Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə44/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

Qarğışlar


Deyirsən ki, mənim qızımın bəxtini bağlıyıblar, hə de­yir istiyirsən ki, yaman dərdə düşəsən, pis günə qalasan, balan ölsün, əzizin ölsün, giramın ölsün, mən sənə neynəmi­şəm ki, uşağımın bəxtin bağlamısan.
* * *

Ay səni pis günə qalasan. Mən sənə neynəmişəm. Hə bizim də qarğışımız budu.
* * *

Qayınxatınım var. Bizim yaxşı yolumuz var idi, həmən o qayınxatınım o yolu kəsdi. Camaatın yolu idi, indi də get gəldi. O yol üstə çən tikdirdi. Yolu bağladı. Camaat da bizim həyətdən indi gedib gəlirlər. Deyirlər, həyət qoyub gedənə Allah rəhmət eləsin. Ancağ yol kəsənə Allah lənət eləsin. Al­lah yolun kəssin.

* * *

Allah lənət eləsin pis adama, harda pis var.
* * *

Səni şor boğsun.

Söyləyicilər:


Rübabə Ələkbərov, doğum tarixi 1929, təhsili 7-illik, Qızılağac kəndi

Gülcahan Ələkbərova, doğum tarixi 1927, təhsili yoxdur, Qızılagac kəndi

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi

Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7-illik, Şərəfə kəndi

Gülsarə Şəmmədova, doğum tarixi 1950, təhsili orta,

Mahirə Bədəlova, doğum tarixi 1952, təhsili orta, II Yeddioymaq kəndi

Mənsurə Abdullayeva, doğum tarixi 1933, təhsili yoxdur, Qızılağac kəndi

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musa­küçə kəndi

Toplayıcı:


Nuridə Muxtarzadə

16. ATALAR SÖZÜ, MƏSƏLLƏR, DEYIMLƏR



Qarın doyuran aşı göz gennən tanır.

Ələg imiş, sac imiş, qarnım niyə ac imiş?!

Ot yolun ya o üzündə bitər, ya bu üzündə.

Oha var dağa mindirər, oha var dağdan endirər.

Düz baltadı meşədə odun doğruyur.

Əyri çindi ot-avar biçir.

Ailədə kişi kar, arvad kor olmalıdır.

Ata pencəyini geymək man deyil, atanı danmaq mandır.

Evlənmək istəyəndə gözlərindən qabaq qulaqlarına qulaq as.

Doşab aldım, bal çıxdı, qarpız aldım, kal çıxdı.

Keçmişə güllə atarsan, gələcək səni topa tutar.

Qara qarğa boğazın nə qədər uzatsa, qazın boğazına çatmaz.

Riyakar danışanda düzlükdən danışar.

Qurdun salamında da tamah var.

Yazda çalan qışda oynar, yazda yatan qışda ağlar.

Evə arvad qohumu gələndə arvadın yanağı allanar, kişi qohumu gələndə dodağı sallanar.

Buludsuz yağış olmaz.

Bar verən ağaca daşı çox atarlar.

Hərə bir rəngdə, biri hər rəngdə.

Böyük qəlbi olanlar tez aldanar.

Ağac bar verəndə cinsini sormazlar.

İtə arxadan, ata qabaqdan.

Elmsiz adam – ağzına qadam.

Elmin gücü, yıxar bürcü.

Yayda işilə, qışda dişilə.

Söyləyən olma, dinləyən ol.

Düz ağacı oda qoymazlar.

El içində, öl içində.

El ağır faldır.

El atan daş uzağa düşər.

Məsəl var, gəlin ayağından, çoban dayağından.
Arvad var ki, arpa aşın aş eylər,

Arvad var ki, kərpic baçın yaş eylər.
İkiaxta tumanı geyinməklə dünya sənin olmaz.

Saqqızlığına yumruq dəyməknən uymağı bir oldu.

Haçandı sicilləmə deyir, başdan-qulaqdan olduq.

Qardaşlar tutaşdılar, əbləhlər inandılar.

Tamahına təht demədi, ilişdi.

İgid darıxanda özünü havasata verər.

Məti çox kaldı, duruxdu qaldı.

Səsin yoxdu nə kəranayıdan başlayırsan.

Ala-tələkə iş üz qızardar.

Bu kisə elə doludu, elə bil hozalayıbsan.

Barmağımın əyriliyinə baxma, baxtımın düzlüyünə bax.

Oğlum oğlum olsun, kolun dibində evi olsun.

Bunlar mənzilin bu başından da kəvələşirlər, o başından da.

Daha Fətəlinin gəlhagəlidir, adam tanımır.

Vur-sındır salmağın əbəs şeydir, iş-işdən keçib.

Bu köynək nimdaş olsa da, geymək olar.

Nə dəyintin ulubsa bilmirəm, yaman şıdırğı gedirsən.

Çalış külə-süpürgə olma, olsan, əfəl düşərsən.

Təndirin çörəyi ala çiydi, sözünü bişirt çıxart.

Bilmirəm, sən mənnən qaradinməz oyunu oynayırsan.

Köhnə-külə yamamaqdan barmaqlarım sudur olur.

Nəyi olmasa da, yol yolağını biləndi.

Vardı-yoxdu bilmir: hara gəldi tozayır.

Kişi adlanıb: evi daim gəl-getdi.

Məşədi Aman keyvəninin evində dürgə-dürgə xalçalar öz gözümlə görmüşəm.

Zalım qəzə dindirirsən elə əzvay danışır, lətin çölə tök­məknən girincdi.

Şəbinin toyda qopalağın elə götürdülər, evinin yolunu tapa bilmirdi.

Ay unutmaz, niyə özünü silkdən-silkə salırsan?

Az qalmışdı dana murdar ola, darın bıçağa gəldi.

Dünən yolda arabam dayandı, yaman daməndə qalmış­dım, köhnə əvəlansanlarımdan biri rast gəldi.

Günün günorta vaxtı nə tirrənib yatmısan.

Maşallah Məsinin zənəni gildikcə kimidir.

Şelon-boran elədiyinə görə illik zumarı çatmadı.

Zalım oğlunun hökkültüsündən gün üzü tutulurdu.

Əli gətitrəyən kimi payız quzusuna döndü.

Ə, qarnını nə qabağa veribsən ləvər quzu kimi.

Belə qanmaz pəzəvəngi yaşımnan indi gördüm.

Kişinin taytağı başa qaxıncdır.

Uşaq kəmki darağı itirib deyin nə bir-birimizə qarğ elə­yibsən.

Sənə axırıncı dəfə deyirəm, darağın birdəfəlik yaxşıdır?!

O yana itələyirsən bu yetim dirlik cücəsi kimi üstünə gəlir.

Ay bala, bizim qıtıl qoyun cücəsi kimi üstünə gəlir.

O işə görə elə o gündən asikifir düşmüşəm.

Bala əmi yaxşı qalıb hələ tıqdan düşməyib, hələ yorğa yeriyir.

Srağa gündən deşdavardan yağan püsəngi qar ara vermir ki, vermir.

Zənənin maytabanısı tayfanın başını aşağı elər.

Məmmədrəhim oğlu Məşədi Qurbanəli day qocalıb, tamam kirkirədən düşüb.

Nəsurulla qızı Məşədi Mədinə taxıl hövsəri hələ görən olmayıb.

Özünü yaxşı apar, əlbəsöyünlük eləmə, camaat baxır.

Bala, təzəyə kərəliyə yığ daşı, onda zaya getməz.

Göz dəyməsin bizim Malıya, yaxşı özün götürüb, Maşallah gəlişanlıdı.

Kinaranı elə dədə-baba palçığından qoyurlar.

Şərtəli tuman geyinməknən girinc idi, gör necə yığılı-yapalı, taxta qapılı arvad oldu.

Bu Məmiş əvvəldən bu təxazəni özünə peşə secib.

Taytaq kişi zənən kimidi.

Mən onu tutmaq istəmirdim, özü səntiyib yıxıldı.

Adamın gərək sültəki ola adamlarnan.

Nə qədər ehsan yeyibsə bilmirəm, özü demişkən, bir illik tarçığını götürüb.

Təzə dost olublar, bir müddət səmimi gedər.

İyəşməkdən bir şey çıxmaz, boşla getsin.

Buna söz dedikcə şinəşir, azaq dolan, şər-xatadı.

Fəti qabaqkından çox sındalaşıb.

Ay bədbəxt, nə vaxta kimi daradit vuracaqsan.

Ay ellər, pis günümdür, şəbədəyə qalmışam.

İsgəndər bəyin biro-biro vaxtında mən onun quzularını otarırdım.

Zalım oğlu, dünən mənə elə hül Verdi, hələ araşdıra bilmirəm, bu nə sirdi.

Mən bilmirəm ki, sən nə vaxt kimi osama geyəcəksən.

Sən gördün. Nəbiş ora çatmamış səcərəsi dalınca de­yildi.

Məmmədyar həmişə qına çəkilən adam olub, matı göz­lə­yib.

Bala qaç, sabunun kirtiyi suvarcaqda qalıb, gətir.

Kişinin çımxırmağınnan uşağın kiriməyi bir oldu.

Elə ehsan ver ki, osanana düşsün, halaldan olsun.

Bu gədə hüdüd eləsə, bu yazacan həmin evlənə, çox qırdıqaçardıdı.

Dəngül-düngül zənən ərini tez qocaldar.

Ağsaqqala dəyışmədiyindən işin başı yetmədi.

Elə əvvəldən mənim zağar adamdam zəndi-zəhləm gedir.

Anamın dayısı oğlu ha vaxtda bərk təntidim.

Bu gədə çox hanıyanıb, adam tanımır.

Yaxşı oldu, bu toyda oynamaqnan tarçığıvı gördürdün.

Kəndin dəndirmə cahılları meharibəyə getdi, gəlmədi.

Nə qədər tor vurdum, ipəyi lğıma gəlmədi.

O gün işim yaxşı timinə düşdü, azdan-çoxdan bulğurtal­dım.

Az qalmış işlər düzələ, zalım oğlu nəh elədi.

Nağının furqatı gələndə dalına-qabağına keçmək olmur.

Bunun vələdi dönüb, nöyütdən qara nə varsa, danışır.

Mən onda gördüm ki, Fətini kəşan-kəşanan gətirib yu­xarı başa keçirtdilər.

Özünə nə küşəmal gəlibsə, əldən-didən düşüb zarıyır.

Gördüm ki, qandığa bitdi, qırağın örtdü, ablı-tablı arvad oldu.

Matını dədəsi elə qarğıyıb, nə qədər diliə, sülənə, çörək atlı olacaq o, piyada.

Mən onu qaçaqaçda görmüşəm, onda tənumad adam idi.

Məşədinin evin tolkə qoyanda nəyi var idi, apardılar, kişi tamam lüppüz oldu.

Bu Qədiməli çoxdan gözümə dəymir, kahal görünür.

Ayə dinc otur, şüt törəməyibsən ki, adam oturub axı.

Dünən Xanış saran çit yaxşı toxunmamışdı, lırdana kimi idi.

Sən Allah, qonşu davasında Mədədi gördün necə pös­kürt­dülər.

Başıma qəza gələndə, titi-piti nə yığmışdım hamısı əlim­dən çıxdı.

Çox çığırdım, bu xətəkün mənə vermədi.

Zırbazır oğlu zırbazır, nə ölüyə gərəkdi, nə diriyə.

Suyu bu xırnavadan burax gəlsin.

Əhəd qızı Yasəmən çox nizgan zənən idi.

Ləliş elə cavanlğından latırıngi idi, arvad heç onu dam­mılına almırdı.

Mənim əvvəlki qonşum çox xıntış adam idi.

Həsənin xızanı çoxdu, xeyri-şəri çatdıra bilmir.

Xabalının yanında başqa söz danışma, orda-burda danı­şar, çətənəyi yoxdur.

Tutubikə ağbircək də oldu, qız-gəlinə sərgi verməkdən əl çəkmədi.

Bu ləlöyün oğlu ləlöyün, qapılarda sinsəməyi özünə adət edib.

Ay usta, evin ətəyinə no vurmağa nə qədər taxta la­zımdır?

Buna cahıl demək olmaz, əli-qolu əlməçülə kimidi.

Şəbinin gədəsi kirami uşaq idi, Sibirdə, türmədə paymal oldu.

Ay tez to, nə vaxta kimi sən yavaş-yavaş danışacaqsan.

Bu şitili sahəyə əkmək olmaz, ənik-ənikdi.

Adamın əlinə ümurətlik keçəndə gərək gözü ayağının altında görə.

O qədər nodərəmət danışıbsan ki, dahı sənə inamım yoxdu.

Hava deyəsən keşərdi, səfərə çıxmaq olar.

Bala, çəkici tez bura gətir, qapı busağasından çıxıb.

Sən öl, nisyə vermərəm, hələ siftə eləməmişəm.

Görəsən Təbi genə də şoqqutma saldı, dili dinc durmur, hey bəla çəkir.

Bədbəxt oğluma nə qədər simacət elədim yola gəlmədi.

Kişi oğlu böyük duduman sahibi imiş, bilməmişik.

Nə rəz-rəz gedirsən?

Bir az dayansana, səbir elə nə olub, nə şığımla gedirsən, yoxsa üyülməmiş dənin var.

Şöynük çökdüyündən avara bilmidim yoldan ötən kimi­dir.

Məni dünən Qızbikə elə suratdadı, özüm xəcalət çəkdim.

Mən bilmirəm, sən haçanacan şellənib bullanacaqsan.

Adam ki, şitdəndi, gərək dişini vurub tökəsən qarnına.

Mərdalı yaman fikir eləyir, kişi bilmirrəm pırıxlaşıb.

Kişi elə qızdırıb paxla dəyirmanı kimi nırha çəkir.

Bir evdə ki kişi “arvad” oldu, papağıvı götür ordan qaç.

Deyir Məstalının qızını Məminin sağırına ad elədilər.

Məni öldürsə, elin şamadəti öldürəcək.

Aş, qapıyacan yoldaş.

Arıq at öz kövşənində kökələr.

Başımı sındır, ətəyimə qoz tök.

Boradigahın kəndələşi güclüdür.

Qaranı çəkib paxlanın gözünə, noxudu qoyub yana-yana.

Qaynanam – kəmki darağ, başıma batar;

Qaynatam – pendir-bıçağ, canıma yatar;

Qayınlarım – səlim ağacı, boyuma baxar;

Baldızlarım hərdəm gələr, dım-dım atar, sancar gedər.

Qozbeli qəbir düzəldər.

Qızını döyməyən, dizini döyər.

Eşşəyim ölüb, başı qızıldan.

Yağ dağıldı, palaz batdı.

Kor Allaha necə baxırsa, Allah da kora elə baxır.

Gəlin gəlin olmaz, gəlinin düşdüyü yer gəlin olar.

Gəzəyən gəzə bilməz, gəzməzsə, dözə bilməz.

Murdar əski yanmaz.

Salamı baş sındırar.

Çarvadardan ev olmaz, qonşunu dərd öldürər.

Çölməyə verə-verə çıxar qazan bahasına.
Yağ yağa qarışar, yarmalar yavan qalar.

Yağ dağıldi, palaz batdı.

Qaynanamı bağda ilan çalaydi,

Qaynatama Məkkə qismət olaydi.
* * *

Şönnük çökdü – hava qaraldı.

Korrux çəkmək – iqtisadi çətinlik çəkmək.

Şapartdamaq – araqarışdıran sillə ilə yanına, başına vur­maq.

Dar niyaz çağı – günün batan vaxtı.

Naxışı güjdü – bəxti gətirən.

Cırreyim – həyasız, qarayaxa arvad.

Bijdurux – atasından xəbərsiz,

Mic-micə – hər şeydən çimçəşən.

Bicıqqan – azca, lap az şəkilçi (gəldana, yazdana)

Kələtə – ölçü, kisənin, hər hansı qabın başından yarım olan yarım kisə dən və s.

Qada mənə, mən qadaya – xəstəlik məni tutunca mən onu tutum.

Qart-qurt eləmə – ağzı başına çox danışma.

Cür elədi – özündən çıxdı.

Hökkur – arıqlığı göstərən sifət.

Fırın vurmaq – bir şeydən doymaq.

Şəlpərə – köhnə parçadan olan silgi.

Zəkqo – acı, zəhər kimi.

Gözlərini şüüllətmək – gözünün ucuyla baxmaq.

İlman dili çıxarmaq – yalvar-yaxar eləmək


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin