MƏDƏNİ İRS
Hesabat dövründə Azərbaycanın mədəni özünəməxsusluğunun qorunub saxlanması, tarix-mədəniyyət abidələrinin mühafizəsi ilə bağlı müvafiq tədbirlər görülmüş, bu sahədə bir sıra diqqətəlayiq nəticələr əldə edilmişdir.
2012-ci ilin 16-17 mart tarixində Qobustan Milli tarix-bədii qoruğunda açılış mərasimi keçirilmişdir. 17 mart tarixində isə nazirliyin əməkdaşları üçün qoruqla tanışlıq təşkil edilmişdir.
Cari ilin 4-10 mart tarixlərində Norveç alim-ekspertlər doktor Anne-Sophie Hygen və professor Helskog Knutun Qobustan qoruğunun yeni ekspozisiyası ilə tanışlıq məqsədilə nazirlik tərəfindən ölkəmizə dəvət olunmuşlar.
Novruz bayramı ərəfəsində bütün qoruqlarda təntənəli tədbirlər keçirilmişdir.
Basqal Dövlət tarix-mədəniyyət, “Avey” Dövlət tarix-mədəniyyət, “Keşikcidağ” Dövlət tarix-mədəniyyət, ”Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruqlarının əməkdaşlarının əməyinin ödənilməsi üzrə qrupları dəyişilmişdir və ştat cədvəllərinə yenidən baxılmışdır.
İCCROM-un Baş Direktorunun xüsusi məsləhətçisi Yukka Yokilehtonun «Yuxarı Baş» Dövlət tarix-memarlıq qoruğunun YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün Nominasiya Faylının hazırlanması ilə əlaqədar 12-19 iyun 2012-ci il tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur.
”Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisində vətəndaşlara məxsus torpaq sahələrinin qiymətləndirilməsi başa çatdırılmış və məsələ ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə və digər müvafiq qurumlara məlumatlar göndərilmişdir.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə birgə Türkiyənin Uşak şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “Azərbaycanın Mədəni İrsi” elmi-praktiki konfrans və sərgi təşkil edilmişdir.
Qəbələ tarix-bədii qoruğunun ərazisində aparılan arxeoloji qazıntılar və yeni tikililərlə bağlı əraziyə baxış keçirilmişdir.
2012-ci ilin 25-29 aprel tarixlərində Respublikamızın paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan Mədəni mülkiyyətin mühafizəsinin və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) və Abidələr və tarixi yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo del Bianko fondunun birgə tərəfdaşlığı ilə "Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı Beynəlxalq Bakı Konfransı keçirilmişdir. Konfransda YUNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan və YUNESKO-nun Ümumdünya İrs Obyektlərinin yerləşdiyi tarixi şəhərlərdə urbanizasiya proseslərinin şəhərlərin tarixən formalaşmış landşaftlarına təsirləri əsas müzakirə mövzusu olmuşdur. Geniş auditoriya kütləsi üçün nəzərdə tutulmuş tədbirdə dünyanın bütün qitələrinin 30-dan artıq ölkəsindən 50-dən artıq nüfuzlu elm adamı və ekspertlər iştirak etmişdir. Tədbirdə iştirak edən qonaqların sırasında İtaliya, Fransa, Çexiya, Portuqaliya, Polşa, Almaniya, ABŞ, Kanada, Braziliya, Meksika, Çin, Yaponiya, İsveç, İsrail və digər dövlətlərin Milli İCOMOS Komitələrinin rəhbərləri də olmuşdur.
Konfransda iştirak etmək məqsədilə irsin idarə edilməsi və inkişafı sahəsində fəaliyyət göstərən dünyanın nüfuzlu təşkilatlarından İCCROM-un Baş direktoru cənab Stefano De Karo, İCOMOS-un Prezidenti cənab Qustavo Araoz və Romualdo del Bianko Fondunun Prezidenti cənab Paolo Del Bianko ölkəmizdə səfərdə olmuş və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən qəbul edilmişlər. Görüşdə ikitərəfli maraq doğuran məsələlər müzakirə edilmiş, ölkəmizlə sözügedən təşkilatlar arasında yaxın gələcəkdə həyata keçirilməsi ətrafında işlərə başlanılmışdır. Xüsusi ilə Milli Azərbaycan İCOMOS təşkilatının yaradılması ilə bağlı İCOMOS və Romualdo del Bianko Fondu müvafiq köməkliyin göstərilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Konfrans çərçivəsində Excelsior Bakı mehmanxanasında Ermənistan dövləti tərəfindən zəbt edilmiş mədəni irsimizi əks etdirən “Müharibə və irs” adlı fotosərgi keçirilmişdir.
24 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Dərəcə və ixtisas” Regional Tələbə festivalı və 25 aprel tarixində Azərbaycan Turizm İnstitutunda Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (İCCROM) sabiq baş direktoru, Romualdo del Bianko fondunun xarici əlaqələr üzrə koordinatoru cənab Mark Laenenın moderatorluğu ilə “Mədəni irs - davamlı sosial inkişafın əsası” mövzusunda seminar keçirilmişdir.
Tədbir çərçivəsində İCOMOS-un “Bərpa və mühafizənin nəzəriyyə və fəlsəfəsi üzrə”
beynəlxalq elmi komitəsinin illik toplantısı keçirilmişdir.
Cari ilin 17-18 aprel tarixində Ağsu şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixi şəhərlərimizdə kərpic memarlığı” mövzusunda konfrans və arxeotur təşkil edilmişdir. Konfrans tarixən Azərbaycanda yaşayan toplumların kərpic memarlığı sahəsindəki fəaliyyətlərini, dünyanın digər bölgələrindəki kərpic memarlığı nümunələri ilə Azərbaycan örnəklərinin müqayisəli təhlilini, hal-hazırda kərpic memarlığının inkişafı istiqamətində görülən fəaliyyətləri araşdırmağa çalışmışdır. Konfransda Türkiyə Respublikasının kərpic memarlığı üzrə mütəxəsislərindən biri, “Arxeologiya və sənət jurnalının” redaktoru, arxeoloq Nezih Başgələn jurnalın növbəti buraxılışının ölkəmizin arxeoloji irsinə həsr edilməsi təklifi ilə çıxış etmişdir. Layihənin növbəti 2013-cü ildə reallaşdırılması nəzərdə tutulmuşdur.
2012-ci ilin 15-18 fevral tarixlərində Avropa Şurasının Demokratik İdarəçilik, Mədəniyyət və Müxtəliflik Direktorluğunun təşkilatçılığı ilə həyata keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsinin” 5-ci koordinasiya iclası keçirilmişdir. Koordinasiya görüşündə layihənin növbəti mərhələlərinin həyata keçirilməsi ətrafında müzakirələr aparılmışdır. Beynəlxalq koordinasiya toplantısının davamı olaraq mart ayının 9-da Bakı şəhərində Azərbaycan tərəfindən layihədə təmsil olunan pilot şəhərlərin nümayəndələrinin iştirakı ilə daxili koordinasiya görüşü keçirilmişdir.
Qafqaz Albaniyası dövlətinin irsinin bərpasının təmin edilməsi, eləcə də onun daha da effektiv təbliğinin həyata keçirilməsi məqsədi ilə “Qafqaz Albaniyası irsinin mühafizəsi, bərpası və təbliğinə dair 2013-2016-cı illərdə” Dövlət Proqramı layihəsi hazırlanmışdır, hazırda onun müvafiq orqanlarla razılaşdırılması prosesi davam etdirilir.
Cari ilin 18-21 iyun tarixlərində Belçika Krallığının Antverpen şəhərində Mədəni İrsin Mühafizəsində Gənclər (YOCOCU) Beynəlxalq şəbəkəsinin 3-cü ənənəvi toplantısı keçirilmişdir. Növbəti tədbirin 2014-cü ildə ölkəmizdə keçirilməsi təklifi irəli sürülmüşdür.
Ölkəmizin zəngin memarlıq və arxeoloji irsinin ən möhtəşəm nümunələrini özündə əks etdirən, islam tarixi və mədəniyyəti ilə əlaqəli olan Bərdə şəhərində yerləşən “Allah-allah” və Füzuli rayonunda yerləşən “Şeyx Babı” türbələrinin, Hacıqabul rayonunda “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq və “Nardaran” tarix-mədəniyyət qoruqlarının İslam irs siyahısına daxil edilmələri haqqında qərar qəbul edilmiş və bu istiqamətdə ilkin işlərə başlanılmışdır.
Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin inventarizasiyası (abidələrin fotoşəkilləri, yeni aşkar edilmiş abidələr barədə məlumatlar) davam etdirilmişdir.
Gəncə, Oğuz, Şamaxı, İsmayıllı, Masallı, Ağcabədi, Goranboy rayonlarında aparılan tikinti-quruculuq işləri zamanı bir sıra abidələrin mühafizə rejiminin pozulması faktları müəyyən edilmiş, bununla bağlı abidələrə yerində baxış keçirilmiş, mühafizənin daha da effektiv aparılması və baş vermiş qanun pozuntuları ilə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti orqanlara müraciətlər ünvanlanmışdır.
Dostları ilə paylaş: |