“Məcburi köçkünlərin iqtisadi inkişafına yardım” layihəsi üçün əlavə maliyyələşdirmə layihəsində Azərbaycan tərəfinin payına yönəltmək məqsədi ilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vəsait ayrılması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 410s
Bakı şəhəri, 16 dekabr 2011-ci il
“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 ünvanında yerləşən “Səttarxan adına Maşınqayırma Zavodu” TASC-yə məxsus tikintisi yarımçıq qalmış binada məskunlaşmış 75 məcburi köçkün ailəsinin köçürülməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi yaxınlığında salınmış qəsəbənin ərazisində 5 mərtəbəli 80 mənzilli yaşayış binasının tikintisi üçün ayrılması nəzərdə tutulmuş vəsaitin 301000 (üç yüz bir min) manat azaldılması hesabına, “Məcburi köçkünlərin iqtisadi inkişafına yardım” layihəsi üçün əlavə maliyyələşdirmə layihəsində Azərbaycan tərəfinin payına yönəltmək məqsədi ilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 301000 (üç yüz bir min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Dostları ilə paylaş: |