Psixi obraz – passiv ideya
İnsan cisimləri təsəvvür edərkən özünü bir subyekt kimi hiss etməklə yanaşı, bir obyekt kimi də hiss edir; yəni öz psixi obrazını da özündən kənarlaşdıracaq.
İnsan ikiləşir: həm subyekt, həm də obyekt kimi, həm ideya sahibi, düşünən tərəf, həm də psixi obraz, xarici predmetlə müqayisə olunan tərəf kimi çıxış edir.
* * *
Allah insanlara yaradıcılıq şansı qismət etmişdir.
Bütün dünyanın yaradıcısı, əbədi bir zaman içərisində və deməli, əslində zaman xaricində vahid, mütləq bir ideyanın müntəzəm, fasiləsiz həyata keçirilməsi, reallaşdırılması, maddiləşdirilməsini təşkil etmişdir.
Burada mütləq ideyanın özünün bütün bu proseslərdən kənarda, məhz ideya şəklində qalması və bir də ideyanın fasiləsiz və qeyri-məhdud şəkildə, heç bir zaman və məkan məhdudiyyətinə rast gəlmədən realizə olunması gerçək, maddi bir prosesdir.
Maddi dünyanı hadisələrin maddi proseslərin sadəcə toplusu kimi deyil, həm də vahid, bütöv bir çevrilmə prosesi kimi anlamaq ehtiyacı yaranır…
İnsana nur bəxş edilmiş, yaradıcılıq əzmi verilmiş, … lakin o, maddi başlanğıcdan xilas edilməmişdir. Maddi başlanğıc torpaq, daha sonra nütfədir. İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvətdir. İnsanı ucaldan yaradıcılıqdır. Lakin nəyi yaratmaq, necə yaratmaq?
İnsan ideyalara qovuşa bilir; ona ideyalar aşkar olur, yaxud başqa sözlə, ideyaları tapır, kənar edir… (adekvatlıq… yaratmaq və tapmaq!)
İnsan həmişə nəsə axtarır… Çox vaxt nə axtardığını özü də bilmir.
Kimsə ideyalar aləmində, kimsə maddi dünyada axtarır… («Ağla gələn başa gələr» ifadəsində ağla ideya gələr, başa – hadisə…)
Hadisələr bir-birini tamamlayıb daha böyük hadisənin tərkib hissəsi kimi də çıxış edər, yaxud müstəqil, lokal məkan-zaman hüdudunda qala bilər …
Çoxlu kiçik-kiçik hadisələr…
Eləcə də çoxlu kiçik-kiçik ideyalar…
Qeyri-iradi aktivlik, spontanlıq…
Əslində insanın bütün mənəvi-intellektual qabiliyyətləri (geniş mənada nəfs) içərisində məhz hansınınsa «icraya götürülməsi», aktiv hala keçməsi – qalanların həmin müddətdə (zaman faktoru) passiv qalması...
Yerdə qalanların da insan iradəsindən kənarda fəaliyyətdə ola bilməsi… Qeyri-şüurilik.
Fotoaparat, kamera və s.-lə silahlanmış insan müəyyən anda ancaq birini «kullanır», şüurlu istifadə edir, o birilər isə yaddan çıxıb açıq qalsa, nə gəldi, necə gəldi çəkəcək – nizamsız, mənasız bir mənzərə alınacaq (baxmayaraq ki, təsadüfən məhz lazım olan da çəkilmiş ola bilər).
Şüurlu fəaliyyət – bütün psixik enerjini vahid istiqamətə yönəldə bilmək üçün o biri «klapan»lar bağlı olmalıdır. Açıq qalanda…
Fokuslanma – diqqətin yönəldilməsi və bunun üçün diqqətin bütün başqa istiqamətlərdən azad olması.
Diqqət mərkəzinə çəkilən obyekt həmin anda subyekt üçün bütün dünyanı əvəz edir. Deməli, «dünya» subyektin iradəsinə görə dəyişir.
Onu da nəzərə alsaq ki, insan bu dünyada ancaq dərk etməklə məşğul deyil, onda insan üçün dünyanın başqa obrazları da ortaya çıxacaqdır. Əgər müəyyən anda insan subyekt rolunda deyil, obyekt kimi çıxış edirsə, yəni hansı isə təsirlərə məruz qalırsa, dünya onun üçün məhz həmin təsirlərdən ibarət olacaqdır.
Dostları ilə paylaş: |