Nə qədər az şeyə sahibəm, nə qədər az sey mənə sahibdir
Nə qədər çox şeyə sahibəm, nə qədər çox şey mənə sahibdir
Sahib olduğum şeylər azaldıqca artır qiymətim
Sahib olduğum şeylər çoxaldıqca azalır qiymətim
O qədər asan şeylər var ki, çətindir, bir o qədər də çətin olanlar asan
Haydı gedək qızım!
Birdən yaşlı qadın gənc qızın əlindən tutub getməyə qalxdı. Ağlımda ondan soruşmaq istədiyim çox sual vardı. Ancaq sadəcə biri dilimə gəldi:
- Qoca, zəhmət olmasa getmədən əvvəl mənə təpədən çox uzaq olmadığımı deyə bilərsənmi? – deyə soruşdum.
- Qap-qara bir qaranlıqda dibi olmayan bir çuxurun kənarındasan, –deyə cavab verdi.
Qoca və gənc qız mağaradan çıxdılar və gözdən itənə qədər kölgələri mağaranın divarlarında əks oldu. Nəyə görə ürpəndiyimi başa düşə bilmirdim. Sonra bu ürpəntini başqa ürpəntilər izlədi. Elə bil mağaranın divarları ətrafa buz kimi soyuq hava tənəffüs edirdi. Dişlərim soyuqdan bir-birinə dəyməyə başlamışdı. Səpələnmiş, qarışmış düşüncələrim də eləcə. O gündən o saata qədər başıma gələnləri düşünüb anlamağa çalışırdım amma nafilə! Səvvan yoxuşunun sirri! Zarafatçı mühafizəçi! Bu yaşlı və onun yanındakı gənc qız! Çılpaq, hər tərəfi çürümüş, axmaq, yaralı və aclıq və soyuqdan yorğun düşən mən, belə bir mağarada və belə bir çuxurun kənarında axı nə işim var? Bir mənası yox idimi bütün bunların? Əcaba nə idi? Yoxsa artıq təpəyə yaxınlaşmışdım? Əcaba ora çıxa biləcəkdim? Bu gecənin bir başqa gecəsi olacaqdı?
Düşüncələrimi topladığım an, bir it hənirtisini eşitdim və mağaranın yaxınlığında, həm də çox yaxınında bir işıq parıltısı gördüm.
“Görürsənmi canım, şansa inananlara şans necə də gülür! Şansdan heç vaxt ümüdünü üzmə!” deyə yaşlı, kürəyi qozbel, dizləri bükülmüş və saqqalları göbəyinə qədər uzanmış bir adam səsləndi. Danışdığı qadın da onunla eyni yaşlarda, qozbel, dizləri bükülmüş və ağzında dişdən və sümükdən əsər qalmamış bir mağaraya bənzəyirdir. Başında isə saçdan çox qıla oxşayan bir neçə dağılmış tel vardı. İki yaşlı insan, əllərindəki lampanın işığında mənə diqqət etmədən mağarada dolaşdılar. İkisi də çox nadir dadı olan meyvəni yemiş kimi yalanmağa başladılar.
- Şansın bu gecə toyumuz üçün hazırladığı bu əvəzsiz saray, doğrudan da bizim sevgimizə layiqdir. İtirdiyin əsanın əvəzinə bu əsa da gözəldir və sağlamdır. Bundan sonra artık səndələməyəcəksən.
Yaşlı adam boğazını udacaq kimi çıxan bu sözləri qısa qısa kəlmələrlə deyirdi. Sonra isə əsanı əlinə aldı və yoldaşına verdi. Yaşlı qadın isə bir ananın övladını qucaqladığı kimi əsanı qucaqladı və başdan sona əsanı solmuş barmaqları ilə tumarlamağa başladı. O an sanki yaşlı kişi, mənim varlığımı hiss etdi. Mənə üzünü çevirmədən yoldaşına,
- Bu yabancı sarayımızı dərhal tərk etməlidir. Bu gecə bütün yaradılmışlardan uzaq, gecəmizin xəyallarını birgə quracağıq, dedi.
Qocanın sözlərini eşitdiyim an, elə bil şimşək məni vurmuşdu. O anda, xüsusilə itin, elə bil əfəndisinin əmrini yerinə yetirmək üçün dişlərini mənə göstərib yaxınlaşdığını gördüm. Mağaradan dərhal çıxmaq lazım idi, çünki ona qarşı gələ biləcək taqətim yox idi. Bu səhnənin qorxusundan tir tir əsməyə başladım. Sanki başqa biri tərəfindən idarə edilən və heç bir hakimiyyətimin olmadığı bir maşın kimi, gah durur gah da mağaranın çıxışına doğru yürüyürdüm. Bu müddət ərzində, var gücümlə danışmağa, özümü müdafiə etməyə və haqqımı dilə gətirməyə çalışırdım. Nəhayət böyük bir səydən sonra;
- Əsamı aldınız. Xeyirli olsun! Bu gecə sığındığım bir tək bu mağaradan məni çıxaracaq qədər zalımmısınız? deyə bildim.
Lakin onlar mənə bir kəlimə belə cavab verməyə tənəzzül etmədilər. Əksinə,
Əsasız yürüyən insan
Səndələməkdən canı qurtarar hən an
Bir evdən diksinən insan
Hər yerdə yaşaya bilər hər zaman
Bizə yazıqlar olsun, əsaların əsiriyik!
Bizə yazıqlar olsun, evlərin əsiriyik!
Bizə yazıqlar olsun, bizə yazıqlar olsun!
deyə mırıldanmağa başladılar.
Bir tərəfdən mırıldanır bir tərəfdən də üzümə baxmadan, solmuş barmaqlarıyla yataqlarını hazırlayırdılar. Bu məni qorxutdu:
- Əllərimi görmürsüz? Ayaqlarımı görmürsüz? Mən, bu yoxuşun çətin yollarında izini itirmiş qara bəxtli bir səyyaham. Bura qədər yolumu qanımla çizdim. İndi isə bu qap-qaranlıq, sizin yaxşı tanıdığınız bu qorxunc dağın bir qarış yerini belə görə bilmirəm. Sizdə heç mərhəmət hissi yoxdur? Cəza almaqdan qormursuz? Əgər sabaha qədər bu mağarada sizinlə birlikdə qalmağıma icazə vermirsizsə, o zaman heç olmasa lampanızı mənə borc verin, dedim.
Başqa bir mahnı ilə mənə cavab verdilər:
Sevgi satın alına bilməz
İşıq borc alına bilməz
Sev ki görülməyəni görə biləsən
İşıq saç ki istədiyin yerə gedə biləsən
Yolun haradır?
İnilti günü!
Yerin nəfəs almadığı gün!
Gecənin qəlbinin atmadığı gün!
Sabahın işığının olmadığı gün!
İki yaşlı və ya gəlin ilə bəy, məni o qədər dəyərsiz gördükləri üçün hirsimdən püskürmək üzərə idim. Lakin hirsimə hakim oldum və faydasız olduğunu bildiyim halda onlara yalvarmağa başladım. Çünki gizli bir qüvvənin məni mağaraya itələdiyini hiss edirdim.
- Ey mələk üzlü qocalar, gecənizin gözəlliyini pozmaram. Mən də sevgini yaşadım. Buna görə də sizə rahatlıqla əsamı hədiyyə edəcəyəm. Toy gecəsi üçün seçdiyiniz bu mağaranı sizin xətrinizə tərk edəcəyəm. Lampanızı mənə vermədiniz, ancaq sizdən kiçik bir xahiş edə bilərəmmi? Əcaba məni mağaradan çıxarıb təpəyə doğru istiqamətləndirə bilərsinizmi? Həm istiqamətimi həm də yolumu azmışam. Dağa nə qədər çıxdığımı və daha nə qədər çıxacağımı bilmirəm.
Yalvarışlarım onlara heç təsir etmədi. Əksinə əvvəlki kimi mırıldamağa davam etdilər:
Nə qədər çıxdıqsaq o qədər endik
Nə qədər endiksə o qədər çıxdıq
Nə qədər zənginləşdiksə o qədər fəqirləşdik
Nə qədər fəqirləşdiksə o qədər zənginləşdik
Malları bizə borc, bizim mallarımız bizə borc
Nə xoş hal ki o kimsəyə
Hesaba çəkilənə və borcu hesab etməyənə!
Ürəyim sıxıldı; hirsimdən püskürəcəkdim. Çünki bu yaşlı insanlarla danışmanın bir faydası yox idi. Lakin saman çöpünə sarılan, boğulmaq üzrə olan biri kimi idim. Onlardan son ricam isə mağaradan çıxdığım zaman ilk addımımı hansı tərəfə atmam idi. Çünki atacağım hər bir addım ölüm ola bilərdi. Səbirsizliklə onların cavabını gözləyirdim. Ancaq çox keçmədi ki yenə o qəribə mahnılarından birini oxumağa başladılar. Üzülmüşdüm və ağlım əməlli başlı qarışmışdı.
Ey dərin çuxurun qucağı
Necə də qaranlıqsan!
Ey dərin çuxurun kənarı
Necə də yumşaqsan!
Kərtənkələ və dəvə quşu
Dəniz və bulud
Günəş və fitil
Meymun və ceyran
Düyü və gəvən ağacı
Torpaq və kül
Cücə və div
Mirvari və palçıq
Ağızdakı dad
Burunda tilov iynəsi
Peşmanlıq pəncərəsindən
Yoxluq çuxurundan
Gürültü ordadır
Səssizlik burda
İstəyirsənsə öl yaşamaq üçün!
İstəyirsənsə yaşa ölmək üçün!
Birdən lampa söndü. Lampanın sönməsi ilə o qəribə iki varlıqla razılaşma ümüdüm də bitdi. İməkliyə iməkliyə mağaradan çıxdım. İt isə sürünməyi davam etməyim üçün təkidlə məni izləyirdi. Mağaranın bayırında ayağa qalxdım və bütün varlığımla qap-qaranlığın ortasında olduğumu hiss etdim.
Addım addım yürüməyə başladım. Üçüncü addımda birdən dağın ayağımın altından sürüşdüyünü, nəfəsimi daraldan və aşağıya, ən dibə doğru məni çəkən bir qaranlığın girdabında boğulduğumu hiss etdim.
Mən o zülmət qaranlıqda dərin çuxurun zindanında olduğum zaman, gözlərimin önündən keçən son şəkil, o iki cin varlığın şəkilləri idi. Nəfəsimin burnumun dəliklərimdə donmuş bir halda mırıldadığım son sözlər də onların sözləri idi.
İstəyirsənsə öl yaşamaq üçün!
İstəyirsənsə yaşa ölmək üçün!
Türk dilindən tərcümə edən:
Dostları ilə paylaş: |