Bilirəm: qığılcım, alov tək deyil,
Alovun peşəsi şəfəq saçmaqdır.
Düz yolda çarpışmaq igidlik deyil,
İgidlik balaca cığır açmaqdır.1
Bu axtarışın, «alovlanmağın» tələbi ilə cavan hər sahəyə, hər məkana, …hər zamana baş vurur və bir çox hallarda axtardığını keçmişdə tapır – onu indi kimi incitməyən, gələcək kimi məchul olmayan keçmişdə. Təbii ki, onların tapdıqları doğma ruhlardır. Məsələn, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Nəsimi kimi neçə cavan öz həyat yolunda – həm düşüncələrində, həm talelərində Mənsur Həllaca üz tutur, onun qismətini bölüşürlər. Lermontov özünü Bayrona bənzədərək yazır:
Onun kimi boş yerə sakitlik arayıram,
Bir düşüncə qovur məni hər yerə,
Geriyə baxıram – keçmiş dəhşətdir,
İrəli boylanıram – doğma ruh yoxdur.2
XIX əsrdə dekabristləri ruhlandıran Puşkindən XX əsrin sonlarında Ülvi də «dərs alır»:
«Həyat quran nə yorular, nə durar»,
Budur mənə öyrətdiyin ilk şüar.
Budur mənim idealım, inamım:
«Qığılcım alışar alov doğurar».3
Bəli, onlar keçmişdə kimə isə baxırlar, ancaq öz yollarını gedirlər. Cavan keçmişdən cəmiyyətin qorxunc hədələrindən qorxmamağı, min bir yol arasında öz cığırını açmaq istəyini, bu arzuların yanında ölümün nə qədər aciz olduğunu və …ölümdən qorxmamağı öyrənir. Düşüncələrinə görə ciddi təqiblərə məruz qalan Miyanəci öz dostuna yazdığı məktubunda belə bir «xahiş edir»: «Şəhərdə deyirlər ki, Eynəlqüzat Allahlıq iddiası edir. Mənim qətlimə fitva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver».4 Bu cavanlar üçün öz düşüncələrinin nəticəsini görmək, missiyalarını başa çatdırmaq duyğusu yanında ölüm qorxusu çox kiçik görünür.
Burada bir şeyi xüsusilə vurğulayaq. Allahdan bəşərə bir nur zoağı uzanır. Özündə bu nurun ucunu, mənbəyini kəşf edən şəxslər sanki vahid bir məkana düşmüş olurlar. Əlbəttə, ola bilsin ki, ora gedən yolda kimsə kimə isə bələdçilik etmiş olur. Lakin həmin məkana çatandan sonra yeganə bir Bələdçini – Allahı tanımaqla yanaşı, öz fərdiyyətini, məhz onun üçün nəzərdə tutulmuş missiyanı aydınca dərk etmiş olur.
Tarixə baxanda belə cavanların həqiqətən də izsiz keçib-getmədiyinin, nəinki «balaca cığır», bəzilərinin hətta böyük yollar da saldığının şahidi olarıq. Şihabəddin Sührəvərdi XIII əsrdə məşşailik fəlsəfəsinin və təsəvvüfün birləşdiyi zirvə nöqtəsində bu gün belə aktuallığını itirməmiş işraqilik fəlsəfəsini yaratdı. Eynəlqüzat Miyanəci yazır: «Təqlidin ətəyindən bəsirət zirvəsinə yüksəlmək axtarışı ilə kəlam kitablarını mütaliə etdim. Məqsədimə çatmadım. Məzhəblərin yalnışlığını gördüm».1 Gördü və təsəvvüf fəlsəfəsinin özək xətti olan vəhdət əl-vücud nəzəriyyəsini sistemləşdirməyə cəhd göstərdi. Kyerkeqor öz fəlsəfəsində dövrünün ən tanınmış və nüfuzlu filosoflarını inkar etdi və özü sonralar böyük bir fəlsəfi cərəyana çevriləcək ekzistensializmin əsas ideyalarını irəli sürdü.
Təsadüfi deyil ki, belə cavanlar öz cəmiyyətlərində məhz cəsarətli addımları, qorxmazlıqları, ən şiddətli təqiblərin, hətta edam təhlükəsinin qarşısında belə geri çəkilməməkləri ilə diqqəti cəlb ediblər. Onlar olduqları cəmiyyətdən o dərəcədə yuxarı qalxa bilirlər ki, reallığı, onun hələ işıq düşməyən səhifələrini belə görə bilirlər və həmin qaranlığı işıqlandıracaq sözü demək iddiasına düşürlər. Və yəqin ki, onların hər birinin ürəyindən Ülvinin dediyi bu arzu keçir:
…
Bilin, deyilməyənləri
Demək üçün yaşayıram.2
Burada bir daha vurğulamaq lazımdır ki, əslində üzərində ali missiyanı hiss edən hər bir insana bu duyğu yad deyil. Cavanın bu duyğusunda isə bir az tələskənliyin, bir az hisslərin, pərakəndə enerjinin çoxluğunun, bir az tənhalığın, bir az qorxunun, bir az üsyankarlığın, bir az da fədakarlığın, cəngavərliyin izlərini sezmək olar. Bu qədər qarışıq, dolaşıq hisslərin arasında öz məqsədini itirməyib yalnız ona doğru getməyin özü də bir hünər istəyir! Bu, obrazlı desək, fikri dağınıq, gözləri xəyalpərvərliklə göylərə dikilən bir adamın çəkici barmağına deyil, düz mismarın üstünə vurub bir zərbə ilə onu dibinə qədər taxtaya çalmağına bənzəyir.
Öz mülkündə – mən-ində bütün aləmi kəşf edən cavan öz ətrafını – maddi aləmi tanısa da, özünün bu aləmdə yerini görə bilmir, öz artıqlığını, lazımsızlığını hiss edir və düşünür ki, heç kəsin ondan xəbəri yoxdur. Və bu səbəbdən oradan gələn təhlükəni, hiyləni də görmür. Bu səbəbdən belə cavanları aldatmaq, tora salmaq, onlara xata toxumaq çox asandır. Kyerkeqor yazır: «Dahi hər şey etməyi bacarır. Bununla belə, o, heç kimin görmədiyi bir boş şeydən asılıdır. Elə boş şey ki, dahi yalnız özünün qüdrəti sayəsində ona ümumi əhəmiyyət verir».1 Əslində, cavan hər şeyi görür, lakin bütün bu təhlükələrin onun ruhundan çox-çox uzaq olduğunu düşünür. Şellinq yazır: «Zahiri qüvvə yalnız zahiri nemətləri oğurlaya bilər, ruha dəyə bilməz; o, zaman daxilindəki əlaqəni kəsə bilər, əbədi, həqiqi ilahi eşqin əlaqəsini deyil. Ruh sərt və hissiz və ya sevgidən imtina edən kimi çıxış etmir, ancaq göstərir ki, məhz iztirablarda sevgi hissi varlıqdan daha uzun sürən bir hissdir və o, ilahi halədə zahiri həyatın və ya xoşbəxtliyin xarabalıqları üzərində yüksəlir».2 Bəli, ruhunu düşünən cavan üçün maddi həyatın heç bir əhəmiyyəti qalmır. Miyanəci öz taleyi ilə Mənsur Həllaca bənzəyəcəyini hiss edərək bildirir ki, «biz Allahdan ölüm və şəhadəti özümüz istəmişik. Özü də onu üç qiymətsiz şeylə istəmişik. Haqq necə tələb etmişsə, o sayaq istəmişik».3 Bəlkə də ruhunu, dolayısı ilə bütün bəşəriyyəti düşünərək maddi tələbatlar hüdudundan kənara çıxa bilməyən qanunları heçə saymasıdır (daha doğrusu, onların fövqünə qalxmasıdır) ki, hər kəsi ona düşmən kəsir.
Öz kiçik dünyasında nəinki bütün aləmi, Mütləq Həqiqətin özünü də axtarıb tapan cavan gördüklərini, yaşadıqlarını öz içində saxlamaq qüdrətində olmur. Bildiklərini, dərk etdiklərini bacarıqlarına müvafiq olaraq bəşəriyyətə çatdırmağa başlayır. Lermontov dediyi kimi,
Dostları ilə paylaş: |