Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə9/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   5   6   7   8   9   10   11   12   ...   67
II bölüm
İnana bilmirəm. Səsin məni oyandırmasından düz bir saat keçib. Düz bir saat! Budur hələ də yatağımda otururam. Başım elə bil ki, içində qaynayan kölgələr, səslər, hadisələr və fikirlərdən partlayacaq. Əgər səs doğru söylədisə -ki, doğru söylədi- onda demək ki, üç saatım qalıb. Sonra da baş sağlığına gələnlər, dua edənlər, dəfn edənlər, Allah rəhmət eləsin deyənlər... Doktor Musa Əskəri son istirahətgahında uzanmış olacaq.

Qurdlar bədəninin üstündə gəzinəcək və geriyə sadəcə sümükləri qalacaq. Xəyalı da yavaş yavaş insanların zehnindən silinəcək və təkcə səsi qulaqlarında cingildəyəcək və xatırlanacaq. Günəş yenə səhərlər doğacaq. Ay və ulduzlar isə yenə gecə çıxacaqlar. Fəqət onlardan heç biri haradadır Doktor Musa Əskəri?, Niyə açmır gözlərini? deməyəcək. Bahar gələcək və bağçamdakı rəngarəng güllərim yenə açacaq. Amma heç biri Doktor Musa Əskəri məni öpmür və qoxlamır deməyəcək. Pəncərəmin altındakı yasəmənin üstündə yuva quran bülbül ötəcək. Amma Doktor Musa Əskəri niyə nəğmələrimə qulaq asmır deyə heç ağlından da keçirməyəcək. Gül və yasəmən onları mənim əkdiyimi; bülbül isə özünün və sevdiyinin mənim yasəmənimin və mənim pəncərəmin altında olduqlarını unudacaq.

Mövsümlər, illər və nəsillər Allahın istədiyi zamana qədər dövr edəcəklər. Sümüklərim çürüyəcək və torpaq olacaq. Torpaq bir zamanlar, içində bədənimdən bir parça daşıdığını; hava bir zamanlar içində nəfəsimin olduğunu; dəniz bir zamanlar içində göz yaşlarımın və tüpürcəyimin olduğunu; dünya isə, bir zamanlar içində Musa deyə bir varlığın yaşadığını unudacaqdır. Musa Əskəri bax belə yox olacaq, həm də sanki heç olmamış kimi!

Fəqət evimdə ölsəm ölüm xəbərimi kim elan edəcək? Çünki evdə Ummu Zeydan və Hişamdan başqa heç kim yoxdur. Ummu Zeydan oxuyub yaza bilmir. Kasıb və yaşlı bir dul, gözəl yemək bişirən və evdar qadın olmasaydı, Hişamla çox yaxından maraqlanmasaydı, onu dəli kimi sevməsəydi, onun axmaqlığına on beş il dözə bilməzdim. Qəlbi qardan da ağ, son dərəcə dindar bir insanıydı. Hər zaman “Hişam danışacaq, Hişam yeriyəcək, Hişam böyük adam olacaq, Allah mənim dualarımı qəbul edəcək və O verdiyi hər dərdə dərman da verir” deyib durur.

Ən yaxşısı, mən indi onu çağırıb ölümüm anında əlaqə saxlaya bil­mə­si üçün Ədəbiyyat fakultəsi dekanının telefon nömrəsini verim. Çünki de­kan, tanışlarımın arasında dəfn işləri ilə məşğul olmaq üçün ən münasib adam­dır. Mənim burada nə əqrəbam nə də dostlarım var. Buraya yad və ye­tim biri olaraq gəldim. Oxuyana və doktoranturamı bitirənə qədər nələr çək­dim, nələr! Son dərəcə özünə qapanıq bir insanam. Özünə qapanıqlığımın sə­bəbini də bilmirəm. Kənardan yaxşı görsənirəm. Çox adam da belə fi­kir­lə­şir. Zəka barəsində də normalın üstündəyəm. Belə olmasaydı, bu ölkənin ən tanınmış universitetlərinin birində fəlsəfə müəllimi olmazdım.

Məsuliyyətini daşıdığım iş nə olursa olsun bitirənə qədər rahat olma­ram. Elə bil ki, o iş çiyinlərimdə müqəddəs bir əmanət kimidir. Əksəriy­yə­tən də işi, mənə vəzifəni verənlərin fikirləşdiklərindən də üstün səviyyədə ye­rinə yetirirəm. Mükafatın pis vəya yaxşı olması da mənim üçün əhə­miy­yət­li deyil. Hər hansı bir mükafat gəlməsə belə vecimə almaram. Buna görə də mədə xoram məni sevir. Yoldaşlarım da çox nadir hallarda mənə kü­sərlər.

İnsanlar mənə xoş görünürlər, amma mən heç kimə xoş görünmürəm. İn­sanlar, böyük-kiçik hər işlərində mənimlə məsləhətləşərlər, amma mən heç kimlə məsləhətləşmərəm. İnsanlar yorğunluqlarını və şikayətlərini mənə da­nışırlar, amma mən bunları heç kimə söyləmərəm. Sirrlərini mənə açarlar, pul­larını mənə əmanət edərlər, amma mən sirrimi verəcək və pulumu təslim edə­cək heç kimə ehtiyac hiss etmərəm. Mən insanlarla bir yerdə olaram, am­ma onlara heç qarışmaram, onlarla içmərəm, mübahisəyə girmərəm, qu­mar oynamaram, qadın dalınca getmərəm və riyakarlarla bir məclisdə otur­ma­ram. Bundan başqa, onların heç birindən borc almaram və Allah gös­tər­məsin özümü də onlardan üstün görmərəm!

Çox vaxt ciddi, təəssübkeş kimi görünən insanlar tərəfindən alda­dı­lı­ram. Bu xüsusiyyətlərini cəmiyyət və din tərəfindən üstünlük olaraq qəbul et­dikləri zaman məni də özlərindən hesab edərlər. Fəqət sonra mənim cid­diy­yət və təəssübkeşlikdən heç xoşum gəlmədiyini başa düşüb məndən uzaq­laşarlar. Mən insanların fiziki güc, ağıl, etika, meyl, zövq, məqsəd və ira­də baxımından bərabər olmadıqlarını və bərabər olmalarının mümkün ol­ma­dığını da bilirəm. Çünki zirvədə olanlar var; aşağıda olanlar var, bir də iki­sinin arasında qalanlar var. Mən nə zirvədəyəm, nə də aşağıda. Mən mən­dən daha hörmətli və əzimli olanlara baxaram. Aşağıda olanlara isə əsla yük­səkdən və xor görərək baxmaram! Olduğum məqama gəlmədən qabaq on­lardan biri idim. Təəssübkeş və hər hansı görüşə qeydsiz şərtsiz bağlı olan­lar isə dünən harada olduqlarını bilməzlər. Onları addım addım ke­çən­lə­rə nisbətdə bugün harada olduqlarını da bilməzlər.

Tələbələrim mənə çox etibar edirlər, məni düzgünlüyün timsalı kimi gö­rürlər. Sinifdə qalanlar belə məni təlaşlı, qərarsız, ya da insafsız kimi gör­mür­lər. Tələbələrimdən heç biri heç bir zaman məni yoldaşına, kafedra mü­di­rinə və ya mənə şikayət etməmişdir. Öz aralarında mənim haqqımda söy­lə­dikləri yalnız “Doktor Musa, tərəfkeşlik etməyən, kimsəni aldatmayan, əda­lətli və insaflı biridir” ifadələridir.

Fəqət məndə bir əksiklik var. Çünki çox vaxt özümü doğrudan da mə­nim tabeliyimdə olanlardan daha aşağıda görürəm. Buna görə də insanlarla mü­­nasibətlərimdə utancaqlıq hissinə qapılıram. Hətta əzəldən bəri tanıdığım in­­sanlardan belə utanıram. Bir tanışım məni başqa bir adamla tanış etsə, o yad­­la mənim aramda yıxılmaz bir divar olduğu hissinə qapılıram. O divarı ne­­cə keçmək olar ki! Dilimin düyünləndiyini hiss edirəm. Buna görə də, onun­­la düz əməlli bir söhbət də edə bilmirəm. Gülməkdən heç xoşum gəlmədiyi kokteyl, çay, ya da başqa bir məclisdə olmaq məni o qədər narahat edər ki! Belə yerlərdə heç kim nə dediyini bilməz. Əsas odur ki, dilucu bir şeylər mızıldanasan. Bu məclislərdə insanlar, Kongo və ya Malaya meşələrindən gələn bir grup meymuna oxşayırlar, onların söhbətləri isə uşaqların əyləndiyi bir oyuncağa bənzəyir.

Bütün bunlardan xəbərdar olmağıma baxmayaraq, qorxağın biriyəm. Kişi və ya qadın, hər hansı birinə yaxınlaşdığım zaman dünyanın tapmaca və sirrlərlə dolu olduğunu hiss etmişəm. Belə bir vəziyyətdə də qalib gələcək cəsarəti tapmamışam özümdə. Sözün düzü, hansı dünyanın daha maraqlı olduğunu, hansının həsrətlərlə, sevinclərlə, kədərlərlə, açıq-gizli acılarlar dolu olduğunu kim bilə bilər ki?

O dünyanın sahibi mənə qapılarını açmaq istəmədikcə və ya mən onun mənim dünyama girməyinə izin vermədiyim müddətcə, ya da öz iradəmlə dün­yamın qapısını ona açmadığım müddətcə, hansı haqla onun dünyasına gi­rə bilərəm? Ancaq mən dünyaları tərəfindən idarə edilən insanlardanam. Bəl­­kə də, həyat yoldaşımı məni buraxıb başqası ilə getməsinə sövq edən də bu idi!

Mən qorxağın biriyəm. Çünki indiyə qədər dünyamdakı bilinməzləri öy­­rənməyə cəhd etmədim. Mən kiməm? Niyə olduğum kimi yox, ol­ma­dı­ğım kimi görsənirəm? Haradan gəldim? Hara gedirəm? Gəlişimin və ge­dişi­min məqsədi nədir? Niyə bir ulduzla evləndiyim halda başı yekə, ayaqları qı­sa, dilsiz bir uşağım oldu və başqa uşağım olmadı? Şikəst olmağı mənə, ana­­sına və özünə və ya hamımıza dərs olması üçündürmü? Anasının və mə­nim günahlarım dənizdəki qumdan çox ola bilərmi? Fəqət onun günahı nə­dir? Onun bu qədər hər şeydən məhrum yaşamağı, həmyaşıdlarının isə hər cür naz-nemət içində üzməsi məni kədərləndirir. Onu həddən artıq çox se­vi­rəm. Əlimdə olsaydı gözümü qırpmadan dilimi və ayaqlarımı ona verərdim.

Fəqət mən niyə belə şeylər fikirləşirəm? Bəlkə də o, indiki halıyla, mə­nim indiki halımdan daha xoşbəxtdir. Hara getdiyini bilməyən bir ayağın nə fay­dası var? Alıb verən, amma nə alıb verdiyini bilməyən əlin nə faydası ola bi­­lər? “Niyə” deyə soruşan, amma soruşduğu suala cavab tapa bilməyən bir dil nəyə lazımdır? 57 ildir çırpınıram, çabalayıram, alıram, verirəm, mənasız mə­z­munsuz şeylər danışıram, ağlıma gələni söyləyirəm, yaxşı, bəs nə əldə etdim?

“Nə üçün”ü əldə etdim təkcə. “Niyə”dən başqa heç nə də əldə edə bil­mə­dim. Bunu isə indi anladım. Minlərcə dəfə “niyə, nə üçün” deyə so­ruş­dum özüm özümdən. Sanki “niyə” sualı bir tələ qurub məni izləyirdi. Fəl­sə­fə oxuyub oxutduğum, fəlsəfə doktoru adını daşıdığım və fəlsəfənin niyə sua­lına cavan axtarmaqdan başqa bir vəzifəsi olmadığını bildiyim halda, san­ki illərlə yaşayıb “niyə” sualının varlığından bixəbər kimiyəm. Fəlsəfəni, san­ki təkcə kitablarda olan bir şey kimi, həyatımda dediklərimlə, etdiklə­rim­lə, arzuladıqlarımla və ya qaçmağa çalışdıqlarımla heç bir əlaqəsi yox imiş ki­mi oxudum və oxutdum. Bax elə indi, başımın ancaq niyə sualıyla dolu ol­du­ğunu anlayıram. Daha əvvəl həyatımda olmayan yeni bir forma və yeni bir məna kəsb etdiyini hiss edirəm sanki. Təkid edir, üstümə yeriyir, cəsa­rət­lə­nir, qabıq dəyişdirir.

Heç nə olmaz! Heç nə olmaz!

Düşünməyə başladığımı hiss edirəm. Bundan qabaq ətrafımdakılar ora bura qaçdığı üçün ora bura qaçırdım. Onlar sevdiyi və nifrət etdiyi üçün se­vir­dim, ya da nifrət edirdim. Onlar öyrəndiyi üçün öyrənirdim. Onlar ev­lə­nib ev tikdirdikləri üçün mən də evlənib ev tikdirdim. Mən və onlar; əvvəli, so­nu, sahilləri və dərinliyi bilinməyən böyük bir çayın dalğalarında yaşamaq uğ­runda mübarizə aparan fərqli şəkil, rəng və həcmlərdəki qayıqlara oxşayırdıq.

İndi isə, o çayı tanımaq və haradan gəlib hara getdiyini bilmək istəyirəm. Müxtəlif şəkil, rəng və həcmlərdəki o qayıqları kim düzəltdi, qısa və ya uzun bir məsafəni qət etdikdən sonra da yox olmaqları üçün çayın üstünə onları kim qoydu bilmək istəyirəm.

Əvvəllər heç soruşmadığım şəkildə indi “niyə” deyə soruşuram. Kö­pək “niyə” deyə soruşmaz. Nə pişik, nə sərçə, nə qaz, nə taxıl, nə dağ, nə çay, nə dəniz, nə də üstündəki heç bir şey “niyə” deyə soruşmaz. Bunu an­caq insan soruşar. Soruşmağa gücü olanın cavab verməyə də gücü ola bilər. Bun­ları qabaqlar hiss etməmişdim. Ancaq indi hiss edə bilirəm. Nilufər çi­çə­yi çayın dərinliklərində bitib necə üzə çıxırsa bunlar da mənim də­rin­lik­lərimdə coşur və yüksəlir. Kaş ki, ömrüm tükənib sadəcə 23 saatım qalmadan bunları duya bilsəydim.

Fəqət... Fəqət... Saat nədir? Dəqiqə nədir? Saniyə nədir? Mənim qo­lum­dakı cihaza görə onlar saat, dəqiqə və saniyədir. Amma zamana görə isə, za­manın hamısıdır onlar. Olub bitən və baş verəcək hər şeylə əlaqəlidir on­lar. Zamanı keçmişindən və gələcəyindən qoparmaq mümkün deyil. Keç­miş­dəki keçmiş, indiki indi, gələcəkdəki gələcəkdir.

Dünən mən idim o. İndi də, sabah da mən olacam. Çünki mən zama­nam. Zaman da mənəm. Nə mən onu sona çatdıra bilərəm, nə də o məni.


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin