Əttara salam olsun, müşk ətirli sözlərilə
Nəğmə deyən quşların vəziri.
Ərəbiyə salam olsun, Həqiqətin dilinə,
Peyğəmbərin həqiqətdə gözünə.2
Göründüyü kimi, Reyhani İslam dünyasının böyük mütəfəkkirlərindən biri məşhur sufi şairi İbn Ərəbini Həqiqətin dili hesab edir və Peyğəmbər dedikdə Cübran kimi, o da Məhəmməd Mustafanı nəzərdə tutur. Onun ingilis dilində yazdığı şeirlərinin çoxunda tanrıdan bəhs olunarkən “God” yox, məhz “Allah” sözü işlənir ki, bu da İslam dininə bağlılıqdan irəli gəlir.
Allah rəhmandır, Allah mehribandır,
Onun qəlbi yerin göz yaşlarında qorunub saxlanır.1
Digər misralarında işlətdiyi “Allah rəhmandır, Allah mehribandır”, “Allah rəhimdir, Allah şəfqətlidir”, “Allah görəndir, Allah müdrikdir” ifadələri birbaşa Qurandan götürülmüşdür.
Mənşəcə xristian olmasına baxmayaraq, özünü dərk etdikcə, islami dəyərlər onun yaradıcılığının əsas motivinə çevrilir.
O, Qərb sivilizasiyasına alternativ olaraq klassik Şərqə qayıdış ideyasını irəli sürəndə məhz İslam mədəniyyətinin ilk dövrünü nəzərdə tutur.
Bununla belə, Reyhaninin ədəbi irsi ancaq İslam mədəniyyəti və hətta bütövlükdə Şərq dəyərləri ilə məhdudlaşdırıla bilməz. Burada Qərb romantik poeziyasının böyük təsiri də mütləq nəzərə alınmalıdır.
Qərbin elm və mədəniyyətinə yiyələndikdən sonra geriyə – vətənə qayıtmaq və qalxdıqları yeni səviyyənin imkanlarından öz xalqı üçün istifadə etmək, Şərqi düçar olduğu xəstəliklərdən müalicə etmək təşəbbüsləri Reyhaninin əsərlərində də öz əksini tapmışdır. O. Öz həyatı ilə bir nümunə olmaqdan başqa, Şərq adamı üçün Qərbə münasibətin ideya əsaslarını da müəyyən etmiş, öz elmi-fəlsəfi və bədii yaradıcılığında bu problemləri açmağa çalışmışdır.
Reyhaninin tədqiqatçılarından Naci Oucan onu Bayronla müqayisə edərək yazır: “Xalidin Şərqdən Qərbə ziyarəti və geriyə Şərqə qayıtması ilə, Çayld Haroldun Qərbdən Şərqə ziyarəti və geriyə Qərbə qayıtması arasında bir çox yöndən paralelliklər var. Hər ikisi də tipik romantik məsələlərdir ki, özünü liberallaşdırma və özünü universallaşdırma məqsədini daşıyır”.2 Burada heç də zahiri bənzəyişdən söhbət getmir. Söhbət heç də bir mədəniyyət nümayəndəsinin başqa bir mədəniyyət məkanına keçib geri qayıtmasından getmir. Özünü axtaran insan öz yaşadığı maddi və ictimai mühitdə özünü tapa bilməyən insan bu hüdudları keçməyə çalışır. Və ancaq bu zaman öz daxili mənəvi potensialının gücü ilə ənənə divarlarını aşır. Coğrafi mənada sərhədlərin keçilməsi, başqa bir sivilizasiyanın bərqərar olduğu məmləkətə səfər etmək burada əslində simvolik səciyyə daşıyır. Düzdür, həm Bayronun, həm də Reyhaninin qəhrəmanı hadisələr dünyasında da yerlərini dəyişirlər. Bu, özünü öz muhitinin fövqündə tapmaq təşəbbüsüdür. Bax, buna görə də qəhrəmanların hərəkət istiqamətləri bir-birinə tam əks olsa da, hərəkətin motivi eynidir və eyni mahiyyətin açılışına xidmət edir.
Əmin ər-Reyhaninin “Xalidin kitabı” əsərinin Bayronun Çayld Harold əsəri ilə müqayisəsi romantik vüsət baxımından, habelə müəyyən ideya paralelləri olması baxımından məqbul sayıla bilsə də, Çayld Harold hər halda Qərb yaradıcılıq ənənəsinin məhsuludur. “Xalidin kitabı” isə ictimai həyat hadisələrinin təsvirindən çıxan bir dramatizmi deyil, insan düşüncəsinin daxili dramatizmini ifadə edir. Yəni əslində, dünyanı seyr edən insanın düşüncələri ictimai həyatdan intixab edilsə də, bu həyatın özü arxa planda qalır, önə çıxan isə onun interpretasiyası və hətta xeyli dərəcədə mücərrəd və ümumi fikirlər səviyyəsindəki interpretasiyasıdır. Burada müxtəlif xarakterli, müxtəlif düşüncəli və fərqli həyat tərzləri və məqsədləri olan insanlar arasındakı münasibət yox, bir şəxsin baş verən hadisələrə, həyata, dünyaya münasibəti təcəssüm olunur. Başqa sözlə desək, müəllifin ideyası poliloq və ya dialoq şəklində deyil, monoloq şəklində açılır. Bu üsluba biz Qərb yazıçılarından daha çox məhz şərqlilərin yaradıcılığında rast gəlirik. Ə. Reyhaninin dostu və həmkarı C.X.Cübranın “Peyğəmbər”i də bir şəxsin düşüncələri – monoloq üslubunda qurulmuşdur. Maraqlıdır ki, Azərbaycan ədəbiyyatında öz janrına və üslubuna görə, unikal əsər kimi görünən “Azər” (Hüseyn Cavid) poeması da bu qəbildəndir. Əsərin qəhrəmanı, əslində iri həcmli bu poemanın yeganə fəal obrazı və subyekti olan Azərin bütün fəaliyyəti də düşüncələrdən mülahizələrdən ibarətdir. Belə qəhrəmanlar nəzərimizdə istər-istəməz müəllifin öz obrazı kimi canlanır. Cəmiyyət ancaq bir tablo kimi nəzərdən keçirilir, bir kitab kimi vərəqlənir və biz hər bir səhifədə müəllifin hökmlərini eşidirik.
Aida İmanquliyeva yeni ərəb ədəbiyyatı korifeylərinin nümunəsində romantik poeziyanın və hətta inqilabi düşüncənin geniş təhlilini verir ki, bu təhlil həmin dövrdəki Azərbaycan ədəbiyyatının metodoloji baxımdan düzgün dəyərləndirilməsi üçün də çox qiymətlidir. Ən başlıcası isə odur ki, Aida xanım müvafiq problematika ilə əlaqədar Qərb mütəfəkkir-şairlərinin dünyagörüşünü, baxışlarını tədqiqata daxil etməklə Qərbin ictimai və kulturoloji təcrübəsini nəzərə almağa imkan verir. Aida xanın sadəcə təhlil etmir, o, Şərqi fitrən duyduğuna görə, Qərb romantik ədəbiyyatında düşüncədən deyil, ruhdan, könüldən gələn məqamları, Qərbin ədəbi-bədii gerçəkliyində iz qoymuş Şərq motivlərini asanlıqla ayırd edir.
Aida xanımın timsalında Şərq ruhu yenidən Qərbin fikir dünyasına səyahət edir.
Əmin ər-Reyhani üçün Şərqdən Qərbə, yaxud Qərbdən Şərqə getmək eyni bir ideala – vəhdətə aparan iki fərqli yoldur. Şərq və Qərb bölgüsü isə coğrafi mənadan daha çox, insanın öz daxili aləmindəki fərqli bölgələr mənasında işlədilir. Şərqin simvolu kimi ruh, Qərbin simvolu kimi ağıl götürülür. “Əsl lider və xilaskar o kəsdir ki, onda Şərqin ruhu və Qərbin ağlı var.”1 Burada XX əsrin əvvəllərində yazıb-yaratmış başqa bir Şərq dahisinin – Cəfər Cabbarlının obrazlı sözlərini xatırlamamaq mümkün deyil: “Beyni kitab arasında Parisdən, ürəyi isə mizraq ucunda Altay dağlarından alınmışdır”.2 Məqsəd fikir ilə duyğunun vəhdətinə nail olmaqdır. Əmin ər-Reyhani vəhdət ideyasından çıxış etməklə yanaşı, Şərq və Qərbin mahiyyətlərini də fərqləndirməyə çalışır. Bununla yanaşı, şair sivilizasiyalar bölgüsünü başqa rakursda da aparır və ona maddiyyatla mənəviyyatın qarşılaşdırılması kimi də baxır: “Mən iki dünyanın vətəndaşıyam... Bəli, mən eyni dərəcədə həm maddi olana, həm ruhi-mənəvi olana tapınmışam”.3
“Cəmiyyətin mənəvi həyatı və maddiyyat” problemləri XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında da ən aktual mövzulardan idi. Ola bilsin ki, insanın mənəvi kamilliyi və maddi mühit arasındakı qarşılıqlı əlaqə məsələləri heç də həmişə bu iki tərəfin qütbləşməsi və müəyyən məqamda Şərq-Qərb dilemması şəklində üzə çıxmırdı, lakin insanın, onun daxili aləminin önə çəkilməsi və xilas yolunun məhz vicdanda, mənəviyyatda axtarılması kimi ənənəvi Şərq mövqeyi üstünlük təşkil edirdi. Hüseyn Cavidin bütün yaradıcılığı boyu əsas ideya kimi keçən həqiqət və güc qarşıdurması əslində həm də mənəviyyat və maddiyyatın qarşılaşdırılmasıdır. Əmin ər-Reyhani bu fərqi, bu qarşıdurmanı xalqlar və sivilizasiyalar müstəvisinə keçirir və vicdana, haqqa, ədalətə söykənən bir xalq, bir millət və hətta bir sivilizasiyanın, gücə, zora söykənən xalq, millət və sivilizasiya ilə rəqabətdə aqibətini dəyərləndirməyə çalışır.
“Kim güclüdürsə, o haqlıdır” fəlsəfəsinə qarşı çıxan və “kim haqlıdırsa, o güclüdür” mövqeyinin təntənəsinə üfüqdə bir ideal kimi baxan H.Cavid kimi, Əmin ər-Reyhani də güclülərin bu cismani dünyada, hadisələr dünyasında üstün olmaq şanslarını aldadıcı və müvəqqəti bir üstünlük kimi dəyərləndirir. Gücə arxalananların zahiri qələbəsi əslində bir dünyagörüşü məsələsidir: “Zəif və əzilən millətlər əsasən spiritualdırlar (ruhani); güclü xalqlar, əksər vaxt, ən çox materialistdirlər. Biri dini idealları əziz tutur, bəzi ruhi-mənəvi yüksəkliklərə qalxır və indi və sonra öz həvəssizliyinə və tənbəlliyinə haqq qazandırmaq üçün bir kahin yaradır; o birisi isə maddi şeyləri araşdıraraq yerin xəzinələrini əldə etmək üçün yeri deşir, dərinə gedir və o vaxta qədər dərinə gedir ki, onun dinamik qüvvələri nüfuz edilə bilməyən bir qısırlığa çatır və ani, dəhşətli bir reaksiyada partlayır. Belə bir xalqın həyatı ruhun xəstə bir halının əlamətidir.”1
Maləsəf, haqlılar əzilirlər. Reyhani də həmin bu həyatın acı gerçəklərini görür. Və bunu görə-görə, yenə də üstünlüyü haqqa, ruha, insanın ruhani xislətinə verir: “Lakin ruhu olmayan bir millət asket bir millətdən daha qorxunc, daha iyrəncdir”.2 Bu fikri düzgün anlamaq üçün əzilənin zavallı olmasının, əzənin isə iyrəncliyinin şərin müxtəlif tərtibli təzahürləri kimi dəyərləndirildiyini nəzərə almaq lazımdır. Yəni əzilmək və zavallılıq kimə isə haqq qazandıra bilməz; zəhmət çəkib güclü olmaq lazımdır.
Gücə nifrət etmək, ondan qaçmaq yox, onu mənimsəmək, ona yiyələnmək lazımdır. Əzənlərin arxalandığı gücə qarşı meydana daha böyük bir güc çıxarılmalıdır. Həyatın qaranlıqlarını, problemlərini ancaq təsvir edə bilən realistlərdən fərqli olaraq Cavid bu qaranlıqlara işıq salmağın yollarını arayır. İşıq bulmaq üçün isə mühitin zaman-məkan kontiniumunu genişləndirmək, onun fövqünə qalxmaq, zamanı keçmişə və gələcəyə doğru uzatmaq (ekstrapolyasiya) lazım gəlir.
Yaxud da məkanı... Cavidin qəhrəmanı Azər də ərəb mühacirləri Cübran və Reyhani kimi Qərbə səyahət edir və burada hər şeyin gücə, qüvvətə tapındığının şahidi olur.
Azərin Berlin təəssüratı:
Dostları ilə paylaş: |