Qağam yaxşı güləşəndi, toyda onun belini yerə vuran olmamışdı. O vaxt kənddə Müseyib adında biri vardı. Toyda bəzilərinin dolduruşuna gəldi, qağamla güləşmək istədi. Cəngi çalındı, qağam rəhməttiy bu Müseyibnən güləşdi. Güləşəndə əlini belə qoyub belə-belə, belə-belə aşırdı. Ə Paşa, məni yıxa bilərsən, Müseyib deyib qağama. Deer, gəldi əlin belənçik tutdu qağam, atdı özünnən bu yana, Müseyib arxası üstə düşdü yerə. Camaat şapalağ vurdu, güldü. Aşıx da bu yannan çalır. Hə, bi xeyləm oynadı. 101-i havasına oynıyardı qağam. 101-i havası ən çətin havadı, hər adam oynıya bilməzdi. Elə belə-belə eliyərdi, bir də gördün toyxananın o başındadı.
Bi gün hardansa pəhlivan gəlibmiş Xoççobannıya, burdan da gəlib qağamı aparıblar. Həə, qağam elə bil güləşəndə elə bi dəfə yapışıb belənçig əlinnən atıb özünnən bu yüzə. Bi də durub bunun üstünə gələndə əl atıb yapışıb burasınnan təkəlli qalxızıb göyə. Qalxızanda hamı başdıyıb hoy-hoy şapalağ vurmağa. Pəhlivan deyib, sən Allah, qardaş atma məni yerə, ölərəm. Qağam deyib səni mən yerə atmaram, amma sən mənnən güləşə bilməzsən. Ged özüvə bab adam tap.
Fərayıl əmioğluynan da güləşməsi belə olur ki, hamı deyir ki, Paşa qocalıb uje, 70 yaşı var. Fərayıl da hündürboylu, kök, dolu adam idi. Həm əmioğluydular, həm də qonşu. Toyun birində qağam genə də çıxıb güləşməyə, özünə bab adam axtarırmış ki, Fərayıl yerindən fırrıyır deyir, ə, Paşanı yıxmağa nə var? Sora çıxır meydana bi o yana, bi bu yana gedib, gəlib qağama yapışmağ isdiyəndə qağam əlini çəkib deyib hələ gözdə, güləşmə, hələ oynıyağ biy az. Yox, əmi, yıxmalıyam səni, sən yaşdısan, mən cavan. Qağamı zad eliyəndə, belənçık eliyib qağam boynunu salıb qoltuğunun altına. Elə qolunun altında belə-belə eliyib qiçdarını da salıb bəndə. Burdan dik qaldırıb yuxarı göyə, bi az saxlayıb göydə. Deeb, ə, mən nə qədər yaşdı olsam da, 5-6 dənə sənin kimi cavanın quvvası var məndə. Qağam rəhməddig quvvalı adam olub.
Həə, Fərahim də deeb, əmi, elə bil ayağım yerdən üzüləndə ürəyim üzüldü. Dedim öldüm daa.
Qağam rəhmətdik öləndə də onnan bi gün qabaq gedib bazara. Bazarın icində də hamam var idi. Orda yuyunardı. Təmizkar idi. Hə, gedib hamamda yuyunub gəlib qatığ alıb, deyib arvad bunnan doğa bişirərsən, arvad da səhər durub doğa bişirib. Balığ bişirib. Məscidə də gedib namazını qılıb, surfanu səriblər, hamı gəlib, gəlin, oğul, hamı oturub yeyiblər günorta. Deyib:
– Hə, arvad hərif haxlıyıb məni. Dur məəm yerimi sal. Sən görmürsən, mən görürəm. Dur mənim yerimi sal.
Arvad deeb:
– Əşi, özüü itiribsən nədi.
Deeb:
– Molla Yusifi çağır. Uşaxları yığıb yanına.
Arvad heç bilmiyib kimə deyə.
Deer:
– Həmişəki kimi bunun yerini beləsinə saldım, belə baxdı deer, gülümsədi.
Deer dedi:
– Arvad, dünya görübsən, sən tək, mən də ölü, bu yeri kim döndərəcək? Mən ağzı qibləyə ölüm də, tərsiyə yox.
Arvad deer, məəttəl qaldım. Bunun yerin döndərdim üzü qibləyə. Soyundu, adicə ağ dizzig, ağ köynək geyindi, girdi yerə.
Dedi:
– Molla Yusifi çağır.
Çıxdim çölə uşax tapıb molla Yusifə yolluyum. Gördüm bıy molla Yusif yolnan gedir. Çağırdım, a bala, sən Allah, bura gəl, əminin kefi yoxdu. Gəldi. Kişi dedi:
– Mənə Yasin oxu.
Molla dedi:
– Əşi, səndə nə var e.
Dedi:
– Oxu, sən görmürsən, mən görrəm, bıdu mənnən üzbəüz dayanıb.
– Ay əmi, nədi?
Dedi:
– Sən görmürsən o hərifi, mən görürəm.
Molla Yasinin birini oxudu. Əlini deer, bele eledi ki, birini də oxu. Birini də oxuyanda yarıya çatmışdı ki, kişi öldü.
Söyləyicilər:
Vasif Alışov, doğum tarixi 1953, təhsili orta, Həsənli kəndi
İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi
Ağababa Abbasov, doğum tarixi 1926, təhsili orta, Təklə kəndi
Məmmədhüseyin Həsənov, doğum tarixi 1928, təhsili orta ixtisas, Masallı şəhəri
Əlizaman Baxış, Hacıtəpə (Keçmişdə və indi), B., 2010
Qorxmaz Əliyev, doğum tarixi 1952, təhsili orta ixtisas, Qəriblər kəndi
Şirvan Əbilov, doğum tarixi 1932, təhsili ali, Mahmudavar kəndi
Mədinə Həsənova doğum tarixi 1941, təhsili 7 illik, Xırmandalı kəndi
Toplayıcı:
Füzuli Bayat
13. TAPMACALAR
Bir sürü atlar
Çəməndə otlar.
Vaxtı gələndə
Dərisi çatlar.
(pambığ)
Halalar ay halalar.
Çöldə dovşan balalar.
Ayağından su içər.
Dimdiyindən balalar.
(sünbül)
O yanı qaya
Bu yanı qaya.
İçində sarı maya.
(yumurta)
Altı bulağ içərlər.
Üstü zəmi biçərlər.
(Qoyun)
O yanı çəpər, bu yanı çəpər.
İçində atlı çapar.
(Göz)
Bizdə bir kişi var.
Nənəmnən işi var.
(Nehrə)
Bizdə bir kişi var.
Iki dişi var.
(Maşa)
Biri deyir, gəl gedək.
Biri deyir, nə edək.
Biri başın buluyur.
(Arx)
Qara toyuğ qaq eledi,
Yumurtasın bərk elədi.
(açar)
Gedən məyləy,
Gələn məyləy,
Bir qıç üstə
Duran məyləy
(qapı)
Mən aşiqəm, o daşdan
O kipriydən, o qaşdan
Sənə aşiq diyərəm,
Mənə don tik o daşdan.
(Mən aşiqəm o qaşa,
O kipriyə, o qaşa
Sənə aşiq deyərəm
Sən sapdan qum hör
Mən, don tikim o daşdan).
* * *
Mən aşiqəm, buz bağlar
Qışda çaylar buz bağlar
Aşıq bir hikmət görüb
Od içində buz bağlar.
(südün qaymağı)
Mən aşıq budağ atar
O dağı bu dağ atar
Torpağsız yerdə bitər
Yarpağsız budağ atar.
(maralın buynuzları).
Dostları ilə paylaş: |