Mütilik, qorxu, yoxsa qorxmazlıq?!
İslama qarşı dəlil axtaranlar onu insanları mütiliyə çağırmaqda ittiham edirlər. Görünür burada”İslam” sözünün hərfi mənası da az rol oynamır. Halbuki, burada əsas ideya ümumiyyətlə təslimçilik yox, ancaq Allaha təslim olmaqdır ki, bunun da başqa cür deyilişi Allahdan başqa heç kimə təslim olmamaqdır. əl-Fatihə surəsində deyilir: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik” (1, 5). Bir çox xarici nəşrlərdə tərcümələr elə edilir ki, “yalnız” sözü xüsusi vurğulanmır. Halbuki, ayənin bütün mənası məhz bu yalnız sözündədir.
“Ancaq Allaha itaət edin”, yaxud “təkcə Allahdan qorxun” mənasında olan ayələr insanları mütiliyə və qorxaqlığa deyil, fəallığa və qorxmazlığa çağırış kimi qiymətləndirilməlidir. Belə ki, “ancaq Allahdan qorxun” ifadəsi “Allahdan başqa heç kimdən qorxmayın”, “haqqı-ədaləti heç nəyə qurban verməyin” kimi təfsir olunmalıdır. Yəni İslam bu ayələrdə insanların hamısının eyni hüquqlu olduğunu nəzərə çarpdırır və birinin digərinə itaətini, birinin digəri qarşısında mütiliyini məqbul saymır.
“Dörd arvad” məsələsi
İdeologiya beyinlərə yeridib ki, İslam dini kişilərə dörd arvad almaq icazəsini vermişdir. Əslində isə tarixdən məlumdur ki, İslama qədər neçə arvad almaq məsələsində heç bir məhdudiyyət olmamışdır. Və hətta peyğəmbərin özünün də dörddən çox arvadı olmuşdur. Lakin bildiyimiz kimi, Quranın ayrı-ayrı ayələri müxtəlif vaxtlarda nazil olmuşdur. Belə ayələrdən biri də çoxlu sayda arvadla evlənməyə qoyulan say məhdudiyyəti idi. Burada əsas məqsəd qadınların hüququnu müdafiə etmək, onların ailə şəraitində hərtərəfli təminatına qarantiya vermək olmuşdur. Qadınların heç bir hüququnun olmadığı, qız uşaqlarının diri-diri basdırıldığı, kişilərin istənilən sayda qadına sahiblənmək səlahiyyətlərinin normal sayıldığı bir dövrdə birdən-birə belə kəskin məhdudiyyət qoyulması və bu dörd rəqəminin özünün də əlavə şərtlərlə məhdudlaşdırılması, mütərəqqi bir yenilik idi.
Lakin ideologiyanın tarixi necə saxtalaşdırmaq imkanına malik olduğu, bu misalda çox gözəl özünü göstərir. İslam “dörd arvad almağa icazə vermişdir” fikri ideoloji təxribatdır. Tarixi həqiqət isə bundan ibarətdir ki, İslam qeyri-məhdud sayda arvad almağı qadağan etmiş, məhdudlaşdırmışdır. Peyğəmbərin özünün dörddən artıq arvadı olması faktının zamanca sürüşdürülməsi və guya onun özünün şəriətə əməl etməməsi kimi qələmə verilməsi də ideoloji təxribatdır. (Hüquq geriyə tətbiq olunmur).
Digər tərəfdən, İslam şəriəti evlənmək üçün qadınların hüququnu və mənafeyini nəzərdə tutan bir çox tələblər irəli sürür ki, bunların hamısına əməl etmədikdə əksər hallarda elə ancaq bir dəfə evlənmək mümkün olur.
Beləliklə, indi baxdığımız bir sıra məsələlərdə İslamın bəzi mütərəqqi addımları tarixi kontekstdə deyil, müasir dövrdəki təsəvvürlərlə müqayisədə nəzərdən keçirildiyinə görə, tamamilə tərsinə, mürtəce məqamlar kimi dəyərləndirilmiş və bu az qala özlüyündə aydın arqumentlər kimi ictimai şüura daxil olmuşdur.
Heç olmazsa indi haqqa nahaq deməyək!
Dostları ilə paylaş: |