“Həqiqətən evlərin ən süstü və davamsızı hörümçək evidir.” (“Ənkəbut” surəsi, 41-ci ayə)
MÜƏLLİFDƏN
Mənə Allah Evinə müşərrəf olub Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in və məsum imamların (Allahın salamı onlara olsun) məzarlarını ziyarət etmək səadəti nəsib oldu. Bu səfərdə çoxlu hadisə və çətinliklərlə qarşılaşdım, qəribə hadisələri müşahidə etdim. Bu hadisələrin yazılıb nəşr olunması zəruri bir məsələ idi, çünki bunlar mənim və digər hacıların qəlbini yaralamışdı.
Həccdən qayıdanda görüşümə gələn dost-tanışdan bir neçəsi bu səfərdə gördüyüm hadisə barəsində soruşdular. Mən də gördüklərimin bir qismini onlara danışdım. Sonra təklif etdilər ki, bu müşahidələri yazılı şəkildə həm İslam, həm də qeyri-İslam dünyasına təqdim edəm. Bu təklifi bəyəndim və qərara aldım ki, səfərdəki müşahidə və xatirələrimin bir qismini Allah rizası üçün çap etdirəm.
Bu kitab həcc səfərində müşahidə edib qarşılaşdığım hadisələrin xülasəsidir. Ola bilsin ki, mənim Hicaz (Ərəbistan) hakimlərindən gördüklərimdən daha pisini görənlər də olsun.
Qoy bilsinlər ki, Allah Evi ziyarətçiləri necə təhqirlər, əziyyətlər, xarlıqlar, hörmətsizliklər, bədrəftarlıqlar və kobudluqlar görürlər; qoy bilsinlər ki, Ali-Səud (Ərəbistan şahı Fəhəd) hacılara ən pis əzabları necə rəva görür və onlara əsla hörmət və ehtiram qoymur. Bəli, yalnız tətil günlərini xoş keçirmək, əylənmək üçün Məkkə, Mina və Ərəfata gələn Ali-Səud qonaqları şallaq və işgəncədən amandadırlar.
Bu müqəddimənin sonunda hörmətli qələm sahiblərindən, müəlliflərdən xahiş edirik ki, Ali-Səudun gizlində olan qərəzli siyasətlərini, onların saraylarında baş alıb gedən fəsadı, eybəcərlikləri və yaramazlıqları, həmçinin, onların müsəlmanlar arasında təfriqə və ikitirəlilik salmaq üçün səylərini, mənfur sionizmin müsəlman ölkələri və müsəlmanların müqəddəslərinə hakim kəsilməsi üçün zəmin yaratmalarını qələmə alsınlar, bəlkə bundan sonra bütün müsəlmanlar bu sülalənin iç üzünü başa düşüb Məkkə və Mədinəni azad etmək fikrinə düşsünlər. Çünki, Ali-Səudun işğalçı hakim dairələri Amerika və İngiltərə kimi mənfur istismarçıların, müsəlmanlar və onların müqəddəslərinin əleyhinə olan əlaltılarından başqa bir şey deyildir. Vəhhabiyyət də “Ağ ev”də İslam düşmənlərinin əli ilə İslam və onun dahilərini çirkin qələmə vermək üçün müstəmləkə siyasətindən başqa bir şey deyildir. Buna görə də şəri vəzifə bizə hökm edir ki, belə şəxsləri ifşa edib, yalanlarını örtən pərdələri (bu pərdələri öz şeytani məqsədlərinin icrası üçün çəkiblər) qaldıraq və onların istədikləri kimi rəftar edib müsəlmanları bundan artıq öz müstəmləkəçi məqsədlərinə qurban etmələrinə yol verməyək. Bu barədə istifadə edə biləcəyimiz ən kiçik silah-qələmdir. Bu silahı təhlükəli düşmən olan Ali-Səuda qarşı mübarizə aparmaq üçün qınından çıxarmaq lazımdır. (Çünki əgər Ali-Səudu öz ixtiyarına qoysaq, qısa müddətdə İslamı və müsəlmanları məhv edəcək.)
Əziz oxucu! Ali-Səudun çirkin və yaramaz əməlləri barəsində daha artıq məlumat əldə etmək üçün dahi alim Seyyid Möhsün Əmininin “Kəşfül-irtiyab fi ətbai Məhəmməd ibni Əbdül Vəhab” kitabına baxa bilərsiniz. Müəllif bu kitabda Ali-Səudun murdar sifətini aşkara çıxarmış və onların rəhbəri Məhəmməd ibni Əbdül Vəhhabın mahiyyəti üzərindən pərdəni götürmüşdür.
Bu həcc səfərindəki müşahidələrimi nəql etməyə başlamazdan əvvəl, müqəddimə kimi, vəhhabiyyət və onların etiqadlarını xülasə şəkildə yazmağı məsləhət görürəm ki, əziz oxucunun İslam və müsəlmanların başına saysız-hesabsız müsibətlər gətirmiş bu batil firqə barəsində az da olsa, məlumatı olsun.