Şirvan Əbilov, doğum tarixi 1932, təhsili ali, Mahmudavar kəndi
Kişvər Abbasova, doğum tarixi 1927, təhsili yoxdur, Ərkivan kəndi
Cəmiyyəpüstə Sadıqova, doğum tarixi 1920, təhsili yoxdur, Qızılağac kəndi
Mövsüm Ağayev, doğum tarixi 1932, təhsili 7-illik, Ərkivan kəndi
Bulqeyis Gözəlova, doğum tarixi 1947, təhsili orta, Xırmandalı kəndi
Şövkət Hüseynova, doğum tarixi 1962, təhsili ali, I Məhəmməd Şıxlar kəndi
Mədinə Həsənova, doğum tarixi 1941, 7-illik, Xırmandalı kəndi
Mərziyyə Məmmədova, doğum tarixi 1951, təhsili orta, Səmidxan kəndi
Ədibə Əliyeva, doğum tarixi 1964, təhsili ali, Şərəfə kəndi
Həlimə Rzayeva (həbəçi), doğum tarixi 1924, təhsili yoxdur, Digah kəndi
Mircənnət Rəfiyeva, doğum tarixi 1963, təhsili orta, Masallı şəhəri
Gülüstan Şükürova, doğum tarixi 1967, təhsili orta, Masallı şəhəri
Mirbacı Əliyeva, doğum tarixi 1954, təhsili orta, Qəriblər kəndi
Toplayıcılar:
Füzuli Bayat
Nuridə Muxtarzadə
6. XALQ BİLİCİLƏRİ VƏ YA TÜRKƏÇARƏLƏR
S.Kazımbəyoğlu “Cavahirnameyi-Lənkaran” əsərində bu mahalın səfalı və şəfalı ab-havasından, bu yerin sakinlərinin vəba, taun kimi ağır xəstəliklərdən uzaq dolanmasından söhbət açır: ”hicri 1244-cü ildə (miladi-1866) bütün İran ölkəsini, xüsusilə Ərdəbili, Rəşti, Ərmağı, Qaracadağı, Şirvan mahalını, Qarabağı və qeyri-yerləri taun xəstəliyi bürüdü... Təkcə mahalına sirayət etmədi.
...Vəba xəstəliyi talış ab-havasından xaricdə yerlilərdən bir neçəsini qarmamalışdır. Amma talış ölkəsinin özündə bu xəstəlik bəzən görünmüşsə də, az müddətdə zəyifləyərək yox olmuşdur.
...Məlum olduğu kimi, bu qiymətli ərazi haqqında zəyif və qorxaq adamların ürəyində, əsas etibarilə, iki pis fikir vardır: birincisi, buranın palçıqlı, gölməçəli olması, ikinci də, bununla əlaqədər isitmə və qızdırmanın bu yerlərdə qismən kök salmasıdır... Başqa vilayətlərdə titrəmə, qızdırma və başqa ağır xəstəliklər bu yerlərdən daha çoxdur. Palçıq da hər yerdə vardır”.
Hələ tibb elminin zəif inkişaf etdiyi qədim dövrlərdə boradigahlılar loğman təbiətə üz tutmuş, təbii bitkiləri min bir dərdin dərmanı sanmış, xalq təbabətindən (türkəçarədən) müxtəlif xəstəliklərin müalicəsində istifadə etmişlər.
İqlim şəraitindən asılı olaraq bizdə nəmişlik və rütubətin çox olması yel, revmatizm, radikulit və s. xəstəliklərin yaranmasına səbəb olurdu. Xalq təbabətçiləri bu və digər xəstəliklərin müəlicəsi üçün təbii bitkilərdən, otlardan dərmanlar hazırlamış, eyni zamanda, Xəzərin qara qumlarının, Masallı istisuyunun əvəzsiz müalicə əhəmiyyətini də nəzərdən qaçırmamışlar.
6.1. Həbəçilik
Uşağ anadan olanda qabağ ara mamaçaları tutardı uşağı. O vaxt uşağı qol-qıç eliyərdi mamaça. Deməg, uşağın 3-cü günündə üzü üsdə yıxardı, onun bi qıçını bı qoluna, bi qıçını da bı biri qoluna dayıyırdı. Tərs tərəfə dala. Onnan sora tuturdu bı qıçınnan bı qoluna qalxızırdı dik qoyurdu dalı üsdə ye-rə. Sora bətkəş olurdu (malın buynuzunnan çıxan qabığ), bətkəşi deşirdilər, uşağı ülgüjdüyürdülər. Əllərinin üsdünü ülgüjdüyürdülər, bi də alnını çərtərdilər. Soorurdu onun qanını. Elə bil 3 günlüg uşağın üçüncü günündə həmin buynuz kimiynən soorurdu onun qanını, sora kürəyini də eliyirdi, çərtib soorurdu, dizlərini də. Harda oynağ yerlər var, eliyərdi hamsını. Ona görə eliyərdilər ki, uşağın qanı təmiz olsun, yaxşı dövr eləsin. * * *
Əbəçi, həbəçi, aramama adlanan bu qadın doğumu həkimlərinin bir çox pratikləri haqqında hələ yaşayan aramamaçalardan bəzi bilgilər aldıq. * * *
Həbəçiyə bəzən aramama deyirdik, qadını doğuzdurana. İndi elə şey yoxdu. Şeşə Xırmandalıda, Hacıtəpədə, Həsənlidə, Şərəfədə və başqa yerlərdə quş şəklində təsəvvür edilir, quş kimi uçduğuna inanılır. Duası olanı uşağ üstünə qoymurdular. Duası olan gəlirdi, uşağ ölürdü ağır dualardan. Gələn adamın əlini, ayağını yaxalıyırlar içirdirdilər uşağa. Heç zad olmur. Uşağın ən qorxulu vaxtı qırx gündü. Qırxdan sonra qohum-qonşu gələ bilər. Aramamaların hamısı hamilə qadının uşağının nə olduğunu bilmirdi, onu tək-tük həbəçi bilərdi.
* * *
Həbəçi gələrdi dizlərini dayayardı yerə, əllərini açardılar Allahın dərgahına, deyərdilər, Ya Allah, səbəb səndən! Övladı verən də sənsən, alan da sənsən! Belə dua eləyərdilər. Bizi peşiman eləmə! Çox görmüşəm belə evimizdə gəlinlərimiz, ögey anamız doğanda həbəçinin duasını, yəni cox görmüşəm. Ondan sora dizi üstə oturardılar və uşağı tutardılar. Uşağnan bərabər doulana, buna elmdə cift deyirlər, belədəsə ona son deyirdilər. O düşməsəydi, o qadını öldürürdü. Onu yerə basdıranda ona yüzlük mismar çalırdılar ki, qadına bismillahlar rahatlıq vermirdi. Ona görə ona mismar çalırdılar. Onda uşağa da, anaya da heçnə olmurdu. Əsas ananı incidirdilər. * * *
Həbəcilərdən Reyhan arvad rəhmətə getdi, Bəsti arvad rəhmətə getdi. Bəsti arvad bir dəfə mənə dedi ki, bir numrə kaloş boyda bidənə oğlan uşağı dünyaya gətiribsən, bundan mən qırx dənə doğaram. Cox alicənab arvad idi. Özü də baxan kimi hər şeyi bilirdi. Məni tutdu – uşağ oldu. Ekiz uşaqlarda gördüm qarnımda nəsə gəzir. Sən demə, həbəçi əli ilə qarnımın içində gəzişirmiş. Pulum-zadım da var, birqadir işdəyirəm. İnan, o pulu götürüb Moskıvaya gedərəm.
Dedi:
– Qızım, mən onda gəzirdim, əkizin birinin başın tapmışdım, birini yox. Dedim, bəlkə bədbaxlıq olub.
Sora deyir, gördüm gizlənib, ha yavaş-yavaş o birinin də başını tapdım. Gör necə bilirdi! Oxumuş alimdən cox bilirdi.
* * *
Uşağın qız, oglan olduğu nədən bilinirdi, orda nə isə var ona əlin vururdu, bilirdi ki, uşağ qızdı, ya oğlan. Mən hamilə idim, hamı dedi bunun qızı olacağ, arvad dedi yox, bunun oğlu olacağ. Demə, arvad arxa tərəfdən başıma un atıb, un elə bil ki, yoxlamadı. Deməli, unu atırlar hamilə qadının başına arxadan. Qadının xəbəri olmamalıdı. Unu atırsan, əgər qadın başını qaşıdısa, onun oğlu olacaq, ayağın-zadın qaşıdı, qızı olacağ. Un elə bil aparatdı. Bəsti arvad bizdə həbəçı idi. Bəsti arvad belə bir şey də edirdi. Məsələn, baxırdı arvada arxadan, əgər arvad kökəlibsə, oğlu olacaq, arığdısa qızı olacaq. Uşağ anadan olanda onun ciftindən bilinirdi ki, onun gələn dəfə uşağı oğlan olacaq, ya qız. Sonsuzluğu da malicə edirdilər onlar. Onda sonsuzluq da çox az idi. Deyərdi, neçə ildən sora istiyərsən uşağın olsun? Deyərdim, əşi, dayan e bir, cəhənnəm olsun. Bir az keçsin. Deyerdi, onda əlini üç dəfə yorğana qoy. Üc ildən sonra olsun uşağın. Gör! Həmin o çilədə Allah qadına o qədər hikmət verib, onu qarışdırır ki, yəni yorğanı, üç ildən sora uşağı olsun. Üc ildən sora da uşağ olurdu. İnama bax da! Elə bil pendiri pıçağ kəsirdi. Elə də olurdu. * * *
Xalq arasında bizə ƏBƏ MAMA deyillər. * * *
Gəlin ağrını çəkir, çəkir, sora baxıram görürəm hə bi barmağ açılış, iki barmağ açılış. Üşdə gəlir, uşağ doğulur.
Gör sənə nə deyirəm. Bibimnən öyrənmişəm, bilirsüz də əslındə birincı normalda uşağ başdan gəlməlidi. Bibim məşhur həbəçi idi. Onnan örgənmişdim ki, birinci qol gələndə, gəlini salardılar palaza. Adyalın arasına, yellədərdilər. Qol gəlir axı. 3 nəfər bi yannan, 3 nəfər də bi yannan, yelləncəy kimi. Sora da körpə kimi iməklədərdilər ki, uşağ dönsün. * * *
Uşağ çətin doğulanda əllərimi bütün yağliyardım, çim yağ eliyərdim, nehrə yağı ilə, bi də qadının matkasını da yağlıyardım ki, uşağ şıppıltlynan çıxardı. Uşağ elə rahat olardı heç gəlinin urfu da inciməzdi. Düz bi kilo yağ işdədirdim hər dəfə. * * *
Deməy, bırda bi qonşumuz var, gəlinin uşağı tərş gəlirdi. Apardılar Bakıya. Bakıda demişdilər ki, cərrahiyə eləməliyük də. Gətirdilər bıra mən onu 3 günə döndərdim. Getmişdi orda həkimlər məəttəl qalmışdı. Demişdilər, o arvadı gətirün bıra biznən işdəsin.
Uşağın dalınca ikinci uşağın qız, ya da oğlan olacağını ciftdən bilirdim. Onu kəsəndə bilirdim ki, qız olacax, ya da oğlan. * * *
Bi dəfə belə bi şey oldu. Biri kətdə uşağ doğurdu, uşağ da ölü düşurdü. Arvad başına gözünə çırpır ki, mən niyə tutdum axı bunu. Məni gətdilər. Vay uşağ boğuldu. Baş suyu getmişdi uşağın boğazına. Onu tutdum, dedim kəsmiyün hələ göbəyin. Qoymadım kəsməyə. Onu mən aylıltdım. Gördüm uşağ gömgöy oldu. Onun göbəyinin ciyəsini sığalladım, sığalladım. Sora gəncə var ha yaylığ. Onun qırağı ipəydür axı, onnan kəsdim, 3-4 yerdən bağladım göbəgin. Özdə mən göbəgi uzun bağlıyıram. Birdən qanaxma verər. Sora kəsdim uzun saxladım göbəgin. Dibdən kəsiləndə gələcəyinə uşağ qrija olır. * * *
Uşağ olur, ananın bədəni onu sıxır axı çıxanda, ona görə əlimi salıram o uşağın ağzına, bı iki dənə yanağını basıram içəridən. Sora bəliyirəm. Onda uşağ məməni yaxşı tutur. * * *
Bu qədər uşağ tutmuşam, nə indiyə qədər öləni olub, nə bi dənə qanaxma olub. * * *
Uşağ doğulannan sora göbək ki kəsildi, o uşağa mütləq yağ uddururdum. Təzə doğulan uşağın birinci qarnınnan qır gəlir axı. Ona görə də verirdim ki, mədə bağırsağını təmizdəsün. Sora ana da öz saçıynan sifətini silir ki, üzündə nə ləkə zad varsa hamısını aparsıın. * * *
Uşağ altı günnüg olanda, onun şeşəsini gözətdiyərdilər. Uşağ qoy ölməsin bı gecə. Şeşə gələr vurar uşağı. Gətirərdilər yun darağı var haaa, yağı vurardılar çörəgə. Həmin o darağ var ha, o çörəgi sancardılar o darğın üstünə ki, şeşə gələndə qoy o yağa batsın. Sora uşağın bədəninə sancağ sancırdılar, başının altına pıçağ qoyullar. Uşağın yatdığı beşiyin altına, kasada yumurta qoyllar suyun içində, şış, balta, bi də sancağ uşağın üssündə bi də üzərriy yandırıb, qarasın vurullar ki, həmən günü ona heç nə olmasın. Səhəri günü isə yumurtanı vırıb sındırıllar, bılar adətdəndi. * * *
Şeşə xəstəliyi vardı, ele indi də var. Rəhmətlik Əzizin arvadı azad olmuşdu, şəhərdən gəlmişdi bura. Mən səkkizinci sinfi qutarıb işdiyirdim, sağıcı işdiyirdim, ordan gəlirdim məktəbə. İndi saat on bir olardı, gecə gəlirdim. Uşax başladı qışqırmağa, o qədər qışqırdı, qışqırdı, getdim Balaş babama dua yazdırdım.
Dedi:
– Bunun vaxtı kecib, kimsə gecə vaxtı yatağından kecib gəlib, uşağı şeşə tutub. * * *
Uşağın yanına zəncir qoyurlar ki, uşağa cin, şeytan toxunmasın. Yumurta gözdəymə, nəzərçündür. Qoyurlar ki, uşağa göz, nəzər dəyməsin. Uşağın onu ki çıxdı, elə bil onun çiləsi çıxdı. Ama yenə onu çox görmüşəm belə, evimizdə qorumaq lazımdır. Qırx bizim ata-baba qanunlarımızdı, imamlardan qalmadı. * * *
Saman buğu deyilən bir dərman da var. Demək, heyvan yeyən ot var-saman var ha, onu yığıram bi qaba, ya toyuğun zili, nəcisi də, onu yığıb turş ayranda qaynadıram, ya da atın poxunu turş ayranda qaynadıb onun buğuna verərdim gəlini. Yəni tökərdim vedrəyə, belinə ədyal bükərdim, oturardı o vedrənin üstünə. Onnan da turbaları açılır. Tutulan turbaların dərmanıdı.
Bi dəfə inəg vırdı, arvadın qarnın cırdı dağda. Bağırsağlar çıxdı, töküldü. Deməg, həmən gəncəynən, yaylığnan, onun qırağıynan, qıyığnan onu tikdim. Bi qarış cırığı tikdim. Dağın başı, həkim yox. İpək sapı keçirtdim o qıyığa, başdadım tikməğə. Onnan da sağaldı. * * *
Lerikdə bu saman buğuna çilədağı – (ot bitkisidi, əsasən türkəçarədə dərman kimi də istifadə olunur) deyillər, bi kilo çilədağı, bi kilo quyruğ. Onnan dərman düzəltmişəm. Malicə eləmişəm. Uşağı olmıyanda heyvanı kəsərdilər, isti-isti onun içinə gəlini salardılar, təpədən dırnağaçan, bi dənə başı qalır çöldə. Samanın buğuna verərdilər. Ona yemək verərdilər ki, ürəyi üzülməsin. Yarım saat, bi saat qalardı orda. O da elə tərriyərdi ki, su içindəki kimi. O tərrədi, tez zəncəfilli xəşili-zadı verdilər, yedi durdu. Tez belin, qarnın-zadın bağladılar. Soyuğ qətiyyən olmaz. Bi-iki gün yorğan döşəydə qalmalıydı. * * *
Qadının iki turbalığı var. Biri uşağ tələb eliyir, birı kişi. Onun da altında matka var. Turbalığlar soyuğladı, matka uşağ götürmür. * * *
Yeri qazırdım, ot qalıyırdım, sönürdü, külü qalırdı. Amma yeri isti olurdu da. Yendələşi isti eliyillər, qadını lüt uzadırdım ora. Sora yendələşnən örtürdüm üstünü. Sora tərriyir orda. Bu, bədənin vasplenisin götürməkçündü də. * * *
Uşağ qızdırmadan yananda, pörtdənəndə, keçinin balasını kəsirdüy, elə qannı-qoxlu uşağı salırduğ ora-dərisinə. O uşağın qızması onnan da kəsir. * * *
Mənim işimdə belə şey olub, uşağ keçinəndə, bı əmgəyi var ha. Ordan bi balaca çərtmişəm, qara qurum qan çıxıb onnan da uşax ayılıb. Soğanı da ağzımda çeyniyib basardım həmin yerə. Uşağ ayılardı. Bunu həm də uşağı sudurqa tutanda eliyirdim. Birda bi qonşu var, yayda uşağı sudurqa keçirtdi, aman Allah, haray düşdü ki, uşağ öldü. Dedim, az nə haray salmısüz. Tez uşağı götürdüm, soğanı çeynədim tökdüm burnuna, bi də əmgəy hissəsinnən saçının tükünü yondum, yondum. Uşağ özünə gəldi. * * *
Məsələn, qadının vasplennisi varsa, onu daxildən malicə eliyirdim. Ya da 8-10 illərnən uşağı olmıyannar var idi ye. Olara o vaxt indiki kimi bı tampon nədi onnan qoyurdum. Demək, 0,5 kq çilədağının (bitkinin adıdı) kökiynən bi az quyruğu əzirdim, qarışdırırdım bir-birinə. Olur qatı maz kimi məhlul. Sora onu yumru-yumru qoz kimi eliyirdim, diri qoyunun üstünnən yun çəkib çıxardırdım bi çəngə. Bircə-bircə o qoz kimiləri içinə qalın sap kimi qoyub bükürdüm o yuna. Sap ucunda mütləq görükməlidi ki, onu qoyannan sora o sapdan tutub dartıb çıxardırsan. 15 dənə eliyirdim, gündə bi dənəsini qoyurdum. Elə bil bu gün qoyurdum, sabah onu çıxardırdım, o birisini qoyurdum. Səhər gəlir o birini, belə-belə 15 gün tamam olurdu. Amma o müddətdə mütləq isti geyinmək, isti hamamda olmağ lazım idi.
Sora da əl mənnən, səbəb Allahdan övladı olurdu. Hər həbəçinin öz üsülü var idi. Saman bığı deliyən usul var idi, dəriyə salma var idi. Əgər bu malıcədən sora uşağ olmasaydı, onda demək kişidədi prablem. Onu da arvadına deyirdim ki, get ərinçün zəncəfilnən darçını, yelduzu, ulumcan-bıları əz, sora tök 3-4 kq təmiz bala, qarışdırırsan, ver kişiyə, onu hər səhər acqarına bi qaşığ yesin. Bi də bunnan yanaşı qozun içini də elə düzəldib yeyirdilər.