Редаксийа Шурасындан
AZƏRBAYCAN FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR ASSOSİASİYASI
(A F S E A)
FƏLSƏFƏ
və
sosial-siyasi elmlər
elmi-nəzəri jurnal
PHILOSOPHY and SOCIAL- POLITICAL SCIENCES ФИЛОСОФИЯ и СОЦИАЛЬНО-ПОЛИТИЧЕСКИЕ НАУКИ
Bakı - 2009
Redaksiya Şurası:
Akademik Ramiz Mehdiyev (red. şurasının sədri),
akademik Fuad Qasımzadə, prof. Anna-Tereza Timineçka (ABŞ),
prof. Kənan Gürsoy (Türkiyə), prof. Korkut Tuna (Türkiyə),
prof. Ş.Teoman Duralı (Türkiyə), akademik V.A.Lektorski (Rusiya),
prof. David Evans (İngiltərə), prof. Əbdümalik Nısanbayev (Qazaxstan), prof. Rəbiyyət Aslanova, prof. Rəfiqə Əzimova, prof. Əli Həsənov,
prof. A.N.Çumakov (Rusiya), f.e.d. Könül Bünyadzadə (məsul katib),
Prof. Səlahəddin Xəlilov (baş redaktor).
AFSEA-nın və Redaksiyanın ünvanı:
Bakı AZ1014, Bülbül prospekti, 33 Tel.: (994-12) 498-17-45 Faks: (994-12) 598-13-01
E-mail: jurnal@felsefedunyası.org
ISSN 1810-9047
©AFSEA, 2009
©Azərbaycan Universiteti, 2009
MÜNDƏRİCAT
REDAKSİYA ŞURASINDAN
Ramiz MEHDİYEV – Ön söz əvəzi: Şərq-Qərb: fəlsəfələrin dialoqu 5
Aİda İmanquliyeva – 70
Böyük şərqşünas alim və mütəfəkkir: həyat və yaradıcılığına dair 9
Səlahəddin XƏLİLOV – Aida İmanquliyeva yaradıcılığında Şərq və Qərb
düşüncə tərzlərinin vəhdəti ideyası 11
Müasir Dünyada yeni düşüncəyə ümumİ baxış
Rəbiyyət ASLANOVA – Yeni zaman və humanitar düşüncə mədəniyyəti 28
Fazil MUSTAFA – Azərbaycanda modern düşüncənin informasion cəmiyyətə
transformasiya problematikası 39
Erdinc YAZIÇI – Formalaşma dövründən kimliyə modern türk
düşüncesi (türk dilində) 52
Əbülhəsən ABBASOV – Dünya problemləri: fəlsəfənin verə biləcəyi töhfə 61
Vəsilə HACIYEVA – Azərbaycançılıq və türkçülük milli ideologiya sistemində 76
Bəhram HƏSƏNOV – XIX əsrin sonu XX əsrin əvvəllərində Anadolu və Azər-
baycan türklərinin modernləşmə modelləri və müasir dövr 83
fəlsəfə tarixi
Könül BÜNYADZADƏ – Orta əsrlərdə İslam Şərqində kamil insan problemi 91
MƏDƏNİ-mənəvi dəyərlər
Erkin U.BAYDAROV – Qloballaşma prosesində Orta Asiya dövlətlərinin
inkişafının sosio-mədəni aspekti 105
Əbülfəz SÜLEYMANOV – Müasir Azərbaycan cəmiyyətində ailənin reproduktiv
funksiyasının sosioloji təhlili 114
RƏYLƏR
Səlahəddin XƏLİLOV – Qloballaşma və bütöv bəşəriyyət ideyası. А.Н.Чумаков.
«Глобализация. Контуры целостного мира», М.,
Проспект, 2009 125
Nəbi MEHDIYEV – Felsefe: tarih ve çağdaş dönem. S.Halilov. “Doğu’dan
Bati’ya felsefe köprüsü,” İstanbul, Ötüken, 2008 129
ELMİ-FƏLSƏFİ HƏYAT
Günümüzdə İbn Xəldun düşüncəsi və sosial elmlər 135
Heydər Hüseynov – 100 136
Fəlsəfəyə münasibəti aktuallaşdıran nədir? 137
Transsendentliyə yenidən baxış 145
Elm adamlarının mobilliyi, beynəlxalq elmi ictimaiyyətə inteqrasiyanın
bir mexanizmi kimi 145
FƏLSƏFİ ESSELƏR 147
FƏLSƏFİ ETÜDLƏR 166
TƏRCÜMƏLƏR
Cəmaləddin ƏFQANİ – Fəlsəfənin faydaları 179
Məhəmməd İQBAL – İnsan “mən”i, onun azadlığı və əbədiliyi? 193
YENİ NƏŞRLƏR 218
СОДЕРЖАНИЕ 222
Table of Contents 224
Редаксийа Шурасындан
Ön söz əvəzi:
Şərq və Qərb:
fəlsəfələrin dialoqu
Müasir fəlsəfə dedikdə, təəssüf ki, əsasən Qərb fəlsəfəsi nəzərdə tutulur. Zərdüştilik və Hind-Çin fəlsəfəsi bir qayda olaraq qədim dövrə, İslam dünyası fəlsəfəsi orta əsrlərə aid edilir. Bu fəlsəfi təlimlərin müasir fəlsəfi sistemlərin strukturunda öz əksini tapıb-tapmaması məsələsi isə xüsusi bir tədqiqatın predmetidir.
Çağdaş dövrdə elmi-fəlsəfi fikrin ən son nailiyyətlərini ehtiva edən yeni fəlsəfi sistemlərin keçmişlə varislik əlaqəsi daha çox dərəcədə qədim yunan fəlsəfəsi ilə bağlılıqda öz əksini tapır. Məsələn, Haydegger yunan fəlsəfəsini də müasir Qərb fəlsəfəsinin tərkib hissəsi hesab edir. Başqa sözlə, son dövrün tədqiqatları göstərir ki, fəlsəfə inkişaf etdikcə, qədim Hind-Çin təlimlərinin, habelə orta əsrlərə aid olan təsəvvüf fəlsəfəsinin bir sıra ideyaları yenidən aktuallaşır. Hətta belə təəssürat yaranır ki, ən müasir fəlsəfə üzünü daha çox Şərqə tutmuşdur. Ruhla, insanın daxili aləmi ilə bağlı tədqiqatların artması, vaxtilə fəlsəfədən ayrılmış psixologiyanın yenidən fəlsəfi problemlərə qayıtması və ruhun müasir təbiətşünaslığın ən yeni nailiyyətləri bazasında bir daha nəzərdən keçirilməsi, bir tərəfdən teologiya və dinşünaslıqla, digər tərəfdən də, ənənəvi Şərq fəlsəfəsi ilə ümumi cəhətləri artırır; biz Şərq ilə Qərbin nisbi müstəqil inkişaf yollarının yenidən kəsişməsinin şahidi oluruq.
Bu ilin may ayında Bakıda keçirilən “Müasir dünyada yeni düşüncəyə ümumi baxış” mövzusunda beynəlxalq konfransın məqsədlərindən biri də Şərq təfəkkür ənənələrinin, xüsusən türk düşüncəsinin müasir fəlsəfi və ideoloji sistemlərdə yeri və rolu məsələlərini işıqlandırmaq idi. Aparılan müzakirələr göstərdi ki, milli düşüncənin ancaq keçmiş dövrə, orta əsrlər çağına aid edilməsi, müasirliyin isə yalnız Qərb düşüncəsi ilə eyniləşdirilməsi halları geniş yayılmışdır və çağdaş ictimai şüur da sanki bununla razılaşmışdır. Türkiyə filosofları öz ölkələrində müasir fəlsəfə adı altında məhz Qərb fəlsəfi təlimlərinin tədris olunduğunu, milli fəlsəfi fikrin isə ancaq “fəlsəfə tarixi” və “islam fəlsəfəsi” kurslarına daxil edildiyini bildirdilər. Analoji vəziyyət bizdə də vardır. Ona görə də, fəlsəfi konsepsiyalarda varislik məsələsinin araşdırılması bu gün bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
Şərq və Qərb düşüncə tərzlərinin və fəlsəfi fikir ənənələrinin qarşılıqlı surətdə öyrənilməsi – fəlsəfi komparativistika indi bütün dünyada çox aktualdır. Əlamətdar haldır ki, bu günlərdə 70 illik yubileyini təntənə ilə qeyd etdiyimiz professor Aida İmanquliyeva Azərbaycanda ədəbi-bədii və fəlsəfi komparativistikanın, habelə Şərq-Qərb sivilizasiyalarının və milli mədəniyyətlərinin müqayisəli və sistemli şəkildə tədqiqinin əsasını qoymuşdur. Ona görə də, Aida xanımın yubileyi tədqiqatçıların diqqətini bir daha Şərq-Qərb problematikasına və fərqli dünyagörüşlərinin əlaqəsi və sintezi məsələlərinə yönəldir. Jurnalımızın bu sayında da A.İmanquliyeva haqqında yazılmış məqalələrdə fəlsəfi fikrin vəhdəti problemi geniş şəkildə işıqlandırılmışdır. Aida xanımın bütün yaradıcılığı Şərq və Qərb düşüncələrinin, təfəkkür tərzlərinin, ruh və təbiət, ideal və gerçəklik arasındakı münasibətin, poetik vüsətlə rasional idrakın qarşılıqlı əlaqəsinə həsr olunmuşdur. Düzdür, o, tədqiqat predmeti olaraq ərəb mühacir ədəbiyyatını götürür, lakin ədəbiyyatşünaslıq məsələləri ilə kifayətlənməyərək, fəlsəfi problemlərə də müraciət edir ki, bütün bu məqamlar jurnalımızda öz əksini tapmışdır.
Aida İmanquliyevanın 70 illik yubileyi ilə əlaqədar oktyabrın 9-dan 11-dək müddətdə keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında böyük sufi mütəfəkkiri İbn Ərəbinin fəlsəfi təliminə həsr olunmuş beynəlxalq elmi simpoziumun ölkəmizin fəlsəfi ictimaiyyəti üçün xüsusi əhəmiyyəti vardır. Bu tədbir, heç şübhəsiz, Azərbaycanda təsəvvüf ideyalarının daha geniş yayılmasına və dərindən mənimsənilməsinə kömək edəcəkdir.
İbn Ərəbinin təlimi islam fəlsəfəsi tarixinin ən parlaq səhifələrindən biridir. Onun ideyaları təkcə fəlsəfə kontekstində deyil, həm də sivilizasiyaların dialoqu, dinlərarası münasibət, tolerantlıq baxımından böyük dəyərə malikdir. Belə ki, onun təlimində vəhdət ideyasının önə çəkilməsi müxtəlif dinlərdəki təfərrüatlardan abstraksiya olunmağa, vahid dini idealın formalaşmasına imkan yaradır. Mərkəzi ofisi Oksfordda yerləşən Mühyiddin İbn əl-Ərəbi cəmiyyətinin fəaliyyəti də xalqlar arasında dostluq münasibətlərinin formalaşmasında fəlsəfənin imkanlarından istifadə olunmasına əsaslanır. Bütün dünyada sülhü və məhəbbəti tərənnüm edən bu təlim sülhsevər beynəlxalq siyasi kursla çox gözəl səsləşir. İndi dünyanın bir çox ölkələrində İbn əl-Ərəbi cəmiyyətinin filialları açılmışdır. “Məhəbbətdir ən böyük din” tezisinin həm islam, həm də xristian dünyasında tərəfdarları getdikcə artmaqdadır. Ölkəmizdə keçirilən İbn Ərəbi simpoziumunun materialları da jurnalımızın növbəti sayında öz geniş əksini tapacaqdır. Ümidvarıq ki, simpozium ölkəmizdə Şərq fəlsəfəsinə dair tədqiqatların daha intensiv şəkildə aparılmasına təkan verəcəkdir.
Jurnalımızın “Mədəni-mənəvi dəyərlər” rubrikasında dərc olunan məqalələrdə ictimai gerçəkliyin aktual problemləri araşdırılmış, mənəvi həyatımızın mühüm səhifələri vərəqlənmiş, ailə münasibətləri təhlil edilmiş, müasir Azərbaycan ailəsinə və onun cəmiyyət kontekstində dəyərləndirilməsinə geniş yer verilmişdir.
Qazaxstan və Türkiyədən olan müəlliflərin məqalələri tərcümə edilmədən, rus və türk dillərində çap olunur ki, bu da bir tərəfdən bizim jurnalın çoxdilli olmasından, digər tərəfdən də, xarici ölkələrdə də oxuculara malik olması faktını nəzərə almağımızdan irəli gəlir.
Elmi-fəlsəfi həyat bölməsində öz əksini tapan məlumatlar ölkəmizdə fəlsəfi fikrin canlanmasından, azərbaycanlı fəlsəfəçilərin beynəlxalq miqyasda fəallığının artmasından xəbər verir. Alimlərimizin Belçikada keçirilən Ümumdünya Fenomenologiya Konqresində, Türkiyədə keçirilən İbn Xəldun simpoziumunda fəal iştirak etməsi, Sankt-Peterburqda (Rusiya) elmin mobilliyinə dair debatlarda təmsil olunmaları deyilənləri bir daha təsdiq edir. Azərbaycanın görkəmli filosofu və ictimai-siyasi xadimi Heydər Hüseynovun 100 illik yubileyi ilə əlaqədar keçirilən elmi konfrans və bu barədə kütləvi informasiya vasitələrində açılan müzakirələr isə indi ölkəmizdə yubiley mərasimlərinin formal keçirilmədiyini və bu hadisələrin geniş ictimaiyyətin diqqət mərkəzində olduğunu göstərir.
Jurnalımız öz ənənəsinə sadiq qalaraq görkəmli filosofların əsərlərindən tərcümələrin çapını davam etdirir. Bu sayımızda Cəmaləddin Əfqaninin “Fəlsəfənin faydaları” və Məhəmməd İqbalın “İnsan “mən”i, onun azadlığı və əbədiliyi” adlı əsərləri ilk dəfə olaraq Azərbaycan dilində işıq üzü görür.
Son vaxtlar AFSEA-nın fəaliyyətində müxtəlif fəlsəfi əsərlərin dilimizə tərcüməsi işinə diqqət artmışdır. Lakin məqsəd sadəcə tərcümə deyil. Bu yeni bazada terminologiya yenidən dəqiqləşdirilməli və bu əsərlərin geniş müzakirələri təşkil olunmalıdır.
Beləliklə, jurnalın bu sayının əsas ideya istiqamətini Şərq fəlsəfi fikir ənənələrinin tədqiqi, yaşadılması və bərpa edilməsi, müasir fəlsəfi fikrin strukturunda onların iştirak məqamlarının aşkarlanması, Şərq ilə Qərb arasında fəlsəfi mükalimə üçün baza yaradılması təşkil edir.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Şərq ilə Qərb arasında sadəcə körpü olmayıb, bu fərqli mədəniyyətləri özündə üzvi surətdə birləşdirən və bununla daha da zənginləşən bir məmləkətdir. Deməli, burada yaranan fəlsəfi təlimlər də daha universal, daha tolerant olmalı və öz sinkretikliyi ilə səciyyələnməlidir.
Dostları ilə paylaş: |