Müasir dünyada yeni düşüncəyə
ümumi baxış
Beynəlxalq elmi konfrans
2 may 2009-cu il, Bakı/Azərbaycan
Mayın 2-də Bakıda “Avropa” mehmanxanasında Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təşkilatçılığı ilə “Müasir dünyada yeni düşüncəyə ümumi baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Azərbaycan, Türkiyə və Əlcəzairdən olan tanınmış filosofların iştirak etdikləri elmi konfransda ənənəvi Şərq düşüncəsinin modernləşməsi, yeni məzmunla zənginləşməsi prosesinin aktual problemləri müzakirə olundu.
AFSEA-nın prezidenti, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof, akademik Ramiz Mehdiyev giriş nitqində tədbirin əhəmiyyətindən və müasir mərhələdə Azərbaycan fəlsəfi fikrinin qarşısında duran başlıca vəzifələrdən danışdı.
Akademik Ramiz Mehdiyev dedi ki, müasir müstəqil Azərbaycan dövləti inkişafının yeni mərhələsinə qədəm qoymuşdur və Prezident İlham Əliyev ölkənin intellektual inkişafının təmin olunmasını milli prioritet elan etmişdir. Azərbaycan fəlsəfi fikrinin qarşısında duran vəzifələrdən danışan akademik vurğulamışdır ki, qloballaşma dövründə Şərq və Qərb fəlsəfi fikir ənənələrinin yaxınlaşması və insanların dünyaya baxışlarının vahid konseptual sisteminin yaradılması üçün regional əlaqələrin inkişafına böyük ehtiyac vardır.
Qeyd edildi ki, Azərbaycan üçün bir tərəfdən Avropaya inteqrasiyanın siyasi, iqtisadi və elmi-texnoloji əhəmiyyəti getdikcə artır, digər tərəfdən, MDB məkanında və türkdilli dövlətlərin əlaqələrinin inkişafında yeni perspektivlər açılır.
Akademik dedi: “Müstəqillik əldə etdikdən sonra Azərbaycanın ictimai-siyasi, mənəvi həyatında ən mühüm məsələlərdən biri imtina etiyimiz kommunist ideologiyası əvəzinə milli mahiyyətimizi və varlığımızı ifadə edən yeni dünyagörüşünün və düşüncə tərzinin nəzəri-fəlsəfi əsaslarının müəyyən edilməsi olmuşdur. Son illərdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin elmi-fəlsəfi təhlili aparılır və nəinki təkcə Azərbaycanda, hətta bütün dünyada və regionda baş verən proseslərin ümumi meyilləri müəyyənləşdirilir. Başqa sözlə desək, siyasətin fəlsəfi sahəsində müəyyən uğurlar əldə edilmişdir”.
Filosof R.Mehdiyev dedi ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da müəyyən təsir edə bilər. Lakin ölkə iqtisadiyyatının yalnız neft amilindən asılı olmaması və qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi Azərbaycan rəhbərliyinin problemləri öncədən görə bilən preventiv siyasət həyata keçirməsindən xəbər verir.
Ramiz Mehdiyev türk xalqlarının fəlsəfi fikir tarixinin qarşılıqlı öyrənilməsinin əhəmiyyətini qeyd edərək filosofların əməkdaşlığının vacibliyini vurğuladı.
Belə konfransların mühüm elmi-siyasi əhəmiyyətə malik olduğunu deyən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç bildirdi ki, Azərbaycanın tanınmış filosofları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu müasir Türkiyə dövlətinin qurulmasında xüsusi rol oynamışlar. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra hər iki dövlətin filosoflarının sıx əlaqələr qurduğunu vurğulayan səfir, bunun yüksək əhəmiyyətə malik olduğunu qeyd etdi.
Konfransın əhəmiyyətindən danışan AFSEA-nın idarə heyətinin sədri, professor Səlahəddin Xəlilov bildirdi ki, fəlsəfə elmi sahəsində qarşılıqlı əlaqələrin inkişafı, aparılan elmi tədqiqatlar barədə fikir mübadilələri bu elmin inkişafına mühüm təsir göstərir. Türkiyə ilə Azərbaycan filosofları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədi ilə ortaq fəlsəfə terminologiyasının yaradılmasının, ortaq çap məhsulunun nəşrinə başlanmasının, fəlsəfi araşdırmalarla məşğul olan qurumları öz ətrafında birləşdirəcək assosiasiyanın təsis edilməsinin vacibliyi vurğuladı.
Öz işini iclaslarda davam etdirən konfransda azərbaycanlı filosof alimlər, Milli Məclisin deputatları – İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın, Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyevin, Fazil Mustafayevin, türkiyəli alimlər Kənan Gürsoyun, Korkut Tunanın, Sənail Özkanın, əlcəzairli alim Zaim Khenchelaouinin və başqalarının modernləşmə və qloballaşma dövründə fəlsəfi fikrin və yeni düşüncə tərzinin formalaşmasına təsir edən amillər, milli düşüncənin inkişafı, modernləşmə fenomeni və təfəkkürün transformasiyası, informasiya cəmiyyətinin modern düşüncəyə təsiri və digər aktual mövzularda məruzələri dinlənilib, müzakirələr aparıldı.
Dostları ilə paylaş: |