Söyləyicilər:
İmanqulu Məmmədov, doğum tarixi 1949, təhsili ali, Səmidxan kəndi
Mədinə Həsənova, doğum tarixi 1941, təhsili 7 illik, Xırmandalı kəndi
Kazım Aslanlı, Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid. Bakı, 2012
Toplayıcı:
Füzuli Bayat
21. BAYATILAR
Gedirdim arx arası,
Gördüm maxmər parası.
Adaxlanmamış qız gördüm,
Üzündə diş yarası.
Müxang əkdim ləgəndə,
Müxang boyun əgəndə.
On iki qurban demişəm,
Əlim əlinə dəyəndə.
Müxang əkdim mərzə mən,
Biçdim vurdum dərzə mən.
Befəva dosd əlindən,
Hara gedim ərzə mən?
Əzizim uçdum, gəldim,
Dost bağına düşdüm, gəldim,
Yaxşı günün aşnası
Yaman günə düşdüm, gəldim.
Əzizinəm şəkər canım,
Qəm-qüssə çəkər canım.
Nə haqqım var, nə muzdum,
Yadlara nökər canım.
Əzizinəm nəynən alım?
Əlfini beynən alım.
Küsdürdüm yola saldım,
Könlünü nəynən alım?
Əzizinəm, bir də mən,
Doldur içim bir də mən.
Ömür getdi, gün getdi,
Cavan olmam bir də mən.
Əzizinəm bir dənəsən,
Sədəfsən, bir dənəsən.
Mən ölsəm, sənə qurban,
Sən ölmə, bir dənəsən.
Əzizinəm, gedər qalmaz.
Axan sular gedər, qalmaz.
Bu dünya bir pəncərədir,
Hər gələn baxar, qalmaz.
Əzizinəm, can demişəm,
Ağlama, can demişəm.
Balam dil açan günə,
Quzu qurban demişəm.
Əzizinəm, gülə naz,
Bülbül eylər gülə naz.
Dünya bir qəmxanadı
Ağlayan çox, gülən az.
Əzizinəm, qədir Allah.
Taxsırım nədir, Allah?
Ya mənə balamı yetir,
Ya mənə səbir, Allah.
Əzizinəm, ağlamazdım.
Gülərdim, ağlamazdım,
Bilsəydim vəfan budu,
Sənə bel bağlamazdım.
Əzizinəm, gülə-gülə,
Gül əkdim gülə-gülə.
Evimi düşmən yıxdı
Üzümə gülə-gülə.
Əzizinəm, vay dərdim,
Vay dərmanım, vay dərdim
Hamı gül əkdi, gül dərdi,
Mən gül əkdim, vay dərdim.
Əzizinəm, Ay doğsun,
Ay doğsun, Ay doğsun.
Eşitdim balan gəlir,
Gözdərin aydın olsun.
Əzizinəm, gül üşüdü,
Şeh düşdü, gül üşüdü.
Güldün, ağlım apardın,
Bu necə gülüş idi?
Əzizinəm, bilən dağlar,
Gülüm yox dərəm, dağlar.
Mənim ahu zarımnan,
Göydə mələhlər ağlar.
Əzizinəm, axdalandı,
Gün getdi, laxdalandı.
Gedirsən, tez qayıt gəl,
Qəbr evim taxdalandı.
O tayda quzu gördüm,
Tükün qırmızı gördüm.
Açdım cənnət qapısın,
Sevdiyim qızı gördüm.
O tayda duran bəndə,
Bir heyva yoxdu səndə.
Heyva kimi saralmış,
Heç insaf yoxdu səndə.
Bu qala, daşlı qala.
Torpağı yaşlı qala.
Qorxuram düşəm öləm,
Yar gözü yaşlı qala.
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu.
Gedin əmimə deyin
Bizə versin qızını.
Ağac atdım ağaca,
Ağac gəldi balaca,
Qardaş bir qız sevübdü,
Qaşı, gözü balaca.
Armud ağacı suda,
Birin kəs, birin buda.
Mən sənə gəlin ollam,
Sən mənə qayın, quda.
Bu dərə allanıbdı,
Armudu korlanıbdı.
Gedin, qardaşa deyin,
Saatı sallanıbdı.
Bu dərə, uzun dərə,
Getdikcə uzun dərə.
Burda bir bağ salaram,
Yar gələ, üzüm dərə.
Dəsmal atdım söyüdə,
Söyüd onu böyüdə.
Dəsmal, səni saxlaram,
Bir alagöz iyidə.
Dəsmalı kirri yarım,
Göylü, fikirri yarım.
Oturub mərəkədə,
Ceyran şikilli yarım.
Gün getdi batan yerə,
Mələhlər yatan yerə.
Əmiqızı qurban olsun,
Əmoğlu yatan yerə.
Ağ alma, qızıl alma,
Yollara düzül, alma.
Çırkin al əsil olsun,
Bedasıl gözəl alma.
Qara at qaşdı, gəldi,
Yügənin aşdı, gəldi.
Xanımnara muştuluğ,
Bəylər barışdı, gəldi.
Qara at nalı neynir?
Göyçək qız xalı neynir?
Yarı göyçək olan,
Dünyanın malın neynir?
Qızılgül həşən oldu,
Dərmədim, həşən oldu,
Sən mənnən ayrılannan
Ağlamağ peşəm oldu.
Qızılgüləm xar-xaram,
Açılmaram, qorxaram.
Desələr, qardaş gəlir,
Xəstə olsam, qalxaram.
Dam üsdə yatan oğlan,
Köynəyi kətan oğlan,
Apardılar yarıvu,
Bixəbər yatan, oğlan.
Dam üsdə yatmamışam,
Qan-tərə batmamışam.
Sevgilim yanımdadı,
Bixəbər yatmamışam.
Ay işığı divarda,
Dəsmalım qaldı yarda,
İndicə yarım gələr,
Deyər, ceyranım harda?
Mənim yarım talışdı,
Girdəni bir qarışdı,
Sinəsi yorğan-döşəh,
Qolları naz balışdı.
Aftafamı tutdu yar,
Gör hayana getdi yar,
Özü buralı deyil,
Söhbəti hörmətli yar.
Ağ köynək ağlı qalsın,
Buxçada bağlı qalsın,
Məni yardan eyləyənin,
Qapısı bağlı qalsın.
Bənövşə, ay bənövşə
Dağda bitər həmişə.
Siz hamınız Rusyada,
Sizdən bizə kim düşə?
Baxça bağ üsdə gəlir,
Heyva nar üsdə gəlir,
Bu əzizi ölmüş mahnılar,
Hamısı yar üsdə gəlir.
Qızıl üzüyün qaşı,
Həyətdə mərmər daşı,
Məni bir oğlan sevir,
Qaradır onun qaşı.
Çıxdım balaxanaya,
Baxdım divarxanaya,
Mənim yarım tanışdı,
Bəlkə məni tanıya.
Gediram qıraq ilə,
Ot biçdim oraq ilə,
İtirmişəm balamı,
Gəzirəm soraq ilə.
Bu dağda əkin olmaz,
Əkməsən əkin olmaz.
Könlüm səni görməsə,
Ürəyim sakit olmaz.
Budaq budağa baxır,
Aralıqda su axır,
Zəhləm o yardan gedir,
Mənlə sobaya baxır.
Getdim bulaq başına,
Baxdım qara daşına,
Oğlum maşın alıbdır,
Heç yaraşmır yaşına.
Dəyirman üsdü çiçək,
Çin gətir, onu biçək,
Mən yarımı tanıram,
Uzun boy, qara birçək.
Araz nədir, buz nədir?
Kabab nədir, köz nədir?
Əgər məni sevirsən,
Yanındakı qız nədir?
Bu qala nə qaladır,
Torpağı Karbaladır.
Məhəbbət yaxşı şeydir,
Ayrılmaq nə bəladır?
Mənim yarım naşıdı
Qələm onun qaşıdı.
Oturanda bəy oğlu,
Duranda yüzbaşıdı.
Mənim yarım kasıbdı,
Sakqalın tük basıbdı.
İsdədi üzün qırxa
Qayçını pas basıbdı.
Mən aşiqəm, el dərdi,
Ağır idi el dərdi.
Lenin bir bağça saldı,
Güllərini el dərdi.
Mən aşıq, dağlar bizim,
Bostanlar, bağlar bizim,
Getdi o qara keçmiş,
Oldu xoş çağlar bizim.
Mən aşıq, axar Viləş,
Salar şarhaşar Viləş,
Çəltih çöllərin sular,
Olar məhsuldar Viləş.
Mən aşiqəm o yara,
Gül əkib, gül suvara.
Yarışçın çağırış verə,
Staxanovçulara.
Mən aşıqam, işəgir,
Tənbəlləri iş əgir,
Sən tənbəl deyilsənsə,
Gəl mənlə yarışa gir.
Mən aşığam səriştə,
İş görər tərpənişdə,
Tənbəl evində yatar,
İyit görünər işdə.
Mən aşıqam, al məni,
Bir qəfəsə sal məni,
Könlün dutğun olanda,
Götür bir az çal məni.
Əzzinəm, ay Qarabağ,
Dağlar üsdə qara bax,
Yolunda qurban getdi,
Bir yar, bir at, bir papaq.
Mən aşıq, Dənbəlovda,
Duman var Dənbəlovda.
Yarı məndən eyliyən,
Görüm olsun mən lovda.
Mən aşıqam, dağ daşdan,
Keçmişəm çox savaşdan.
Yaxşı at çox yaxşıdır,
Əziz, doğma qardaşdan.
Əzzinəm mən ay gözəl,
Günnən qalmaz Ay gözəl,
Qoynundakı narınnan,
Göndər mənə pay, gözəl.
Mən aşıqam, elim var,
Aydın-açıq yolum var.
Mən də qəhrəman ollam,
Fərasətim, qolum var.
Əzzinəm, gilə-gilə,
Salam göndər yargilə.
Qonaqlığın yoxsa da,
Nə var bir şirin dilə.
Əzzinəm, toya gəl sən,
Toyumdur, toya gəl sən,
Canımı sənə verrəm,
Əyər bir dəfə gülsən.
Əzzinəm, Dənbəlovda,
Səfa var Dənbəlovda.
Bir ceyran bəyənmişəm,
O Dənbəlovda, mən ovda.
Mən aşıq, Mirov dağı,
Bir də göy Kür qırağı.
Bu sayaq heç gülmədim,
Ömrümün cavan çağı.
Mən aşıq, yazı qalar,
Katibdən yazı qalar,
Devran hey dəyişdihcə,
Gün gedər, izi qalar.
Mən aşıqam, ilgəylər,
İllər keçər, il gələr,
Plansız iş, cansız can,
İkisi də bir gələr.
Mən aşıq, ulduzlarda,
Əzizimdir ulduzlar da,
İyid oğlan axtarır,
Göz altıyçın qızlar da.
Evləri Tərtər üsdə,
Tər yorğan örtər üsdə.
Yarın çuxası bizdə
Görəh nə örtər üstə?
Əzzinəm, gül üsdə,
Gül əkdim gülə-gülə.
Canımı alma, gülüm
Üzümə gülə-gülə.
Yaylığım para-para,
Parasın yel apara.
Yad oğlu mənim nəyim?
Onu yad sel apara.
Su gəlir lülə-lülə,
Yar gəlir gülə-gülə.
Yarımın incə belin
Tuteydim qızılgülə.
Əyləşmişdim özilə.
Düşmən gördü gözilə.
Canımı zaya verdim?
Vəfasız yar sözilə.
Alaçığa girmərəm,
Saçlarımı hörmərəm.
O bəfasız yarımın
Bir də üzün görmərəm.
Məzrədə uçar ördəh
Ləklərdə qaçar ördəh.
Bəfasız yar əlinnən
Neyləsin naçar ördəh?
Qaşqaldağa tor qurma,
Çöldə ovuna durma.
O yardan yaralıdır
Sən də bir yara vurma.
Ay qala, qədim qala,
Qızılgül əkdim qala.
Yarım məndən küsübdür
Yara nə dedim, qala?
Dənbəlov, dağ olasan,
Dörd yanı bağ olasan.
Sənə mən necə qıyım?
Genə sən sağ olasan.
Bu dağlarda qar olmaz,
Heyva olmaz, nar olmaz.
Get, səni də sınadım,
Sənnən mənə yar olmaz.
Bahomba pələt-pələt,
Qardaş gedib nabələd.
Bahombanın qızları,
Qardaşa çıxdı bələd.
Bakıdan gəldim ancaq,
Başımda sarı sancaq.
Nə qız oldum, nə gəlim,
Odlara yandım ancaq.
Bədəlan bəndə dəyər,
Kəklik kəməndə dəyər,
Qardaş bir qız sevibdi
Tamam bu kəndə dəyər.
Biçin biçdim, dırı oldu,
Sözüm xana ərz oldu,
Sevdiyim yad apardı,
Ölüm mənə fərz oldu.
Biçini biçər, gələr,
Suyunu içər, gələr,
Yar yadına düşəndə
Quş kimi uçar, gələr.
Bu evlər uzun evlər,
İçində olsun toylar.
Yığılsın qız-gəlinlər,
Oynasın bəstə boylar.
Qardaşım bakılıdı,
Cibi tənbəkilidi,
Qardaş gələn yollara
Qızılgül əkilidi.
Lənkəran küçələri,
Bannamaz beçələri,
Girəydim yar qoynuna,
Uzun qış gecələri.
Lənkəran şəhər oldu,
Yatmadım, səhər oldu.
Pis kişinin əlinnən,
Yediyim zəhər oldu.
Boradigahın bəndləri,
Daşıb basar kəndləri.
Allah, sən özün saxla,
Əsgərə gedənləri.
Qarabağın üzümü,
Ölürəm, bas gözümü.
Sən ki getməli oldun,
Kimə deyim sözümü?
Su üzündə nanəyəm,
Əl vurma, pərvanəyəm.
Qardaşım əsgər gedib,
Dərdinnən divanəyəm.
Lənkəran yollarında,
Gizlənəm kollarında.
Bir dəstə gül olaydım,
Yarımın qollarında.
Palçıq tutdum ban üçün,
Çit aldım tuman üçün.
Allah qızı yaradıb,
Savadlı oğlan üçün.
Şal-şalımı yel atdı,
Sancaq başıma batdı.
Kor olsun əmim oğlu,
Məni yadlara satdı.
Əzizinəm, düşdüm, gəldim,
Dosd bağına düşdüm,
gəldim.
Yaxşı günümün dosdu,
Pis günə düşdüm, gəldim.
Əzizinəm, kasad olmaz,
Mərd əli kasad olmaz.
Yüz namərd çörəy versə,
Yenə də kasa dolmaz.
Babam yola sal köçüm,
Dağ-daş, həm də sal keçim.
Qoyunda sakqal olmaz,
Öndədir sakqal keçim.
Əzizinəm, narıncım,
Sənsən mənim arıncım.
Otlə, doyunca otlə,
Südlə dolsun sarıncım.
Əzizinəm, qurddular,
Dağdə obə qurdular.
Dağlar tülkü yetirməz,
Oğullər bozqurddular.
Qınamayın söyüdü,
Günah özündə deyil,
Götürmürsə öyüdü.
Savalan dağ olaydı,
Dörd yanı bağ olaydı.
Neylirdim dünya malın,
Tək canın sağ olaydı.
Mən aşiqəm dağlara,
Quşlar qonar dağlara.
Bilsəm hardan gəlirsən,
Qonaram budağlara.
Quzu-quzu, çal quzu
Ağzı-burnu bal, quzu
Duman gəldi apardı
Duman getdi, gəl, quzu.
Mən aşığ, göz dərmanı,
Kababa köz dərmanı.
Ayağın dəyən yerdən
Götürrəm göz dərmanı.
Mən bu evi bəzərəm,
Dörd bir yanın gəzərəm.
Səni bu evdə görməsəm,
Mən bu evdən bezərəm.
Bağça, barın deyiləm,
Heyva, narın deyiləm.
Məni məyus eləmə,
Zalımkarın deyiləm.
Dağların sarı gülü,
Ağ gülü, sarı gülü.
Fələyə neynəmişəm
Görmədim tarı günü.
Dağlarda səməy olmaz.
Səmayi yeməy olmaz
Canım bir dərdə düşdü,
Heç yerdə deməy olmaz.
Köynəyi ağ saxlaram,
Yuyaram, ağ saxlaram.
Bir də əlimə düşsən,
Səni qonaq saxlaram.
Mən aşığam gündə mən,
Kölgədə sən, gündə mən.
İldə qurban bir olar,
Sənə qurban gündə mən.
|