MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR



Yüklə 101,22 Kb.
səhifə4/32
tarix01.01.2022
ölçüsü101,22 Kb.
#104483
1   2   3   4   5   6   7   8   9   ...   32
Əyilməyə sınama. Əyilməyə sınama isti və ya soyuq halda aparılır; bunda məqsəd,metalın tələb olunana qədər və tələb olunan formada əyilə bilməsi qabiliyyətini müəyyən etməkdir.

Bu zaman sınaq üçün götürülən nümunənin sınanması müəyyən bucaq əmələ gətirincəyədək və ya sağanağın ətrafında əydikdə yan tərəfləri paralel vəziyyət alınancayadək ya da bir-birinə toxununcayadək davam etdirilə bilər. Əyilmə sınağı, qalınlığı 30 mm-dən artıq olmayan plastik metallar üzərində aparılır.

Sınanmaya davam gətirən nümunələrdə əyilmədən sonra səth çatları, üz cırılmaları və ya çatlar olmamalıdır.

Metalların makroanaliz və mikroanaliz üsulları.

Metal və ərintilərin adi gözlə və ya azca böyütməklə (məsələn, lupa vasitəsi ilə) strukturunun öyrənilməsinə makroanaliz deyilir.Makroanaliz üçün şlıf adlanan xüsusi nümunə hazırlayırlar. Həmin şlifə əsasən metal və ya ərintinin adi gözlə və ya azca böyütməklə görünən quruluşunu və ya başqa sözlə makrostrukturunu müəyyən edirlər. Şlifin hazırlanması onun səthinin yeri, sumbata kağızı ilə hazırlanması və pardalanmasından ibarətdir. Lazım gəldikdə şlifi müvafiq reaktivlərlə aşındırırlar, yəni ona turşu və ya qələvilərlə ya da onların məhlulları ilə təsir edirlər. Bu maddələr şlifi müxtəlif rənglərə boyayır, ya da ərintinin ayrı-ayrı tərkib hissələrini həll edir.Makroanalizin köməyi ilə metalda olan yığışma koğuşlarını, metalın kövrəkliyini, metaldakı boşluqları, çatları, qeyri-metal aşqarları ( posanı, boz çuqunda qrafiti və s.), habelə bəzi zərərli qatışıqların, məsələn, kükürdün olub-olmamasını və onların yerləşmə yerini və xarakterini müəyyən etmək olar.

Mikroanaliz üçün də şlif makroanalizdəki kimi hazırlanır, lakin pardaxlama əməliyyatından sonra şlifin səthi tamamilə hamar və güzgü kimi parlaq alınsın deyə şlif cilalanır. Şlif üzrə xüsusi metalloqrafiq mikroskop vasitəsi ilə metalın mikrostrukturunu, yəni bu və ya digər struktur tərkib hissələrinin olub-olmamasını, onların miqdarını və formasını, ərintidə kənar aşqarların olmasını müəyyən edirlər. Qeyri-metal aşqarların olub-olmamasını və xarakterini aşındırılmamış şliflərə əsasən müəyyən edirlər; metalın strukturunu aydınlaşdırmaq üçün şlifi aşındırırlar.

Metalloqrafiq mikroskoplar əks olunan işığın köməyi ilə işləyir, çünki metallar qeyri-şəffaf materialdır. Müasir mikroskopların optikası, yəni linzalar sistemi, cismi 30 dəfədən 2500 dəfəyə qədər böyütməyə imkan verir.

Metalların rentgen və rentgenoqrafik analiz üsulları.

Rentgen şüaları xüsusi rentgen borularından alınır. Bu boruların əsas hissələri anod, katod və örtükdür. (kolbadır). Anod və katod yüksək gərginlik (onlarca kilovat) verdikdə katodun yaxınlığında olan sərbəst elektronlar onunla anod arasında əmələ gələn elektrik sahəsinin təsiri ilə böyük sürət əldə edir və anoda çatdıqda onun səthinə çırpılır. Bu zaman kinetik enerjinin bir hissəsi rentgen şüaları enerjisinə (lakin çox hissəsi istilik enerjisinə) çevrilir. Öz təbiətinə görə rentgen şüaları işıq şüalarına oxşayır, lakin onların dalğaları uzunluğu işıq şüalarındakından bir neçə min dəfə kiçikdir və 2·10-8sm-dən 0,06·10-8 sm-ə qədərdir. Rentgen şüalarının dalğaları uzunluğunun belə kiçik olması onlardan metalların kristal quruluşunu öyrənmək və metalları işığa salmaq (rentgen analizi) üçün istifadə etməyə imkan verir. Rentgenostruktur analiz metal və ərintilərin kristal qəfəslərinin tiplərini və onların parametrlərini müəyyən etməyə imkan verir. Metalların strukturunun, habelə kristal qəfəsində atomların yerləşməsinin müəyyən edilməsi və atomlar arasındakı məsafələrin ölçülməsi kristal qəfəsindəki atom sıraları tərəfindən rentgen şüalarının difraksiya etməsinə (əks olunmasına) əsaslanmışdır. Rentgen şüalarının dalğaları uzunluğu məlum olduqda, kristal qəfəsində atom sıralarının (habelə ayrı-ayrı atomların ) arasındakı məsafəni və fəzada atomlar yerləşməsi sxemini (düzülmüş sistemini) müəyyən etmək olar. Indiyədək demək olar ki, bütün metalların, habelə ərinti və minerallardan bir çoxunun quruluşu öyrənilmişdir.

Rentgenoqrafik analiz (işıqsalma), görünən işıq üçün şəffaf olmayan cisimlərdən rentgen şüalarının nüfuz edə bilməsinə əsaslanmışdır. Rentgen şüaları metalların daxilindən keçərkən onların bir qismi udulur. Qeyd edilməlidir ki, bütöv metallar daxilində qaz və ya posa (şlak) aşqarları olan və ya çat olan hissələrə nisbətən rentgen şüalarını daha çox udur. Həmin qüsurların böyüklüyü, forması və xarakterini, rentgen şülarının getdiyi istiqamətdə, tədqiq edilən detaldan sonra qoyulmuş xüsusi işıqlanan ekranda müşahidə etmək olar. Rentgen şüaları fotoqrafiya emulsiyasına işıq şüaları kimi təsir etdiyindən, işıqlanan ekran əvəzinə foto plastinkası və ya foto plyonkası salınmış kaset götürüldükdə tədqiq edilən obyektin şəkilini almaq olar. Beləliklə, rentgen şüaları ilə işığa salmaqla detalın daxilindəki mikroskopik qüsurları görüb müəyyən etmək mümkündür.

Metalların termiki, dilatometrik analiz üsulları.

Termiki analiz metal və ərintiləri qızdırdıqda və soyutduqda böhran nöqtələrini (temperaturlarını) üzə çıxarmaqdan ibarətdir. Termiki analizdə adətən temperatur-zaman koordinatlarında müvafiq əyrilər alınır. Əgər metalda faza çevrilmələri baş vermirsə, soyuma (qızma) əyrisi səlis alınacaq və onda büküşlər və pillələr olmayacaqdır; metalı soyutduqda (və ya qızdırdıqda) onda faza çevrilmələri baş verirsə və bu çevrilmələr istilik çıxarırsa (qızdırıldıqda istilik udursa) alınan əyridə üfüqi hissələr və ya sınaqlar olacaq, yəni əyri öz istiqamətini dəyişəcəkdir. Bu sınaq və üfüqi hissələr sistemi, soyutduqda və ya qızdırıldıqda əmələ gələn və ya itən fazaları görmədən və ayırmadan çevrilmələrin temperaturlarını müəyyən etməyə imkan verir.




Yüklə 101,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin