Dağ və daş
Uca bir dağ ətəyindəki yamaclara, düzənlərə, dərələrə baxıb öz ucalığını daha yaxşı dərk edir. Öz varlığını, mahiyyətini, məqsədini anlaması ona var olmaqda kömək edir, varlığının mənasını artırır. Hər halda bu uca dağlar Allahın «beşik kimi yaratdığı Yerin dayaqları olduqlarını» (Quran 78/6-7) bilir və bu məsuliyyətlə dayanırlar.
Bu uca dağın başında kiçik bir daş nə hiss edir? O da dərələrə-düzlərə yuxarıdan aşağı baxır, özünü onlardan ucada görür. O, hətta dağın özündən belə üstdədir. O, bu dağın «balasıdır». Bu, onun varlığının yeganə mənasıdır. Yeganəmi?
O, nə bir divara hörülmür, nə bir hasara. Onun üzərində nə ot bitmir, nə çiçək. O, hətta üzərinə yağan yağış damlalarını belə uda bilmir. O, gözünü bu yüksək dağın başında açıb, aşağıdan xəbəri də yoxdur. Aşağıdan xəbəri olmadığına görə, …oturduğu ucalıqdan da xəbərsizdir. Xəbərsiz olduğuna görə, öz mahiyyətində də yanılır. Özünü hamıdan, dağdan da uca bilir. Amma ucalmağın nə əziyyətindən, nə də ləzzətindən xəbərdardır. Deməli, bu ucalığın məsuliyyətini də bilmir.
Dağa çıxmış bir adam qalxdığı yüksəkliyi hiss etmək üçün aşağılara bir «xəbər» göndərmək həvəsinə düşür: yerdən daşı götürür və uzaqlara atır. Haralarasa aşağılara. Bir anın içində daş bir məchulluqdan digər məchulluğa düşür.
Yüksəklikdən düşmək nə asanmış, nə mənasızmış… Nə əziyyəti varmış, nə ləzzəti. Sadəcə, düşdüyü dibdən yüksəklikləri seyr etməyin həsrəti və əzabı varmış.
Özü ucalığa qalxmayan və ucalığın mahiyyətini dərk etməyən düşdüyü aşağıların necə, mənasını anlaya bilərmi? Bunun yeni bir başlanğıc ola biləcəyini güman edirmi? Yoxsa bu dəfə də içindəki hikkə, həsrət gözünü kor edər?
Zirvə
Uşaq doğulur və onun kiçik dünyasından hər şey elə böyük, elə nəhəng görünür ki! Uşaq böyüyür və o, əvvəlcə özündən böyük uşaqlar boyda, sonra da hamıdan «böyük» atası boyda olmaq istəyir. Beləcə həvəslə böyüyür. Gün gəlir onun fiziki boyartımı dayanır, ancaq onun böyümək arzusu hələ təzə-təzə başlayır. Bu dəfə o, mənən böyüməyə başlayır. Təhsilini artırır, dünyagörüşü böyüyür.
Ancaq bu «böyümə»ni gözlə görmək çətindir, ona görə də… Bəziləri öz «yekə» boy-buxununa baxıb özünü hamıdan yekə, hamıdan nəhəng bilir və bundan artıq böyüməyə lüzum görmür. Belə olanda onun böyüməyi də dayanır.
Zirvəyə qalxmaq istəyən geri boylananda keçdiyi yolun böyüklüyündən qürurlanıb daha artığına ehtiyac hiss etmir. Amma zirvəyə və ora qalxanlara baxan özünün kiçikliyini dərk edir, görür və «böyüməyə» cəhd edir.
Dostları ilə paylaş: |