Masalli folkloru 2


Gülü Oğlu Məmmədlə Qaçaq Mozu



Yüklə 2,37 Mb.
səhifə38/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

Gülü Oğlu Məmmədlə Qaçaq Mozu



Akif Poladxan oğlu Məmmədzadə atasından eşitdik­lə­ri­ni nağıl edir. O deyir: Atam Poladxan danışardı ki, Gülü oğlu Məmməd çox varlı, dövlətli olub. Sürülərlə mal-qarası, xeyli əkin sahələri və otlaqları vardı.

Bir dəfə yaz əkini vaxtı idi. Hər tərəf yaşıl otlara bürün­müşdü. Yazın, necə deyərlər, oğlan vaxtı idi. Otlaqlar yaşıl ot­larla, güllərlə elə bəzənmişdi ki, bəzəkli xalını xatırladırdı. Gürgür çayı ətrafındakı torpağımızda əkin işi gedirdi. Sovet hö­kumətinin ilk illəri idi. Hökumət hələ möhkəmlənmədiyi üçün qaçaq-quldur sərbəst şəkildə hərəkət edir, tez-tez kənd­lərə, sürülərə hücum edirdilər. Onların içərisində quldurluq edə­ni də var idi, hökumətin zülmündən qaçaq düşəni də.

Günortaya az qalmışdı. Bi də gördüm qonşu Xoçabanlı kəndi tərəfdən toz yolla bir xeyli atlı çapa-çapa bizə tərəf gə­lir. Ara-sıra güllə səsləri eşidilirdi. Əkinçilər qaçaqları görüb qaçdılar, kol-kosun içərisində gizləndilər. Mən qaçmadım. Ata­mın təzə aldığı ərəb atının cilovundan bərk-bərk tutub da­yanmışdım. Atlılar yaxınlaşdılar. Havaya güllə ata-ata ətra­fım­da bi qədər fırlandılar. Nəhayət, onlardan biri (sora bildim ki, bu, onların başçıları məşhur Qaçaq Mozu imiş) atını mənə tərəf bir az da yaxınlaşdıraraq təəccüblə üzümə baxmağa başladı. O vaxt 12-13 yaşlı cansız bir uşağın hamı kimi qor­xudan qaçıb gizlənməməsi ona qəribə görünürdü. O, uzun eşmə bığları, zəhmli gözləri, uca boylu olmasa da, cüssəli görünən 35-40 yaşlarında bir adam idi. Adını çox eşitmişdim, ətrafda məşhur idi. Həm də çox qoçaq və mərd kişi idi. Ala­paça adlı atı vardı ki, onu heç bir at keçə bilmirdi. Onu çox qorxulu vəziyyətlərdə aradan çıxarda bilmişdi. Bu və başqa əhvalatları adamlar danışanda mən də eşitmişdim. İndi isə bu məşhur qaçaq qarşımda dayanmışdı. O, məni xeyli maraqla süzüb dedi:

– Qoçaq oğul, gördüm səni. Hamı qaçdı, sən qaçmadın.

Sora o, atı da müştəri gözü ilə süzüb dedi:

– Görürəm, gözəl atın da var.

At mənim deyil, atamındır, – deyə şəstlə cavab verdim və dayanmadan əlavə etdim:

– Onu bir hacıdan almışıq, çox baha qiymətə almışıq, özü də ərəb atı cinsindəndir.

O, mənim dilli-dilavər danışmağımın qarşısında sanki bir qədər yumşaldı:

– Ay uşaq, baha deyəndə neçəyə alıb ki?

– Yüz əskinaz, altı qoyun, bir öküzə.

– Əə, kimin oğlusan?

– Gülü oğlu Məmmədin.

Atamın adını eşidəndə daha başqa söz demədi. Gözaltı yoldaşlarına tərəf baxıb, üzünü mənə çevirdi.

– Ə qocaq, min atına, get Məmmədə de ki, Mozu onun qonağıdır. Bir azdan gəlirik.

Dönüb getmək istəyəndə dayandı və əlavə etdi:

– Dayan, uşaqlardan biri mənim atımı minib səninlə kən­də çapacaq, sənin atın doğrudan da ərəb atı olsa, bilinəcək. Gülü oğlu ilə razılaşıb beş qat qiymətinə də olsa, alaram.

Atın üstünə qalxıb ayaqlarımı atın böyrünə vurdum. At ildırım kimi irəli şığıdı. Kəndə çatanda geriyə boylandım. Qa­çaq görünmürdü. Sora bildim ki, mənə çata bilməyəcəyini görüb qayıtmışdı.

Bir az keçmişdi ki, Mozu da dəstəsi ilə gəlib çıxdı. 30 at­lıdan çox idilər. Atam da xeyli qoyun kəsib şişə çəkdir­miş­di. Qaçaqlar həyətdə, tövlədə, samanlıqda özlərinə yer elə­di­lər. Atamla Mozu evə girdilər. Əvvəl çay dəsgahı başladı. Çay içə-içə Mozu səhərki hadisəni danışdı:

– Gülü oğlu, boyunun balacalığına baxma, qorxmaz oğlun var, hamı bizdən qorxub qaçdı, oğlun qaçmadı.

Atam gülə-gülə dedi:

– Güllənin qabağından hara qaçmaq olar, a Mozu?

Mozu birdən söhbətin səmtini dəyişdi:

– A kişi, sənin atın güllədən bərk qaçır, yaxşı, de görüm, o ata nə qədər verim? Neçə desən, verəcəm.

Atam bu təklifi gözləmirdi. Bir az tutulan kimi oldu, sora özünü toplayıb cavab verdi:

– Mozu, nə istəsən, müzayiqə yoxdur. Amma arvadı, atı, bir də aynalımı heç kəsə vermərəm.

Mozu da bu cavabı gözləmirdi. Araya daş sükutu çökdü. Mozu başını aşağı salıb, yavaş-yavaş bığlarını eşirdi. Arada çay­dan bir qurtum içir, yenə məşğuliyyətini davam etdirirdi.

Nəhayət, atam sükutu pozdu:

– A Mozu, ara qarışıqdır. Naçalnikə, enkevediyə rast gəlməkdən qorxmursunuz?

– Arxayın ol, ay Məmməd. Günortanı yeyib-qurtaran kimi Viləşə tərəf gedirik. Bəzi söz-söhbət eşitmişik, onlarla haqq-hesabımız var.

Bir neçə gündən sora eşitdik ki, Mozunun dəstəsi hö­ku­mət adamlarına hücum edib, onları öldürüb, xeyli tüfəng, si­lah ələ keçirərək, dağları o taya aşmış, İrana keçmişlər.
* * *

Qaçağ Mozu olub onun haqqında onu eşitmişəm. Eşit­mi­şəm ki, təxminən iyirminci, otuzuncu illərdə sərhəd möh­kəm olmuyanda qaçağçılığ eliyib. Camatın gəlib mal-qarasın töləsinnən, həyətinnən, beşatlanı olub da qorxuzubdu, sürüb aparıb camatın mal-qarasın keçirdib İrana, pul qazanıb. Kim də ona qarşı zad eliyibsə, mane olubsa, onu öldürübdü. O cüm­lə­dən o Mozu bizim də kəndə gəlib. Eminli kəndinə gə­lib, deməli, girib tölə döyül e, daxma kimi lığdan, qamışdan düzəldiblər, mal-qaranı orda saxlıyırmışdar. Girib mal-qara­nın töləsinə, bunu ev sahibi görübdü. Gərək ev sahibi də eh­tiyatlı ola, oğrudusa, silahnan ola bilər. Bu ev sahibi gəlib qa­pı­nı bağlıyıb, qışqırıb camata, ay camahat, gəlin, oğrunu tut­mu­şam. Oğru da olubdu Mozu. Mozu demək ki, qapının bö­rün­nən qamışı kənar eliyib beş atlannan vurub onu. Kişi yı­xı­lıb yerə, Mozu çıxıb qaçıb. Bir-iki dənə də güllə atıb camahatı qorxudub. O Mozu bizim kənddə də Sərhəd adlı adam vardı, onu da vırıb öldürübdü. Elə bir xatirə mənim yadımdadı. O, məcbur idi gizzənsin ona görə də ona qaçağ deyirdilər. Onu diyəsən İranda vurublar.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin