var, biri deyir aldatdı səni, nəyisə.
Demə, bu vəzirnən vəkilin də arası yox imiş. Buların arasında mübahisə düşür. Vəzir deyir:
– Vəkil, əgər göyərçin gəlməsə, mənim var-dövlətimin hamısı sənin, amma gəlsə, səninkiləri mənim.
Padşahın yanında bular mərjdəşillər. Bir aydan sora gəlmir, vəkil gəlir, vəzirin var-dövlətini yığır aparır. Vəzir burda pis vəziyyətə düşür. Aradan bir ay da keçir, göyərçin gəlmir. Üç aydan sora göyərçin gəlir öz yuvasına. Gəlir yuvasına, bu vəzir sevinir, gedir var-dövlətini vəkildən geri alır. Hələ bi üstəlik onunkuları da gətirir.
Göyərçin vəzirə iki dənə alma toxumu verir deyir:
– Bu toxumları ver padşaha, versin bağbana, əksin.
Padşah bu iki dənə meyvə toxumunu verir bağbana, o da əkir. Bir neçə il keçənnən sora burdan iki dənə alma ağacı yetişir, meyvə gətirir. Yeddi dənə alma bitir ağacın birində. Bir gün səhər bağban gəlir padşahın yanına deyir:
– Padşah sağ olun, bəs o göyərçin gətirən toxumlar yetişdi, həmin alma ağacları bar verib. Onnan dərim gətirim?
Padşadh əmr edir, gətir!
Bu bağban iki dənə alma dərir qoyur podnisə, aparır padşaha. Yolda bu vəkil bunu görür, deyir:
– Ay bağban, o nədi helə?
Bağban deyir:
– Bəs, o göyərçinnərin gətirdiyi toxumlardan yetişən almalardı.
Deyir:
– Onu ver mənə, qoy arvadıma da göstərim.
Bu avam da verir onu ona, vəkil gedir icəridə o almaya iynəylə zəhər vurur. Sora da gətirir verir yenə də bağbana. O da gətirir bilmədən verir padşaha. Padşah da öz ailəsinin yanında oturub, bu vəkil də qaça-qaça gəlir padşahın yanına.
Padşah deyir, vəkil görürsən, həmin ağacın meyvələridi. Vəkil deyir:
– Padşahi-aləm sağ olsun. Özüvüz bilərsüz, amma quşdara etibar yoxdu. Sən o almadan bir az kəs, itə at hələ.
Padşah elə də eliyir. It onu yeyən kimi ölür. Padşah əmr eliyir, tez quşun başın üzüllər. Bu bağban bu vəziyyəti görür, başa düşür ki, bunu da padşah öldürtdürəcək, axı almanı bu yetişdirib. Elə qoy bu da yesin o almadan, ölsün.
Elə almadan birin yeyən kimi, dönür olur 24 yaşında bir igid oğlan. Baş gözünə döyə-döyə gəlir padşahın yanına. Padşah sağ olsun, bəs hal-qəziyə belə. Mən sənin bağbanınam, gör o bir dənə alma məni necə cavannaşdırdı. Padşah deyir ki, bəs sən bu almaları nətəri gətirdin mənə ki, bu belə oldu?
Deyir:
– Padşah sağ olsun, mən gətirəndə, vəkil məni gördü yolda, dedi, ki, ver o almaları arvadıma da gösdərim.
Padşah deyir:
– Orda yenə var o almadan?
Deyir:
– Hə.
Deyir:
– Get birini də mənə gətir.
Gətirir verir padşaha, padşah da birini özü yeyir, birini də arvadına verir, ikisi də cavannaşıllar. Əmr verir, vəkilin boynun vurullar. Padşah öz tutduğu əməldən çox peşman olur ki, niyə quşu öldürtdürdü. Ona görə də deyillər “sonrakı peşmançılığ fayda verməz”.