Maddə 1124. Dolanacaq xərclərinin yüksəlməsi və şərti maliyyə vahidinin artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması
1124.1. Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir.
1124.2. Şərti maliyyə vahidinin artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı şərti maliyyə vahidinin artımına mütənasib surətdə artırılır. 393
Maddə 1125. Zərərin əvəzinin ödənilməsi üzrə ödənişlər
1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər.
1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.
Maddə 1126. Hüquqi şəxsə xitam verildikdə zərərin əvəzinin ödənilməsi
1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.
1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər.
Maddə 1127. Dəfn xərclərinin əvəzinin ödənilməsi
Zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
61 – ci fəsil.
Malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi
Maddə 1128. Malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi əsasları
1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. 394
1128.2. Çıxarılmışdır. 395
1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır.
1128.4. Məhsul yalnız sonradan dövriyyəyə daha yaxşı məhsulun daxil edilməsi nəticəsində keyfiyyətsiz sayılmır.
1128.5. Bu Məcəlləyə görə istənilən daşınar əşya digər daşınar və ya daşınmaz əşyanın bir hissəsi olduqda da, habelə elektrik cərəyanı məhsul sayılır. Əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları, heyvandarlıq, arıçılıq və balıqçılıq məhsulları (natural kənd təsərrüfatı məhsulları) məhsullara aid edilmir. Ov yolu ilə əldə edilmiş məhsullar barəsində də eyni qayda tətbiq edilir.
1128.6. Bu Məcəlləyə görə son məhsulu, məhsulun əsas ünsürünü və ya hissəsini istehsal etmiş şəxs istehsalçı sayılır. Öz adından, əmtəə nişanı ilə və ya digər fərqləndirici nişanla istehsalçı kimi çıxış edənlərin hamısı istehsalçı sayılırlar.
1128.7. Çıxarılmışdır. 396
1128.8. Əgər istehsalçını müəyyənləşdirmək mümkün deyildirsə, hər hansı məhsul göndərən (bu barədə tələb verildikdən sonra bir ay ərzində onun istehsalçı barəsində zərərçəkənə məlumat verdiyi hallar istisna olmaqla) və ya ona bu məhsulu göndərmiş şəxs istehsalçı sayılır. İstehsalçının adı məlum olsa da, məhsulu ilk satanın kim olduğunu müəyyənləşdirmək mümkün olmadıqda idxal malına da bu qayda tətbiq edilir.
Maddə 1129. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət daşıyan şəxslər
1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.
1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər.
1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir. 397
Maddə 1130. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi müddətləri
1130.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir.
1130.2. Çıxarılmışdır. 398
Maddə 1131. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyətdən azad edilmə əsasları
Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Maddə 1132. Sübutetmə yükü
Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.
Onuncu bölmə
VƏRƏSƏLİK HÜQUQU
62 – ci fəsil.
Vərəsəlik hüququnun ümumi müddəaları
Maddə 1133. Vərəsəlik anlayışı
1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Maddə 1134. Vərəsələr
1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
Maddə 1135. Hüquqi şəxslər vərəsələr kimi
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər çağırılırlar.
Maddə 1136. Nikahdankənar uşaqlar atanın vərəsələri kimi
Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.
Maddə 1137. Ləyaqətsiz vərəsə
Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
Maddə 1138. Vərəsə ola bilməyən valideynlər
Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
Maddə 1139. Məhkəmə tərəfindən vərəsəlik hüququndan məhrum edilmə
Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
Maddə 1140. Ləyaqətsiz vərəsənin bağışlanması
Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir.
Maddə 1141. Başqa miras qoyanın əmlakını miras almaq hüququ
Vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir.
Maddə 1142. Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri
Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.
Maddə 1143. Ləyaqətsiz vərəsə sayılma barəsində iddianın irəli sürülməsi müddəti
Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.
Maddə 1144. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin miras payı
Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür. 399
Maddə 1145. Mirasın açılması
Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Maddə 1146. Mirasın açıldığı vaxt
Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Maddə 1147. Mirasın açıldığı yer
1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Maddə 1148. Xaricdə yaşayan şəxslərin mirasının açıldığı yer
Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Maddə 1149. Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer
Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.
Maddə 1150. Xaricdə mirasın açılması
Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır.
Maddə 1151. Miras əmlak
1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Maddə 1152. Gələcək əmlakın vəsiyyət edilməsi
Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi
Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
Maddə 1154. Miras qoyanın qeyri-əmlak hüquqlarının müdafiəsi
Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər.
Maddə 1155. Mirasa daxil olmayan əmlak
1155.1. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər.
1155.2. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.
Maddə 1156. Vəsiyyətnamədə nəzərdə tutulan əmlakın artırılmasının nəticələri
Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur.
Maddə 1157. Miras şərikləri
Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
Maddə 1157 - 1 . Miras şərikləri tərəfindən mirasın idarə edilməsi400
1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər.
1157-1.3. Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər.
Maddə 1158. Mirasdan əşyanın tələb edilməsi hüququ
1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər.
1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.
63 – cü fəsil.
Qanun üzrə vərəsəlİk
Maddə 1159. Qanun üzrə vərəsələr
1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər.
1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.
1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik
Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
Maddə 1161. Vərəsəlik zamanı əmək qabiliyyəti olmayan şəxslərin hüquqları
Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər.
Maddə 1162. Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ
Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
Maddə 1163. Boşanmış ər-arvadın vərəsəlik zamanı vəziyyəti
Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
Maddə 1164. Nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə
Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Maddə 1165. Vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi
1165.1. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir. 401
1165.2. Çıxarılmışdır. 402
64 – cü fəsil.
Vəsiyyət üzrə vərəsəlik
Maddə 1166. Vəsiyyət anlayışı
Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
Maddə 1167. Vəsiyyət edə bilən şəxs
Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.
Maddə 1168. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi
Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
Maddə 1169. Birgə vəsiyyətnamə
Vəsiyyətnamədə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyətnamə ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.
Maddə 1170. Vəsiyyət edənin payları müəyyənləşdirməsi
1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
1170.2. Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar.
Maddə 1171. Mirasın vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülməsi
Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar.
Maddə 1172. Vəsiyyətnamədən kənarda qalmış əmlaka vərəsəlik
Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.
Maddə 1173. Vəsiyyət üzrə vərəsələr arasında payların mütənasib artırılması
Yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr olduqda, əgər vəsiyyət üzrə hər bir vərəsənin öz payı müəyyənləşdirilmişdirsə, lakin onların hamısının payları birlikdə götürüldükdə mirası tam əhatə etmirsə, onların payları mütənasib surətdə artırılır.
Maddə 1174. Miras payının müəyyənləşdirilməsində üçüncü şəxsin iştirakının yolverilməzliyi
Vəsiyyət edən mirasdan kimin və hansı miqdarda pay almalı olduğunu müəyyənləşdirməyi başqa şəxsə tapşıra bilməz.
Maddə 1175. Vərəsələri dəqiq müəyyənləşdirməyin mümkün olmaması
Əgər vəsiyyət edən vərəsənin şəxsiyyətini bir neçə şəxsə uyğun gələ bilən əlamətlərlə müəyyənləşdirmişdirsə və onlardan hansını nəzərdə tutduğunu təyin etmək mümkün deyildirsə, onların hamısı bərabər pay hüququ ilə vərəsə sayılırlar.
Maddə 1176. Vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə
1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
1176.2. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.
Maddə 1177. Vərəsəlik hüququnun saxlanması
Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar.
Maddə 1178. Qanun üzrə vərəsəliyin yolverilməzliyi
Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. 403
Dostları ilə paylaş: |