«Dahilərin divanı»
Artıq bir ildir ki, Azərbaycanda prezidentin sərəncamı ilə akademik Heydər Hüseynovun 100 illik yubileyi qeyd edilir və bu münasibətlə müxtəlif konfranslar, müzakirələr keçirilir. ANS TV-də də «Dahilərin divanı» verilişinin növbəti buraxılışı Heydər Hüseynova həsr olunmuşdu.
Heydər Hüseynov irsinə kifayət qədər bələd olduğuma görə, mən bu verilişə onun haqqında hansı isə əlavə bilgi almaqdan daha çox, sadəcə müasirlərimizin onu nə dərəcədə mənimsəyə və dəyərləndirə bildiklərini öyrənmək üçün baxdım. Baxdım və xeyli məyus oldum. Çünki mütəxəssis qismində dəvət olunmuş şəxslər Heydər Hüseynovun xidmətlərindən bu dərəcədə bixəbərdirlərsə, deməli, geniş ictimaiyyət daha çox xəbərsizdir.
Yeri gəlmişkən, «Dahilərin divanı» barədə. Xalqımızın mədəniyyət, fikir və qəhrəmanlıq tarixindən, böyük şəxsiyyətlərindən söhbət açan bu veriliş efiri bürüyən şoular kontekstində, heç şübhəsiz, müsbət təsir bağışlayır. Daha doğrusu, ideya özü müsbətdir. Amma təəssüf ki, bu ideyanın realizasiyası yenə də şou elementlərinə söykənir. Əlbəttə, «həqiqət mübahisələrdə üzə çıxır», dialoq monoloqdan daha effektlidir. Bunları mən də qəbul edirəm. Efirdə geniş yayılmış yeknəsəq düşüncəni, hər şeyin ancaq çəhrayı rəngdə təqdimatını, monotonluğu bir tamaşaçı kimi mən də sevmirəm. Amma söhbət görkəmli şəxslərdən gedəndə fikir müstəvisində hərrac elementləri xoş təsir bağışlamır. Yəni bir ifratdan uzaqlaşıb başqa ifrata keçmək də arzuolunmazdır. Mübahisələr, əlbəttə, olmalıdır, lakin sanki ssenari üzrə quraşdırılmış şəkildə, həm də səthi yanaşmaların sayəsində deyil, dərinə getdikcə üzə çıxan fərqlərdən doğmalıdır.
Görünür, tamaşaçıların səviyyəsi haqqında pessimist münasibət o dərəcədə kök atmışdır ki, qarşıdurma, intriqa, dedi-qodu olmasa tamaşaçı baxmaz, – deyə ehtiyatlanmaq üzündən bu veriliş mahiyyətinə uyğun gəlməyən bir formada təqdim olunur. Buraya aparıcı diktatını, onun söhbətləri məhz öz istədiyi səmtə çəkmək və dəvət etdiyi şəxslərdən bir baş yuxarı olduğunu göstərmək cəhdlərini də əlavə etsək bu gözəl ideyanın əslində bir qədər təhrif olunduğu daha çox nəzərə çarpar. Düzdür, haqqında bəhs etdiyimiz verilişdə aparıcı həqiqətən dəvətlilərdən daha hazırlıqlı idi, lakin bu, aparıcınınmı üstünlüyündən, yoxsa dəvətlilərinmi hazırlıqsız gəlməsindən doğurdu, – deyə bilmərəm. Bircə şey aydın idi ki, Heydər Hüseynov nəinki dahi, heç ümumiyyətlə ciddi bir tədqiqatçı və təşkilatçı kimi də təqdim oluna bilmədi. Verilişdə onun Heydəgərlə, oxunduğu kimi desək, Haydeggerlə haqsız bir müqayisəsinə isə münasibət bildirməmək mümkün deyil.
Əgər dünya fəlsəfəsində Aristotel varsa, Dekart varsa, Kant varsa, Haydegger varsa, biz öz görkəmli fəlsəfə tədqiqatçılarımızı aşağılamalıyıqmı, yaxud öz milli fəlsəfi fikrimizə biganəlikmi göstərməliyik? Bu gün Qərb dünyası yeni ideyalardan kasadlıq çəkirsə və üzünü yenidən Şərq fəlsəfəsinə tutursa, bizsə tərsinə, özümüzü öyrənməkdən imtinamı etməliyik? Bu başqa məsələ ki, biz gərək özümüzə qapanmayaq və dünya fəlsəfi fikrini də öyrənək. Elə Haydeggeri də.
Dostları ilə paylaş: |